Vətənpərvərlik
mövzusunda animasiya filmlərinin çəkilişi “daşa
dirənib”…
Pərvanə Həkimova: “Bizim Babək, Cavad
xan, Nadir şah, Ağaməhəmməd şah Qacar və digər
tarixi şəxsiyyətlərimiz haqqında vətənpərvər
ruhlu, didaktik bir animasiya filmimiz yoxdur”
Zülfiyyə Eldarqızı: “Bizdə vətənpərvər
ruhlu bir neçə cizgi filmi var, onların da heç biri
müasir dövrdə çəkilməyib”
Bu gün başqa ölkələrdə
istehsal edilən, fərqli və yad ideologiyalar, həyat tərzləri,
düşüncələr təlqin edən cizgi filmləri
uşaqlarımızı özünə cəlb edir. Nəzərə alsaq ki, cizgi filmləri
uşaqların psixikasına təsir edir və beyinlərinə
istənilən informasiyanı ötürə bilir, bizim
özümüzün cizgi filmləri sahəsində görəcəyimiz
işlər çoxdur.O işlərdən ən vacibi
müasir Azərbaycan uşağının düşüncəsinə,
maraqlarına, tələbatına cavab verən cizgi filmləri
istehsal etməkdir. Azərbaycan animatorları daha çox
tariximizlə, tarixi torpaqlarımızla, qəhrəmanlarımızla
bağlı vətənpərvərlik ruhunda animasiya filmləri
yaratmalıdırlar. Hazırda “Azərbaycanfilm”
Kinostudiyasının nəzdində “Azanfilm” fəaliyyət
göstərir. Bundan başqa, bir neçə özəl
prodakşnlar da var ki, onlar da animasiya filmlərinin istehsalı
ilə məşğul olurlar. Animasiya filmləri
istehsalına dövlət büdcəsindən vəsait də
ayrılır. Ancaq hələ də
uşaqlarımızın ruhuna doğma olan qəhrəmanlıq,
vətənpərvərlik mövzusunda cizgi filmləri ya
yaranmır, ya da çox az sayda yaranır. Vətənpərvərlik
mövzusunda istehsal edilən cizgi filminə müasir Azərbaycan
uşağının ehtiyacı var. Bu gün vətənpərvərlik
ruhlu cizgi filmləri niyə az çəkilir?Ekspertlərin
bildirdiyinə görə, Azərbaycan müstəqillik əldə
etdikdən sonra qəhrəmanlıq, vətənpərvərlik
mövzusunda bir neçə cizgi filmi çəkilib. Bu
sırada rejissor Elçin Hami Axundovun “Cavanşir” cizgi filmini
xatırlamalı olduğumuzu deyən ekspertlər bildirirlər
ki, rejissorun 2003-cü ildə çəkdiyi hərbi-vətənpərvərlik
mövzusunda olan cizgi filmi müasir uşaqlar üçün
də maraqlı olmalıdır. Hərbi-vətənpərvərlik
mövzusunda olan bu kinolentdə yeniyetmə bir oğlanın
Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan
danışıldığını qeyd edən ekspertlər
hesab edirlər ki, belə cizgi filmlərinin sayı çox
olmalı, təbliğatı geniş səviyyədə həyata
keçirilməlidir.Ekspertlər qeyd edirlər
ki, bu cizgi filmi Azərbaycanda ilk dəfə olaraq kompyuter vasitəsilə
yaradılıb.Qeyd edilənə görə, “Cavanşir”
animasiya filminin çəkilməsi 1992-ci ildə nəzərdə
tutulsa da, maliyyə çətinliyi ucbatından 2003-ci ildə
ekranlaşdırılıb.Ekspert Pərvanə Həkimova
bizimlə söhbətində qeyd etdi ki, bu gün Azərbaycanda
vətənpərvərlik hissinin uşaqların
şüuruna həkk edilməsi vacib bir məsələdir.
Ekspertin sözlərinə görə, Azərbaycanda animasiya
filmləri sənayesinin yaradılması zəruridir. Onun qeyd
etdiyinə görə, bu industriya yaranarsa, qəhrəmanlıq
və vətənpərvərlik, humanizm ruhlu cizgi filmləri
də təbii surətdə yaranacaq. Eksper hesab edir ki, bu
gün animatorlardan “niyə vətənpərvərlik ruhunda
animasiya filmləri yaratmırsınız” deyə
soruşmaqdansa, bunun səbəblərini araşdırmaq
lazımdır.
“Qəhrəmanlıq və vətənpərvərlik
ruhunda çəkilən cizgi filmləri uşaqlarda vətənə,
torpağa sevgi və qayğı hissləri
formalaşdırır. Müasir uşaq Sovet dövründə
çəkilən cizgi filmlərinə elə də maraq
göstərmir, çünki bu cizgi filmləri onların istədiyi
formada, daha doğurusu, təqdimatda deyil. Uşaqlar daha rəngli,
daha əlvan, daha dinamik, hərəkətli animasiya filmlərinə
baxmaq istəyirlər. Quru ritorika ilə yüklənən
animasiya filmləri onları cəlb etmir. Bu gün Azərbaycan
televiziyalarında, demək olar ki, vətənpərvərlik
ruhlu cizgi filmlər nümayiş olunmur. Bizdə müstəqillik
illərində “Cavanşir”, “Dədə Qorqud”, “Basat və təpəgöz”, “Səkrəyin
dastanı” və s. animasiya filmləri “Kitabi Dədə Qorqud”
eposunun motivləri əsasında çəkilib. Bu animasiya
filmləri uşaqlarda milli yaddaşa, tarixi köklərə,
tariximizə hörmət, sevgi hissi yaradır. Bu cizgi filmlərinin
geniş təbliğ edilməsi vacibdir. Uşaqlara tariximizi öyrətmək
istəyiriksə, onlara vətənpərvərlik
mövzusunda animasiya filmləri təqdim etməliyik.
Özü də hər yaş qrupuna uyğun cizgi filmləri
çəkilməlidir. Bilirsiniz, cizgi filmləri çəkirlər,
hansısa bir milli element əlavə edib deyirlər ki, bu, vətənpərvər
ruhlu cizgi filmidir. Milli elementlərdən yerində istifadə
edilməlidir. Qəhrəmanlıqdan, vətənpərvərlikdən
danışırıq, ancaq hələ bizim Babək, Cavad
xan, Nadir şah, Ağaməhəmməd şah Qacar və digər
tarixi şəxsiyyətlərimiz haqqında vətənpərvər
ruhlu, didaktik bir animasiya filmimiz yoxdur. Nə üçün
milli qəhrəmanlarımzın obrazlarını animasiya
filmləri vasitəsilə təbliğ etmirik? Mən hesab edirəm ki, Azərbaycanda
animasiya sənayesinin inkişafı üçün məzmunlu
bir konsepsiya olmalıdır ki, bu sahə sistemə
düşsün. Dövlət maliyə ayırır, dövlət
qayğısı olmasa, cizgi filmi çəkmək
müşkül olardı. Ancaq dövlətin
ayırdığı vəsaiti gərəkli animasiya filmləri
yaratmağa sərf etmək lazımdır”.P.Həkimovanın
sözlərinə görə, bu gün uşaqlarda aqressiya
yaradan, nifrət formalaşdıran animasiya filmləri yaratmaq
lazım deyil, onlarda ruh yüksəkliyi formalaşdıran
cizgi filmləri çəkilməlidir: “Bu gün vətənpərvərlik
mövzusunda cizgi filmi çəkilmədiyini, yaxud az çəkildiyini
deyirik. Ancaq düşünmürük ki, bu mövzuda
yazanlarımız varmı? Varsa da, onların yazdıqları
nə üçün animatorlara çatmır? Bu gün
uşaqlar qəhrəmanlıq cizgi filmlərinə baxanda o qəhrəmanlar
kimi olmaq istəyirlər. Xeyrin şər üzərində qələbəsi
təsvir edilməlidir, ancaq aqressiya ilə yox, təbii surətdə.
Bir məqamı da qeyd edim ki, vətənpərvərlik
mövzusunda cizgi filmi çəkmək əlinə avtomat
alan obrazı göstərmək demək deyil. Uşaqlar
üçün humanizm, xeyrin şər üzərində qələbəsi,
etika, tərbiyə və s. bu kimi hissləri aşılayan
cizgi filmləri ekranlaşdırılmalıdır. Valideynlər
uşağın tərbiyəsinə xüsusən diqqətli
olmalıdırlar”.Ekspert bildirdi ki, 7 yaşdan sonra uşaqlarda
vətənpərvərlik hissləri yaranmağa
başlayır. O hesab edir ki, yerli provayder şirkətləri,
onlayn yayımçılar öz səhifələrində vətənpərvər
ruhlu cizgi filmlər yerləşdirməlidirlər ki,
uşaqlar onları izləyə bilsinlər. “Bəzən
deyirlər ki, animatorlar 5-6, 10-12 yaşlı uşaqların
hansı tərzdə cizgi filmi istədiyini bilmirlər. Onlar da düşünürlər
ki, bununla bağlı industriya yaradılmalıdır və
oradakı psixoloqun köməyi ilə uşaqlara vətənpərvər
ruhlu cizgi filmlər təqdim edilməlidir. Yəni psixoloq o
filmlərin hansı formada çəkilməsini animatorlara
izah edə bilər”.O qeyd etdi ki, Milli Qəhrəman Mübariz
İbrahimov haqqında cizgi-roman hazırlanıb. Uşaqlarda vətənpərvərlik ruhu yaradan,
torpağa, yurda sevgi aşılayan bu cizgi filminin onlar tərəfindən
müsbət qarşılanacağını deyən ekspert
hesab edir ki, başqa milli qəhrəmanların da obrazları
animasiya filmlərində əks olunmalıdır. Sənətşünaslıq
üzrə fəlsəfə doktoru Zülfiyyə
Eldarqızı da hesab edir ki, bu gün Azərbaycanda daha
çox vətənpərvər ruhlu cizgi filmləri çəkilməlidir.
Onun fikrincə, müasir uşağın
dünyagörüşünün, vətənpərvərlik
hissinin formalaşmasında o animasiya filmləri böyük
rol oynaya bilir: “Bu gün Türkiyədə, Rusiyada qəhrəmanlıq
və vətənpərvərlik ruhunda çoxlu cizgi filmi
çəkilir və həmin filmlərə
uşaqlarımız internet vasitəsilə baxırlar. Mən
bəzən düşünürəm ki, bizdə görəsən
niyə vətənpərvərlik mövzusunda cizgi filmləri
az çəkilir. “Azanfilm”lə yanaşı, özəl
animasiya studiyaları da fəaliyyət göstərirlər.
Bu animasiya studiyaları vətənpərvər ruhlu cizgi filmləri
çəkə bilərlər. Bizdə vətənpərvərlik
mövzusunda nə çəkilibsə, hamısı “Azanfilm”ə
aiddir. Dövlət maliyyə ayırır, il ərzində 3
cizgi filmi çəkilirsə, onun 1-i heç olmasa vətənpərvərlik
mövzusunda olmalıdır. Bu gün internetin imkanları
genişdir, biz ondan istifadə edib uşaqlarımıza daha
keyfiyyətli animasiya filmləri təqdim edə bilərik. Azərbaycanda
cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəllərinə
təsadüf edir. Keçən əsrin 60-cı illərinin
sonlarında kinostudiyada cizgi filmlərinin çəkilişi
üçün şərait yaradıldı. Multfilmlərin
çəkilişi üçün 20 nəfərdən ibarət
rəssamlar qrupu yaradılıb. Multfilm sənətinin sirlərini
öyrənmək üçün studiyada xüsusi kurslar
açılıb. Bunu niyə qeyd etdim? Çünki o vaxt
animatorlar, animasiya sahəsində işləyən
yaradıcı və texniki işçilərin yetişməsi
üçün xüsusi kurslar fəaliyyət göstərirdi.
Ora bütün heyət cəlb edilirdi. Bu gün də belə
kurslar açılmalıdır. Animatorun materialı
olmalıdır ki, onun əsasında vətənpərvərlik
mövzusunda cizgi filmi çəksin. Məncə, bu məsələdə
ssenaristlər də aktiv olmalıdırlar. Bizdə vətənpərvər
ruhlu bir neçə cizgi filmi var, onların da heç biri
müasir dövrdə çəkilməyib. Hamısı
10-15 il əvvəl ekranlaşdırılıb”.
İradə SARIYEVA
Bakı
xəbər.- 2018.- 11 aprel.- S.14.