Naxçıvanın dialektoloji
sərvətləri...
“Bu atlas artıq dünyanın bir sıra
ölkələrinə yayılıb və bununla
bağlı çox müsbət rəylər var”
Kifayət İmamquliyeva: “Biz Azərbaycan ərazilərinə
iddia edən qüvvələrə cavab olaraq dialektoloji
danışıq atlasları hazırlamışıq”
Qədim və zəngin dil olan Azərbaycan dili
böyük tarixi inkişaf yolu
keçib. Ana dilimizin incəlikləri, gözəllikləri
Azərbaycanın müxtəlif bölgələrinə xas
olan ləhcə, şivə və dialektlərin də
timsalında ifadə olunur. Azərbaycan müstəqillik əldə
etdikdən sonra dilçilik elminin qarşısında duran əsas
məsələlərdən biri ayrı-ayrı bölgələrə
məxsus ləhcələrin, şivə və dialektlərin
öyrənilməsi məsələsi idi. Dilçi-alimlərin
verdiyi məlumata görə, bu sahədə əvvəllər
də işlər görülüb, lakin bu işlər bu sahəni
tam olaraq əhatə etmədiyindən, yenidən bu məsələ
gündəmə gətirilib.
Azərbaycan dilinin formalaşmasında, ədəbi
və şifahi formaya düşməsində şivə və
ləhcələr də əhəmiyyətli dərəcədə
rola malikdir. Son illər bu istiqamətdə
görülən işlərin sırası genişlənir,
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Dilçilik İnstitutunun müvafiq şöbəsi tərəfindən
müxtəlif bölgələrin
şivə və ləhcələri yenidən öyrənilir,
tədqiqata cəlb edilir, dilimiz o bölgələrə
xas sözlərlə zənginləşir.
Bir neçə ildir Azərbaycan Milli Elmlər
Akademiyasının Nəsimi adına Dilçilik
İnstitutunda Azərbaycan dilinin müxtəlif bölgələrinə
aid dialektoloji atlaslar hazırlanır. Azərbaycan dilinin diri və
duru qaldığı Naxçıvanın rayon və kəndlərinə
məxsus şivə və ləhcələrin də
dialektoloji atlası hazırlanıb.
AMEA-nın Dilçilik İnstitutunun Azərbaycan
dialektologiyası şöbəsində həyata keçirilən
bu işlərin həm Azərbaycan, həm də dünya
üçün böyük əhəmiyyəti var. Dilçilik İnstitutunun Azərbaycan
dialektologiyası şöbəsinin müdiri, filologiya üzrə
fəlsəfə doktoru Kifayət İmamquliyeva “Bakı-Xəbər”ə
açıqlamasında “Azərbaycan dilinin Naxçıvan
dialektoloji atlası” ilə bağlı bildirdi ki, bu atlas
böyük əhəmiyyətə malikdir. Şöbə
müdirinin sözlərinə görə, bu atlaslar
müvafiq rəsmi sənədin tələblərinə
uyğun hazırlanıb: “Azərbaycan dilinin
Naxçıvan dialektoloji atlası” Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 9
aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı"na əsasən hazırlanmış
“Proqram”ın 6.3.5. bəndində Azərbaycan dilinin müxtəlif
dialekt və şivələrinin müasir dövrün tələblərinə
uyğun olaraq öyrənilməsinin təmin edilməsi nəzərdə
tutulub.
əlumdur ki, dialekt və şivələr dilin canlı tarixidir. Mətbuatın, televiziyanın, ümumiyyətlə,
kütləvi informasiya vasitələrinin inkişaf etdiyi,
miqrasiyaların artdığı bir dövrdə dialekt və
şivələr artıq məhvə doğru gedir. Lakin dialekt və şivələrdə elə dil
faktları ortaya çıxır ki, bu, Azərbaycan
xalqının kimliyini, tarixini, mədəniyyətini,
aborigenliyini sübuta yetirə bilir və Azərbaycan
torpaqlarına göz dikənlərə tutarlı cavab olur.
Dövlət
başçısının sərəncamından sonra AMEA Nəsimi
adına Dilçilik İnstitutunun rəhbərliyi
Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları
ilə məsləhətləşərək “Azərbaycan
dilinin Naxçıvan dialektoloji atlası”nın
hazırlanmasını qarşıya məqsəd qoydu. Bilirsiniz ki, Naxçıvan Muxtar Respulikası
strateji əhəmiyyətli ərazidir. Belə
ki, qədim Azərbaycan torpağı Zəngəzur 1920-ci ildə
totalitar sovet hakim dairələrinin anti-Azərbaycan siyasəti
nəticəsində qanunsuz olaraq Ermənistana verilmiş və
bunun acı nəticəsi olaraq Naxçıvan Muxtar
Respublikasının ölkə ərazisi ilə torpaq sərhədləri
kəsilmişdir. Eləcə də 1938-ci
ildə Naxçıvan Muxtar Respublikasının Sədərək
rayonunun inzibati ərazisinə daxil olan Kərki kəndinin
torpaqları Ermənistana verilmiş və bunun da nəticəsində
həmin kənd Naxçıvan ərazisindən təcrid
olunmuşdur. Bundan əlavə, 1929-cu il fevralın 18-də
Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi totalitar
inzibati-amirlik şəraitində Naxçıvan Muxtar Sovet
Sosialist Respublikasının 9 kəndinin: Şərur dairəsinin
Qurdqulaq, Xaçik, Horadiz kəndlərinin, Şahbuz nahiyəsinin
Oğbin, Sultanbəy, Ağxəç, Almalı,
İtqıran kəndlərinin, Ordubad dairəsinin
Qorçevan kəndinin, habelə Kilit kənd
torpaqlarının bir hissəsinin əkin sahələri və
otlaqları ilə birlikdə Ermənistan Sovet Sosialist
Respublikasına birləşdirilməsi haqqında qərar qəbul
etmişdir. Naxçıvan Muxtar Respublikasının sərhədləri
haqqında Moskva müqaviləsi (1921) və Qars müqaviləsinin
(1921) müddəaları nəzərə alınmadan və sənədləri
imzalayan tərəflərin iştirakı olmadan Zaqafqaziya Mərkəzi
İcraiyyə Komitəsinin Muxtar Respublika ərazisinin bir hissəsinin
Ermənistana verilməsi ilə bağlı bu
anlaşılmaz və qanunsuz qərarı beynəlxalq
hüquq normalarının kobudcasına pozulması faktı,
Azərbaycan xalqına qarşı əsl xəyanətkarlıq
və cinayət əməlidir. Və bu gün
də Ermənistan dövləti Naxçıvan Muxtar
Respublikasının torpaqlarını zəbt etməyə
iddialıdır. Düşmənə tutarlı
cavablardan biri də məhz bu atlas ola bilər.
Dialektoloqlar hər şeydən qabaq “Azərbaycan dilinin
Naxçıvan dialektoloji atlasının proqramı” əsasında
işə başlamışlar. Onlar 2014-cü ilin
iyun-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında
ekspedisiyada olarkən müasir Azərbaycan ədəbi dilinin əsasını
təşkil edən qəbilə və tayfa dillərinin izinə
düşmüş, zəngin material toplamışlar. Bənzərsiz dağlar diyarı olan
Naxçıvanın ecazkar təbiəti və ona uyğun
özünəməxsus həyat tərzi, hətta daş
dövrünün izləri bu bölgənin əhalisinin məişətində
və dil xüsusiyyətlərində qorunub saxlanıb.
Belə ki, Naxçıvan qrupu dialekt və şivələrində
Azərbaycan xalqının islamdan əvvəlki dövrlərə
aid inancları: göy qüvvələrinə
bağlılıq, tanrıçılıq, totemizm və
sair əlamətlər müşahidə olunub.
Ekspedisiya
zamanı Naxçıvan Muxtar Respublikasının izoqlas verə
biləcək 151 yaşayış məntəqəsindən
(Naxçıvan şəhər zonası üzrə 4, Sədərək
rayonu üzrə 4, Şərur rayonu üzrə 37, Kəngərli
rayonu üzrə 9, Babək rayonu üzrə 22, Şahbuz
rayonu üzrə 20, Culfa rayonu üzrə 23, Ordubad rayonu
üzrə 32) zəngin dialektoloji material əldə
edilmiş və bu materiallar əsasında dilin bütün səviyyələrini
əhatə edən 250 xəritədən ibarət “Azərbaycan
dilinin Naxçıvan dialektoloji atlası” tərtib olunub”.
Şöbə müdirinin qeyd etdiyinə görə,
atlasdan istifadə işini asanlaşdırmaq məqsədilə
bölmələr üç rəngdə (göy – “Fonetika”,
qırmızı – “Qrammatika”, yaşıl – “Leksika) təqdim
edilib. Rənglər həm də rəmzi olaraq Azərbaycan
Respublikasının Dövlət Bayrağını
özündə əks etdirir. O qeyd etdi ki, “Proqram” və
xəritələrdə istifadə edilmiş şərti
işarələrin açıqlanması da atlasda öz əksini
tapıb: “Dialektoloji Atlas Qrupunun atlasla bağlı fəaliyyətini,
informatorlarla görüşlərini, eləcə də
Naxçıvan Muxtar Respublikasının təbiəti və
tarixi abidələrini, müasir və qədim memarlıq
üslubunu, etnoqrafiya və kulinariyasını əks etdirən
şəkillər Azərbaycanın üzvi tərkib hissəsi
olan bu qədim diyar haqqında dolğun təəssürat
yaradır. Atlasın gələcəkdə
meydana çıxacaq tədqiqat işlərinə açar
rolu oynayacağını və dilçilikdən başqa,
tarix və coğrafiya, etnoqrafiya və kulinariya, eləcə də
digər elm sahələrinin mütəxəssisləri
üçün əhəmiyyətli olacağını
düşünürük. Dilçilik elmi ilə
yanaşı, həm də ümumiyyətlə, azərbaycançılıq
baxımından əhəmiyyəti olan, ardıcıl elmi
axtarışların və ekspedisiyaların nəticəsi
olaraq ərsəyə gələn, dünya ictimaiyyətinə
4 dildə (Azərbaycan, türk, ingilis, rus) təqdim olunan “Azərbaycan
dilinin Naxçıvan dialektoloji atlası”na əlavə
olunmuş kompakt diskdə səsli elektron atlas, həmçinin,
Muxtar Respublikanın müxtəlif yaşayış məntəqələrindən
olan informatorların səsləri yerləşdirilib. Yüksək elmi və poliqrafik səviyyədə təqdim
edilən “Azərbaycan dilinin Naxçıvan dialektoloji
atlası” dünyada dialektoloji atlasların yaradılması
tarixində olduqca mühüm və əhəmiyyətli bir
hadisədir. Cəsarətlə demək
olar ki, bu atlas Azərbaycanın ayrılmaz bir parçası
olan Naxçıvan diyarının qədim türk-oğuz
yurdu olmasının danılmaz elmi möhürüdür”.
Atlasın
əhəmiyyətini vurğulayan şöbə müdiri
qeyd etdi ki, belə atlaslar Azərbaycanın bütün
bölgələri üçün hazırlanacaq: “Biz
hazırda Qarabağın dialektoloji atlasını
hazırlayırıq. Azərbaycanın strateji əhəmiyyətli
ərazilərini diqqətdə saxlayırıq. O ərazilərini
ki, orada düşmən gözü var və düşmənlərimiz
o yerləri zəbt etmək, kəndlərimizə sahib olmaq,
buranın türk xalqına yox, hansısa bir millətə mənsub
olduğunu demək istəyirlər. Biz Azərbaycan
ərazilərinə iddia edən qüvvələrə cavab
olaraq dialektoloji danışıq atlasları
hazırlamışıq. Yəni hər
bir kəs milli kimliyi ilə tanına bilər. Bu atlasda Azərbaycan kəndlərini əks etdirməklə
bildirmək istəyirik ki, bu kəndlərdə yaşayan erməni
deyil, azərbaycanlıdır və danışıqları
da budur. Bizim əsas işimiz şivələrlə,
ləhcələrlə bağlıdır. Bu atlas Naxçıvan dialekt və şivələrindən
ibarətdir. Qeyd etdiyim kimi, kəndbəkənd
bütün danışıq ləhcələri burada əksini
tapıb. Bu, səsli atlasdır, Amerikada,
Almaniyada və digər ölkələrdə olan bir şəxs
onun danışığına qulaq asa bilər. Bu, elektron atlasdır və iki qovluqdan ibarətdir.
Birinci qovluqda atlas, ikinci qovluqda isə həmin kəndlərin
informatorlarının səsi yerləşdirilib. “Azərbaycan dilinin Naxçıvan dialektoloji
atlası” artıq dünyanın bir sıra ölkələrinə
yayılıb və bununla bağlı çox müsbət rəylər
var. İşimiz bu atlasla bitmir. Biz
Naxçıvanın dialekt və şivələrinin elektron
lüğətini də hazırlamışıq. “Azərbaycan
dilinin Naxçıvan dialektoloji lüğəti” çox
mühüm bir vəsaitdir. Biz silsilə olaraq monoqrafiyalar da
hazırlamağı nəzərdə tuturuq”.
İradə
SARIYEVA
Bakı
xəbər.- 2018.- 4 aprel.- S.13.