Tarixdə iz buraxanlar: Nazim Hikmət
Türk dünyasının tanınmış
şair və yazıçısı Nazim Hikmət 1902-ci ildə Selanikdə anadan olub. Atası Hikmət bəy, anası Cəmilə xanımdır.
Orta təhsilini bitirdiyi zaman şeir yazmağa başlayan
Nazimin ilk şeirlərindən biri 1918-ci ildə "Yeni Məcmuə"də yayımlanıb. Nazim tez-tez onlara gələn Yahya Kamala heyran idi. Yazdığı şeirləri
ona göstərərək fikrini sorardı. Beləcə,
yazdığı şeirlərlə qısa zamanda
şairlər
arasında tanınmağa başlayan Nazim Hikmət 1920-ci ildə "Ələmdar" qəzetinin
açdığı bir şeir yarışmasında
birincilik qazanır. İstanbulun
işğal altında olduğu dönəmdə
yazdığı coşqu dolu şeirlərdən
bəziləri vətənin xilası üçün gəncləri savaşa
çağıracaq məzmunda
olub.
1921-ci ildə Nazim Hikmət üç şair dostu ilə birlikdə İneboluya gəlir. Onların məqsədi Ankaraya gedib
milli hərəkatda iştirak
etmək idi. Ancaq Ankaraya gediş izni bu dörd dostdan Nazim
Hikmətlə Vala Nurəddinə verilib. Ankaraya gəldiklərində onlardan
İstanbul gəncliyini
milli qurtuluş mücadiləsinə
çağıran bir şeir yazmaları istənir. Bu iki dost
üç gün ərzində bir şeir yazır. 10 min tirajla nəşr edilən bu şeir
gözlənildiyindən daha çox maraq
oyadıb. Hətta
Böyük Millət
Məclisində bu maraqdan doğa
biləcək problemlərlə əlaqəli
müzakirələr keçirilib.
Bu zamanlar Mustafa Kamalla da tanış
olan bu gənclər müəllimlik vəzifəsilə Boluya göndəriliblər. Boluda müəllimliyə başlayan gənclər camiyə getmədiklərinə görə yerli əhali tərəfindən
xoş qarşılanmayıblar. Belə olduqda onlar bir
hakim olan Ziya Hilmi tərəfindən himayə altına
alınıblar. Üzərlərindəki təzyiqdən narahat olan Nazim və Vala Sovetlər
İttifaqını təriflərlə anladan Ziya
Hilminin təsirilə Trabzondan Batuma
keçərək Moskvaya gediblər.
Gələcəyin məşhur şairi Nazim Hikmət Moskvada rusca öyrəndiyi zaman
inqilabçı sovet şairlərinin
yazdıqlarını oxuyub, Mayakovskidən təsirlənib. Vala Nurəddinlə birlikdə Şərq Əməkçiləri Kommunist
Universitetinə
qeyd olunaraq iqtisadiyyat və
siyasət
mövzularında təhsil
almağa başlayıb.
Nazim Hikmətə təsir edən bu yeni dünyada yazdığı şeirlərdən bəziləri "Aydınlıq"
və
"Yeni həyat" jurnalında yayımlanıb. Gələcəyin
şairi o illərdə TKP-yə girib və ömrünün
sonuna qədər bu partiyada
çalışıb.
Nazim Hikmət 1924-cü ildə gizlicə İstanbula dönərək "Aydınlıq"
jurnalında çalışmağa başlayıb. Polis tərəfindən izləndiyini hiss etdikdə isə İzmirə köçüb. Şeyx
Səid
üsyanından sonra 1925-ci ildə çıxarılan
Takriri-Sükun qanununa görə qurulan Ankara İstiqlal
Məhkəməsi tərəfindən qiyabi şəkildə 15 il həbsə məhkum edilib. Belə olduqda gizləndiyi İzmirdən İstanbula gələrək
yenə Sovet
İttifaqına keçib. 1926-cı ildə Cumhuriyyət bayramında
çıxarılan qərar nəticəsində əfv edildiyini eşitdikdə pasport alıb vətənə dönmək istəsə də, buna nail
ola bilməyib. Buna baxmayaraq, 1928-ci ildə gizlicə Türkiyəyə döndükdə yaxalanıb. Saxta pasport daşıdığına görə 3 gün müddətinə həbs cəzasına
məhkum edilən Nazim Hikmət həbsxanada
qaldığı müddət
bundan artıq olduğuna görə
sərbəst
buraxılıb.
Üsyankar bir ruhun sahibi olan Nazim Hikmət 1928-ci ildə Türkiyəyə gəldikdən sonra müxtəlif jurnal və qəzetlərdə işləməyə başlayıb. 1938-ci ildə Hərb məktəbində kommunizm təbliğatı etmək cinayətindən 28 illik həbsə məhkum olunub. Çankırı,
Üsküdar və
Bursa cəza evlərində 12 ildən artıq
qaldığı bu həbs
dönəmində bir çox
şeir və
ssenarilər
yazıb, rəsmlər çəkib, ağac
işçiliyi və
toxumaçılığı öyrənib. Həbsxanada məşhur "İnsan mənzərələri" epopeyasını,
"Həbsxanadan məktublar" silsiləsini, "Məhəbbət əfsanəsi," "Yusif və Züleyxa" pyeslərini və bir çox başqa əsərlərini yazıb. Yazdıqlarından bir bölümünü
gizli adlarla nəşr
etdirib.
Nazim Hikmətin bir xətaya qurban getməsi ilə əlaqəli Əhməd Əmin Yalmanın "Vətən" qəzetində başlatdığı
kampaniya ictimaiyyətdən dəstək görüb. Bu tarixi şəxsiyyətin sərbəst buraxılması üçün bir çox
ziyalının imzaladığı yazının Cumhurbaşqanına,
Beynəlxalq Hüquqçular Birliyinin yazdığı
məktubun
TBMM ilə Ədalət və Milli Müdafiə nazirliklərinə göndərilməsindən bir nəticə əldə olunmadıqda, ürəyindən və qara ciyərindən xəstə olan Nazim Hikmət 8 aprel 1950-ci ildə aclıq elan edib. Bir gün sonra vəziyyəti pisləşən Nazim tez-tələsik İstanbula aparılaraq xəstəxanaya yerləşdirilib. Seçkiləri
qazanan Demokrat Partiyasının
çıxardığı əfv
maddəsilə cəzası endirilən Nazim Hikmət 1950-ci ilin iyul
ayında çıxarılan ümumi əfv nəticəsində azadlığa
buraxılıb.
Cəza evindən çıxdıqda o, Pirayədən ayrılaraq həbs həyatının son illərində aşiq olduğu Münəvvər Andaç ilə evlənir. 1951-ci ildə anadan olan
oğluna Məhməd adını
qoyur. Cəza
evindən
çıxdıqdan sonra da Nazim Hikmət polis tərəfindən izlənirdi. Özünə
qarşı belə
davranışlara dözə
bilməyən dahi şair
çox sevdiyi ölkəsini
tərk etməyə qərar
verib. 1951-ci il iyun ayının 17-də evindən ayrılaraq qohumu Rəfik Erduranın
yardımı ilə gizlicə əvvəl Rumıniyaya, oradan da Sovet İttifaqına
qaçıb və orada Türkiyənin əleyhinə fəaliyyətlərdə olduğuna görə Türkiyə vətəndaşlığından
çıxarılıb. Belə olduqda Sovet
İttifaqı vətəndaşlığına
keçmək məcburiyyətində qalıb. Vətəndən, ailədən ayrı düşmək Nazim Hikmətə çox ağrılar verib.
O, 1952-ci ildə ağır bir infarkt keçirib. Bir
müddət
müalicə
olunduqdan sonra bir çox ölkələrə səyahət edən Nazim Hikmət beynəlxalq şöhrət qazanıb. Bu illərdə gələcək gözəl günləri, Vətən həsrəti və sevgini mövzu
alaraq, duyğu dolu hisslərlə çox gözəl şeirlər yazıb və şairliyin zirvəsinə yüksəlib. Ürək
xəstəsi olan Nazim Hikmət 1963-cü ilin əvvəlindən etibarən ölümə
yaxınlaşdığını ifadə edən
şeirlər
yazmağa başlayıb. Həmin ilin 3 iyun
günü evində
infarkt keçirərək həyata vida edib.
Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın
dostu idi. O, dəfələrlə Bakıya gəlib, Azərbaycan şair və
yazıçılarının bir çoxu ilə şəxsən dostluq edib, onlarla
yaradıcılıq əlaqəsi qurub. Onun Azərbaycana
həsr etdiyi
şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri var. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunub, pyesləri tamaşaya
qoyulub. Bəstəkar A.Məlikov şairin
"Məhəbbət əfsanəsi"
pyesi əsasında
eyni adlı balet yazıb. Azərbaycanın digər bəstəkarları Nazim
Hikmətin
şeirlərinə romanslar bəstələyiblər.
R.Babayev "Kəllə" pyesinə illüstrasiyalar
çəkib,
M.Rzayeva isə
şairin büstünü yaradıb. Azərbaycan
ədəbiyyatşünasları
şairin həyat
və
yaradıcılığına dair bir sıra
sanballı əsərlər yazıblar.
Nazim Hikmət Azərbaycan ədəbiyyatını yaxşı bilirdi. O, həm Nizami, Füzuli,
M.F.Axundov, Sabir haqqında, həm də müasirləri Səməd Vurğun, Süleyman
Rüstəm, Əhməd Cəmil, Rəsul Rza, Mikayıl Rəfili haqqında məqalələr təqdim edirdi. Eyni
zamanda Bakının gözəlliyi
haqqında yazılar yazırdı. Nazim Hikmət Bakıda olduğu müddətdə Bülbülün
ifasında "Koroğlu"nu dinləyir, "Yeddi gözəl"dən zövq
aldığını yazır, Filarmoniyada xalq
mahnılarına, muğamlarına qulaq
asdığını bildirir, musiqili komediya
teatrında olduğunu qeyd edir.
Nazim
Hikmət ona yaxın olan Azəri türkcəsinin
danışıldığı bir yerdə özünü çox
rahat hiss edərdi. O deyirdi,"Azərbaycan mədəniyyətinə bağlıyam. Bu bağlılıq yalnız Sovet Azərbaycanı mədəniyyətinə deyil,
çevrilişdən
əvvəlki Azərbaycan mədəniyyətinə aiddir. Məsələn, Dədə Qorqud bir Azərbaycan
yazıçısı üçün böyük abidədir, mənim üçün də! Koroğlu həm Azərbaycan
xalqının, həm
də mənim xalqımın
qəhrəmanıdır.
Sabir Azərbaycan
ədəbiyyatının
ilk realist, xalqçı, satirik şairi, heyran
olduğum ustaddır. Üzeyir
Hacıbəyovun
musiqisi öz musiqimiz qədər mənə yaxındır".
Türk poeziyasına sərbəst şeir vəznini Nazim Hikmət gətirib. Onun
yaradıcılığı müasir Türk ədəbiyyatına güclü təsir göstərib. Əsərləri dünya xalqlarının çoxunun dilinə tərcümə olunub, pyesləri bir sıra ölkələrdə tamaşaya qoyulub.
Nazim Hikmət 1951-ci ildə Ümumdünya Sülh Şurası Bürosunun,
1959-cu ildən sonra isə onun Rəyasət heyətinin üzvü olub.
Azərbaycan ədəbiyyatı ilə yaxından tanış
olduqca, təzadlı şair kimi tanınan, öz
ideyasının qurbanı olan Nazim Hikmətin Azərbaycanda xüsusi bir
qayğı və sevgi ilə anıldığının fərqində oluruq. Onun Azərbaycan şair və
yazıçıları ilə
əlaqələri və
Azərbaycan ədiblərinin də onun haqqında
yazdıqları çox maraqlıdır. Görəsən ömrü həbslərdə, sürgünlərdə keçən bu şairin Azərbaycanda bu qədər sevilməsinin,
onun haqqında çox sayda elmi-publisistik məqalələrin, tədqiqat
əsərlərinin,
kitabların yazılmasının səbəbi
nə idi? Və elə bir fitri istedadlı
şair, dramaturq, türk inqilabi poeziyasının
işığı olan Nazim Hikmətin Azərbaycan ədəbiyyatı ilə nə qədər bağlı olduğunu
araşdırdıqca bir daha əmin olursan ki, Nazim Hikmətin Azərbaycan ədəbiyyatında ayrıca
bir yeri var. Keşməkeşli həyatı, ürəkləri parçalayan, eyni zamanda hayqıraraq
insanları öz haqları uğrunda mübarizəyə səsləyən şeirləri ilə həmişə zirvələrdə qalacaq, könüllərdə yaşayacaq Nazim Hikmət. "Ürəyin
qadını-kişisi yoxdur. Bir mərd olanı var, bir də namərd olanı!"
- deyib Nazim Hikmət. Cəmi 61 il
yaşayan bu böyük insan dərdlə, həsrətlə naxışlanan bir
ömrə sahib olub. Ölkəsinə və millətinə bütün varlığı ilə bağlı olan Nazim Hikmət böyük insan, əsl vətəndaş idi.
Nazim Hikmət
1963-cü ildə
Moskva şəhərində ürək tutmasından vəfat edib və Novodeviçye qəbiristanlığında
dəfn olunub. Amma türk dünyasının böyük
şairi 1953-cü ildə
yazdığı "Vəsiyyət" şeirində Anadoluda
basdırılmaq istədiyindən söz
açmışdı. Bir övlad kimi həsrətini
ürəyində
daşıdığı İstanbulu şeirləri ilə
oxşaya-oxşaya qalmışdı Nazim Hikmət. O, elə bir qatarın sərnişini idi ki,
geriyə yolu yox
idi. Olumla ölüm arasında
çırpına-çırpına qalan Nazim Hikmət faciəsini özü
daha yaxşı bilirdi. Demək
olar ki, bütün şeirlərində bu çətin yolların
yolçusu olduğunu,
nigarançılığını çox qəribə ifadələrlə
bildirirdi..
Qaraoğlu
Fazil
Bakı
xəbər.- 2017.- 24 yanvar.- S.13