Ermənilər Nizami Gəncəvinin Şirinini də erməniləşdirdilər...

Məşhur Nizamişünas ermənilərin Şirinlə bağlı iddiasını alt-üst etdi....

 

Ermənilərin Azərbaycan xalqının mədəni dəyərlərinə, mədəniyyət və incəsənət nümunələrinə sahiblənmək cəhdləri artıq bütün dünyaya məlumdur. Onlar bununla kifayətlənməyib ədəbiyyat-poeziya qəhrəmanlarımızı da erməniləşdirmək cəhdində bulunurlar.Dahi Nizami Gəncəvinin 1180-ci ildə fars dilində yazdığı və Atabəy Şəmsəddin Məhəmməd Cahan Pəhləvan Eldəgizə ithaf etdiyi “Xosrov və Şirin” poeması poeziyamızın nadir incilərindən olmaqla yanaşı, həm də bəşəriyyətin poeziya xəzinəsini bəzəyən qiymətli bir sərvətdir.Ermənilər son zamanlar “Xosrov və Şirin” əsərinin qəhrəmanı Şirini erməniləşdirməyə cəhd edirlər. Onlar əsassız olaraq iddia edirlər ki, guya Şirin erməni qızıdır. Hətta bu barədə ermənilərin sonradan düzəltdikləri “mənbə”lərdə bildirilir.Erməni mənbələrində yazılır ki, Şirinin adı ilk dəfə VII əsrdə yaşayan keşiş Sebeosun tarixi əsərində çəkilir. Bu əsərdə onun haqqında müxtəsər fikir söylənir. Müəllif onu Xosrovun çoxsaylı arvadlarından biri, ən sevimlisi və gözəli adlandırır, həmçinin, Sasani sarayının banbişi kimi təqdim edir. Sebeos Şirinin xuzistanlı olduğunu qeyd edib, hansı millətə mənsub olduğunu göstərməyib. Lakin xristian olduğunu təsdiq edib. O, yazır: “Xosrov çoxlu atəşpərəst qadınlar aldığına baxmayaraq, xristian qadınlardan da nikah etmişdir. O, Xuzistan məmləkətindən Şirin adlı, olduqca gözəl bir xristian qızla da evlənmişdi... O, Şirini xatunlar xatunu adlandırmışdı. Şirin şah sarayının yaxınlığında monastr və kilsə tikdirdi, oraya keşişlər, digər dini vəzifələrdə çalışan şəxslər də təyin etdi”.Ermənilər əsassız şəkildə “VII əsrin 70-80-ci illərində yazılıb, müəllifi naməlum olan Suriya mənbəsində də Şirin haqqında müəyyən məlumatlar verilib. Bu xronikada ilk dəfə Şirinin erməni mənşəli olması göstərilib, həmçinin, Xosrovun digər xanımı Məryəmin adı çəkilib. Lakin bu vaxta kimi Bizans və erməni mənbələrində nə Məryəmin adı çəkilib, nə də Şirinin erməni mənşəli olması qeyd edilib. Yevqari Saxolastın "Din tarixi" əsərində isə onun adı Sira (Şirin) kimi qeyd edilib və arami mənşəli olduğu vurğulanıb. Bəzi tədqiqatçılar isə Şirinin Arran hökmdarının nəslindən olduğunu bildirirlər” - deyə iddia edirlər.Tədqiqatçıların qeyd etdiyinə görə, bəzi müəlliflərin fikrincə, Şirin və Məryəm eyni şəxsiyyətdir. Avropa şərqşünaslarından fransız alimi Sen Marten və ingilis şərqşünası Q. Raulinson öz əsərlərində Şirin və Məryəmin eyni adam olduğunu qeyd ediblər. Lakin T.Noldeke Məryəmin tarixi şəxsiyyət olduğunu qəbul etsə də, onun Şirinlə eyni adam olduğunu qəbul etmir.Şirinin etnik mənsubiyyətinə gəlincə, Azərbaycan alimləri qeyd edirlər ki, Şirin Azərbaycan gözəlidir. Mənşəcə Azərbaycan türkü olan Şirinə qarşı erməni iddiasının əsassız olduğunu deyən Nizamişünaslar bildirirlər ki, Şirinin etnik mənşəyi haqqında Nizami Gəncəvi “Xosrov və Şirin” əsərində məlumat verib.Alimlər yazırlar ki, Şirinin mənşəyi, hansı xalqa və ölkəyə mənsub olması, millətinin əlavə sübuta ehtiyacı yoxdur. Nizami Şirini gah Qafqaz gözəli, gah da Bərdə şahzadəsi kimi təsvir edir. Onun öz poemasında Şirini türk kimi təqdim etməsinin artıq elm aləminə bəlli olduğunu deyən alimlər yazırlar ki, Nizaminin əsərində Şirinin mənşəyi məsələsinə ilk dəfə Məhinbanunun ona öyüd verdiyi zaman işarə olunub. Məhinbanu Şirini hər cür hadisədən, Xosrovun ona yetirə biləcəyi ehtimali sədəmədən qorusun deyə, bir sıra düzgün məsləhətlər verib, ona özünü qorumağı tapşırmaqla bərabər, həm də Şirinin mənliyini və şəxsiyyətini hərəkətə gətirmək üçün, gözələ mənşəyinin və kökünün kimlərdən ibarət olduğunu söyləyib. Xosrovun yüksək əsil-nəsəbi qarşısında özünü alçaq tutmasın deyə, onun kim olduğunu belə bəyan edir:

“Əgər o aydırsa, biz aftiyabıq,

 

O Keyxosrovdursa, biz Əfrasiyabıq”.

 

Alimlər qeyd edirlər ki, klassik ədəbiyyatda çox vaxt ay oğlan və günəş qız simvolu olduğu kimi, Əfrasiyab türklüyü, Keyxosrov isə iranlılığı təmsil edir. Bu simvolika “Şahnamə”də də əks olunub. Burada Nizami Məhinbanu və Şirinin mənşəcə türk olduqlarını göstərir. Nizami Şirini adətən bir türk kimi təqdim edir. O, Qəsri Şirin sarayında bir məhbus kimi həyat sürdüyü zaman Xosrov ora gəlib onunla danışıq aparanda üzünü Xosrova tutaraq söyləyir:

“Qəmzəylə can alan türkəmsə belə,

Könül də alaram öpüşlərimlə”.

Alimlər onu da vurğulayırlar ki, Nizami Dərbənd hökmdarı tərəfindən göndərilən qıpçaq qızı Afaqı (Appaq) da Şirinsayağı “türk”, “türküm” adlandırır. Şair Afaqı təriflədiyi sözlərlə, təşbihlərlə Şirini də tərifləyir, oxşayır. O, Afaqın ölümündən danışaraq, onun dünyadan vaxtsız köçməsinə işarə edəndə belə bir fikir söyləyir:

Türklər tək olmuşdur bir köçə möhtac,

Türklər tək eylədi yurdumu tarac.

 

O türküm getdisə bir gün çadırdan,

 

Saxla türkzadəmi, sən ey yaradan.

 

Ədəbiyyatşünas Günel Eyvazli yazır ki, dahi Nizami Xosrovun və Şirinin atəşpərəstlik etiqadına baş əydiklərini dəfələrlə oxucusuna xatırladır: “Məsələn, Şirinin qayıtma xəbərini eşidən Məhinbanu Atəşgaha hədiyyələr göndərir. Əslində, bu ritual sonralar islam etiqadında da nəzir-niyaz adına əbədi məskən qura bilir. Bütpərəstlik ehkamları, qurbankəsmə ayinləri, nəzir paylamalar, səcdəgahlara olan inam, pir anlayışı məişətdə insanların qavradıqları islam dini atributikasına çevrilməyi bacarır”.

Bu yazıdan da görünür ki, Şirin xristian yox, atəşpərəst olub. Atəşpərəstlik isə Azərbaycan xalqının islamiyyətdən əvvəl tapındığı etiqad olub.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizamişünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Nüşabə Araslı “Bakı-Xəbər”ə açıqlamasında ermənilərin Şirinə qarşı irəli sürdükləri iddianın əsassız olduğunu bildirdi. N.Araslı qeyd etdi ki, ermənilər, həmişəki kimi, bu dəfə də saxtakarlıq yolu tutaraq bizə qarşı təxribatla məşğul olurlar. Onun sözlərinə görə, Şirin nə fars, nə erməni, nə də ki rusdur, Şirin qanı təmiz, qeyrətli, ismətli türk qızıdır. O bildirdi ki, Şirin tarixi şəxsiyyətdir və Azərbaycan hökmdarı (Bərdə) Məhinbanunun qardaşı qızı və varisi olub. “Erməni saxtakarlığı haqqında günlərlə danışsaq, yenə də az olar. Şirinin ermənilər tərəfindən əsassız erməniləşdirilməsi cəhdləri çoxdan meydana çıxıb. Yəni ermənilər, həmişə olduğu kimi, bu dəfə də “köhnə bayatı çağırırlar”. Bir Nizamişünas kimi bildirirəm ki, ermənilərin Şirinə qarşı irəli sürdükləri iddianın nə tarixi, nə elmi əsası var. Ümumiyyətlə, onlar Şirinin erməni və xristian olduğunu deyirlər. Şirin isə azərbaycanlıdır. Uzağa getməyək, bibisi Məhinbanunun ona verdiyi nəsihəti xatırlasaq, Şirinin azərbaycanlı olduğunu bir daha təsdiqləyərik.

Xosrov Pərviz Azərbaycana gəlir və burada Şirinlə tanış olurlar, sevgi münasibətləri yaranır, birgə gəzib əylənirlər. Orada Məhinbanu Şirinə nəsihət verərək deyir ki, sən türk qızısan, Xosrov Pərviz hökmdar olsa belə, sən öz ləyaqətini, ismətini qorumalısan, heç vaxt Xosrovla tək qalmamalısan, həmişə qızlar yanında olmalıdırlar. Əsərdə Şirinin əxlaqının, davranışının təsviri verilir və o təsvir də onun azərbaycanlı olduğunu açıq göstərir. Bundan başqa, əsərdə Azərbaycan təbiətinin gözəlliyi, Azərbaycan qadınının yüksək əxlaqı da ifadə edilir. “Xosrov və Şirin” əsərində Şapur öz dili ilə Məhinbanunun türk olduğunu deyir. Məhinbanu da özünü Əfrasiyab soylu adlandırırdı. Bilirsiniz ki, iranlılarla turanlılar arasında böyük mübarizə gedib və bunu da Firdovsi “Şahnamə” əsərində təsvir edib” - deyə N.Araslı bildirdi.  

N.Araslı bildirdi ki, nəinki ermənilər, hətta ruslar da Şirin obrazını mənimsəməyə çalışıblar. Professor Araslının sözlərinə görə, Azərbaycan qadınının ləyaqət simvoluna çevrilən Şirin əsərdə çox yüksək əxlaqa malik bir obraz, sima kimi təsvir edilib. N.Araslının dediyinə görə, belə yüksək bir obrazı da ermənilər özününküləşdirməyə cəhd göstərirlər: “Şirin obrazı olduqca mükəmməl şəkildə yaradılan bir obrazdır. Bu obrazda milli-mənəvi, əxlaqi dəyərlərimiz, Azərbaycan qadınının xarakteri, əxlaqı, gözəlliyi yüksək səviyyədə tərənnüm edilib. Ermənilər isə hər zaman bizə həsəd aparıblar. Ermənilərin iddialarının kökündə tarixi, ədəbi obrazları saxtalaşdırmaqla yanaşı, həm də bir həsəd hissi durur. Onlar Azərbaycan qadınının əxlaqına, tərbiyəsinə, savadına, dünyagörüşünə həsəd aparmaqla yanaşı, iddia edirlər ki, Şərq və Azərbaycan  mühitində açıq düşüncəli, ağıllı qadın ola bilməz. Ermənilər bizim tarixi qadın şəxsiyyətlərimizin varlığını qəbul etmək istəmirlər. Bu səbəbdən də belə mənasız, əsassız iddialar irəli sürərək çaşqınlıq yaratmaq istəyirlər. Ermənilər “Şirin erməni qızıdır” deyirlər, ancaq bunu əsaslandıra bilmirlər, sadəcə, söz olaraq dilə gətirirlər. Deyim ki, ermənilərin bu iddiasına qarşı çoxlu cavab verilib, onların əsassız olduqlarını sübut edən onlarla fakt təqdim edilir. Bizim Nizamişünaslar bu sahədə ermənilərə qarşı barışmaz mövqe tuturlar. Erməni tarixində əsassız olaraq Şirin erməni şahzadəsi kimi təqdim edilir. Əslində isə bu yalandır. Nizamişünaslar tərəfindən birmənalı olaraq təsdiq edilib ki, Şirin erməni deyil, Azərbaycan qızıdır. Uzağa getməyək, Şirinin azərbaycanlı olduğunu sübut edən göstəricilərdən biri onun əxlaqı, tərbiyəsi, vətənpərvər olmasıdır. Nizami Gəncəvi Şirini Azərbaycan xalqına mənsub gözəl kimi təsvir edib. Şirin obrazı Azərbaycan gözəlinin bütün məziyyətlərini özündə ehtiva edir. Sonda bir xüsusi məqamı da deyim ki, Nizami bu əsərdə Şirini əhatə edən, onun ətrafında olan qızların, gözəllərin də hamısının azərbaycanlı olduğunu qeyd edir. Görün orada başqa bir xalqın qızının adı çəkilir?”

 

İradə SARIYEVA

Bakı xəbər.- 2018.- 20 aprel.- S.14.