Fədai döyüşçü kimi anılan oğul
Güllədən biçilmiş bir köynək ver mənə,
Analar saçını
yolmasın...
Bu təsirli
və kövrəldici
misralar “Ağ ümid” şeir və mahnısından götürülüb. Qarabağ
müharibəsində döyüş
yolu keçmiş qeyrətli və fədakar oğullar haqqında yazılan bu misralarda ön
cəbhə həyatının
ölümlü-itimli gerçəkliyi
ifadə olunur. Müharibə həm şücaət
meydanı, sınaq məqamı, həm də həyatını qurban verən, itkin düşüb taleyi bilinməyən, yaralanıb əlil olan oğullar, gözləri yolda qalan, ata, oğul,
qardaş, ər itkisinin ağrı-acısı
ilə yaşayan ailələr, hamımız
üçün qan yaddaşı deməkdir. Döyüşə
atılan oğullar özlərini qorumağı
deyil, Vətən torpağını qorumağı
düşünürdülər, bu od-alovlu anlarda
onların bir çoxu üçün
geriyə yol yox idi...
Daxili İşlər
Nazirliyi Daxili Qoşunlarının Qarabağ
müharibəsində şəhid
olmuş və itkin düşmüş hərbi qulluqçularının
siyahısında əsgər
Cavadov Elman Xurşud oğlunun da adı var.
Onun qısa hərbi xidmət və döyüş yolu hərbi anda sədaqət, əsgər ləyaqəti
nümunəsidir. O, 1973-cü il sentyabrın 5-də Sumqayıt şəhərində
dünyaya göz açıb. Cavadovlar ailəsinin sonbeşiyi idi. Ailə üzvlərinin dediyinə
görə, çox istiqanlı, doğmalarına
diqqətli və mehriban, hamıya xeyirxah münasibət göstərən gənc
olub. Elman Sumqayıt şəhərindəki
3 saylı orta məktəbdə təhsil
alıb. Yeniyetmə yaşlarından əlbəyaxa
döyüş idman növlərinə maraq göstərib. Xüsusən
karate idman növü üzrə məşqlərə gedib.
İdmanla məşğul
olması onu həm fiziki cəhətdən, həm
də iradəcə möhkəmləndirib, eləcə
də pis vərdişlərdən qoruyub.
Valideynlərindən aldığı
tərbiyəyə xələl
gətirə biləcək
heç bir hərəkətə yol verməyib.
Elman Sumqayıtdakı
7 saylı texniki-peşə
məktəbində də
oxuyub. Peşə öyrənməyə, zəhmət
sərf edib əməyə qatılmağa
laqeyd yanaşmayıb.
1992-ci ilin aprel ayında Elman Sumqayıt Şəhər Hərbi Komissarlığı (hazırda
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsi)
tərəfindən həqiqi
hərbi xidmətə
çağırılıb. Həmin aydan etibarən DİN-in Daxili Qoşunlarının
“N” saylı hərbi hissəsində hərbi xidmətə başlayıb.
Bu hərbi hissə 1991-ci ilin dekabr ayından
Azərbaycanın Daxili
Qoşunlarının tabeliyinə
verilmişdi. 1992-ci ilin
mart ayının 12-dən
başlayaraq Daxili Qoşunların şəxsi
heyəti torpaqlarımızın
müdafiəsində dayanırdı.
“N” saylı hərbi hissənin hərbi qulluqçuları da həmin dövrdə ön cəbhəyə göndərilirdilər.
Ümumiyyətlə, bu
hərbi hissə ağır döyüş
sınaqlarından keçib.
Hərbi hissənin şəxsi heyəti Tərtər, Ağdərə
və Kəlbəcər
döyüş zonasında
erməni işğalçılarına
qarşı mətinliklə
vuruşub.
Elman “N” saylı
hərbi hissədə
hərbi andı qəbul edib. Burada 2-ci patrul bölüyündə atıcı
vəzifəsinə təyin
olunub. Bölüyün qarşısına qoyulan tapşırıqların
xüsusiyyətlərini, döyüş
silah və sursatlarının taktiki-texniki
göstəricilərini, əsgər
üçün zəruri
olan digər hərbi bilikləri təlimlərdə mənimsədikdən
sonra ön cəbhəyə göndərilənlərin
sırasında olmağa
can atıb. Hərbi hissədən ailəsinə
göndərdiyi məktublarında
əsgərlik həyatının
nəbzi duyulur, həmçinin, öz doğmalarına döyüşə
getməyə hazır
olduğunu, belə ağır günlərdə
arxa cəbhədə
canının sıxıldığını,
öz yerini döyüşən oğulların sırasında
gördüyünü bildirirdi.
Elman hərbi hissədən
döyüş bölgəsinə
bir-birini dəyişməklə,
birləşmiş hərbi
dəstə tərkibində
göndərilən şəxsi
heyətin sırasında
Kəlbəcər-Ağdərə istiqamətində döyüş
tapşırıqlarının yerinə yetirilməsinə
cəlb olunub. İlk döyüş sınaqlarından alnıaçıq
çıxması onu
daha da ruhlandırıb.
Ön cəbhənin yuxarıda qeyd olunan istiqamətindəki yaşayış məntəqələrimizin
və düşmənlə
təmas xətti boyu mövqelərimizin keşiyində qorxmaz əsgər kimi dayanan Elman döyüşçü
yoldaşlarını özünə
qardaş bilirdi.
Döyüşçülərin birgə çəkdirdikləri
çox nadir bir şəkil var. Şəkildə fotoobyektivə baxan üzlərdə məğrurluq
və qətiyyət sezilir. Həmin şəkil onların bir qisminin həyatda
çəkdirdikləri son şəkildir. İlk dəfə Cavadovlar ailəsində gördüyüm
və bizim fotoarxivimizdə olmayan bu şəkil yaddaş baxımından olduqca dəyərlidir.
Elman ön
cəbhəyə sonuncu
dəfə 1992-ci il
15 iyun tarixində göndərilib. Bu tarix hərbi hissədən verilmiş müvafiq sənəddə
öz əksini tapıb. Onun son döyüşü
1992-ci il iyul ayının 19-da, Ağdərənin
Aterk (hazırda Həsənriz) kəndi ərazisində olub. Həmin döyüşdə
əsgər E.Cavadov xəbərsiz itkin düşüb. Ermənilərin
hücumu zamanı döyüşçülərimiz hər tərəfdən şiddətli atəşə
tutulublar. Onlar bu qeyri-bərabər, köməksiz vəziyyətdə
qaldıqları döyüşdə
son nəfəslərinədək
vuruşublar. Sonrakı
günlərdə döyüşçülərin
taleyi ilə bağlı qeyri-müəyyənlik
hökm sürüb. Aterk (Həsənriz) həmin vaxt növbəti dəfə işğaldan
azad edildikdən sonra onlarla hərbi
qulluqçumuzun yandırılan,
düşmən vəhşiliyinin
digər izləri aşkarlanan, torpağa gömülən meyitlərinin
qalıqları tapılıb.
Elmanın atası Xurşud Cavadov bəzi valideynlərlə
birgə hərbçilərin
icazəsi ilə o vaxt Aterkə (Həsənriz) gedib və orada tapılan
meyitlərin qalıqlarını
öz gözləri ilə görüb. Belə ki, meyit
qalıqlarının bir
hissəsi düşmən
tərəfindən ərazidəki
qoz ağacının
altında torpağa basdırılıb. Həlak
olanların əksər
qisminin meyitini tanınmaz halda olması səbəbindən
təsbit etmək mümkün olmayıb. Meyitlərin qalıqları
Bakıda Şəhidlər
Xiyabanına gətirilərək
qardaşlıq məzarında dəfn edilib. Məzarüstü mərmər lövhədə
əsgər E.Cavadovun
da adı həkk olunub.
Cavadovlar ailəsinin
Elmanın müharibə
itkini kimi axtarışı üçün
aidiyyəti qurumlara müraciətləri heç
bir nəticə verməyib.
Sumqayıt Şəhər
Məhkəməsinin 25 fevral
2009-cu il tarixli müvafiq qətnaməsi ilə əsgər E.Cavadov müharibədə
ölmüş elan edilib. Ailəyə dövlətimiz tərəfindən
müvafiq müavinət
təyin olunub.
Elmanın atası
2012-ci ildə vəfat
edib. Şəhid atası kimi ürəyində nisgillə
bu dünyadan küskün köçüb.
Anası Salvar Cavadova, qardaşı Elxan Cavadov, bacıları Sədaqət
Şirinzadə, İradə
Cavadova və Nailə Eminova üçün bu ötən illər bir xəbər gözləntisi, habelə
onun yoxluğu gerçəkliyi ilə barışmaq acısı
ilə keçib. Bu günədək Aterk (Həsənriz) döyüşü haqqında
müxtəlif şəxslərdən
və mənbələrdən
eşitdikləri, öyrəndikləri
məlumatlar qaranlıq
qalan təfərrüatlara
işıq salmayıb.
Müharibənin bir üzü də budur.
Bu gün düşmənin
işğalı altında
olan Aterk (Həsənriz) kəndi ərazisində 19 iyul
1992-ci il tarixli döyüşdə mətinliklə
vuruşaraq şəhidlik
zirvəsinə ucalmış
və qardaşlıq
məzarında dəfn
olunmuş, habelə orada dəfn olunmamış döyüşçülərimizin
əziz xatirəsi həmişə yaddaşımızda yaşayacaqdır.
Yalçın QAYA
Bakı
xəbər.-2018.- 21-23 aprel.- S.14.