Bir
Oğul, bir Şəhid
Bu
yazını hələ iki il əvvəl
yazmaq istəyirdim. Çox
düşündüm-daşındım, amma yaza bilmədim.
Çəkindim... Çəkindim ona görə
ki, birdən qəhrəmanımın qovuşduğu
ucalığı, həyatının tam dəyərini əks
etdirə bilmərəm. (Bu hiss hələ də
canımdadı). Səbirləndim... Özümü
inandırmağa çalışdım ki, hələ mənim
bu mövzuda yazmağımın zamanı deyil, - hələ
yara təzədi, ürək sızıltılarının,
göynərtilərinin şiddəti fikirlərimin kəsərini
dərk etməkdə qəhrəmanımın əzizlərinə,
dostlarına, el-obasına, eləcə də özümə
mane olacaq. Qoy, yara soyusun, - dedim. Onun yoxluğunu,
aramızda olmamasını ötən aylar, illər bəlkə
daha dərindən hiss etdirər bizlərə, - deyə
düşündüm... Amma nə yara soyudu, nə
də ayların-illərin gücü catdı Onun yoxluq
yükünü azaltmağa. Aprelin 9-u artıq iki oldu...
İki ildi ki, bir atanın donmuş ruhunu hər
gün çəkilən “ahh!”lar isinməyə qoymur. İki ildı ki, bir ananın hər gün hər
köks ötürdükcə yağmur tökən gözləri
qurumur, qubarlı ürəyi rahatlıq tapmır. İki ildi ki, bir bacının nisgildən heykəlləşmiş
üzündən təbəssüm yoxa çıxıb.
Həm də iki ildi ki, bir el, bir kənd qəhrəman
oğlunun ona bəxş etdiyi qüruru, şərəfi
ürəyində bayraq tək gəzdirir...
Və yazmağa başladım, - bir həyat tarixçəsi
olaraq.
Tanışlıq
üçün
İki ildi ki, adı ürəklərdə əbədiləşmiş
qəhrəmanım Fərəczadə Toğrul Habil
oğludu. Toğrul 1993-cü ilin oktyabr ayının 10-da
Ağsu rayonunun Bico kəndində anadan olub. Atası Habil sadə və zəhmətkeş
olmaqla, həm də eldə-obada ədəb-ərkanı,
sakit təbiətilə seçilən bir insandı.
İki il əvvələ qədər Bico
kəndinin xeyir-şər məclisləri Habilsiz keçməzdi.
Bu mənada ki, o, aşpazlıq sənətininin sirlərini
mahircəsinə mənimsəmişdi və əlinin
tamına görə az müddətdə
şöhrətlənmişdi...
Toğrulun anası Bəhruzə xanım evdar
qadındı.
Onun ən böyük dəyəri, qiyməti Toğrul kimi
bir oğulu dünyaya gətirməsi, onu vətənpərvər
ruhda tərbiyələndirməsidi...
Toğrul
A.Cəbiyev adına Bico kənd tam orta məktəbində
orta təhsil alıb. Müəllimlərinin
söyləmələrinə görə, nizam-intizamından əlavə,
təhsilə, savada da aktiv münasibət göstərib.
Yeniyetməlik vaxtlarında musiqiyə olan həvəsi
Onu Ağsu musiqi məktəbinin nağara sinfinə aparıb
çıxarıb. Bu sahədəki istedadı
Toğrulun çox gənc yaşlarında el şənliklərində
ritm ifaçısı kimi təmsil olunmasına da şərait
yaratmışdı...
(Toğrul məndən 17 yaş kiçik olduğundan,
onun məktəb və yeniyetməlik illərindəki keyfiyyətlərinə
sadəcə eşitdiklərimə əsasən bələdəm. Əsas bunu bilirəm ki, O,
ailəsinin adına uyğun olaraq, ədəbli,
qanacaqlı, tərbiyəli və istiqanlı bir övlad
olub).
Və
bizim “ağ atlı oğlan” nəhayət
əsgərlik yaşına catdı...
Ölümsüzlük
işığına doğru
Toğrulun hərbi xidmətə yola düşməsilə
bağlı atası böyük bir təmtəraq düzəltmişdi. İndiki kimi
yadımdadı: böyük bir toy mağarı, seçilən
və sevilən musiqicilər, kənd bozbaşı, kənd
dolması, kabablar və yeyib-içən, gülüb-oynayan
qohum-əqraba, kənd camaatı... Məclisin
aparıcılığını mənə həvalə
etmişdilər. Toğrulun davranışları –
kiçiklə kiçik, böyüklə böyük,
dostla dost, qohumla qohum... kimi özünü aparmağı
musiqiçilərə və mənə böyük ruh
yüksəkliyi gətirdi və biz də
bacardığımızı onun adına
qurulan məclisdən əsirgəmədik. Hələ
də yaddaşlarda təzə-tər qalan o məclis bu
gün də xüsusi şövqlə xatırlanır.
Toğrulun həmin gün üzündən əsgilməyən
sevinci, rəqsləri, hər kəsə özünü
doğma göstərməsi... məclisə lazım olan bəzəyi
verirdi. Gülə-gülə, oynaya-oynaya hərbi xidmət
qapısını döydü Toğrul...
Və əsgərlik günləri başladı. Bu sevimli
balanı camaat hər valideynlərini gördükdə,
rastlaşdıqda soruşur, Onun əhvalı ilə
maraqlanırdılar. Valideynlərinə
komandirlərindən tez-tez minnətdarlıq məktubları
gəlirdi belə oğul yetişdirdiklərinə görə.
Sorağı yaxşı gəlirdi Toğrulun və
bu da onun əzizlərini, yaxınlarını,
camaatını hədsiz sevindirirdi...Əsgərlik müddəti
bitməmiş, Toğrul MM-in Xüsusi təyinatlılarına
qoşulmaq qərarına gəldi. Qarşıdakı
çətinliklər nəinki Onu qorxutmurdu, əksinə
özünü göstərmək, tanıtmaq
üçün Ona daha geniş meydan kimi
görünürdü. Çünki bu şücayət
Ona qanla, genlə gəlib çatmışdı... Bico kəndi nəinki Şirvanda, bütün Azərbaycanda
özünü hərtərəfli təsdiqləmiş bir kənddi.
Elmi, mədəniyyəti, sənət peşəkarlığı,
folklor yaddaşı, təsərrüfat qabiliyyəti və hərb-cəng
səlnamələri ilə Bico mühiti tarixən barmaqla
göstərilən Azərbaycan kəndlərindəndi.
Hərb sahəsindən danışsaq, təkcə
bunu xatırlatmağa dəyər ki, 1918-ci ildə Bico
kişiləri kənd təsərrüfat alətlərini əldə
yaraq etməklə, 400 silahlı erməni əsgərini Pirəmsaq
döyüşündə məhv eləyib. Eləcə də 1941-1945 savaşında bu
mücadilədə iştirak edən Bico oğulları
igidlikləri ilə tarixə düşüblər.
1991-1993-cü ilin Qarabağ savaşında da Bico kəndi sinəsini
önə verib, mərdliklə döyüşən onlarla
övladından Rauf, Fərrux, Sənan kimi
oğullarını Şəhid verib...
Bütün bu özəlliklər Toğrula da ruhla,
qanla keçmişdi. Ona görə də döyüşmək
üçün, qəhrəmanlığını göstərmək
üçün daha böyük meydan sevdasında idi və
arzusuna qovuşdu - hərbi xidmət müddətini
tamamlamamış, “gizir” kimi xüsusi təyinatlıların
cərgəsinə qoşuldu...
Vətən
andı – Cənnət qapısı
Toğrul düz qamətli, uca boylu, həm də
yaraşıqlı bir gənc idi. Fiziki göstəricilərinə
görə Onun xüsusi təyinatlı dəstəyə
qoşulması çox asan oldu. Tezliklə
də yeni qatıldığı hərbi dəstədə
çalışqanlığı, çevikliyi,
tapşırıqların öhdəsindən layiqincə gəlməsilə
diqqət və hörmət qazandı. Düzdü,
Toğrul xüsusi təyinatlı alayda yeganə bicolu deyildi,
- Rahim, Sərvət, Sahil, Ceyhun, Mehman kimi həmkəndliləri
də canları ilə bu dəstədə Vətənə
xidmət göstərirdilər, - ancaq az
müddətdə onlarla bərabər xidmət yolunu tuta bildi.
Haşıyə:
Toğrulun məzuniyyət vaxtı kəndə gəlməkləri
yaxşı yadımdadı. Ev
görüşündən sonra kəndə
çıxardı, qohumlarına, oxuduğu məktəbə,
dostlarına baş çəkərdi. “Məhlə
uşaqları” ilə hal-əhval tutardı,
tay-tuşlarının qayğıları ilə
maraqlanardı, onların xidmətində dayanmağa can
atardı. Atasına bir quzu kəsdirib,
doğmalarını, dostlarını başına
yiğardı, deyib-gülüb şənlənərdi.
Təlim və tapşırıqlarda yiğdığı
ağırlıqları heç kimə hiss elətdirməzdi...
Bir sözlə, Onda yaşamaq üçün əksər
keyfiyyətlər vardı...
2016-cı ilin aprel ayının 1-də ata-anası ilə
telefonla danışmışdı Toğrul. Atası Habilin dediklərindən:
“Aprelin 1-i əlaqə saxladıq, hal-əhval tutduq. Hər şeyin qaydasında olduğunu bildirdi.
Bizə ürək-dirək verdi, “Məndən
nigaran qalmayın” dedi. Dedim, “Noolub, niyə belə
danışırsan? Biz həmişə səndən
nigaranıq, ancaq bunu heç vaxt dilinə gətirməzdin?”. Dedi, “Heç nə olmayıb, ola bilsin, bir həftə
əlaqə saxlaya bilmədim. Təlimə
gedirik, qayıdandan sonra özüm əlaqə saxlayacam.
Buna görə deyirəm, narahat olmayın.”
Aprelin 2-də televiziyadan cəbhədəki gərginlik,
atışma barədə xəbərləri eşidəndə,
ixtiyarsız narahat olmağa başladım. Səhəri gün zəng elədim, telefonuna zəng
çatmadı. Adətən, onlar
tapşırıqda olanda, telefon götürmürdülər.
Buna baxmayaraq, ürəyim dinclik tapmadı.
Ayın 4-də “itgin” xəbərini öyrənə
bildim. Neçə gün cəbhə
bölgəsinə yaxın hospitalları gəzdik. Hər
yerdən “əliboş” qayıtdıq... Ayın 8-də bizə
məlumat verildi ki, Toğrul bir neçə silahdaşı
ilə Şəhid olub... Ayın 9-dasa bircəcik oğlumu dəfn
elədik... Elə bil, ürəyinə dammışdı “Məndən
nigaran qalmayın” deyəndə...”...
Toğrulun məlum döyüşdən sağ
qalmış silahdaşları – Qazilər deyirlər ki,
Toğrul hər tapşırıq zamanı, düşmənin
diversiya qruplarını yerinə oturdarkən,
özünü mərdanə, təmkinli və
döyüşkən aparırdı. Qazilərin sözlərinə
görə, son məlum döyüşdə Toğrul
yaralı silah yoldaşını qaynar xətdən
uzaqlaşdırarkən Şəhid olub. Buna görədir
ki, Toğrulun dəfnində sağ qalan komandirləri,
silahdaşları hamısı iştirak etdilər və
ildönümlərində də Onu məzarı üstə
yad edirlər...
Ondan sonra
Bəli, 2016-cı ilin 9 aprelində
böyük bir izdiham – dövlət və silahlı qüvvələrin
səlahiyyətli nümayəndələri, minlərlə
sadə agsulu və Bico camaatı ata-ananın yeganə
oğlu – Şəhid Fərəczadə Toğrul Habil
oğlunu doğmalarının uyuduğu kənd qəbirstanlığında
son mənzilə yola saldı. Toğrul Vətənçun
ən ali zirvəyə - Şəhidlik ucalığına
yüksəldi, amma həm də valideynlərinin sabit həyat
nəbzini, gələcək arzularını özuylə
apardı. Ata-anası, doğmaları Onun toyu
üçün min xəyallar qurduğu bir vaxtda, O,
özünün 22 sənəlik gənc həyatını
Vətəninə, Xalqına fəda etdi...Əlbəttə,
Şəhidlər ölmür! Sözsüz ki, Şəhidlərin,
mübaliğəsiz, yerləri Cənnətdir! Toğrulun
haqqında kitab da yazılıb, qəzet məqalələri
də dərc olunub, otağı Ev Muzeyine, məzarı ziyarətgaha
çevrilib... Bununla belə, tək oğul
övladı itirmiş atanın, ananın susqun, kədərli
və nəmli baxışlarının qarşısında
heç bir söz tapmaq olmur. Əksinə, onların “Biz, fəxr
edirik ki, Toğrulun valideynləriyik!” nidası neçə-neçə
Azərbaycan övladının vətənpərvər ruhda
böyüməsinə zəmin yaradır. Alqış
olsun Habil kimi ataya, Bəhruzə kimi anaya!
Başınızı və qəddinizi həmişə və
hər yerdə dik tutun. Qoy, Sizi görəndə
övladlarını var-dövlət gücünə hərbi
xidmətdən yayındırmaq istəyən nanəciblər,
haramzadələr utanıb, başlarını yerə
soxsunlar. Sizin Oğlunuz Azərbaycan hərb tarixinin bir
parçasıdır artıq. Bununla öyünmək şərəfinisə
məhz Toğrul kimi övladlar Valideynlərinə, Millətinə,
Vətəninə verə bilər!Toğrulun və
bütün Şəhidlərimizin ruhu qarşısında
baş əyirəm!
Seymur Əhməd
Bakı
xəbər.- 2018.- 19 aprel.- S.15.