Ermənilərin talan etdikləri təbii sərvətlərimiz...
II yazı
Uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan silahlı qüvvələri qəsb etdikləri ərazilərimizdə dünyada analoqu olmayan cinayətlər törədirlər. Təəssüf ki, bu gün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında ermənilərin həyata keçirdiyi neqativ aktları dünya birliyi ifşa etməkdə gecikir. Halbuki, Ermənistanın saysız-hesabsız çirkin oyunları çoxdan ifşa olunmalı, erməni saxtakarlığı tənqid edilməli idi.
Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilən Azərbaycan torpaqlarında ermənilər fauna və floramıza, sözün əsl mənasında, divan tuturlar. Ermənilərin Azərbaycanın işğal altında olan ərazisindəki təbii sərvətlərinə qarşı törətdiyi vandalizm aktlarını Çərkəz Qubadlı (Məmmədov) “Qubadlının təbiəti erməni işğalından əvvəl və sonra” adlı kitabında geniş şəkildə araşdırıb. Qeyd edək ki, faktlar Şuşa Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin materiallarından götürülüb.
Ç.Qubadlı yazır ki, Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalır. Bu ərazilərdə irili-xırdalı 7 relikt göl: Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Ağdərə rayonu ərazisində (Tərtərin qolu olan Torağaçayda) Qaragöl kimi şirin su ehtiyatları bu gün işğal altındadır: “Hazırda işğal altında olan Sərsəng su anbarı Tərtər çayı üzərində 1976-cı ildə inşa edilmiş, ümumi su tutumu 560 milyon kubmetr, bəndinin hündürlüyü 125 metrdir. İşğaldan qabaq 79000 hektar əkin sahəsi Sərsəng su anbarı vasitəsilə suvarılırdı.
Lakin uzun müddətdir texniki qurğulara xidmət göstərilmədiyindən, qəza vəziyyətində olan anbardan aşağıda yerləşən 400 min nəfər əhali təhlükə altında yaşayır. Bundan əlavə, yayda illik su normasının 10-15% -i buraxılır ki, bu da əkin sahələrinin suvarılmasında problemlər yaradır, yaşıllıqlar susuzluqdan quruyaraq məhv olur, ciddi ekoloji gərginlik yaranır. Bu gün 7 rayon Sərsəng su anbarının suyundan istifadə edə bilmir.
Ən zəngin faydalı qazıntı yataqları ölkənin işğal olunmuş ərazilərində qalıb. Məlum olduğu kimi, işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1perlit, 1obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və s. ) 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir ki, bu da respublikanın iqtisadi potensialında mühüm əhəmiyyət kəsb edirdi.
Yuxarıda sadalanan növ faydalı qazıntılar Qızılbulaq, Mehmana, Dəmirli, Canyataq-Gülyataq, Ağdərə, Şorbulaq, Şuşa, Şirlan, Turşsu, Xocalı, Zərinbax, Ağçay, Xankəndi, Ediş, Xocavənd, Söyüdlü, Ağduzdağ, Tutxun, Ağyataq, Levçay, Kilsəli, Keşdək, Keçəldağ, Çəlli, Yuxarı İstisu, Aşağı İstisu, Mozçay, Qoturlu, Çilkəz, Narzanlı, Əhmədli, Hoçaz, Laçın, Novruzlu, Yuxarı Əkərəçay, Quşçu, Minkənd, Hacılı, Xanlıq, Qubadlı, Vejnəli, Bartaz, Oxçuçay, Zəngilan, Şərifan, Tuluz, Qaracalı, Soltanlı, Çaxmaxçay, Göyərçin-Veysəlli, Minbaşılı, Ağtəpə, Cəfərabad, Şahverdilər, Çaxmaxqaya, Dövlətyarlı, Diləgərdi, Kürdmahmudlu, Quruçay, Şahbulaq, Gülablı, Çobandağ, Boyəhmədli, Şahbulaq, Ağdam, Qarqarçay, Xaçınçay və s. yataqlarda aşkar edilib”.
Müəllif qeyd edir ki, sözügedən yataqlarda sənaye ehtiyatları təsdiq edilmiş 132,6 ton qızıl, 37,3 min ton qurğuşun, 189 milyon kubmetr mişar daşı, 1 milyon 526 min ton gəc, 1 milyon 968 min kubmetr/gün yeraltı şirin su, 18 milyon 432 min kubmetr üzlük daşı, 23 milyon 243 min kubmetr gil, 57 milyon 965 min ton tikinti daşı, 7805 kubmetr/gün mineral sular, 96 milyon 987 min ton qum-çınqıl, 1898, 4 ton civə, 4 milyon 473 min kubmetr perlit, 2 milyon 144 min kubmetr pemza, 129 milyon 833 min kubmetr soda istehsalı üçün əhəngdaşı, 147 milyon 108 min ton sement xammalı və s. iqtisadiyyatın inkişafında vacib əhəmiyyət daşıyan faydalı qazıntılar aşkar edilib: “Bunların əksəriyyəti işğalçılar və qanunsuz olaraq bəzi xarici şirkətlər tərəfindən istismar edilir.
İşğal olunmuş ərazilərdən keçən təbii su mənbələrimiz də Ermənistan tərəfindən həddindən artıq çirklənməyə məruz qalır. Araz və Kür çaylarının qolları olan uyğun olaraq Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən ən ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaranıb. Ermənistan Respublikası ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan-Qacaran şəhərlərinin (o cümlədən kəndlərin, xəstəxanaların, kənd təsərrüfatı obyektlərinin) bioloji çirkli suları təmizlənmədən (zərərsizləşdirilmədən) birbaşa Azərbaycan ərazisində Zəngilan rayonunun Şərikan kəndinin qarşısında Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini “Ölü zonaya” çevirib. Çayın yatağının 43 kilometri, sutoplayıcı sahəsinin isə 455 kv.km-i Azərbaycan ərazisinə düşür ki, bu hissə daim çirklənməyə məruz qalır. Nəticədə çay suyunda əzəldən formalaşmış mikroflora-fauna da məhv olub, öz-özünü təmizləmə prosesi dayanıb.
Qubadlı rayonunu işğal etdikdən sonra kəndlərdəki evləri yandırıb viran etmiş, əmlakını, var-dövlətini talan edib aparmış, meşələri, həyətlərdəki ağacları kəsib daşımış, təbiət abidələrini dağıdıb məhv etmiş, yasaqlardakı vəhşi heyvan və quşları vəhşicəsinə ovlamış, Bərgüşad və Həkəri çaylarındakı qiymətli balıq növlərini elektrik cərəyanları və partlayıcı maddələrlə qırıb tükənmiş hala salmışlar. Başqa sözlə desək,Qubadlının ətraf mühitinə və təbii sərvətlərinə misli görünməmiş dərəcədə dağıdıcı zərbə vurmuşlar.
Bir çox mənbələrdən verilən məlumatlara görə,Ermənistan Atom Eektrik Sansiyasında hasil olunan nüvə qalıqlarını Qubadlı və Laçın rayonları ərazilərində ört-bastır edir”.
Ç.Qubadlının bildirdiyinə görə, Qubadlı rayonunun Həmzəli kənd sakini Qaraşov Əlizaman Telman oğlu izahatında qeyd edir ki, 1993-cü ilin avqust ayından 1994-cü ilin oktyabr ayına kimi erməni əsirliyində olub. “Əsir düşəndə 13 yaşım vardı. Ermənilər məni Xankəndidə donuz tövləsində saxlayırdılar. Azyaşlı olmağıma baxmayaraq, məni ermənilər hər gün döyür, söyür, işgəncə verir, ac-susuz saxlayır, lazım olanda ağır işlər gördürürdülər. Mən və yaşıdlarımı Horadiz bazasından pambıq və meşələrimizdən kəsilmiş ağac hissələrini maşına yığıb boşaltmağa məcbur edirdilər. Uşaq olsam da meşələrimizin, bağlarımızın amansızlıqla kəsilib daşındığını, ov-vəhşi heyvanların acgözlüklə ovlandığını, çaylarımızdakı balıqların kütləvi şəkildə məhv edildiyini gördükcə ürək ağrısı keçirirdim.
Erməni əsirliyindən qayıdan rayonun Yuxarı Xocamsaxlı kənd sakini Hidayət Xəlilov, Xocahan kənd sakini Nazim Rəcəbov, Novlu kənd sakini Bəhlul Adgözəlov, Həmzəli kənd sakini Kərəm Yusifov və başqaları ilə aparılan söhbətlər zamanı onlar da ermənilərin işğal olunmuş Azərbaycan kəndlərini yandırıb külə döndərdiklərini, meşələrin, bağların kəsilib aparıldığını, təbii sərvətlərimizi vəhşicəsinə dağıtdıqlarını ürək yanğısı ilə danışırdılar” - deyə qeyd edən Ç.Qubadlının bildirdiyinə görə, Estoniyada yaşayan azərbaycanlıların xahişi ilə Ermənistanın Qafan rayonunun Şıxovis kəndinin sakini, mexanik Tacatın oğlu tərəfindən çəkilmiş videokasetə baxış zamanı müəyyən oldu ki, Qubadlı rayonunun Məmər kəndindən rayon mərkəzinə qədər “Bərgüşad” çayı sahili boyunca asfalt yol və onun ətrafındakı Məmər, Hal, Qəziyan, Müskanlı, Saray, Mirlər kəndlərini əhatə edən qırılmış ağac pöhrələrindən, qamış və kol-kosdan başqa heç nə yoxdur.
Ermənilərin bütün evləri dağıtdığını, yandırıb xarabalıqlara çevrirdiyini vurğulayan alimin yazdığına görə, evlərin həyətlərindəki ağaclardan, bağlardakı qoz və çinar ağaclarından heç bir əsər-əlamət yoxdur. İri ağacların yalnız kötük hissələri zorla nəzərə çarpır. Bağların və nəhəng çinar və qoz ağaclarının yerində yol boyunca ancaq pöhrələr və kol-kos görünür: “Rusiya Federasiyasının Moskva şəhərində yaşayan azərbaycanlıların xahişi və sifarişi ilə 8-9 avqust 2005-ci ildə çəkilmiş videoda ermənilərin doğma torpaqlarımıza, füsunkar təbiətimizə, ekologiyamıza etdikləri dağıdıcı təsir daha dolğunluğu ilə öz əksini tapıb.
Seləli, Zilanlı, Kürd Mahruzlu, Muğanlı, Mahruzlu, Alaqurşaq, Xanlıq, Hal, Qəzyan, Diləlir Müskanlı, Saray, Mirlər, Dondarlı, Dəmirçilər, Xudular, Hacılı, Mahmudlu, Xələc, Çardaxlı kəndlərinin və Qubadlı şəhərinin dağılmış, yandırılmış, viran edilmiş, yerlə yeksan olunmuş evlərinin yanıq divarları, məhv edilmiş, bağ-bağçaları, kəsilmiş ağacları, viran edilmiş mədəniyyət və təbiət abidələrinin qalıqları zorla nəzərə çarpır. Həkəri və Bərgüşad çayları sahillərində vaxtilə salınmış göylərə boy verən çinar, qoz, tut, ərik, albalı, tənək ağaclarından əsər-əlamət görünmür. Onları əvəzinə şaytan ağacı, ilqınlıq, cılız söyüd ağacları və qamışlar kəndləri ört-basdır edib, sahibsizlikdən, xarabazarlıqdan vahiməli bir aləmdən xəbər verir.
Erməni işğalçıları tərəfindən təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının əraziləri düşünülmüş şəkildə od vurularaq yandırılıb. Yanğınlar ermənilərin nəzarətində olan min hektarlarla əraziləri əhatə etməklə, eyni zamanda, digər ərazilərə də yayılaraq ətraf mühitə və canlı təbiətə çox ciddi ziyan vurub.
Ümumilikdə götürdükdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 96 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin, meşə sahələri yanaraq məhv olmuş, torpağın üst münbit qatı yararsız hala düşüb. Yanğınlar zamanı ətraf mühitə 176 milyon manat məbləğində ziyan dəyib.
Eyni zamanda, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi və öz evindən-obasından didərgin düşmüş məcburi köçkünlərə vurulmuş mənəvi, ekoloji ziyan nəticəsində ölkəmizə təxmini hesablamalara əsasən, 31,72 milyard manat məbləğində ziyan dəyib”.
Ç.Qubadlı qeyd edir ki, ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro Bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Ona görə də dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. “Lakin ermənilər nəinki bu prinsipləri gözləmir, əksinə, həmin prinsipləri kobud surətdə pozaraq işğal etdikləri ərazilərin təbiətini viranə qoyurlar”.
İşğal olunmuş ərazilərdə erməni işğalçılarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının baş katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın icraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin prezidentinə rəsmi müraciətlər edilib, beynəlxalq təşkilatların diqqətinə bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi çatdırılıb” - deyə müəllif bildirir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti
yanındaKütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət DəstəyiFondunun maliyyə
dəstəyilə çap olunur.
Bakı Xəbər.- 2018.-22 avqust.-
S.6.