Azərbaycanda kütləvi kitabxanaların

sayının azalması hansı amillərlə bağlıdır?

“Ölkəmizdə kütləvi kitabxanaların azalması səbəblərindən biri oxucuların kitabxanalara marağının azalmasıdır”

Aydın Xan Əbilov: “Başqa ölkələrlə müqayisədə bizdə...”

 Vaxtilə Azərbaycanda kitabxana sahəsinin formalaşdırılması üçün böyük işlər görülüb. Kitabxana keçmiş dövrlərin insanlarının etibarlı qiraət məkanı kimi özünə böyük şöhrət qazanmışdı. Sirr deyil ki, vaxtilə profilindən asılı olmayaraq, bütün kitabxanalara kütləvi oxucu marağı vardı.

Hətta kitabxanaya getməyən adamlara cəmiyyətdə elə də yaxşı baxmırdılar. Şagirdlər, tələbələr, ziyalılar kitabxanalardan istifadə edirdilər. Ancaq təəssüf ki, bu gün bizim cəmiyyətdə kitabxanalara elə də böyük maraq qalmayıb. Bir neçə il əvvəl, ümumiyyətlə, kitabxanaların əksəriyyətinə oxucu ayağı belə dəymirdi. Ancaq bu sahədə görülən müəyyən təbliğat işi, kitabxanalarda ədəbiyyat siyahısının təzələnməsi və s. müəyyən insanları kitabxanaya qaytardı. Ancaq bu yetərli deyil. Gizlin deyil ki, həm bölgələrdə, həm də paytaxtda kitabxanaya gedənlərin sayı elə də çox deyil. Bu da sözügedən sahədə müəyyən problemlər yaradır.

Trendinin məlumatına görə, Azərbaycanda kütləvi kitabxanaların sayı azalıb. Qeyd edilənə görə, kitabxanaların sayı 2014-cü ildə 3320, 2015-ci ildə 3291, 2016-cı ildə 3242, 2017-ci ildə 3088, 2018-ci ildə isə 2978 olub. Demək, ötən illərlə müqayisədə kütləvi kitabxanalar öz əzəli funksiyasını itirməyə doğru gedir.

Məlumatlara görə, ölkədəki kitabxanaların çoxu kənd yerlərinin payına düşür. 2014-cü ildə kitabxanaların 495-i şəhər, 2825-i kənd, 2018-ci ildə 436-sı şəhər, 2542-si kənd yerlərinin payına düşüb.

Ötən illər ərzində kitabxana fondu da azalıb. 2014-cü ildə kitabxanaların fondu 33,5 milyon nüsxə olduğu halda, 2018-ci ildə bu göstərici 32,2 milyon olub.

Sözsüz ki, ölkəmizdə kütləvi kitabxanaların sayının azalması müsbət hal ola bilməz. Bu problemin meydana çıxmasında oxucu diqqətsizliyi də az rol oynamır. Kitabxanalara oxucu getmirsə, bu onun fəaliyyətinə ciddi zərbə vurur.

Ekspertlər qeyd edirlər ki, ölkədə kütləvi kitabxanaların sayının azalmasının bir neçə səbəbi var. Onların qənaətinə görə, respublikada yeni kitabxana sisteminin qurulması, eləcə də kitabxanaların mərkəzləşdirilmiş fəaliyyətə keçməsi kütləvi kitabxanaların sırasının seyrəlməsinə səbəb olub.

Mütəxəssislər hesab edirlər ki, kitabxana sistemində şərait oxucuların maraqlarına uyğun formada qurulmalıdır ki, onlar bu məkanlardan üz çevirməsinlər.

Bu gün kitabxana sistemində həyata keçirilən elektronlaşdırmanın da bu sahəyə təsir etdiyini qeyd edən mütəxəssislər bildirirlər ki, kütləvi kitabxanalarda olan ədəbiyyatın, KİV nümunələrinin hamısı elektronlaşdırılmasa da, oxucular kütləvi olaraq kitabxanaya getmirlər.

Kulturoloq Aydın Xan Əbilov bizimlə söhbətində qeyd etdi ki, ölkədə kütləvi kitabxanaların sayının azalması oxucuların virtual oxuya daha çox üstünlük verməsi ilə bağlıdır. Onun sözlərinə görə, bu gün oxucu vaxt itirib kitabxanaya getmək istəmir, o istəyir ki, kitablar elektronlaşsın və onları oxumaq daha əlçatan olsun. A.X.Əbilovun dediyinə görə, kütləvi kitabxanaların azalması cəmiyyətdə intellektli insanların bu sahəyə maraq göstərməməsi ilə də əlaqadardır.

Müsahibimizin dediyinə görə, bu gün kitabxanaların bir qismi elektronlaşmaya keçib və onların elektron bazası yaradılıb. Bölgələrdə kitabxanaların daha çox əhaliyə xidmət etməli olduğunu deyən A.X.Əbilov hesab edir ki, biz kütləvi kitabxanaların sayının azalmasında maraqlı olmamalıyıq, əksinə, onların sayının artımına və ora kütləvi oxucu cəlb etməyə çalışmalıyıq: “Ümumiyyətlə, çoxlarımız gənc vaxtı ən çox vaxt sərf etdiyimiz kitabxanalar idi. Kitabxanaya o qədər insan gəlirdi ki, bəzən adam istədiyi kitabı əldə etmək üçün günlərlə gözləyirdi. Sonra məlum məsələlər baş verdi və insanların kitabxanalara marağı azalmağa başladı. Bu günkitaba, kitabxanaya maraq elə də  çox deyil. Başqa ölkələrlə müqayisədə bizdə kitaba, kitabxanaya, oxuya maraq azdır. Metrolarda, parklarda kitab oxuyan adamlarımız, demək olar ki, barmaqla sayılacaq qədərdir. Kitaba maraq yoxdursa, kitabxanalar necə normal fəaliyyət göstərə bilər? Ölkəmizdə kütləvi kitabxanaların azalması səbəblərindən biri oxucuların kitabxanalara marağının azalmasıdır”.

O qeyd etdi ki, kütləvi kitabxanaların ötən illərlə müqayisədə sayının azalmasının bir tərəfi də kitabxanaların oxucuların marağına uyğun qurulmaması ilə bağlıdır. Hələ də bizim bəzi kitabxanalarda oxuculara yüksək xidmət göstərilmir. Ekspert hesab edir ki, bu sahədə xidmət məsələsinin də müasir standartlara uyğun qurulmasına ehtiyac var. Bölgələrdə əsasən qeyri-ixtisas sahiblərinin kitabxanalarda çalışdığını deyən A.X.Əbilovun sözlərinə görə, kitabxana sistemində işləyən insanlar oxucularda, xüsusən də gənc nəsildə kitaba böyük maraq yaratmalıdırlar. O bildirdi ki, bəzən oxucu gəlib hansısa bir kitabı soruşur, kitabxanaçı özünə əziyyət verməmək üçüno ədəbiyyat bizdə yoxdurdeyir. Kütləvi kitabxanaların azalmasına tərəfdar olmadığını deyən mütəxəssis bildirdi ki, bunun üçün konkret işlər görülməlidir.

Bir vaxtlar kitabxana binalarının və kitab mağazalarının bəzi işbazlar tərəfindən hədəfə alındığını, hətta onların səyi nəticəsində kitabxanakitab mağazalarının sıradan çıxdığını deyən A.X.Əbilov hesab edir ki, öz şəxsi maraqlarımız naminə xalqın kütləvi maariflənməsində başlıca rol oynayan kitabxanlara toxunmaq olmaz. “Kitabxana böyük bir maarifçilik ünvanıdır” - deyə bildirən A.X.Əbilov hesab edir ki, bu sahədə nə qədər elektronlaşdırma olsa da, texniki tərəqqi öz sözünü desə də, çap məhsullarına hər zaman ehtiyac var.

İradə SARIYEVA 

Bakı Xəbər.- 2018.-25-27 avqust.- S.13.