Ermənilərin talan etdikləri təbii
sərvətlərimiz...
Bu gün nəinki Qafqaz, eləcə
də bütün dünya üçün təhlükələr
saçan Ermənistan hərbi təcavüz nəticəsində
Azərbaycan torpaqlarının bir hissəsini işğal edib
və zəbt etdiyi ərazilərdə ciddi ekoloji terror
aktları həyata keçirir. Bu terrordan yalnız Azərbaycan
deyil, bütün bölgə ciddi əziyyət çəkir.
Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edilən Azərbaycan torpaqlarında ekoloji
tarazlıq çox ciddi şəkildə pozulub, Azərbaycana
aid təbii sərvətlər onlar tərəfindən məhv
olunub, istismar edilib.
Bu gün işğal altında olan Azərbaycan torpaqlarında Ermənistan ağılasığmaz neqativ əməllər həyata keçirir, təbii sərvətlərimizi talan edir. Sözsüz ki, bu, Azərbaycan florasına, faunasına, təbiətinə ciddi zərər vurur.
Çərkəz Qubadlı (Məmmədov) “Qubadlının təbiəti erməni işğalından əvvəl və sonra” adlı kitabında bu məsələni geniş şəkildə araşdırıb. Qeyd edək ki, faktlar Şuşa regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin materiallarından götürülüb.
Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı işğal etməsi nəticəsində təbii sərvətlərimizə dəyən ziyanı hesablamaq mümkün deyil. Ç.Qubadlı qeyd edir ki, 1988-94-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunub.
Ç.Qubadlının yazdığına
görə, işğal olunmuş ərazilərdə 460
növdən çox yabanı ağac və kol bitkiləri
bitir. “Bunlardan
70-i endemik növ olub, dünyanın heç bir yerində təbii
halda bitmir.
Qaracöhrə, ayıfındığı, Araz
palıdı, yalanqoz, Şərq çinarı, adi nar,
meşə üzümü, pirkal, şümşəd, eldar şamı, adi xurma, söyüdyarpaq armud və
s. növ ağaclar işğal olunmuş ərazidə məhv
edilərək dünya florasının xəzinəsindən
silinmək üzrədir.
Həyata
keçirilən məqsədyönlü tədbirlər nəticəsində
xüsusi mühafizə olunan təbiət ərazilərinin
sahəsi hazırda 890 min hektara çatdırılıb ki,
bunun da 42997 hektarı erməni
işğalçılarının tapdağı
altındadır”- deyə bildirən Ç.Qubadlının
sözlərinə görə, Bəsitçay Dövlət
Təbiət Qoruğu, Arazboyu Dövlət Təbiət
Yasaqlığı, Qaragöl Dövlət Təbiət
Qoruğu, Laçın rayon Dövlət Təbiət
Yasaqlığı, Qubadlı rayon Dövlət Təbiət
Yasaqlığı və Daşaltı Dövlət Təbiət
Yasaqlığının ərazilərində olan qiymətli
ağac və biomüxtəlifliyin digər növləri bu
gün də talan edilir: “İşğal olunmuş rayonlarda
247352 hektar meşə sahəsi, o cümlədən 13197,5 ha qiymətli meşə sahələri, 152 ədəd
təbiət abidəsi və 5 ədəd geoloji obyekt
qalmışdır. Hazırda işğal
olunmuş ərazilərdə məskunlaşmış ermənilər
böyük əhəmiyyətə malik olan bu təbiət
abidələrinin əksəriyyətini məhv etmişlər.
Qiymətli ağac növlərindən ibarət 986 hektar
dövlət meşə sahəsi, 710 hektar kolxoz meşələri,
560 hektar yol, su, kanal kənarı, mədəni meşələr
işğal altında qalıb, ərazidə törədilən
yanğınlar nəticəsində bölgənin flora və
faunasına ciddi ziyan dəyib. Ağdam şəhərində
yaşı 150-250 ilədək olan 6 ədəd, Şelli,
Seyidli, Sarıhacılı, Əliağalı kəndlərində
yaşı 200-250 il olan 8 ədəd, Boyəhmədli kəndi
ətrafında yaşı 400 ilə çatan 71 ədəd
təbiət abidəsi kimi qorunan,
pasportlaşdırılmış Şərq
çinarları məhv edilib”.
Mütəxəssis vurğulayır ki, Avropada yeganə
təbii çinar meşəsi Kiçik Qafqazın qərb
hissəsində -Zəngilan rayonundadır. Bəsitçay
vadisində 117 hektar sahəni əhatə edən çinar
meşəsinin 107 hektarı Bəsitçay Dövlət Təbiət
Qoruğuna məxsusdur. O qeyd edir ki, qoruq 1974-cü ildə
mərhum akademik Həsən Əliyevin təşəbbüsü
ilə yaradılıb. “Meşənin
uzunluğu 15 km, eni isə 150-200 metrə çatır. Təəssüf ki, belə bir çinar meşəsi
20 ildir erməni işğalçılarının əlindədir.
Əsrlərin yadigarı olan çinar
ağacları ermənilər tərəfindən
qırılır və məhv edilir.
Zəngilan rayonunun Rəzdərə kəndində
çinar meşəsinin yerləşdiyi ərazidə ermənilər
ağac emalı sexi açmışlar. Sex fasiləsiz
olaraq işlədilir, mebel materialı istehsal olunur. Ətrafda olan çinar, qoz, palıd
ağaclarını ucdantutma qırıb istifadə edirlər.
Ermənilər qırılan ağacların
kökünü itirmək üçün onun kökünə
partlayıcı maddə qoyub dağıdır, sonra isə
yandırır, beləliklə də cinayətlərinin izini
itirməyə çalışırlar. Ərazidə
saxlanan mal-qaraya cavan pöhrələr yedizdirilir, toxumdan əmələ
gələn cücərtilər məhv edilir. Belə faktlar isə ekoloji terrordan başqa bir
şey deyil.
Daha bir fakt. Zəngilan rayonunun Muğanlı kəndində
100 miliyon dollar dəyərində yeni ağac emalı zavodu
tikilib. Onun istifadəçiləri
İsfahan erməniləridir. Guya bu zavodun əsas
xammal bazası Araz çayından axıb keçən
ağaclardır. Halbuki, zavodun istifadəyə
verilməsinin başlıca məqsədi Zəngilanın və
ətrafdakı digər işğal edilmiş rayonların
meşələrinin kökünün kəsilməsidir.
Əlbəttə, başlıca zərbə yenə
də ağacların şahı olan çinarlara dəyir.
Bu barədə bir neçə dəfə beynəlxalq
konfranslarda məsələ qaldırmışam. Çünki Bəsitçay vadisindəki
çinar meşəsi təkcə Azərbaycana deyil,
bütün Avropa təbiətinə məxsus olan nadir incidir.
Kəlbəcər rayonunda “Qırmızı kitab”a daxil
edilmiş 968 hektar ərazini əhatə edən
ayıfındığı ağacları da kütləvi
şəkildə qırılaraq xaricə satılır. Rayon ərazisində
4 mindən artıq müxtəlif növ bitki var ki, bunlardan
200-ə qədəri dərman bitkiləri olmaqla, onlar da xarici
şirkətlər tərəfindən kütləvi şəkildə
talan olunaraq xaricə daşınır. Bu
isə bitkilərin həmin ərazilərdə
kökünün kəsilməsinə səbəb olur.
Azərbaycan
Respublikası xarici işlər nazirinin müavini X. Xələfovun
imzası ilə Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə daxil olmuş 17 dekabr 2003-cü il
tarixli, 4/21-332/03 №-li məktubda bildirilir ki, son zamanlar
Tehranın bir sıra ticarət mərkəzlərində Ermənistanda
istehsal olunan “Cermuk” mineral suyu satışa
çıxarılıb.
Araşdırmalar
nəticəsində məlum olub ki, adıçəkilən
mineral su Ermənistanın “Cermuk” şirkətlər qrupu tərəfindən
Azərbaycan Respublikasının işğal altında olan Kəlbəcər
rayonu ərazisindəki “İstisu”dan doldurularaq
qablaşdırılır, doldurulmuş qabların üzərində
isə Ermənistanın turizm zonası kimi tanınan Cermuk
yaşayış məntəqəsinin ərazisindəki
bulaqlardan doldurulması barədə fars dilində məlumat və
kimyəvi tərkibi yazılır” - deyə vurğulayan
Ç.Qubadlının yazdığına görə,
dünya mədəniyyətinin incisi olan Şuşada da ermənilər
təbii sərvətləri məhv ediblər.
“Məlum olduğu kimi, Şuşa şəhəri
dünya mədəniyyətinin incilərindən biridir. Bu şəhərin
mədəniyyət və təbiət abidələri
artıq məhv edilib. “Ağzı
yastı kaha” adlanan yerin qabağından Topxana meşəsinin
qoruq zonasında, meşənin lap hündür yerində
geniş düzənlik açılıb və orada meşə
sahəsi qırılaraq tikintilər inşa edilib. “Haça yal” adlanan sahəsində uzun illər mədəni
formada əkilərək becərilmiş 2000 ədədədək
palıd ağacı ermənilər tərəfindən
doğranaraq aparılıb. Digər təbiət abidəsi
Qarqar çayının sol sahilində, Şuşa şəhərindən
cənubda yerləşən, uzunluğu 114 m olan, əhəng
daşları Titan əsrinə aid edilən “Xan
mağarası” da xüsusi mühafizə olunan təbiət ərazilərinə
aid idi. Şuşa və Əsgəran ərazisində
nadir təbiət komplekslərini qorumaq üçün
1988-ci ildə təşkil edilən Daşaltı Dövlət
Təbiət Yasaqlığı 450 hektar ərazini əhatə
edirdi. 1992-ci ildən işğal
altında qalan yasaqlıq hazırda tamamilə məhv edilib.
Şuşa
Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin
rəisi İ.Q.Ələkbərovun verdiyi məlumata görə:
“Əldə olunmuş videokasetlərdən və peyk vasitəsilə
aparılmış çəkilişlərdən müəyyən
edilib ki, Şuşa şəhərinin “Cıdır
düzü” adlanan qoruq ərazisində, çöl qala
adlanan ərazi ətrafında Xəlifəli, Qaybalı və
Daşaltı kəndlərinin ərazilərində olan
meşələr və ağaclar qırılaraq qışda
yandırmaq üçün oduncaq kimi istifadə olunub. Bu göstərilənlər ermənilərin
yaşadıqları mənzillərin eyvanında qalaq-qalaq
yığılmış, doğranmış oduncaqların
görüntüləri ilə tamamilə təsdiq olunub.
Bundan başqa, Şuşa şəhərinin yuxarı hissəsində
“dörd yol” adlanan yerdən yuxarı “Laçın”
küçəsinin sağ və sol hissələrində
70-80 ədəd müxtəlif növ iri diametrli
ağacların kəsilmiş köküstü kötüklərinin
qalıqları aydın görünür.
Şəhərin A.Qaraşov küçəsi boyunca
1-2 ağac istisna olmaqla, illər uzunu qulluq edilmiş müxtəlif
növ ağacların küçə boyu
qırıldığı videokasetdən aydın
görünür.
Şəhərin H.Hacıyev adına 4 №-li orta məktəbinin
qarşısında yol boyu 50-60 ədəd çoxillik iri
diametrli qovaq ağaclarının tamamilə
qırıldığı aşkar görünür”- deyə
mütəxəssis qeyd edir.
O, həmçinin,
bildirir ki, Şuşanın Cıdır düzündə,
“Ağzı yastı kaha” adlanan yerin qarşısında
Topxana meşə qoruğu zonasında, meşənin lap
hündür yerində geniş düzənlik
açılmış, orada müxtəlif adda qiymətli
ağaclar qırılmış, tikinti işləri
aparılıb ki, bu da videokasetdə aydın
görünür, belə hal dövlət tərəfindən
qorunan qoruqların mühafizəsi qaydalarına tamamilə
ziddir: “Şəhərin yuxarı hissəsində kinoteatrın
qarşısında küçə boyunca iri diametrli dekorativ
ağacların kəsildiyi, həmin ağacların gövdələri
görünür ki, burada yaşayan ermənilərin kəsilmiş
ağaclardan odun kimi istifadə etmələri danılmaz
faktdır. Bundan başqa, şəhərin
Haça Yal adlanan meşə sahəsində ermənilərin
1500-2000-ə yaxın palıd ağaclarını əsirlikdə
olanlara qırdıraraq Xankəndinə aparmaları faktı
da var.
14 iyun
2006-cı il tarixdə ermənilərin Xocavənd rayonunun
“Qaraca çalan” və “Nərgiztəpə” adlanan hissələrində
yanğın törətmələri faktı ilə əlaqədar
hadisə yerində videoçəkilişlər aparılmaqla
müəyyən edilib ki, ermənilərin törətdikləri
vəhşilik nəticəsində 15000 hektara qədər
torpaq sahəsi yanğına məruz qalmış,
yanğın zamanı torpağın üst qatı və
bitki örtüyü tamamilə məhv edilib. Orada
olan fauna və floradan əsər-əlamət qalmamış,
ərazidə olan ağaclar yanaraq külə dönüb”.
Ekspert vurğulayır ki, zəngin biomüxtəlifliyə
malik Azərbaycan təbiətinin bir parçası olan
Laçın rayonunda yerləşən Qaragöl Dövlət
Təbiət Qoruğunda isə ətraf mühitə vurulan
ziyanın məbləği ölçüyəgəlməz
dərəcədədir. Ümumi sahəsi 240
hektar olan qoruq indi ermənilər tərəfindən talan
edilməkdədir. Qaragöl və onun əhatəsindəki
ərazilərin tamamilə məhv olmaq təhlükəsi
yaranıb: “Burada ermənilər tərəfindən fasiləsiz
ovlandığı üçün heyvan və
quşların sayının xeyli azalması, bir çox
növlərin tamam məhv edilməsi müşahidə
edilib. Yasaqlığın ərazisində
Hacışamlı meşəsində dünyada ən qiymətli
növ olan qırmızı palıd (qızıl palıd)
ağacları var. Azərbaycanda yalnız həmin
yasaqlıqda yayılan bu ağacın materialından qiymətli
mebel və xüsusən konyak spirti saxlamaq üçün
çəlləklər düzəldilməsində istifadə
edilir. İndi qırmızı palıd və
digər növlər ermənilər tərəfindən vəhşicəsinə
qırılaraq Fransaya, qoz ağacları isə
qırılaraq mebel istehsalında istifadə məqsədilə
İrana satılır”.
İradə SARIYEVA
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə çap
olunur.
Bakı Xəbər.- 2018.- 17
avqust.- S.6.