Azərbaycan muzeylərinin milli mədəniyyətimizin təbliği istiqamətində gördüyü işlər...
Azərbaycan mədəniyyəti dünyanın ən qədim mədəniyyətlərindən biridir. Milli mədəniyyətimiz deyəndə yaddaşımızda çeşidli sahələr canlanır. Mədəniyyətimizin müxtəlif qolları xalqımız haqqında geniş təsəvvür yaradır. Azərbaycan dövləti, eləcə də Heydər Əliyev Fondu tariximizin və mədəniyyətimizin təbliği naminə böyük işlər görür. Bu işlərin sanbalı, tutumu o qədər ağırdır ki, onu heç nə ilə müqayisə etmək olmaz.
Bu gün Azərbaycanda tariximizin və mədəniyyətimizin təbliğində muzeylər müstəsna rola malikdir. Muzeylərimiz xalqımızın mədəniyyət nümunələrini olduqca yüksək səviyyədə qoruyur, təbliğ edir. Muzeylərə dövlətimiz olduqca böyük qayğı bəsləyir, onların müasir səviyyədə formalaşması üçün dəstək göstərir. Hazırda ölkəmizdə fəaliyyət göstərən muzeylərin böyük hissəsi əsaslı şəkildə təmir edilib, yeni invertarlarla, təhlükəsizlik sistemi ilə təchiz olunub. Muzeylər Azərbaycan mədəniyyətini həm əyani, həm də virtual şəkildə təbliğ etmək gücünə malikdir.
Mütəxəssislər qeyd edir ki, müasir dövrdə muzeylərin sosial-mədəni rolunun əhəmiyyətli dərəcədə artması onları beynəlxalq aləmdə mədəni proseslərin fəal iştirakçısına çevirib. Alimlərin vurğuladığına görə, Bu gün muzeylər qloballaşmanın neqativ təsirinə müqavimət göstərən, keçmişlə bağlı həqiqətləri özündə təcəssüm etdirən, mədəni irsi qoruyan məbəd sayılır.
Tarix üzrə elmlər doktoru Nərgiz Əliyeva mətbuata bildirib ki, Azərbaycanda muzey işi qədimdən başlayaraq özünəməxsus yol keçib. O qeyd edib ki, Azərbaycan hökmdarlarının saraylarında, məbədlərdə, həmçinin digər tikililərdə milli mədəniyyət tarixinin ən müxtəlif dövrlərinə aid qiymətli əşyalar və sənət nümunələri mühafizə edilib: "Tarixi və bədii əhəmiyyət daşıyan eksponatların mühüm bir hissəsi sonrakı dövrlərdə əsas etibarilə şəxsi kolleksiyalarda toplanmışdır. Eyni zamanda tarixən regionda baş vermiş geosiyasi proseslər nəticəsində Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin unikal nümunələri yüksək estetik dəyərə malik əsl sənət möcüzələri kimi dünyanın ən məşhur muzeylərinin daimi eksponatları arasında yer alıb.
Təəssüf ki, ölkə ərazisindəki milli-mədəni sərvətlərin bir qismi tarix boyu müharibələr, zəlzələlər və digər təbii fəlakətlər nəticəsində məhv olub. Sovet dövrü repressiyaları zamanı isə onların bir çoxu, o cümlədən dini abidələr - məscid və kilsələr "köhnəliyin qalıqları" sayılaraq dağıdılmış, hətta üstündə ərəb yazısı olan xalçalar belə islam dini ilə əlaqələndirilərək yandırılıb. Nəhayət, onu da təəssüflə qeyd etmək lazımdır ki, milli müstəqilliyin bərpasından sonrakı ilk illərdə Ermənistanın işğalına məruz qalmış ərazilərdəki tarix-memarlıq abidələri, xatirə-memorial kompleksləri və muzey-qoruqlar dağıdılmış, fondlarda mühafizə olunan qiymətli eksponatlar və sənət yadigarları bütünlüklə qarət edilib.
Xalqımızın keçdiyi tarixi yolu canlı dəlil-sübutlarla əks etdirən bir çox qədim eksponat və materiallar bu gün Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyası və fondlarında qorunub saxlanır. Muzey öz ekspozisiyası ilə xalqın tarixi yaddaşının möhkəmlənməsinə kömək edir, onun tarixi keçmişini, dövlətçilik ənənələrini, mədəniyyətini təbliğ edir.
Muzey 1920-ci il oktyabrın 25-də Azərbaycan SSR Dövlət Muzeyi adı ilə işə başlamış, 1921-ci ilin mayında ilk tamaşaçılarını qəbul etmişdir. İlk vaxtlar muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, mineralogiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də doğma diyarın tədqiqi cəmiyyəti və qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi. Azərbaycan Dövlət Muzeyinin 1925-ci ildə təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq, muzeyin strukturunda edilən dəyişiklik nəticəsində tarix-etnoqrafiya, incəsənət, biologiya, geologiya şöbələri və dövrə görə çox zəngin kitabxana fəaliyyətini davam etdirdi.
1923-cü ildə muzeyə direktor təyin edilmiş Davud Şərifovun səyi ilə Moskva, Sankt-Peterburq və Tiflisdən Azərbaycana aid bir sıra eksponatlar, o cümlədən xanlıqların bayraqları, silahlar, rəsm əsərləri və s. muzeyə qaytarıldı. Yeri gəlmişkən, bu il anadan olmasının 130 illiyini qeyd etdiyimiz Davud Şərifovun Tarix Muzeyinin inkişafında böyük rolu olmuşdur. Onun muzeyə rəhbərlik etdiyi 1923-1928-ci illər Azərbaycanda muzeyşünaslığın inkişaf dövrü idi. 1928-ci ildə D.Şərifovun direktor vəzifəsindən uzaqlaşdırılması muzeyə böyük ziyan vurdu. Muzeyin yeni təyin olunmuş erməni direktoru bir sıra qiymətli eksponatların Moskvada açılmış İnqilab muzeyinə göndərilməsi barədə sərəncam vermişdi. Həmçinin qeyd etmək lazımdır ki, 1930-cu illərin sonu - 1940-cı illərin əvvəllərində baş vermiş kütləvi repressiya və müharibə alimlərin və muzey işçilərinin sıralarını seyrəltdi. 1945-ci ildə Azərbaycan SSR EA-nın yaradılması ilə əlaqədar Azərbaycan Tarixi Muzeyi akademiyanın ictimai elmlər bölməsinin tərkibində elmi-tədqiqat idarəsi kimi fəaliyyətə başladı".
Alim vurğulayıb ki, muzeydə elmi ekspozisiya şöbəsi, elmi fond şöbələri, fond və bərpa laboratoriyası fəaliyyət göstərir. Onun qeyd etdiyinə görə, muzeyin zəngin kolleksiyası müxtəlif illərdə nəşr edilmiş kataloq, albom, kitab-albom, buklet və məqalələrin əsasını təşkil edir. Muzeyin əməkdaşları Fransa, Britaniya, Rusiya, İran, Almaniya, Polşa, Yuqoslaviya, Bolqarıstan və digər ölkələrdə mühazirələrlə çıxış ediblər: "Muzey indi də bir sıra xarici ölkələrlə əməkdaşlığı davam etdirir. Muzeyin alimləri Türkiyə, ABŞ, Rusiya, Hindistan, Qazaxıstan, Polşa, Norveç, İtaliya, Britaniya, Belarus, Gürcüstan, Bosniya, Ukrayna və digər ölkələrdə keçirilən simpozium və konfranslarda uğurla çıxış edirlər.
Azərbaycan mədəniyyətinin təbliğində muzeyin təşkil etdiyi sərgilərin böyük rolu var. Bütün fəaliyyəti ərzində Azərbaycan Tarixi Muzeyi dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərin iştirakçısı olmuşdur. Bu gün də muzeyin əməkdaşları Azərbaycanın zəngin mədəniyyətinin xaricdə tanıdılması işində böyük səy göstərir. Elə bu yaxınlarda, noyabrın 27-də Milli Azərbaycan Tarixi Muzeyinin Praqada Çexiya Milli Muzeyinin tərkib hissəsi olan Naprstek muzeyinin binasında təşkil etdiyi "Azərbaycan - möcüzəli Odlar yurdu" sərgisinin təntənəli açılışı olub. Sərgidə Azərbaycanın tarix və mədəniyyətini əyani olaraq əks etdirən 300 eksponat təqdim olunub. Çoxlu tamaşaçının gəldiyi sərgi maarifləndirici tədbirlərlə müşayiət olunub".
Mütəxəssis qeyd edir ki, Milli Azərbaycan Tarixi Muzeyi ölkənin zəngin mədəni irsinin qorunması və təbliği ilə bərabər, xarici ölkələrlə əlaqələrinin inkişafına xüsusi diqqət yetirir. "Milli Azərbaycan Tarixi Muzeyinin hədiyyələr kolleksiyası" sərgisinin keçirilməsi və eyniadlı kataloqun nəşri bu işə xidmət edir. 2014-cü il mayın 16-da muzeydə "Dost ellərin hədiyyələri" sərgisi açılıb. Sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinə məxsus xatirə əşyaları, Azərbaycan Respublikasına, onun müxtəlif təşkilatlarına və görkəmli xadimlərinə həm xarici ölkələr tərəfindən, həm də respublika daxilində verilmiş hədiyyələr - 74 ölkə və bölgəni təmsil edən 600-dən artıq nadir eksponat nümayiş olunub.
N.Əliyevanın qeyd etdiyinə görə, 2008-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinin rəsmi internet saytı yaradılıb. Onun bildirdiyinə görə, o vaxtdan bəri sayt xeyli təcrübə qazanıb və hazırda ölkənin ən yaxşı saytlarından biridir. Muzey sayt vasitəsilə muzeyşünaslıq işinin inkişafı naminə yerli və xarici ölkə muzeyləri ilə sıx əlaqələr qurur. Eyni zamanda 2008-ci ildən etibarən muzey əməkdaşlarının eksponatların öyrənilməsi ilə bağlı nəşr olunmuş əsərlərinin elektron variantları rəsmi saytda yerləşdirilib.
Məlumdur ki, ilk olaraq Azərbaycan mədəniyyətinin təbliği işinə ölkə daxilində başlanıb. Bilirik ki, Azərbaycan muzeyləri öz zənginliyi ilə Azərbaycana gələn minlərlə turistin marağını çəkir. Onlar mədəniyyətimizin təbliği sahəsində müstəsna rol oynayır. Turistlərin ölkəmizin mədəniyyəti barədə fikirləri elə onların vasitəsilə sürətlə yayılır. Xüsusilə belə adamlar jurnalistdirsə, elm, mədəniyyət, incəsənət sahələrinin nümayəndələridirsə, bu, təbliğat işində daha mühüm rol oynayır. Ekspertlər qeyd edir ki, ölkə daxilində mədəniyyətin səviyyəsi qalxıb, bu da onun xaricdə uğurla təbliğinə şərait yaradır. Azərbaycanın mədəniyyət potensialının bir hissəsinin muzeylərdə yaşadığını deyən alimlər bildirir ki, əcnəbilər ölkəmizin mədəniyyəti haqqında geniş təsəvvürə malikdir. Sevindirici haldır ki, mədəniyyətimizin təbliği üçün müxtəlif proqramlar hazırlanıb təqdim edilir. Mütəxəssislər vurğulayır ki, Azərbaycan mədəniyyət siyasətinin əsas məqsədi böyük potensiallı mədəniyyətimizi müasir elmin köməyi ilə daha çoxşaxəli şəkildə üzə çıxarıb dünyada təbliğ etməkdir. Mədəniyyətimiz barədə xarici ölkələrdə geniş təbliğat işləri aparılır və bunun üçün fəal bir şəbəkə yaradılıb, diaspor da bu işə dəstək olur.
Bu gün Azərbaycan mədəniyyətinin nadir incilərinin saxlandığı muzeylərdə məişətimizi, həyatımızı, geyim mədəniyyətimizi əks etdirən saysız sərgi nümayiş olunur. Burada müxtəlif dövrlərə aid olan eksponatlar xalqımız, dövlətimiz, tarixi şəxsiyyətlərimiz haqqında geniş təsəvvür yarada bilir. Muzeylər xalqımızın mədəniyyət fondudur və bu fond bu günümüzün və sabahımızın dayağıdır.
İradə SARIYEVA
Bakı xəbər.- 2017.- 7-9
yanvar.- S.15