Tarixdə iz buraxanlar: Ömər Xəyyam
Ömər Xəyyam 1048-ci il
mayın 18-də Xorasan əyalətinin Nişapur adlanan
mahalında bir çadırçı ailəsində anadan
olub. Xəyyam təxəllüsü ilə bütün
dünyada şöhrət qazanan hikmətli rübai
ustadının atası İbrahim bəy, anası Fatimə
xanımdır. Ömər Xəyyam ibtidai təhsilini
Nişapurda adlı-sanlı alim və ruhani Nəsirəddin
Şeyx Məhəmməd Mənsurun yanında alıb.
Ömər
təlim prosesində əvvəlcə riyaziyyat, astronomiya,
coğrafiya, daha sonra musiqi və riyazi nisbətlər
haqqında təlimi öyrənir, fəlsəfəyə və
dövrünün əsas elm sahələrinə yiyələnirdi.
Müəllim məşğələlərdə tez-tez Platonun
“İnsanın firafanlığı idrakın qanunlarına əsaslanarsa,
çox yaxşı olar”
ifadəsini səsləndirərdi.
Ömər Xəyyam, xüsusilə hikmət, nücum, riyaziyyat, kimya və tibb elmləri üzrə çalışaraq, bu elmlər sahəsində kəşflər belə edib. Buna görə də Xəyyamın məşhur münəccim və riyaziyyatçı kimi də adı çəkilməkdədir. Əslində o, poeziyaya meyl edib, misli görünməyən dərin mənalı rübailər yazıb. Xəyyamın yazdığı rübailər sonralar ona böyük şöhrət qazandırıb və onu dünya şairləri çərçivəsinə daxil edib. Bu rübailər Xəyyamın yaradıcılığında miqdarca çox cüzi bir yer tutsa da, məzmun etibarilə olduqca mühüm fəlsəfi fikirlər ifadə etdiyindən daim diqqət mərkəzində olub.
1066-cı ildə Ömərin atası dünyasını dəyişir. Adi şəraitdə Ömər Nişapurda qalıb işləyə bilərdi, ancaq irəli sürdüyü bəzi fəlsəfi fikirlərinə görə dindarlar tərəfindən təqib olunurdu. Bu yaşında gözəl təhsil görmüş Xəyyam təqiblərdən azad olmaq və doğma şəhərinin Səlçuqluların aramsız hücumlarına məruz qalması səbəbindən Nişapurdan qaçmağa məcbur olduğunu gizlətmir. Yəni gənc yaşlarında doğma şəhərini tərk edərək Səmərqəndə köçdüyünü bildirir.
Ömər Xəyyam Səmərqənddə olduğu zaman vaxtının çoxunu elm ocaqlarında keçirir. 1066-cı ildə Buxaraya yollanır. Buxaraya gəldikdən bir neçə gün sonra “Doğruluq külliyyatı”nın müəllifi əl-Buxarinin məzarına baş çəkir. Məzara yaxınlaşdıqca Ömərə ilham gəlir. O, on iki gün gecə və gündüz səhrada gəzib-dolaşır, dilinə rübaidən başqa heç nə gəlmir. Məhz dördlüyün bu növü fars ədəbiyyatında fəlsəfi poeziyanın geniş yayılmış janrı kimi şöhrət qazanır.
1074-cü ildə İsfahandakı rəsədxanaya rəhbərlik edən Ömər Xəyyam eyni zamanda istedadlı riyaziyyatçı kimi də tanınır. “Riyazi problemlərin nümayişinə dair” traktatı ilə riyaziyyat elminin inkişafına misilsiz töhfələr verir. İsfahandakı elmi fəaliyyəti dövründə Ömər Xəyyam fəlsəfə problemləri ilə də məşğul olur, İbn Sinanın fəlsəfi elmini diqqətlə öyrənir və bir neçə əsərini fars dilinə tərcümə edir. 1080-ci ildə “Varlıq və zərurilik haqqında traktat” adlı fəlsəfi əsərini ərsəyə gətirir. Yazılarında yığcamlığı üstün tutan Xəyyam az sözlə tutarlı fikirlər söyləyir, əsərlərini lakonik, bəzən bir neçə səhifəyə sıxışdıraraq yazır.
Ömər Xəyyam Məlikşah Səlçuqinin vəziri dərəcəsinə yüksələn, məşhur “Siyasətnamə” əsərinin müəllifi Nizamülmülklə, sonralar İsmaililər firqəsinin başçısı olub Səlçuq hökmdarlarını qorxu altında saxlayan Həsən Sabbahla məktəb yoldaşı olub. Fəqət Xəyyam heç bir şöhrət və mənsəb sahibi olmağa çalışmayıb, bütün ömrünü elmə, fəlsəfəyə və poeziyaya sərf edib. O, Yaxın Şərqin bir çox şəhərlərini gəzib və dövrünün adlı-sanlı alimləri ilə tanış olaraq, yeri gəldikcə onlarla elmi, ədəbi mübahisələr edib. Xəyyam orta əsr feodalizmi şəraitində çox dəb olan saray şairləri cərgəsinə daxil olmaq istəməyib. Əksinə, o, azadlığı, mərdliyi hər şeydən üstün tutaraq yaşayıb, ancaq Məlik şahın rəsmi xahişi ilə özünün məşhur “Cəlali təqvimi”ni yaradıb. Bu təqvim bir çox cəhətdən hələ bu gün də öz elmi əhəmiyyətini itirməyib.
Konkret elmlər sahəsində bir neçə kəşflər edən Ömər Xəyyam necə olub ki, ancaq kiçik rübailəri ilə dünya şöhrəti qazanıb? Bu suala cavab verən Şərq və Qərb tədqiqatçıları çox haqlı olaraq qeyd ediblər ki, Xəyyamı klassik dünya şairləri zirvəsinə qaldıran rübailəri misilsiz dərəcədə sənətkaranə yazılan və dörd sətir içərisində cildlərlə kitaba yerləşən dərin, fəlsəfi fikirlər ifadə edib.
Ömər Xəyyamın bütün rübailəri dərin fəlsəfi fikirlərlə doludur. O, hər şeyin mahiyyətini bilməyə çalışan, həqiqəti axtaran, onu tapmadıqda məyus olan bir filosof-şair idi. Xəyyamın hər rübaisi insanı fikrə daldırır, onu ayıldır.
Ömər Xəyyam Bağdad xəlifələrinin fitva verdikləri tarixi şəraitdə yaşayıb-yaradırdı. Bu zaman hər adam azad fikir söyləmək qüdrətinə malik ola bilməzdi. Xəyyam hər kəs üçün ömrün mənalı və şadlıqla keçməsini təbliğ edirdi. O, səadəti insanın zəhmət və iradəsində görürdü, fəlakətlərin insandan gücsüz olduğunu öyrədirdi. Ömər Xəyyam öz dövrünün bütün qanunsuzluq və ədalətsizliklərinə qarşı bir ittihamçı kimi səsini yüksəldərək deyirdi:
Əlimdə olsaydı əgər iqtidar
Bu köhnə fələyi kökündən yıxar,
Təzədən elə bir fələk qurardım
Ki, hər kəs yaşardı azad, bəxtiyar.
Şübhəsiz ki, belə fikirlər Xəyyamın fəlsəfi görüşlərindən doğurdu. O, insan şüurundan asılı olmayaraq mövcud olan obyektiv varlığı qəbul edir, real varlığın sirlərini açan insan idrakını yüksək qiymətləndirirdi. Bir çox rübailərində Xəyyam özü verdiyi suallar qarşısında aciz qaldığını bildirir, bu “əvvəli və sonu olmayan, dairəvi dövr edən dünyada heç kəsin bizim haradan gəlib haraya getdiyimizi” bilmədiyini irəli sürərək, bir aqnostik kimi varlığın əsl mahiyyətini bilməyən, hətta mümkün olmayan qənaətinə gəlirdi. Şair bu dünyada vaxtı nəşə ilə keçirməməyi məqsədəmüvafiq bilirdi. Xəyyamın əsərlərində tez-tez təsadüf edilən nəşə, şərab, meyxana, cəng, saqi, çəmən, saz, nəğmə və s. kimi sözlər onun məhz bu fikri ilə bağlıdır. Təəssüf ki, bəzi tədqiqatçılar Xəyyamın çox şərab içməkdən və gözəllərlə vaxt keçirməkdən bəhs etməsinə əsaslanaraq, haqsızcasına onu əyyaş və sərsəri adlandırıblar. Bu fikir kökündən səhvdir! Xəyyam özü bir rübayisində şərab içməkdə nə məqsədi olduğunu belə izah edib:
Mey iç sən, möhkəm ol, ağıldan qaçma,
Cahillik eləyib söyləmə saçma.
İstəyirsən sənə mey halal olsun,
Kimsəni incitmə, vurma, əl açma.
Buradan aydın olur ki, Xəyyam bütün həyati zövqləri unudaraq, şərab içib özündən gedən sərxoş və pozğun bir əyyaş deyil, həkimanə və gözüaçıq bir surətdə ayıq yaşamağı, başqalarına əziyyət verməməyi, xeyirxah olmağı təbliğ edib. Ona görə də xalq arasında “Xəyyamanə mey içməyi hər adam bacarmaz” deyə bir məsəl də vardır. Ömər Xəyyam əvvəlcədən hiss edirdi ki, onu bir çoxları düzgün anlamayacaq, buna görə də bir rübaisində hər tayfanın onu öz qabiliyyəti daxilində dərk edib qiymətləndirəcəyini xəbər verirdi.
Xəyyamın rübailəri ilk dəfə XIX əsrdə Fitscerald tərəfindən ingilis dilinə tərcümə edildikdən sonra böyük sürətlə Avropada şöhrət qazanıb və bir-birinin ardınca müxtəlif dillərə gah nəsrlə, gah nəzmlə tərcümə edilib. Xəyyamı dünyanın məşhur filosofları olan Göte, Heyne, Volterlə müqayisə ediblər. Təsadüfi deyil ki, Xəyyam Şərq mənbələrində “həkim” adlandırılıb. Bu ləqəbi almaq tarixdə hər şairə nəsib olmayıb. Ömər Xəyyam öz dövründə cahil adamların onu əhatə etdiyindən şikayətlənərək, hələ bir çox mənaları deməyib qəlbində basdırdığını acı-acı qeyd edib.
Fəqət Xəyyamın demiş olduğu fikirləri də onu böyük bir şair kimi qiymətləndirməyə haqq verir. Onun rübailər kitabçası gözəl bir bayram hədiyyəsi kimi əldən-ələ gəzir, məclislərdə təmtəraqla oxunur. Onun həyatı sevməyi, azad sevgini və mənalı yaşamağı təbliğ edən rübailəri ölməz bir qüvvəyə malikdir. Xəyyamın rübailərini Nizami, Xaqani, Füzuli və bir çox Azərbaycan klassikləri sevə-sevə oxuyub, xalqın dilində əzbər olub.
Ömər Xəyyam müsəlman Şərqinin dünyada ən çox tanınan, oxunan, nəsr və tərcümə edilən klassikləri arasındadır. Onun ümumbəşəri mövzulardakı rübailəri xalqları yaxınlaşdıran, ortaq insani dəyərləri tərənnüm edən mühüm bir mənəviyyat körpüsü olaraq Xəyyamı dünya şairi məqamına yüksəldib. Xəyyam Azərbaycanda həmişə sevilib, rübailəri şairlərimiz tərəfindən dilimizə tərcümə edilib, yaradıcılığı haqqında tədqiqat əsərləri yazılıb. Mütəfəkkir haqqında ilk səhnə əsəri 1935-ci ildə böyük Azərbaycan dramaturqu Hüseyn Cavid tərəfindən yaradılıb.
Ömər Xəyyamın əsərləri əsasən fəlsəfə, cəbr, həndəsə, astronomiya elmlərini əhatə edir. Alimin musiqi və minerologiya sahəsində də kitabları var. Onun cəbr və həndəsə sahəsindəki nailiyyətləri müasir alimlər tərəfindən də yüksək dəyərləndirilir. Həndəsənin cəbr ilə əlaqələri haqqında məsələnin ilk dəfə ortaya qoyuluşu məhz Xəyyamın xidmətidir. O, cəbr tənliklərinin həndəsi həlli nəzəriyyəsini əsaslandırıb. Onun “Hesab çətinlikləri” adlı bir riyazi əsəri tam ədədlərdən istənilən dərəcəli kök alınması metoduna həsr olunub. Bu dahi şəxsiyyət musiqinin riyazi nəzəriyyəsini də işləyib hazırlamışdı. O, paralel xətlər nəzəriyyəsinə dair bir sıra maraqlı mülahizələr söyləyib. Bu fikirlər həndəsənin sonrakı inkişafına müsbət təsir göstərib.
Ömər Xəyyam öz yaradıcılığı, zəngin mənalı rübailəri, riyazi, astronomik fəaliyyəti ilə dünya elminin ən dəyərli zəka sahiblərindən biri idi. O, zülmkarın düşməni, məzlumun dostu olub.
Ömər Xəyyam evlənməyib, qapalı həyat tərzi keçirib. Onu anlaya bilməyən ruhanilərin təqiblərindən həmişə qorxu içində yaşayıb. Ömər Xəyyam 1123-cü il dekabr ayının 4-də vətəni Nişapurda vəfat edib. Yazılanlara görə o, həyatının son saatlarında İbn Sinanın “Şəfa kitabı”nı diqqətlə oxuyurmuş. Bütün günü heç nə yeməyib, axşam namazında səcdə edərək: “Allahım, Sən bilirsən ki, mən Səni imkanım daxilində dərk etmişəm. Mənim idrakım Sənin qarşında xidmətimdir”– deyib, bununla da canını tapşırıb.
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU,
Professor
Bakı Xəbər.- 2018.- 25-27
avqust.- S.15