Lələtəpəyə
sancılan bayraq, Cocuq Mərcanlıda qaynar həyat, qələbəyə
gedən yol
Aprel döyüşləri tarixə
ordumuzun gücünün, xalqla ordunun birliyinin, vətənpərvərliyinin
göstəricisi kimi düşdü. Aprel qələbəsi
bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı
işğaldan azad etməyə qadirdir. Əks-hücum əməliyyatı
aparan hissələrimiz mühüm mövqelərə
sahib oldu. Lələtəpə kimi yüksəklik
alındı. Nəticədə 1994-cü ildə düşməndən
azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin
təhlükəsizliyi təmin olundu. Aprel döyüşləri
nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə
rayonlarının işğaldan azad edilmiş ərazilərində
bu gün Azərbaycan bayrağı dalğalanır. Hər kəs
bu qalibiyyətin sevincini yaşayır.
Aprel qələbəsinin ikinci il
dönümü ərəfəsində şəhid mayor
Rasim Məmmədovun şərəfli döyüş yolunun
izi ilə yolum Lələtəpəyədi. O torpaqlara ayaq
basmağa tələsirəm. Yol uzaq, mənzil başına
tez çatmaq istəyi isə sonsuz. Cocuq Mərcanlı kəndinin
sakinlərinin torpaq həsrətini, doğma od-ocağa
qovuşmaq istəyini indi daha yaxşı anlayıram.
Mənzil başına yetişirik. Azərbaycanın
Milli Qəhrəmanı Şükür Həmidovla
görüşüb söhbətləşirik:
- 2016-cı il aprelin 1-i ön xətdə
döyüş növbətçiliyi aparan bölmələrimizə
düşmən qəfil hücum etdi. Şəxsi heyətimiz
düşmənin müqavimətini qırdı. Düşmən
müqavimət göstərməyə çalışsa da,
döyüşçülərimizin gücünü
gördükdən sonra əlindəki silahını
atıb pərakəndə şəkildə qaçmağa
başladı. Ermənilər təşviş içində
idi. Bölmələrimiz əks-hücum ilə
düşməni geri otuzdurdu, Lələtəpə yüksəkliyi
və ətraf bölgələr düşməndən
tamamilə azad edildi. Çox gözəl bir tarixi an
yaşandı. Ordumuzun gücü, şəxsi heyətin
döyüş ruhu ortaya
çıxdı. Düşmənə və havadarlarına
sübut olundu ki, Azərbaycan Ordusu 90-cı illərdəki
ordu deyil və ordumuzun vahid komandanlığı, orduda xidmət
edə biləcək peşəkar zabitlər var. Əsgərlərimiz,
döyüşçülərimiz böyük rəşadət
göstərdilər. Lələtəpə yüksəkliyinə
üçrəngli bayrağımızı sancdılar.
“Vətən sərhəddən
başlayır” deyirlər. Bu fikir ön xətdə əsgərlərimizin
sırasında olarkən mənə daha yaxşı aydın
oldu. Yayın istisindən, qışın soyuğundan çəkinməyən
vətənpərvər oğullarımız ucalıq, əzəmət
simvolu olan dağlarda döyüş növbətçiliyi
aparır, sinəsini düşmənə sipər edirlər.
Azərbaycan əsgərinin son dayanacağı
olmayan Lələtəpə yüksəkliyindən
işğal altında olan torpaqlarımızı seyr etdikcə
düşünürəm ki, Şuşa, Xankəndi, Cəbrayıl,
Laçın, Kəlbəcər, Qubadlı, Ağdam, Zəngilan
bizim yolumuzu gözləyir. Biz bu yolun
başlanğıcı olan Lələtəpə zirvəsində
olduğumuz üçün qürur duyurduq. Aprel qələbəsinin
əldə olunmasında xidmətləri olan zabitlərlə
görüşüb həmsöhbət oluruq.
Ordumuzun qurucusu, ulu öndər Heydər
Əliyev hələ 70-ci illərdə Bakıda Cəmşid
Naxçıvanski adına Hərbi məktəbi yaradanda bəlkə
də çoxları bunun əsl mahiyyətini dərk etmirdi.
Həmin məktəbin məzunları bu gün ordumuzun
sıralarında peşəkar zabit kimi xidmət edirlər.
Müstəqillik illərində hərbi təhsilin
inkişafı ilə bağlı Ulu Öndərimizin gələcəyə
hesablanmış ən böyük qərarlarından biri də
Naxçıvanda hərbi məktəbin əsasının
qoyulması oldu. Kapitan Elmar Babayev Heydər Əliyev adına
Naxçıvan Hərbi Liseyinin məzunlarındandır.
Aprel döyüşlərinin iştirakçısı olan
Elmar Babayev öz fikirlərini bizimlə
bölüşür: "Aprel döyüşləri Azərbaycan
Ordusunun yazdığı zəfər tarixidir. Azərbaycan
Ordusu öz şücaət və məharətini həmin
tarixdə düşmənə bir daha göstərdi.
Düşmən xeyli sayda itki verdi. Bir zabit kimi Ali Baş
Komandanı və bütün komandir heyətini əmin etmək
istəyirəm ki, mən və mənim rəhbərlik etdiyim
bölmə hər an döyüşə hazırdır. Hər
an torpaqlarımızı düşməndən azad etməyə
qadirdir. Düşmən o
torpaqlarda çox qala bilməz".
Heydər Əliyev adına Naxçıvan Hərbi
Liseyinin digər bir məzunu Zülfü Rzayev də ön xətdə
xidmət edən peşəkar bir zabitdir. Zülfü Rzayev
aprel hadisələrini belə xatırlayır: "Ermənilər
bizim ön xətdə olan kəndləri çox vaxt atəşə
tuturdu. Atəşkəsi mütəmadi olaraq pozurdu.
Düşmən aprelin 1-də
hücuma keçdi. Yuxarı
komandanlığın əmrinə əsasən, əks-hücumla
düşmən hücumunun qarşısı alındı.
Şəxsi heyətimiz ön xətti yararaq düşmən
mövqelərinə tərəf irəlilədi və ermənilərin
canlı qüvvəsini, texnikasını məhv edərək,
hazırda bizim nəzarətimizdə olan Lələtəpə
yüksəkliyində qərar tutdu. Həmin yüksəkliyə
qalxmağımızla qürur duyurduq. Çünki illər
boyu həsrətində olduğumuz torpaqlarda idik. Bu
böyük bir zəfər idi. Aprel döyüşləri
bir daha sübut etdi ki, bizim ordumuz nəyə qadirdir".
Mayor Sədi Musayev söhbət zamanı
bildirdi: “Lələtəpə mühüm əhəmiyyətə
malik bir yüksəklikdir. Əvvəllər ermənilər
bizim yaşayış məntəqələrini atəşə
tuturdular. Gördüyünüz sahələri əkməyə
imkan vermirdilər. Aprel döyüşləri zamanı Lələtəpə
yüksəkliyi və onun ətrafındakı ərazilər
azad edildi. Uğurlu bir əməliyyat oldu. Aprel şəhidləri
bizim gənc nəsil üçün qəhrəmanlıq
simvoludur. Onların hər biri
Azərbaycanın qəhrəmanlarıdır".
"Biz Lələtəpə yüksəkliyini
almaqla, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini
düşmənin atəşi altında qalmaqdan xilas
etdik", - deyə Naib İsmayılov söhbətə
qoşulur. “Kənddə abadlıq işləri
görülüb, evlər tikilib. Kənd sakinlərinin
doğma yurd-yuvalarına qayıtması təmin olunub. Bu o deməkdir
ki, növbəti ayaq basacağımız torpaqlar Şuşa,
Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl,
Qubadlı, Zəngilan... olacaq, belə evlər orada da tikiləcək.
İnsanlar öz el-obalarına qayıdacaqlar.”
Lələtəpədən Cocuq Mərcanlı çox gözəl
görünür. Elə bu gözəlliyi görmək
sorağı ilə yola düşürük. Cocuq Mərcanlıya
gedən yolun üzərində yerləşən Horadizin
bugünkü görkəmi göz oxşayır. Burada aprel
şəhidlərinin xatirəsinə ucaldılan abidəni
ziyarət edirik. Bu abidə gələcək
nəsillər üçün daş üzərində əbədiləşdirilən
hərbi vətənpərvərlik salnaməsidir.
Cocuq Mərcanlıya çatırıq. Burada
həyat bərpa edilib. Cocuq Mərcanlı illərlə
öz sakinlərinin yolunu gözləyib. Bu illər ərzində
kənd tamamilə xarabazarlığa çevrilmişdi. Yol infrastrukturu sıradan
çıxmışdı. Məhz Ulu Öndərin qətiyyəti
ilə uğurlu Horadiz əməliyyatı
nəticəsində Füzuli rayonunun bir qəsəbəsi,
20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndi işğaldan azad edilmişdi. Düşmənin
tez-tez bu kəndi atəşə tutmasına görə məskunlaşma
mümkün olmayıb. Yalnız Oqtay Həziyev öz ailəsi
ilə birlikdə təhlükəli olsa da, kənddə
yaşayışını davam etdirib. İlk həmsöhbətimiz
də Oqtay Həziyev oldu.
Oqtay Həziyev bildirdi ki, bu ərazilərdə
yaşamaq mümkün deyildi, çünki kəndin üst tərəfində
yerləşən Lələtəpə yüksəkliyi mənfur
düşmənlərin əlində idi. "Uğurlu aprel
döyüşlərində Lələtəpə yüksəkliyi
işğaldan azad edildi. Ölkə başçısının
sərəncamı ilə Cocuq Mərcanlının bərpasına
başlanıldı. İndi görürsünüz, həyat
necə qaynayır. Bu cür gözəl şərait qurulub.
Məktəb, bağça, inzibati binalar, gözəl evlər
tikilib. Dağıdılıb sıradan
çıxmış yollar bərpa olunub. İlk mərhələdə
yaşayış evi, Şuşa məscidinin bənzəri
olan gözəl bir məscid və məktəb binası
inşa olunub. Cənab Prezident bu kəndin
açılışında oldu. Ölkə
başçısının diqqət və
qayğısı ilə mənə torpaq sahəsi verildi. Biz
burada düşmənlə üz-üzə yaşayan sakinlərik.
Heç birimizin qorxusu yoxdur. Biz Azərbaycan dövlətinin,
ordusunun gücünə arxalanırıq.
İnsanlarımız da tam arxayındırlar ki, artıq
güclü, vahid komandanlığa tabe olan ordumuz var. Bu kənddə yaşayırıq,
yaşayacağıq da".
Növbəti həmsöhbətimiz Üzeyir Nəcəfovdur.
Onunla Füzuli rayonunun Kərimbəyli kəndində
görüşürük. Aprel döyüşlərində güllə yarası alıb, II
qrup əlildir. Hadisələrin canlı şahidi olan Üzeyir söhbət zamanı
bildirdi ki, aprel döyüşləri qürurla
xatırlayacağımız bir gündür. “Düşmən
mart ayından etibarən dəfələrlə təxribat
törədirdi. Təxribatın qarşısı
alınırdı. Bu dəfə fərqli oldu. Biz həm
öz əlimizdə olan mövqelərimizin təhlükəsizliyini
təmin etdik, həm də çoxdandı həsrətində
olduğumuz torpaqlara ayaq basmaq üçün irəli
atıldıq. Düşməni geri otuzdurduq. Lələtəpə
yüksəkliyini azad etdik. Geri çəkilmədik. Aprel
döyüşləri Ermənistan ordusunun gücü ilə
bağlı yaranmış mifi darmadağın etdi. Onlar hələ
də bu məğlubiyyəti həzm edə bilmirlər. Bizim
torpaqlarımız tezliklə işğaldan azad olunacaq. Aprel qələbəsi
davamlı olacaq".
Üzeyir Nəcəfov bizi 4 yaşlı
oğlu Hacı Nəcəfovla tanış edir. Atası onun
üçün hərbi forma tikdirib. "Böyüyəndə kim
olacaqsan?", - sualımızı belə
cavablandırır: - Əsgər olacam.
Bəli, hər birimiz bu Vətənin əsgəriyik. Kimimiz səngərdə,
kimimiz seçdiyimiz peşə ilə bu Vətənə xidmətdə.
Amalımız birdir: əzəli ata-baba yurdlarımıza
qayıtmaq. Ermənistan ordusu aprel döyüşlərində
bir daha anladı ki, bu dəfə könlümüzün
keçdiyi Qarabağdan ordumuz keçəcək!
Ruhiyyə
RƏSULOVA,
Naxçıvan
Televiziyasının baş redaktoru
Bakı xəbər.- 2018.- 20 aprel.- S.13.