Milli pulumuzun 26 yaşı oldu

ilk pulun eskizlərini hazırlayan rəssam...

Eldar Mikayılzadə:”O dövrdə məsləhət oldu ki, mənim çəkdiyim eskizlər milli valyutamızın eskizi kimi qəbul edilsin”

“Əsas məqsədimiz o idi ki, keçmiş SSRİ respublikaları arasında milli valyutamızı birinci biz dövriyyəyə buraxaq və ölkəmiz müstəqilliyini təsdiqləsin”

 “Qazandığı dəyərə görə bizim valyutamız o respublikaların milli valyutasından üstün oldu

 Ölkəmiz XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra milli dövlətçilik atributlarımızın yaradılması gündəmə gəldi. Müstəqil dövlətin əsas atributlarından biri milli valyutadır. Ekspertlər qeyd edirlər ki, iqtisadi rəmz, iqtisadi azadlığın nümünəsi olan milli valyutamız dövlət müstəqilliyimizin  ilk illərində yaranıb. İlk milli valyutamız olan manatın yaranması 1992-ci ilə təsadüf edir. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli “Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında” Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Presidentinin 15 iyul 1992-ci tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu.

Kompyuter qrafikasının geniş yayılmadığı bir dövrdə Azərbaycanın ilk pul vahidlərinin, milli valyutasının eskizlərinin müəllifi kim olub?

Araşdırmamız nəticəsində məlum oldu ki, manatın ilk eskizlərinin müəllifi tanınmış xalçaçı rəssam, Azərbaycan Respublikasının xalq rəssamı Eldar Mikayılzadədir.

Eldar Mikayılzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əslində milli valyutamızın ilk nümunələrinin eskizlərini yaradarkən Azərbaycan dövlətinin milli valyutasının ilk eskizinin müəllifi kimi tarixə düşmək iddiası olmayıb. O, bizimlə söhbətində bildirdi ki, ilk milli valyutamızın eskizlərinin hazırlanması üçün Milli Bank tərəfindən müsabiqə elan edilib. E.Mikayılzadənin sözlərinə görə, sözügedən müsabiqəyə onunla yanaşı digər Azərbaycan rəssamları və xarici rəssamlar qatılıb. “Mənə konkret olaraq ilk milli valyutamızın eskizlərini işləmək üçün sifariş verilməmişdi. Sadəcə, həmin dövrdə Milli Bank tərəfindən müsabiqə elan edilmişdi və həmin müsabiqəyə mən də eskiz təqdim etdim. Deyim ki, milli valyutamızın ilk eskizlərinin hazırlanması üçün elan edilən müsabiqəyə bizim rəssamlarla yanaşı xarici rəssam da eskiz təqdim etmişdilər. O vaxtkı pullar indiki pullara bənzəmirdi, fərqliydi. Bilirsiz ki, orkestrin bütün musiqi alətləri röyala köklənir, bizdə isə orkestr tara köklənir. Mən milli valyutamızın eskizlərini xalçaçlıq elementlərinə köklədim. Mənim eskizimin qəbul edilməsinə gəlincə, bəlkə onu mən xalça naxışları üzərinə köklədiyimə görə qəbul edildiilk oldu. Əslində, bu barədə danışmaq çox çətindir. Mən 1, 5, 10, 50, 100, 250, 500 və 1000  manatlıq əskinasları işləmişəm. Həmçinin ilk qəpiklərin eskizini də mən çəkmişəm. Milli valyutada millilik hiss olunmalıdır. O vaxt çalışırdıq ki, milli  valyutamız daha tez dövriyyəyə buraxılsın. Çünki o zaman SSRİ tərkibindən çıxıb müstəqillik əldə edən respublikalar arasında bir yarış gedirdi. Yəni hansı respublika öz valyutasını tez çap etdirib dövriyyə buraxacaq. Bilirsiz ki, milli valyutanın dövriyyəyə buraxılması dövlətin müstəqilliyinin təsdiqi idi. Əsas məqsədimiz o idi ki, keçmiş SSRİ respublikaları arasında milli valyutamızı birinci biz dövriyyəyə buraxaq və ölkəmiz müstəqilliyini təsdiqləsin. Deyim ki, milli valyutasını buraxan ilk respublikalardan biri Azərbaycan oldu. Demək olar ki, Azərbaycanla Belarus milli valyutasını eyni vaxtda buraxdı. Baltikyanı ölkələrin milli valyutası həmin dövrə təsadüf etdi. Ancaq deyim ki, qazandığı dəyərə görə, bizim valyutamız o respublikaların milli valyutasından üstün oldu. Çünki bizim valyuta xarici dövlətlərdə işlənməyə başladı”.

Azərbaycan manatının o dövrdə İranda, Türkiyədə işlədiyini deyən E.Mikayılzadənin sözlərinə görə, bu dövlətlərin bazarında Azərbaycan pulu alqı-satqı zamanı geniş istifadə edilib. Bundan başqa, keçmiş SSRİ respublikalarının da bir çoxunda Azərbaycan pulunun istifadə edildiyini qeyd edən E.Mikayılzadə bildirdi ki, o dövrlərdə bizim milli valyuta daha güclü idi qəbul edilirdi.

İlk milli valyutamızın eskizinin müəllifi kimi tarixə düşən E.Mikayılzadə onu da bildirdi ki, bir sənətkar kimi buna vətəndaşlıq borcu kimi yanaşır:”Heç zaman demirəm ki, ən yaxşı rəssam mənəm. Hər halda, o dövrdə məsləhət oldu ki, mənim çəkdiyim eskizlər milli valyutamızın eskizi kimi qəbul edilsin. İlk milli valyutamızın ilk eskizlərinin müəllif mən oldum. Amma bu heç bir halda rəssamın istedadını göstərən amil deyil. Burada bəxt, şans, zaman amilləri də az rol oynamır. Ola bilər mənim eskizimin qəbul edilməsi zamanın tələbi ilə bağlı olub. O dövr milli ruhumuzun daha yüksək olan dövrləri idi.  Bəlkə də orada milli ornamentlər-filan olduğu üçün bəyənilmişdi, deyə bilmərəm. Mənim işim xalçaçılıqdı, miniatürdür, xəttatlıqdır...Bunlar da milli tətbiqi sənətin növləridir. Əlbəttə, bunun da təsiri var. Məni ən çox sevindirən məsələlərdən biri o vaxt milli valyutamızı buraxmağımız, gerbimizi, bayrağımızı, başqa dövlət rəmzlərimizi qəbul etməyimiz oldu. Cumhuriyyət dövründə gerbimizin müəllifi gürcü idi, Sovet dövründə isə erməni olmuşdu. Müstəqillik qazandıqdan sonra Cumhuriyyət dövründəki gerbi qəbul etdik, amma o gerbin üzərində işlədik, ora milli ornamentlər, milli çalarlar əlavə etdik. Gerbin işlənməsində mənim də rolum olub”.

İradə SARIYEVA

Bakı Xəbər.- 2018.-21 avqust.- S.13.