Xəzər Konvensiyasının Azərbaycana gətirəcəyi

iqtisadi dividendlərin yeni istiqamətləri...

“Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi dəniz üzərindən daşınan yüklərin kəmiyyətinə təsir göstərəcək”

Vüqar Bayramov: “Bu da tranzit ölkə olaraq Azərbaycanın beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirin artmasına zəmin yaradacaq”

Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzərin statusunu müəyyənləşdirən sammitin gündəliyinə daxil olan məsələlər - su hövzəsinin hüquqi statusu, Xəzərdə əməkdaşlıq, iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunması, regional və qlobal təhlükəsizlik məsələləri müzakirə olunaraq  mühüm əhəmiyyətə malik qərarlar qəbul olundu.

Sammitin yekununda 5 Xəzəryanı dövlətin başçıları tərəfindən dənizin hüquqi statusunu müəyyən edəcək Konvensiyada ərazi suları, dəniz sərhədləri, dənizin dibinin bölgüsü, naviqasiya qaydaları, balıq ovu hüquqları, ətraf mühitin qorunması, dəniz elmi tədqiqatları, hərbi əməkdaşlıq məsələləri, dənizin sərvətlərindən istifadə və başqa məqamların tənzimlənməsi yer alır.

“Xəzər beşliyi”nin sammitində imzalanan sənədin 14-cü maddəsinə görə, sahilyanı ölkələr dənizin dibi ilə qaz və neft kəmərləri çəkə bilərlər, bunun üçün sadəcə olaraq kəmərin keçdiyi sektorlara sahib ölkələrin razılığı kifayət edir. Bu maddə Türkmənistan və Qazaxıstanın karbohidrogen ehtiyatlarının Azərbaycan vasitəsilə Türkiyə və Avropaya nəqlinə yaşıl işıq yandırır. Belə ki, indiyədək statusun qeyri-müəyyən olması Qazaxıstanın planlaşdırdığı Xəzər kəmərinə və Türkmənistanın öz qazını Avropa bazarına çıxarmaq istədiyi Transxəzər kəmərinə ciddi maneələr törədirdi.

Prezident İlham Əliyev sammitdəki çıxışında bildirib ki, Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında və inkişafında da mühüm rol oynayır: “Biz bu layihəyə böyük əhəmiyyət veririk. Azərbaycan ərazisində bu layihənin reallaşması üçün bütün işlər başa çatıb. Nəqliyyat sektoruna çoxmilyardlıq investisiyanın qoyulması Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevirib. Azərbaycanın Qazaxıstana və Türkmənistana öz tranzit xidmətlərini təqdim etdiyi “Şərq-Qərb” dəhlizi, Azərbaycandan keçməklə İranRusiya arasında tranzitin reallaşdırıldığı “Şimal-Cənub” dəhlizi - bunlar iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni yerləri yaradan, bizi bir-birimizə yaxınlaşdıran, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir”.

Bu gün regionalqlobal nəqliyyat-kommunikasiya dəhlizlərinin reallaşdırılması ilə Azərbaycan özünü təkcə neftqaz hasil edərək ixrac edən ölkə kimi deyil, həm də Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir.

Azərbaycanda yaradılan müasir yol-nəqliyyat infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da tranzit imkanları artır. Bütün bu deyilənlərin fonunda, Xəzərin statusu ilə bağlı razılaşmanın əldə olunması Azərbaycanın beynəlxalq tranzit ölkə kimi rolunun artmasında necə rol oynayacaq?

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, bu, Azərbaycanın beynəlxalq yükdaşımalarda rolunu artıracaq: “Çünki burada söhbət beynəlxalq yükdaşımalar, kəmərlərin çəkilməsi və digər məsələlər üzrə razılıq almaqdan gedir. Nəticə etibarilə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi Xəzər üzərindən daşınan yüklərin kəmiyyətinə təsir göstərəcək. Azərbaycan Xəzər üzərindən daşınan yüklərin payının artmasında maraqlıdır. Ələt limanının qurulması və Azərbaycanın mövcud infrastrukturu buna imkan verir. Azərbaycan və Xəzər üzərindən daha çox yüklərin daşınmasına imkan verəcək. Bu da tranzit ölkə olaraq Azərbaycanın beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirin artmasına zəmin yaradacaq.  Beynəlxalq yükdaşımaların həcminin, ölkələrin gəlirlərinin həcminin artması nəticə etibarilə yeni yerlərinin açılması, məşğulluğun təmin edilməsi baxımından çox vacibdir. Kəmərlərin çəkilməsi və bu istiqamətdə fəaliyyətin gücləndirilməsi enerji resurslarının daşınması baxımından çox vacibdir. Bu, fərqli bazarlara çıxış imkanları deməkdir. Konvensiyaya əsasən, Xəzəryanı ölkələr sərhədlərin müəyyən edilməsi və xüsusən də Xəzərin dibindəki ehtiyatların istifadəsi ilə bağlı qarşılıqlı olaraq anlaşacaqlar. Azərbaycan artıq Rusiya və Qazaxıstanla belə bir anlaşma imzalayıb. Bu baxımdan söhbət Türkmənistan və İranla anlaşmanın əldə olunmasından gedir”.

Vidadi ORDAHALLI

Bakı Xəbər.- 2018.-15 avqust.- S.4.