Tarixdə iz buraxanlar: Şeyx
Məhəmməd Xiyabani
Şeyx Məhəmməd Xiyabani 1879-cu ildə
Təbriz şəhəri yaxınlığında yerləşən
Xamnə qəsəbəsində anadan olub. Atası Hacı
Əbdülhəmid bəy, anası Həlimə
xanımdır. Məhəmməd Xamnədə
məktəbi bitirdikdən sonra Mahaçqalada ticarətlə
məşğul olan atası Hacı Əbdülhəmidin yanına
gedib, bir müddət sonra Təbrizə qayıdıb və
burada ilahiyyatla məşğul olub, Müqəddəs
İslam dinini öyrənməyə başlayıb.Gənc Məhəmməd
Təbrizin tanınan islamşünas alimi, ruhani Əngəcinin
yanında oxuyub, onun ən sevimli tələbələrindən
olub və müctəhidlik dərəcəsinə yüksəlib.
Daha sonra məşhur astroloq Mirzə
Əbdüləlinin yanında astronomiya və riyaziyyata dair
mütaliəsini genişləndirən Xiyabani bir elm adamı
kimi yetişib, tanınıb və nüfuz sahibi olub.Natiqlik məharəti
ilə təbrizlilərin hörmət və məhəbbətini
qazanan Xiyabani çıxışlarında insan haqlarından,
azadlıqdan bəhs edərək təbrizliləri məlumatlandırır,
onları milli oyanışa səsləyir və
dünyagörüşlərini zənginləşdirirdi. O,
çıxışlarında “Haqqı verməzlər,
haqqı almaq lazımdır” - deyirdi. Qəlbən, ruhən,
bütün varlığı ilə Uca Yaradana bağlı
olan Şeyx Məhəmməd Xiyabani minbərdən dini moizələrlə
bərabər azadlıq və demokratiyanı yaymaq
üçün bir təbliğat tribunası kimi istifadə
edirdi.
Şeyx Məhəmməd Xiyabani
1908-1909-cu illər Təbriz üsyanı zamanı bir tərəfdən
əlinə silah alıb, digər tərəfdən Azərbaycan
Vilayət Ərcümənindəki
çıxışları ilə fəaliyyət göstərib,
çoxsaylı tədbirlərin təşəbbüskarı
olub. Çox ciddi mövzularda fəaliyyət göstərən Xiyabani II İran Məclisinə
Azərbaycandan seçilən inqilabçılar və
ziyalılar arasında yer alıb, Tehranda yaradılan Demokrat
Partiyasının üzvü kimi bu partiyanı məclisdə
təmsil edib.1911-ci ildə parlament buraxıldıqdan sonra
Tehranda keçirilən mitinqdə hökumət əleyhinə
çox ciddi mövzularda çıxış edib. Nəticədə,
İran hökuməti demokratik qüvvələrə
qarşı tədbirlər görməyə
başladığı zaman Xiyabani İranı tərk edib,
müəyyən müddət Vladiqafqaz və Peterburqda
mühacirətdə yaşayıb. Bu zaman o, bir çox
diyarları gəzərək həmin ölkələrin
xadimlərilə görüşüb və onlarla fikir
mübadiləsi aparıb. Xiyabaninin fəlsəfə, tarix,
iqtisadiyyat və riyaziyyat sahəsində dərin və
geniş mütaliəsi və müasir biliyi var idi. O,
türk, ərəb, fars, rus və fransız dillərini və
bu xalqların mədəniyyət tarixini dərindən
bilirdi. Xiyabani Şərq və Qərbin ictimai
elmlər sahəsindəki bir çox nailiyyətlərini
orijinal şəkildə öz şəxsiyyətində birləşdirirdi.Şeyx
Məhəmməd Xiyabaninin ədəbi fəaliyyətini əsasən
daxili istibdad və xarici müstəmləkəçilərlə
mübarizə, Azərbaycan cəmiyyətinin islahı
üçün yeni yolların axtarışı, yeni elmlərə münasibətdə İslam dininin
mövqeyinin müəyyənləşdirilməsi, torpaq
islahatı, iqtisadi məsələlər, rabitə vasitələri,
vergi sisteminin nizamlanması, mülkiyyət məsələləri
və şübhəsiz ki, ilk növbədə azadlıq,
hürriyyət arzusu əhatə edirdi.Xiyabaninin publisistikası
şah üsul-idarəsinin milli təfəkkürün
inkarına söykəndiyi bir zamanda Azərbaycan
xalqını qoruyan sipər kimi idi. Xiyabani publisistikası
xalqına imperializmin cazibə qüvvəsinə müqavimət
göstərməkdən ötrü mənəvi güc bəxş
edirdi. O, ictimai-siyasi baxışlarını fəlsəfə
əsasında irəli sürür, bütün
çıxışlarında hadisələri bir siyasətçi
kimi deyil, bir filosof kimi təhlil edirdi. Xiyabani
Güney Azərbaycan milliyyətçi hərəkatının
lideri olmaqla yanaşı, həm də Azərbaycanın ən
görkəmli publisistlərindən biri sayılırdı.
Onun düşüncəsinin mərkəzində müasirləşmə
məfhumu dayanırdı. O, hətta üsyanın həyata
keçirilməsini nəzəri cəhətdən
işləyib hazırladığı “Müasirləşmə”
məsləki əsasında təşkil etmişdi. “Müasirləşmə” yenilikçi məsləki
imperializm ağalığına, şah hakimiyyətinin
zülmünə, feodal geriliyi və istibdad qalıqlarına,
ictimai ədalətsizliyə qarşı üsyan edən
siyasi və demokratik azadlıqlar, həqiqi xalq hakimiyyəti və
s. kimi inqilabi-demokratik tələblər irəli sürən,
Güney Azərbaycanın milli hüquqları uğrunda
mübarizə aparan bir əqidə, siyasi-nəzəri bir cərəyan
idi. Bu cərəyan siyasi mübarizədə nə sağ, nə
də sol olan, Xiyabaninin dəfələrlə təkrar etdiyi
“Qara xətt” götürən radikal xırda burjua
platforması idi. Həmin cərəyan iri
burjuaziya və torpaq əsilzadələrindən başqa
bütün sinif və təbəqələri vahid bir cəbhədə
birləşdirmək imkanı verən və o vaxt
üçün məqbul sayılan düzgün hərəkat
xətti idi.
“Ey əziz Azərbaycan, sən
bir iti gözsən ki, İran səninlə Avropa mədəniyyətinə
baxır” - deyən Xiyabani Təbrizdə başlamış
üsyanın bütün İrana yayılacağını və
bu işdə Azərbaycanın, xüsusilə Təbrizin
mühüm rol oynayacağını deyirdi. “Təbriz
İrana nicat verəcək” kəlamı doğma diyarı Azərbaycanın
vurğunu və fədaisi olan Xiyabaninin səmimi sözləri
idi. 1911-ci il iyun ayının 23-də Xiyabani: “Bu gün Təbrizdə
hökumət demokratların əlindədir. Bu demokratik
hökumət Təbrizdən başlayaraq İranın ən
ucqar şəhərlərinə də şamil olacaq. Biz
yavaş-yavaş bu ali məqsədimizə
çatacağıq. Bütün idarə və məqamlar
bizim nəzarətimiz altında olacaq” - deyib. Bununla da Xiyabani gələcək
demokratik quruluşda İranda hakimiyyət başında məhz
azərbaycanlıları görmək əzmini ifadə edib.Xiyabani
təkcə öz xalqının deyil, bütün
xalqların müstəqil olmasını istəyirdi. O,
çıxışlarının birində hər bir
xalqın müstəqilliyinə xüsusi əhəmiyyət
verərək, “Bir xalqın şərafəti
üçün birinci şərt onun müstəqil
olmasıdır. Müstəqil olmayan bir xalqın əzmi və
fəaliyyəti olmaz!” - deyib.Şeyx Məhəmməd
Xiyabaninin üzərində dayandığı xüsusi
problemlərdən biri də Azərbaycanda qadınların
ictimai həyatda iştirakı məsələsi idi. O, Güney Azərbaycanda, ümimiyyətlə
bütün İran tarixində ilk dəfə olaraq belə
aydınlığa və yüksək məqamda
qadınların fəal sosial qüvvəyə çevrilməsi
ideyasını irəli sürürdü. Onun bir sıra məqalələri
və nitqləri məhz bu mühüm problemə
toxunurdu. O deyirdi: “İctimai həyatdan ayrı yaşayan
qadınlar aləmi böyük əhəmiyyətə və
həyati qüvvəyə malik olan bir dünyadır.
Qadınlarımızın ölkə müqəddəratında
və demokratiyanın gələcəyində böyük
payı vardır. Qadınlarımız öz səy və qeyrətlərini,
qüvvət və qüdrətlərini Vətən və
xalqın xeyrinə olan işlərə sərf etməlidirlər”.
Xiyabaninin təşəbbüsü ilə
üsyan dövründə Təbrizdə pulsuz qız məktəbinin
açılması bu yolda atılan ilk addımlardan idi.Şeyx
Məhəmməd Xiyabaninin siyasi publisistikası Azərbaycan
xalqının milli suverenliyiuğrunda mübarizələri
tarixində mühüm yer tutur. O, vahid İran
azadlıq hərəkatının deyil, məhz Azərbaycanın
istiqlal hərəkatının böyük hadisəsi oldu,
özündən sonra məhz bu yöndə ciddi əhəmiyyət
kəsb etdi. Təsadüfi deyil ki, sonrakı
demokratik hərəkatlarda onun adı məhz azərbaycanlı
bir lider kimi qaldı. Çünki onun siyasi-publisist irsinin mərkəzi
məsələsi məhz Azərbaycan xalqının taleyi
idi.Xiyabaninin istər “Azərbaycan və Azərbaycanın
demokratik qüvvələri” publisistik məqaləsinə, istər
doğru mətbuatda çıxan
yazılarına, istərsə də bütün
çıxışlarına nəzər yetirsək, onun
bütün ədəbi fəaliyyətinin xalqın
ağıl və elmin rəhbərliyi altında qabaqcıl
bir cəmiyyət kimi çağdaş sivilizasiya səviyyəsinə
çatmasını, millətlər ailəsinin
müstəqil, bərabər hüquqlu və şərəfli
bir üzvü olaraq, demokratik və dünyəvi şərtlər
içində xoşbəxt bir yaşayış tərzinə
yetişməsini qarşısına məqsəd qoyan, rəhbər
tutduğu prinsipləri Azərbaycan xalqının ehtiyac və
istəklərindən doğan bir düşüncə
sistemi ilə formalaşdığını görərik. Bu düşüncə sistemi, ağlın və məntiqin
işığında bu günün olduğu qədər
sabahın da ehtiyaclarına cavab verən, daim yeniliyə can
atan, xalqın ehtiyac və istəklərindən əlavə,
onun tarixinin yarpaqlarından qaynaqlanan bir düşüncə
sistemidir. Bu baxımdan o, fərdi bir düşüncə
deyil, milli vicdandan qopub gələn, xalqın müştərək
arzu və meyllərinin ifadəsi olan bir düşüncədir.
Həyatda ən həqiqi yol göstəricisinin
elm olduğunu qəbul edən Xiyabaninin düşüncə
sisteminin nəzərəçarpan xüsusiyyəti
ağlın və elmin işığında açıq bir
sistem olmasıdır.Xiyabaninin prinsipləri
çağdaşlaşma yolunu müəyyən edən,
inqilaba təməl təşkil edən fikir və
düşüncələrdir. Bu prinsiplər
başlanğıcdan etibarən inqilabın içindən
doğmuş, onun həyata keçirilməsinə istiqamət
vermiş olduğundan, Xiyabaninin ideologiyasını təşkil
edir.İstiqlaliyyət, xalqçılıq, dövlətçilik,
inqilabçılıq, sülhsevərlik və dünyəvilik
Xiyabaninin düşüncə sisteminin təməl prinsipləridir.
Bu prinsiplər istər mənaları, istərsə də məqsədləri
baxımından bir-biri ilə əlaqədar, bir-birini
tamamlayan prinsiplərdir.
İstiqlaliyyət Xiyabaninin ən öndə gələn
prinsipidir. Fəqət Milli mübarizə
adını verdiyimiz böyük hadisə, hər şeydən
əvvəl bu prinsipin gerçəkləşməsi
üçün həyata keçirilib, müvəqqəti
olsa da müvəffəqiyyət qazanıb. Çünki əsas
olan istiqlaliyyətinə qəsd edilən Azərbaycan
xalqının heysiyyətli və şərəfli bir
millət kimi yaşaması idi. Bu əsas da ancaq xalqın
azadlıq və istiqlaliyyətə sahib olması ilə təmin
edilə bilərdi. Xalqı öz müqəddəratına
hakim etmək Xiyabaninin istiqlaliyyət prinsipi ilə ayrılmaz
vəhdət təşkil edən ikinci böyük prinsipdir.
Bu prinsipə görə, xalqın müqəddəratı
qeyd-şərtsiz onun özünə məxsus
olmalıdır. Xiyabani anlayışına görə,
xalqın iradə və əməlinə tabe olmayanlar məhv
olmağa məhkumdur.
Xiyabani öz publisistikasında
çağdaş sivilizasiyaya çatmağı xalqın
qarşısında bir məqsəd kimi qoymuşdu. O
çağdaşlaşmanı haqlı olaraq xalqın ictimai
həyatında “Həyat mübarizəsi”, “Var olma mübarizəsi”
kimi qiymətləndirirdi. Onun publisistikasında xüsusi bir
nizam-intizam, qeyri-adi ahəng və harmoniya var.
Şeyx Məhəmməd Xiyabani Azərbaycan fəlsəfi
fikrinin inkişaf tarixində yeni bir dövraçıb. Onun qaldırdığı
fikir bayrağı üzərində azadlıq, bərabərlik
və ictimai ədalət şüarı yazılıb, reform
fəlsəfi məktəbində Azərbaycanın
böyük bir inqilabi nəsli yetişib.Xiyabaninin fəlsəfi
məktəbində hər şey yeni əsasla qurulub, hər
şeyin həllində millətin, zəhmət
adamlarının şəhər və kəndlərdə
alın tərilə çörək qazananların mənafeyi
əsəs götürülür. Köhnə
siyasi məfhumlar alt-üst edilir. Xiyabani reform fəlsəfəsinin
nəzəri və elmi əsaslarını hazırlayarkən
başqa qonşu xalqların təcrübələrindən
geniş istifadə edib. Bu əsasda xalqın
azadlıq və istiqlaliyyət əldə etməsindən
elmi və əməli planlarını hazırlayaraq həyata
keçirməyə başlayıb. Xiyabaniyə
görə, təşəkkül tapacaq hökumətin
forması cümhuriyyət olmalıdır. Azərbaycan demokratiyası öz müqəddəratını
öz əlində saxlamalı, həmişə sayıq və
ayıq olmalıdır. “Biz gərək
aşağı sinifləri öz ictimai hüquqlarıyla
tanış edək, onları elm və bilik silahlarıyla
silahlandıraq ki, öz azadlıqlarını müdafiə
etmək üçün dayansınlar. Elə
çıraq yandırmaq lazımdır ki, ixtiyarı öz əlimizdə
olsun!”– deyib bu tarixi şəxsiyyət.Şeyx
Məhəmməd Xiyabani 14 sentyabr 1920-ci ildə İran
irticai və imperializmin əlbir qəsdi nəticəsində
Təbriz şəhərində dünyasını dəyişib.
Bəşəriyyətin xoşbəxtliyi
haqqında böyük fikirlər irəli sürən bu
tarixi şəxsiyyətin ürək arzuları dünya qədər
geniş idi.
Qaraoğlu
Fazil
Bakı
xəbər.- 2018.- 11 aprel.- S.15.