Xeyrəddin Qocanın “Yazdıqlarım... Yazılanlar”

kitabı haqqında bir neçə söz...

 

Tanınmış yazıçı-dramaturq Xeyrəddin Qoca özünəməxsus qələmi olan yazardır. X.Qocanın hər bir yeni kitabı oxucular tərəfindən maraqla qarşılanır. Xeyrəddin müəllimin kitablarında əsasən yumor hissi ilə cilaladığı əsərlər, hekayələr, satirik notda yazdığı bədii və publisistik yazılar oxucuların diqqətini çəkir.

Əlbəttə, onun yazdıqları zəmanəmizin aynası rolunu oynayır. Hər kəs o aynada özünü görünmək istədiyi kimi deyil, olduğu kimi görür.

Bir müddət əvvəl X.Qocanın “Yazdıqlarım...Yazılanlar” kitabı “Bayramoğlu” nəşriyyatında işıq üzü görüb. Qeyd edək ki, bu kitaba yazıçının əvvəlki kitablarına daxil edilməyən, lakin mətbuatda, müxtəlif nəşrlərdə çap olunan, son illər yazdıqları və haqqında yazılanlar salınıb.

Yazdıqları və haqqında yazılanları yazıçının özü “Bunlar mənim həyatda izlərimdir” deyə qiymətləndirir.

Xeyrəddin Qoca maraqlı yazı üslubu, dəst-xətti olan yazıçı-dramaturq olmaqla yanaşı, həm də seçilən ustad publisistdir. Biz onun ayrı-ayrı şəxsiyyətlərə, hadisələrə özünəməxsus yanaşmalarını publisist yazılarında daha aydın şəkildə görə bilirik. Nəşrdə X.Qocanın Xalq artisti Məraim Fərzəlibəyovla, Xalq artisti, kamança ustadı Munis Şərifovla, Xalq şairi Cabir Novruzla, Xalq şairi Nəbi Xəzri ilə, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla, Xalq artisti, dünya şöhrətli tarzənimiz Ramiz Quliyevlə, Xalq artisti Teymur Mustafayevlə və digər söz-sənət, səhnə adamları ilə bağlı məqalələri, fikirləri qələmə alınıb. Kitabda, eyni zamanda, Xeyrəddin müəllimin cəmiyyətə, oxucuya, sözə dəyər verən insanlara məktubları da dərc edilib. “Birinci şanlı məktub”, “İkinci şanlı məktub”, “Üçüncü şanlı məktub” sərlöhvəli yazılarında X.Qoca cəmiyyəti içdən ağrıdan probemlərə ayna tutub. Hər addımda rast gəldiyimiz neqativ hallar, insanların savadsızlığı, savadsızlıqdan doğan bir sıra problemlər yazıçının qələmində dilə gəlib.

Kitabda diqqətçəkən yazılar sırasında xalqımızın böyük oğlu Heydər Əliyev haqqında maraqlı xatirələr də öz oxunaqlığı ilə diqqəti cəlb edir.

Birinci şanlı məktub”u X.Qoca belə başlayır: “Salam, mənim əzizlərim! Millətimin savadlı-savadsız, ağıllı-cahil, düz-əyri, səviyyəli-səviyyəsiz, bacarıqlı-bacarıqsız, vəzifəli-vəzifəsiz, varlı-kasıb, villalı-villasız, evli-evsiz, ağzından dürr tökülən-havayı danışan, döyən-əzən, döyülən-əzilən...bəndələri!”

Bu bir cümlədə yazıçı çağdaş insanlığın mövcud durumunun mənzərəsini yaradıb, cahili cahil, aqili aqil kimi göstərib. Bu, qələmin qüdrətidir təbii. Yazıçı müşahidəsinin gücündən, hər addımda qarşılaşdığı hadisələrdən yaranan bu yazılar cəmiyyətə ünvanlanan bir mesajdır. Həkim xəstəni bioloji cəhətdən, yazıçı isə mənəvi cəhətdən sağaltmağa çalışır. Fikrimizcə, yazıçının cəhdləri daha uğurlu alınır. Çünki onun müalicə metodu bir qayda olaraq sözlədir.

Kitabda X.Qoca haqqında qələm dostlarının, jurnalistlərin yazdığı məqalələr də yer alıb. Əlbəttə, hər bir yazı özü-özlüyündə səmimiyyətə söykənib. Söz elə bir məfhumdur ki, onu könülsüz demək olmur. Elə şəxsiyyətlər, qələm adamları var ki, onlar haqqında həmişə səmimiyyətlə danışırsan. Çünki bu səmimiyyəti onlar özləri haqq edirlər, Xeyrəddin müəllim kimi!

 

İradə SARIYEVA

 

Bakı Xəbər.- 2018.- 1 avqust.- S.12.