Tarixdə iz buraxanlar:

Əliağa Vahid

 

Əliağa Vahid 1895-ci il fevral ayının 17-də Bakı şəhərində anadan olub. Atası Məmmədqulu bəy, anası Səkinə xanımdır. Əliağa oxumağa mollaxanada başlayıb və iki il burada oxuduqdan sonra yoxsulluq üzündən təhsilini yarımçıq qoyaraq işləməyə başlayıb.Yeni üsullu məktəblərdə, yəni ödənişli təhsil almağın onun üçün əlçatmaz olduğunu anlayan Əliağa atası çox erkən vəfat etdiyindən əmisinin himayəsində boyüyürdü.

O zaman yaşayanlar arasında “meyxana” deyilən bədahətən xalq şeiri növü geniş yayılmışdı. Çox guman ki, yeniyetmə Əliağanın söz sənətinə marağı, şeir yazmaq istedadının münbit zəmini elə bu meyxana məclisləri olub.

Cəmiyyət həyatına fəhlə kimi gəlməsinə baxmayaraq, şeirə olan marağı Əliağanı mütaliəyə sövq edirdi. O, erkən yaşlarından dahi qəzəl ustadı Məhəmməd Füzulinin bir çox qəzəllərini əzbərdən bilir, Mirzə Ələkbər Sabirin satiralarının sadə deyim tərzindən təsirlənir, Seyid Əzimin mənzum hekayələrini, qəzəllərini dönə-dönə oxuyurdu. Bədii parçaların tez-tez verildiyi qəzet və jurnalları da müntəzəm mütaliə edir, bədii yaradıcılıqla maraqlanır, dövrün problemlərinə, tələblərinə diqqət yetirirdi. Bu zamanlar Əliağa şairlər məclisi “Məcməüs-şüara”da keçirilən Əbdül Xaliqin şeir gecələrinə gedir. Bura yığışan cavan şairlər onlara verilən qafiyəni ustadların qarşısında böyük qəzələ çevirməli idilər. Əliağa öz hazırcavablığı ilə elə seçilir ki, Əbdül Xaliq gənc Əliağaya “Sən bu təbinlə Vahidsən” deyib, Vahid ləqəbini ona verir. Çox keçmədən Sabiranə şeirlərlə mətbuatda görünməyə başlayan Əliağa Vahidin ilk şeiri 1914-cü ildə çap olunub.

1920-ci illərdə Vahid yaradıcılığının yeni dövrü başlayır. O, Bakıda fəaliyyət göstərən Tənqid-Təbliğ Teatrına gedir, buradakı tamaşaları izləyir. Mirzağa Əliyev, Hacağa Abbasov kimi aktyorlarla dostluq edir. O vaxtlar həmin teatrın repertuarı əsasən Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Süleyman Rüstəm və başqa yazıçıların pyeslərindən ibarət idi. Tamaşalar zamanı, pərdələr arasında səhnəciklərdə məşhur artistlərdən Mirzağa Əliyev və Hacağa Abbasovla birgə satirik kupletlərlə çıxış etməsi Vahidi daha da həvəsləndirir və onu müasirliyə səsləyirdi. Digər tərəfdən həmin illərdə onun “Kommünist”, “Yeni yol” qəzetlərində, “Molla Nəsrəddin”, “Şərq qadını”, “İnqilab və Mədəniyyət” jurnallarında həm lirik, həm də satirik şeirləri dərc olunurdu. Bu şeirlərin əsas mövzusu mədəniyyətə, maarifə çağırış, avamlığa, cahilliyə və zülmə etiraz idi. Dövrünün nöqsanlarına, haqsızlarına etiraz edən şair öz şeirlərində bu kimi halları çox sərt tənqid edirdi.

Əliağa Vahidin yaradıcılığına nəzər salarkən bir-birini tamamlayan iki xüsusiyyət görünür: “Lirik Vahid dahi Füzuli məktəbinin, satirik Vahid isə böyük Sabirin yetişdirməsidir.” Bunu o özü də dəfələrlə etiraf edib, “Böyük Füzulinin xaki-payı” olması ilə öyünüb, Sabirə “Möhtərəm, böyük şair” deyib.

Vahid dövrü çox qarışıq və təlatümlü dövr olub. O zamanlar bir mühüm hadisə bitməmiş, ikincisi başlayıb. Əliağa Vahidin yazdığı bütün əsərlərdə vətənpərvərlik mövzusu üstünlük təşkil edir. Onun qəzəllərində özünəxas müsbət cəhətlərdən biri də onların sadə olması və asan anlaşılmasıdır.

Əliağa Vahid sovet hakimiyyəti illərində Bakıda yaranan hərbi vəziyyət şəraitində Azərbaycanın üçrəngli istiqlal bayrağına şeir yazan ilk şairimizdir. Həmin şeir “Bir kərə yüksələn bayraq!” adı ilə onun şöbə müdiri kimi çalışdığı “İlham” qəzetində dərc edilib. Müstəqillik illərində bu əsərə bəstəkar Ədliyyə Rəhimova məhz Arif Məlikovun tövsiyəsi ilə müsabiqə üçün simfonik marş bəstələyib, Azərbaycan Respublikası Dövlət Simfonik Orkestrinin ifasında əsər müsabiqə əsasında Qızıl Fonda daxil edilib:

 

Qılınc vuran qolumuzsan,

Sən azadlıq yolumuzsan,

Simurq kimi doğulmusan,

Bir kərə yüksələn bayraq!

 

Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəl şairi kimi şöhrət qazanan Əliağa Vahidin yaradıcılıq bioqrafiyası maraqlı və özünəxas cəhətlərə malikdir. Dahi Füzulini özünün böyük ustadı adlandıran Əliağa Vahid onun bədii üslubundan faydalanaraq öz yaradıcılığında bədii sözün məna dolğunluğuna, ifadə səlistliyinə nail olub. O, qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi, öz dəsti-xətti ilə seçilib, dərin mənalı qəzəlləri və satirik seirləri xalq arasında sürətlə yayılıb, dillər əzbəri olub.

Dillər əzbərinə çevrilən qəzəllərindən əvvəl Vahid cəhaləti yamanlayıb. “Molla Nəsrəddin” jurnalında onun bir neçə satirik şeiri Əliağa İsgəndərov imzasıyla dərc olunub. Onun Hitleri, ümumiyyərlə faşizmi lənətləyən şeirləri xalq ədəbiyyatı nümunələri kimi dillərdə dolaşıb. Buna görə Vahidə 1943-cü ildə “Əməkdar İncəsənət Xadimi” fəxri adı verilib.

Əliağa Vahid özü öz böyüklüyünün fərqində olmayıb. Amma bilirdi ki, istedadı ad-san verilənlərdən qat-qat üstündür. Olduqca güclü hafizəsi Vahidə sinədəftər olmaq imkanı qazandırıb. O, vəfatına qədər bütün şeirlərini ərəb qrafikası ilə yazıb. Ona savadsız demək olmazdı. O, fitri istedad idi. Onun qəzəlləri milli poeziyamızda özünəxas rəngi, ahəngi olan qiymətli sənət əsərləri kimi əbədi qərar tütub.

Əliağa Vahidin böyüklüyü bir də onda idi ki, o öz müəllimlərinin dərin etimadını qoruya bildi, min illik tarixə malik Azərbaycan qəzəlini yaşatdı.

Füzuli ənənəsinin davamçısı olan Əliağa Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Onun qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir. Vahidin əsərləri bir çox xarici dillərə tərcümə edilib, pyesləri Azərbaycan və xarici ölkə teatrlarında tamaşaya qoyulub, şeirlərinə bəstələnən gözəl mahnılar tanınmış xanəndələrin repertuarında mühüm yer tutub.

Əliağa Vahid yaş müdrikliyini qəbul etməzdi. Belə adamlar elə uşaqlıqdan seçilir, fərqli olurlar. Vahidin də istedadı elə onun ilk yaradıcılığa başladığı dövrdən özünü göstərirdi. Bu istedadı görənlər isə əvvəlcə ustad saydığı Əbdülxalıq Yusif, daha sonra böyük Nəriman Nərimanov olmuşdu. Əliağa Vahidə ilk dövlət mükafatını da Nəriman Nərimanov verib.

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan həyatında qəzəl janrının ən görkəmli nümayəndələrindən biridir. 1943-cü ildə Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi adına layiq görülən şairin sağlığında 13 kitabı işıq üzü görüb.

Əliağa Vahid içki içən deyildi. Ancaq repressiyaya görə özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar. O zaman Mircəfər Bağırova repressiya ilə bağlı bir siyahı veriblər. Vahidin adı da orada olub. Mircəfər Bağırov Əliağa Vahidin adının üstündən xətt çəkib ki, bütün günü sərxoş olan bir adamdır, ondan bizə nə ziyan gələcək? Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta bununla bağlı Mircəfər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırıb, ona 2 otaqlı mənzil verib. Əliağa Vahidə “Əməkdar incəsənət xadimi” adını da Mircəfər Bağırov verib.

Azərbaycanda Sovet hakimiyyətini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şeirlər yazıb, “Kommunist” qəzeti, “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq edib. Onun “Kupletlər” və “Mollaxana” adlı kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Əliağa Vahid Böyük Vətən müharibəsi illərində yazdığı “Döyüş qəzəlləri” və “Qəzəllər” adlı kitablarında Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hislərini təbliğ edirdi.

Əliağa Vahidin böyüklüyü bir də onda idi ki, o öz müəllimlərinin dərin etimadını qazanaraq Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndələrindən biri kimi tanınıb.

Dahi Füzulini özünün böyük ustadı adlandıran Vahid onun bədii üslubundan, işlətdiyi əruz bəhrinin təsvir və ifadə vasitələrindən faydalanaraq öz yaradıcılığında bədii sözün məna dolğunluğuna, ifadə səlisliyinə nail olub. Klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəsti-xətti ilə seçilən, qəzəlləri və satirik şeirləri xalq arasında yayılan Vahid sevilərək dillər əzbərinə çevrilib, Azərbaycanda, eləcə də Yaxın Şərqdə qəzəl şairi kimi şöhrət qazanıb.

Əliağa Vahid adı kimi tək oldu, özündən sonra o istedadda davamçısı gəlmədi. O, XX əsr qəzəlinə, türk əruzuna vahid olaraq gəldi, vahid olaraq da getdi. Əliağa Vahid 1965-ci il sentyabrın 30-da vəfat edib.

Əliağa Vahidin dünyasını dəyişməsi onu sevənləri çox sarsıtmışdı. O, böyük xalq məhəbbəti qazansa da, xalq şairi fəxri adını almadığı üçün dövlət rəsmləri onun Fəxri Xiyabanda dəfn edilməsinə icazə vermək istəmirdilər. Amma xalq o zamankı rəhbərliyi qərarını dəyişməyə məcbur edə bildi. Yazıçı Salam Qədirzadə ölkə rəhbərliyini xalqın kəskin etirazlarından xəbərdar etmişdi. Beləliklə, Azərbaycan SSR Mərkəzi Komitəsinin katibi olan Vəli Axundov özü Bakıda olmasa da, xalqın bu qərarını rəsmi şəkildə təsdiqləməlu olur.

Azərbaycan xalqı Vahidin tabutunu Yazıçılar İttifaqından Fəxri Xiyabana əlləri üstdə piyada aparır və onu burada dəfn edirlər. Əliağa Vahiddən nə əvvəl, nə də ondan sonra heç bir şair bu cür dəfn edilməmişdi....   

Əliağa Vahid öz xalqını, vətənini, onun milli istiqlal mübarizəsini nə qədər dərindən sevirdisə, qədirbilən xalqımız da onu eyni böyük və sonsuz məhəbbətlə sevib və sevir. Bunun təsdiqini Sovet hökuməti onun dəfn günü Fəxri Xiyabana axın edən yüzminlərlə Vahidsevərin şəxsində bir daha əyani olaraq görmüş, onun dəfnini layiqincə təşkil etməkdən yaxasını kənara çəkə bilməmişdi...

Allah rəhmət eləsin.

 

Fazil QARAOĞLU

Professor

 

Bakı Xəbər.- 2018.- 8 avqust.- S.15.