Heydər Əliyev Fondu və milli
mədəniyyətimizin təbliği...
Azərbaycan mədəniyyətinin, milli dəyərlərinin, ədəbiyyat və tarixinin dünyada təbliği istiqamətində davamlı işlər görülür. Bu işlərin sayı günü-gündən artır. Təbii ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğindən danışırıqsa, birmənalı olaraq, Heydər Əliyev Fondunun həyata keçirdiyi genişmiqyaslı layihələri qeyd etməliyik. Mədəniyyətimizin, tariximizin beynəlxalq miqyasda tanınmasında Fondun böyük rolu var.
Heydər Əliyev Fondunun həyata keçirdiyi beynəlxalq layihələr ənənə halını alıb və bu layihələrə beynəlxalq aləmdən çox böyük dəstək gəlir. Fondun ənənəvi olaraq təşkil etdiyi "Qız qalası" beynəlxalq incəsənət festivalı bu baxımdan böyük əhəmiyyət daşıyır.
Keçən il VII "Qız qalası" beynəlxalq incəsənət festivalı çərçivəsində Bakıda müxtəlif tədbirlər keçirildi, sərgilər təşkil olundu. Birmənalı olaraq deyə bilərik ki, festivalın keçirilməsində əsas məqsəd dünyanın müxtəlif yerlərindən gələn turistlər, qonaqlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətini tanıtmaq, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdən ibarətdir.
Onu da vurğulayaq ki, Eyfel qülləsinin yanındakı Jofr meydanında fəaliyyət göstərən "Azərbaycan şəhərciyi"ndə təşkil olunan festivalda 4 fransız və 2 azərbaycanlı rəssamın əl işi olan "Qız qalası" maketləri sərgilənib.
2016-cı ildə Heydər Əliyev Fondu tərəfindən keçirilən çoxsaylı beynəlxalq tədbirlərdən biri Kannda Azərbaycanın təbliği ilə bağlı sərgilər oldu. Qeyd edək ki, 15-31 iyul 2016-cı ildə Kannın Festivallar sarayında Azərbaycanın tarixini və mədəniyyətini, Fransa ilə Azərbaycan arasında əlaqələri əks etdirən sərgilər açıldı.
Onu da bildirək ki, sərgilərdən biri "Partizanın izi ilə" adlanırdı. Bu sərgi İkinci Dünya Müharibəsinin iştirakçısı, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılova həsr olunmuşdu. Vurğulayaq ki, ekspozisiyada azərbaycanlı partizanın həyat və döyüş yolunu əks etdirən eksponatlar, o cümlədən Əhmədiyyə Cəbrayılovun şəxsi arxivindən götürülmüş fotolar nümayiş etdirilirdi.
Qeyd edək ki, Azərbaycana aid sərgilərdən biri də "Bir günəş altında" layihəsi çərçivəsində açılmışdı. Bu layihə çərçivəsində Azərbaycanda multikulturalizmə və tolerantlığa həsr olunan sərgi və film böyük maraqla qarşılanıb. Bilirik ki, 2016-cı il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Multikulturalizm ili" elan olunmuşdu. Kannda təşkil edilən həmin tədbirdə 20 azsaylı xalqın tarixini, mədəniyyətini və adət-ənənələrini əks etdirən foto və videomateriallar əsasında sərgi iştirakçılarına Azərbaycandakı tolerantlıq haqqında ətraflı məlumat verilib. Sərginin "Danışan başlar" adlı bölməsində isə müxtəlif azsaylı xalqların və etnosların nümayəndələri öz dillərində maraqlı hekayələri nəql edib.
Sərgidə Azərbaycanda yaşayan müxtəlif xalqların adət-ənənələrindən bəhs edən "Bir günəş altında" filmi də təqdim olunub. Bir sözlə, burada Azərbaycanda müxtəlif xalqların və millətlərin nümayəndələrinin bir ailə kimi yaşaması, ölkəmizdəki tolerantlıq mühitinin qədim və zəngin tarixə malik olması aydın şəkildə əks etdirilib.
Onu da qeyd edək ki, "Gəncə və Qəbələ: iki şəhər fransız fotoqrafların gözü ilə" sərgisində isə Azərbaycan təbiətinin gözəllikləri, özünəməxsus mədəniyyət və adət-ənənələri təqdim olunub. Sərginin təşkili məqsədilə fransız fotoqraflar: Samuel Qratakap və Jan-Fransua Rozye 2016-cı ilin aprelində Gəncəyə və Qəbələyə səfər edib, Azərbaycanın qədim tarixə, eləcə də müasir turizmdə aparıcı rola malik hər iki şəhərinin mənzərələrini, abidələrini, gündəlik həyatını fotoaparatın yaddaşına köçürüblər.
"Parisin ürəyində Azərbaycan musiqisi" klassik musiqi gecəsi də Fondun təşkil etdiyi maraqlı layihələrdən biridir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun beynəlxalq tədbirləri hər zaman böyük maraqla qarşılanır.
Məlum olduğu kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Parisin ürəyində Azərbaycan musiqisi" adlı klassik musiqi gecəsi də yaddaqalan layihələrdən biridir.
2015-ci ildə Heydər Əliyev Fondunun Azərbaycanı, onun mədəniyyətini, ənənələrini və həyat tərzini Fransada təbliğ etmək, müxtəlif mədəniyyətlərə və həyat tərzinə malik xalqların bir-birini daha yaxından tanıması və iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsi məqsədilə Parisdə təşkil etdiyi "Azərbaycan şəhərciyi" sərgi-layihəsi ölkəmiz haqqında geniş informasiya verib.
"Azərbaycan Parisin ürəyində" adlanan şəhərcik Luvr muzeyinin qarşısındakı məşhur Pale Royal meydanında fəaliyyət göstərib. Şəhərcikdə Azərbaycanın xalçaçılıq, dulusçuluq və digər sənətkarlıq məmulatlarının, milli geyim və musiqi alətlərimizin yer aldığı sərgilər təşkil edilib. Qonaqlar bu sənət nümunələrinin yaradılma prosesini isə "Emalatxana" bölməsində izləyə bilib. Ustalar mis qab, şəbəkə, xalça və digər sənət nümunələri hazırlayaraq Azərbaycanın qədim və zəngin sənətkarlıq ənənələrini, onların incəliklərini qonaqlara təqdim edib.
Fransada yaşayan tanınmış azərbaycanlılara və Azərbaycana səyahət etmiş məşhur fransızlara həsr olunmuş "Azərbaycanlılar və fransızlar: tanışlıq tarixi" adlı fotosərgidə iki ölkə və xalqın həyatını əks etdirən fotolar və məlumatlar sərgilənib. Milli mətbəximizi nümayiş etdirən köşklərdə şirniyyatlar, içkilər təqdim olunub, qonaqlar üçün milli mətbəximizin ləziz xörəkləri hazırlanıb. Şəhərcikdə Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrləri də yer alıb. Təşkil olunmuş konsert proqramlarında ziyarətçilərə Azərbaycan musiqisi və rəqsləri təqdim olunub.
Qeyd edilənə görə, Heydər Əliyev Fondu tərəfindən "Azərbaycan şəhərciyi" Parisdə ilk dəfə 2014-cü il sentyabrın 19-dan 28-dək San Sülpis meydanında təşkil edilib.
Parisdə "Azərbaycan şəhərciyi" 2016-cı ildə də ənənəvi olaraq açılıb. Heydər Əliyev Fondunun Parisdə təşkil etdiyi "Azərbaycan şəhərciyi" böyük əks-sədaya səbəb olub. Şəhərcikdə təşkil olunan xalq sənətkarlıq emalatxanalarında ziyarətçilər xalçaçılıq, misgərlik və şəbəkə, taxta üzərində oyma, dulusçuluq, kəlağayı və digər sənət nümunələrinin yaradılması prosesi ilə yaxından tanış olub.
Muzey bölməsində "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar, o cümlədən misgərlik məmulatları, milli geyimlər, musiqi alətləri, xalçalarımız və digər sənət nümunələri sərgilənib.
Şəhərcikdə daha bir yenilik isə "Uşaq zonası" ilə bağlı idi. Kukla teatrı, emalatxana və istirahət zonasından ibarət hissədə xalq nağılları əsasında kuklalarla qurulmuş səhnəciklər göstərilib.
"İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi" bölməsində Mərkəzin yetirmələri tərəfindən yaradılmış əsərlər-batika, keramika, zərgərlik və taxta üzərində oyma nümayiş olunub.
Şəhərciyin kitabxana zonasında Heydər Əliyev Fondunun ölkəmiz, o cümlədən xalqımızın milli-mənəvi dəyərləri, mədəniyyəti, incəsənəti, tarixi, Azərbaycan həqiqətləri barədə geniş və dolğun məlumatların əks olunduğu müxtəlif nəşrləri nümayiş etdirilib və qonaqlara hədiyyə olunub. Tədbir çərçivəsində Heydər Əliyev Fondunun daha bir yeni nəşri - "Azərbaycan mətbəx mədəniyyəti" adlı kitabının təqdimatı da olub. Nəşrdə xalqımızın zəngin mətbəx mədəniyyəti barədə ətraflı məlumat verilir.
Onu da vurğulayaq ki, şəhərcikdə ilk dəfə olaraq həm də "Turizm Mərkəzi" layihəsi təqdim olunub. Burada Azərbaycanın turizm bölgələri və marşrutları barədə ətraflı məlumat verilib.
İçərişəhərin maketi sərgi iştirakçılarına memarlığımızın və mədəniyyətimizin nadir incisi ilə vizual tanış olmağa şərait yaradıb.
Bu dəfə "Azərbaycan şəhərciyi"ndə ilk dəfə olaraq "Qız qalası" beynəlxalq incəsənət festivalı da təşkil olunub. Festival 2013-cü ildə Kann şəhərindən sonra ikinci dəfədir Azərbaycandan kənarda keçirilib. Bu dəfə 4 fransız və 2 azərbaycanlı rəssamın əl işi olan "Qız qalası" maketləri sərgilənib.
Qeyd edək ki, Azərbaycan mətbəxinin təbliğ olunduğu hissədə milli mətbəximizin təamlarının hazırlanması nümayiş olunub. Şəhərcikdə fəaliyyət göstərən restoranda isə Azərbaycan milli mətbəxinin bir-birindən dadlı təamları təqdim edilib. Qida məhsulları yarmarkasında isə Azərbaycanın müxtəlif qida məhsulları istehsalçılarının məhsulları sərgilənib.
Şəhərcikdə qonaqlara Azərbaycanın ilk rəsmi hədiyyə və suvenir brendi olan "I Love Baku" stendi də təqdim edilib.
Onu da qeyd edək
ki, burada, həmçinin,
Fransada Azərbaycanın Dostları Assosiasiyası
da təmsil
olunub.
Heydər Əliyev Fondunun
həyata keçirdiyi
layihələr o qədər çoxdur ki, onları bir-iki yazıya sığışdırmaq
mümkün deyil. Fondun həyata keçirdiyi işlərdən biri də
Belçikada Xurşidbanu
Natəvanın
abidəsinin
açılmasıdır.
Məlumdur ki, Heydər
Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının
Vaterlo şəhərinin mərkəzi parkında Azərbaycanın görkəmli
şairəsi
Xurşidbanu Natəvanın abidəsi
qoyulub. 2016-cı il fevralın 18-də abidənin açılışı olub.
Məlumatlara görə,
heykəlin
postamentində
"Şərqin
müasir maarifçi
və
şairə
qadını Xurşidbanu
Natəvan,
Qarabağ şahzadəsi, Azərbaycan"
sözləri
yazılıb. Özündə Qarabağla bağlı
qeydi əks etdirən bu abidənin
Belçikada ucaldılması
Azərbaycan
həqiqətlərinin yaşadılması və dünyada tanıdılması
istiqamətində aparılan işlərə bir töhfədir.
Onu da vurğulayaq ki, heykəl
Azərbaycanın
xalq rəssamı Tahir
Salahovun rəhbərliyi altında, heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb.
Heydər Əliyev Fondunun keçirdiyi
maraqlı tədbirlərdən biri
"Parisin ürəyində Azərbaycan
etno-caz musiqisi" konsert proqramının təşkil edilməsidir. Bildirək ki, 2015-ci il sentyabrın 3-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Parisin ürəyində
Azərbaycan
etno-caz musiqisi" adlı konsert proqramı Azərbaycanın
müasir musiqisi haqqında dünyaya böyük informasiya verib. Qeyd edək
ki, Azərbaycanın milli
musiqi aləti olan tarın səhnədə baş rolda olması konsertə xüsusi əhəmiyyət verirdi.
Parisdə "Azərbaycan
tolerantlıq ölkəsi" fotosərgisi
də
Fondun ərsəyə gətirdiyi tədbirlərdən biridir. Söhbət
2015-ci il sentyabrın 3-də Parisdə Heydər
Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin
"Azərbaycan
tolerantlıq ölkəsi" adlı fotosərgisindən gedir.
Onu da deyək
ki, mərasimdə
Azərbaycanın
birinci xanımı,
Heydər
Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Fransanın tanınmış
ictimai və mədəniyyət xadimləri,
nüfuzlu media orqanlarının
nümayəndələri, Paris sənətsevərləri iştirak ediblər. Sərgidə fotoqraf Reza Deqatinin
müxtəlif
illərdə çəkdiyi
fotolar nümayiş
etdirilib. Bu fotolar
izləyiciləri Azərbaycanda
yaşayan müxtəlif millətlər və
dinlərə mənsub
xalqların həyat tərzi,
adət-ənənələri ilə
tanış edir. Fotoqrafın sərgidəki işləri
Azərbaycanda
müxtəlif
dini icmaların bir-birinə hörmət və
ehtiram şəraitində yaşadığının tərənnümünə çevrilib. Fotolarda Azərbaycanın təbiətini, qədim
adət-ənənələrini, sadə
insanların gündəlik həyatını
görmək
mümkündür. Bu
fotolar həm tarixi məkanlarımızı,
Azərbaycanın
müxtəlif
bölgələrindəki həyat
tərzini,
həm
də
bu qədim
tarixə
sahib ölkəmizin
müasirliyini izləyicilərin diqqətinə çatdırıb.
Heydər Əliyev Fondunun
Azərbaycan mədəniyyətinin,
tarixinin, dəyərlərinin
beynəlxalq
aləmdə təbliğində, tanıdılmasında oynadığı
böyük rol danılmazdır. Bu, dövlətimizin, mədəniyyətimizin, tariximizin yüksək səviyyədə təbliğ olunması deməkdir.
İradə SARIYEVA
Bakı xəbər.- 2017.- 12 yanvar.-
S.15.