Moskvanın Qarabağ siyasətini Azərbaycanın xeyrinə

dəyişməsi üçün təsirli faktorlar sürətlə artır

İşğalçı Ermənistanda ictimai-siyasi müstəvidə getdikcə qızışan qarşıdurma bu ölkənin yaxın tezlikdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar masasına qayıdacağı inamını azaldır. Belə görünür ki, növbəti parlament seçkilərinə, yəni gələn ilin may ayına qədər İrəvan Qarabağ konflikti ilə bağlı danışıqların baş tutmasına hansısa maraq göstərməyəcək.

Çünki əsas diqqət daxili ictimai-siyasi vəziyyətə, qarşıdan gələn parlament seçkilərinə yönəlib. O vaxta qədər isə Ermənistanda siyasi qüvvələr balansında hər an ciddi dəyişikliklər yaşana bilər. Bu səbəbdən Qarabağ danışıqları həm erməni hakimiyyəti, həm də müxalifəti üçün arxa plana keçir. Hadisələrin bu səpkidə inkişafı isə, əraziləri işğal altında olan Azərbaycanla yanaşı, danışıqlarda vasitəçilik edən dövlətləri də qane etmir.

Erməni cəmiyyətində isə yaranmış vəziyyətdə belə etiraflara rast gəlmək mümkündür ki, danışıqların dayanması konfliktin müharibə yolu ilə həllini qaçılmaz edir. Digər tərəfdən ona da diqqət yetrilir ki, Ermənistanın danışıqlara Dağlıq Qarabağdakı separatçı rejimi daxil etmək cəhdlərini davam etdirməsi də savaşı tətikləyən faktorlar sırasında yer alır. Məsələnin bu tərəfinə yenidən nəzər salan rusiyalı ekspert Dmitri Verxoturov İrəvanın hələ də konstruktiv siyasət yürütməkdə çətinlik çəkdiyini vurğulayır: “Ermənistanın danışıqlarda Dağlıq Qarabağın iştirak etməsi ilə bağlı ideyası ölü doğulub, çünki Azərbaycan heç vaxt bununla razılaşmayıb. Ermənistan separatçıların danışıqlarda iştirakı ideyasını israrla irəli çəkəcəksə, Qarabağ münaqişəsinin həlli ilə bağlı diplomatik proses bitəcək. Danışıqlar olmayacaqsa, deməli, proses dalana dirənəcək və bu, güc variantına həyat verəcək”. Onun sözlərinə görə, Azərbaycan Ermənistanın əraziləri sülh yolu ilə qaytaracağına ümidini itirsə, müharibə qaçılmaz olacaq: “Ermənistan bu gün separatçıları danışıqlar masasına salmaqla Azərbaycana qarşı iki güclə çıxış etməyi düşünür. Keçmiş prezidenti Serj Sarkisyan üçün Qarabağ təkcə siyasi yox, həm də şəxsi məsələ idi. Buna görə də Sarkisyan separatçılarla sıx bağlı idi. Paşinyan isə başqa adamdır. O, Avropaya inteqrasiya siyasi kursuna xidmət edironun üçün Qarabağ münaqişəsi əlavə yükdür. O bu yüküata bilir, nə daşıya. Buna görə də danışıqlarda separatçıların iştirakını istəyir. Halbuki, bu olduqca uğursuz və təhlükəli siyasətdir. Paşinyan var gücü ilə danışıqlar prosesini uzatmağavaxt qazanmağa çalışır. Qarabağın statusu, öz müqəddəratını təyin etmə kimi ideyaların gündəmə gətirilməsi də vəziyyəti dolaşdırmağa hesablanıb. Qarabağ qeyd-şərtsiz Azərbaycan ərazisidir, lakin Ermənistanın bunu qəbul etməyi uzatması müharibəni hər keçən gün daha da yaxınlaşdırır”.

Qarabağ savaşının indiki şərtlər daxilində yenilənə biləcəyini erməni ekspert Karen Ohancanyan da təsdiq edir. O, Rusiyanın Ermənistanı cəzalandırmaq üçün bu savaşa rəvac verə biləcəyini də əlavə faktor olaraq göstərir: “Azərbaycan tərəfindən Qarabağla və Ermənistanla sərhəd boyunca baş verən hər şey irimiqyaslı hərbi hərəkətlərin başlanğıcına hazırlıqdır. Bu gün Qarabağ məsələsinin hərbi həll variantı öz aktuallığını itirməyib, həm də bəzi "dost" ölkələr bununla Ermənistanın yeni hakimiyyətini bəyan edilmiş hədəflərə ardıcıllıqla çatmaq planlarını reallaşdırmaq niyyətinə görə cəzalandırmaq istəyərdi. Beləliklə, döyüş hərəkətlərinin başlanğıcına açıq hazırlıq göz qabağındadır. Ermənistanın antirusiya siyasəti bizə heçucuz başa gəlməyəcək". Rusiyada fəaliyyət göstərən “EADaily” portalı isə yazır ki, Moskva Ermənistanda özünə yaxın sayılan adamlara qarşı addımları, xüsusən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovla bağlı məsələni unutmayıb və buna görə mütləq cavab tədbiri görəcək. Portal xatırladır ki, Ermənistan üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinə dəyişiklik təklif edib. Rəsmi İrəvanın təklifinə əsasən, Ermənistanın bu blokun ali orqanında baş nazir səviyyəsində təmsil olunması nəzərdə tutulur. Ermənistanın təşəbbüsünə əsasən KTMT-nin yaradılmasına dair 1992-ci il 15 may tarixli müqaviləyə və blokun 2002-ci il oktyabrın 7-də qəbul edilmiş nizamnaməsinə dəyişiklik təklif edilir. Bu dəyişiklik Ermənistanda konstitusiyaya yeni düzəlişlərin qüvvəyə minməsi ilə əsaslandırılır. Təklifə əsasən, KTMT-nin kollektiv təhlükəsizlik Şurası tərəfindən baxılan məsələlərə dair qərar qəbul etmək səlahiyyəti baş nazirə keçir. Bu təklif Ermənistanla KTMT arasında yaşanan ciddi problemlə bir vaxta təsadüf edir: “EADaily” portalı isə yazır: “Ermənistanın nümayəndəsi qismində KTMT-nin baş katibi postunu tutan general Yuri Xaçaturov İrəvanda cinayət məsuliyyətinə cəlb olunub və saxlanıb. Daha sonra Rusiyanın təzyiqləri ilə onu buraxmağaMoskvaya qayıtmasına icazə verməyə məcbur olublar. Buna baxmayaraq gərginlik qalır və məlumatlara görə, Ermənistan KTMT-dəki nümayəndəsinin dəyişdirilməsi prosedurunu başladıb. Ermənistanın KTMT-də baş nazir səviyyəsində təmsil olunmaq barədə təklifi faktiki olaraq Nikol Paşinyanın eyni zamanda blokun baş katibi postuna irəli sürülməsi deməkdir. Çünki hazırda blokun baş katibi postunu Ermənistan nümayəndəsi tutur. Yəni Ermənistanı KTMT-də etiraz aksiyaları üzərindən baş nazir kürsüsünə gələn həmin Paşinyan təmsil etməlidir. Amma burada problem ondadır ki, Xaçaturov Ermənistanın son 25 ildə Rusiya ilə sıx bağlı olanRusiya paqonluları tərəfindən öz adamları kimi yanaşılan ordu-güc korpusunu təmsil edir. Bu səbəbdən Rusiya onu qurban verməyəcək”. Portal yazır ki, bununla Yuri Xaçaturovu tutduğu vəzifədən azad etməyə çalışan İrəvan onun həbsini reallaşdımağı düşünür. Bu isə Moskvaya xoş gəlmir: “Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyəti ələ keçirməsindən sonra Rusiya ilə ikitərəfli münasibətlərdə əvvəldən mövcud olan çat üzə çıxmağa başladı.Rusiyanın Xarici işlər naziri Sergey Lavrova qədər Kremldən səs çıxmadı. Lakin Lavrov, gecolsa, sərt danışdı və bundan sonra belə təəssürat yarandı ki, Ermənistan artıq Rusiyaya arxayın olmamalıdır, İrəvan gözlənilmədən Moskva tərəfindən ən sərt formada cəzalandırıla bilər. İndi də Rusiyanın diplomatik kanallarından Ermənistanla bağlı sızıdırılan məlumatlar Paşinyan üçün ürəkaçan deyil. Əlbəttə, Rusiyadan atılacaq adekvat addımın hansı nəticələrə yol açacağını nəzərə alsaq, belə bir sonluq Paşinyanın arzusu olmamalıdır. Paşinyan NATO-nun Brüsseldəki səfərindən sonra arxayınlaşmışdı. Bu arxayınlıq da oradan irəli gəlirdi ki, o, NATO sammitindən sonra ABŞ və Avropa İttifaqının arxasında dayanacağını düşünürdü. Bu arxayınlıqdan irəli gələrək, Rusiyanı qıcıqlandıracaq addımlar atdı. Rusiya Xarici və Müdafiə Siyasəti Şurasının sədri Fyodor Lukyanov hesab edir ki, bu baxımdan, Yuri Xaçaturovun həbsi Rusiya tərəfindən təhqir kimi qəbul edildi. Lukyanova görə, Paşinyan bu addımı Qərbdən ilhamlanaraq atdı. Onun sözlərinə görə, Ermənistanın baş naziri bu qərarları beynəlxalq vəziyyəti nəzərə almadan atır və bu kortəbiiliyi ona baha başa gələ bilər. Ermənistan rəhbərliyinin NATO ölkələrinin, çox güman ki, ABŞ xüsusi xidmətləri vasitəsilə Rusiyanın düşmənlərilə gizli dialoqda olması anlayışı çoxalır. Heç kimə sirr deyil ki, Paşinyanın hakimiyyətə gəlişi həm də ABŞ-dakı müəyyən qüvvələr, əsasən də erməni diasporu tərəfindən maliyyələşdirilib. Yəni Ermənistan rəhbərliyi sadəcə antirusiya hərəkətinə deyil, həm də Rusiyanın düşmənlərilə uzlaşdırılmış gizli plan üzrə fəaliyyətə yol verir”.

Məqalədə qeyd edilir ki, Paşinyan Rusiya ilə müttəfiqlik münasibətlərini saxlamağın əhəmiyyətini arxa plana ataraq oynayır, güc balansının Qərbin xeyrinə dəyişməsinə imkan yaradır. Sayt bu baxımdan, Ermənistanla müqayisədə, Azərbaycanın regionda gedən proseslərdə müstəqil oyunçu kimi qabağa çıxdığını vurğulayır və qeyd edir ki, Moskvanın Bakıya təzyiq imkanları olduqca azdır: “Digər tərəfdən, Şimali Qafqazla sərhəddə yerləşən Xəzəryanı dövlət kimi, Moskva üçün Azərbaycan böyük əhəmiyyət kəsb edir. Çünki Bakının Moskvada böyük nüfuz dairəsi var. Bu da Dağlıq Qarabağ münaqişəsinin həll prosesində Ermənistanı pat vəziyyətində qoya bilər. Paşinyanın antirusiya mövqedə dayandığını da nəzərə alsaq, Moskva İrəvanı küncə sıxışdırıb tamamilə çıxılmaz vəziyyətdə qoya bilər”.

Rusiyalı ekspert Yevgeni Mixaylov da qeyd edir ki,  artıq Nikol Paşinyanın razılaşmaları icra etmədiyi, siyasi rəqibləri təqib etməmək vədlərini yerinə yetirmədiyi Moskvaya aydın olub: “Korrupsiya ilə mübarizə adı altında İrəvan rejimi ilk növbədə Qərbdəki sponsorların Moskva ilə münasibətləri pozmaq sifarişini yerinə yetirir. Fikrimcə, bunun sonu kədərli olacaq. Hesab edirəm ki, Rusiya bir çox istiqamətdə, ilk növbədə də silah tədarükü sahəsində strateji tərəfdaşlıq planlarını təkrar nəzərdən keçirəcək və ola bilər ki, Qarabağ məsələsi ilə bağlı mövqeyini kəskin dəyişəcək. İrəvan öz hərəkətlərinə görə cavab verə bilməyən müttəfiq kimi öz həqiqi üzünü göstərir”. Onun sözlərinə görə, bu gedişlə Moskva tərəfindən  Ermənistanı müttəfiqlik razılaşmalarının icra olunmasına məcbur edəcək daha sərt addımlar atılacaq. Bura Dağlıq Qarabağla Moskvanın siyasətinin tam Azərbaycanın lehinə dəyişdirilməsi də daxildir. Bütün bunlar öz növbəsində konfliktin həllini tezləşdirə biləcək nüanslar sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Bakı Xəbər.- 2018.-22 avqust.- S.9.