Prezident Azərbaycanda
ilk
regional Arxeologiya Muzeyini açdı...
Fariz Xəlilli: “Heydər Əliyev Fondunun təşəbbüsü
ilə inşa olunan Dəmirçi Arxeologiya Muzeyi Azərbaycanda ilk Arxeologiya
Muzeyidir”
“Azərbaycanın
başqa bölgələrində
də arxeologiya muzeylərinin yaradılmasına
böyük ehtiyac var”
“Milli Arxeologiya Fondunun yaradılması da zəruridir”
Xalqımızın arxeoloji mədəniyyəti
dövlətimiz üçün
böyük əhəmiyyətə
malikdir. Onillər boyu
arxeoloqlarımızın qazıntılar
zamanı əldə etdiyi arxeoloji, etnoqrafik materiallar müxtəlif muzeylərdə,
elmi-tədqiqat institutlarının
fondlarında qorunub saxlanır, tədqiq edilir, barəsində məlumatlar çap olunur.
Azərbaycanda Arxeologiya Muzeyinin yaradılması məsələsi
həmişə diqqət
mərkəzində olub. Paytaxtda İçərişəhərdə
Arxeologiya və Etnoqrafiya Muzeyi fəaliyyət göstərsə
də, müstəqil
olaraq Arxeologiya Muzeyimiz olmayıb. Şamaxı
rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə
inşa edilən Dəmirçi Arxeologiya Muzeyi bu sahədə
ilk arxeologiya profilli muzeydir.
Qeyd edək ki,
Şamaxı rayonunda
Heydər Əliyev Fondunun təşəbbüsü
ilə inşa olunan Dəmirçi Arxeologiya Muzeyinin açılışında Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər.
Məlumdur ki, Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Ölkəmizin hər bir guşəsi
maddi-mədəniyyət abidələrinin
yarandığı və
inkişaf etdiyi qədim insan məskənlərindən olub.
Bu gün respublikamızın
bir sıra bölgələrində aparılan
genişmiqyaslı arxeoloji
tədqiqatlar əhəmiyyətli
maddi mədəniyyət
nümunələrinin üzə
çıxarılmasına səbəb olub ki, bu da
Azərbaycan tarixinin qədimliyini bir daha sübut edir. Aşkarlanan maddi mədəniyyət
abidələrinin qorunub-saxlanması
və yeni nəsillərə ötürülməsi
də mühüm əhəmiyyət kəsb
edir. Bu istiqamətdə
tarix-diyarşünaslıq, həmçinin, arxeologiya
muzeylərinin fəaliyyəti
mühüm rol oynayır. Ölkəmizdə mədəniyyətin bütün sahələrinə
göstərilən qayğı
muzey işinin təşkili və bu sahədə yeni innovasiyaların tətbiq olunması baxımından da diqqət çəkir.
Şamaxı rayonunun Dəmirçi
kəndində yeni inşa olunan Arxeologiya Muzeyi də qədim maddi mədəniyyət abidələrinin qorunmasına
xidmət etməklə,
özündə bu prinsipləri nümayiş
etdirir.
Tədbirdə səsləndirilən fikirlərə
görə, Şamaxı
rayonunun ən qədim kəndlərindən
olan Dəmirçinin
tarixi XV əsrə gedib çıxır. İsmayıllı rayonunun Əhən kəndindən gələn
dəmirçi ailələri
mövsümi xidmətlə
əlaqədar burada müvəqqəti, sonralar
isə daimi məskən salıblar.
Kəndin adı sonra
sakinlərin məşğuliyyəti
ilə əlaqədar
dəyişib və Dəmirçi olub.
Muzeyin sərgi zalında ümumilikdə 7 bölmə
yaradılıb. Burada Şamaxı rayonu ərazisində, həmçinin,
Dəmirçi kəndində
aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi mədəniyyət nümunələri,
nadir daş alətlər,
əkinçilik mədəniyyətinə
aid əmək alətləri,
soyuq silahlar, mis, bürünc, gümüş sikkələr,
aqlay materiallardan su boruları, qədim gil məmulatı və digər nadir tapıntılar,
məişət əşyaları
nümayiş olunur.
Bu eksponatlar buraya gələn turistlər üçün böyük
maraq doğuracaq, onlara ölkəmizin tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Həmçinin, muzey bu bölgənin tarixinin müxtəlif dövrlərini
araşdırmaq üçün
mühüm əhəmiyyətə
malikdir.
MİRAS-Mədəni
İrsin Öyrənilməsinə
Kömək İctimai
Birliyinin rəhbəri,
tanınmış arxeoloq-alim,
tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bizimlə söhbətində
Dəmirçi Arxeologiya
Muzeyinin inşa edilməsini, yaradılmasını
müsbət qarşıladığını
bildirdi. Onun sözlərinə görə, Heydər Əliyev Fondu, şəxsən fondun prezidenti Mehriban Əliyeva zaman-zaman mədəni isrimizin qorunması ilə bağlı böyük işlər görüb.
Azərbaycanda ilk Arxeologiya Muzeyinin
də Heydər Əliyev Fondu tərəfindən inşa
edildiyini deyən F.Xəlillinin sözlərinə
görə, muzeydə
birbaşa Azərbaycan
arxeologiyası mühafizə
ediləcək, qorunacaq
və təbliğ ediləcək. F.Xəlilli
qeyd etdi ki, ötən il Dəmirçi
kəndi ərazisində
arxeoloji qazıntılar
aparılıb və sözügedən ekspedisiyada
o da şəxsən iştirak edib. Alim vurğuladı ki, Dəmirçi-Lahıc yolunun
çəkilişi zamanı
kəndin 4-cü kilometrliyində
Gəgəli yaylağı
adlanan ərazidə 3
hektar sahədə son
antik və erkən orta əsrlərə aid nekropol
aşkar edilib. Tədqiqat zamanı yer səthindən təqribən
50-80 santimetr dərinlikdə
30-a qədər daş
qutu qəbirləri, qala divarları və yeraltı anbarlar aşkarlanıb.
Alim vurğuladı ki, kvadrat formasında olan qəbirlərin hamısının divarları
çay daşı və əhəng daşından ibarət olan qaya parçalarından
hörülüb, üstü
isə sal daşlarla qapanıb.
Qəbirlərdə skeletlər bükülmüş
vəziyyətdə, sol böyrü
üstə, başı
əsasən şimal-şərq
istiqamətində aşkar
olunub. Həmin daş qutu qəbirlərdə alban dövrünə aid kifayət
qədər zəngin
maddi mədəniyyət
nümunəsi qeydə
alınıb. Tapıntılar içində saxsı və çini məmulatlar sayca üstünlük təşkil
edir. Daş qutu qəbirlərdə
metal nümunələr də
aşkarlanıb. Onların içərisində
silah və bıçaqlar, eləcə
də tunc bəzək əşyalarına
daha çox rast gəlinir. Bəzi qəbirlərdə skeletin
başının altında
gümüş cam üzə
çıxıb. Elmi cəhətdən
çox mühüm tapıntılardan biri həmin camların içərisində skeletin
başı altında
parça qalıqlarının
aşkar olunmasıdır.
Bu da Azərbaycan
ərazisində arxeoloji
qazıntılar zamanı
tapılan ən qədim parça nümunəsidir. Bir qəbrin
skeletinin yanında qılınc və xəncər də qoyulub. Bu tapıntılar
həmin qəbrin ən azı sərkərdə və toplum içərisində
xüsusi nüfuz sahibi olan hərbçiyə
aid olduğunu ehtimal etməyə əsas verir.
F.Xəlilli hesab edir ki, bu
muzeydən sonra digər bölgələrimzidə
də Arxeologiya Muzeyinin yaradılması vacibdir: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə
inşa olunan Dəmirçi Arxeologiya Muzeyi Azərbaycanda ilk Arxeolgiya Muzeyidir. Bizdə indiyə qədər Arxeologiya Muzeyi olmayıb. Bakıdakı Arxeologiya və
Etnoqrafiya Muzeyidir.
Bu da, əslində,
Milli Elmlər Akademiyasının Arxeologiya
və Etnoqrafiya İnstitutunun sərgi-ekspozisya
zalıdır.
Azərbaycanda açılan ilk Arxeologiya
Muzeyinin fəaliyyətini
alqışlayıram. Artıq muzeyə
eksponatlar toplanır.
Mən Heydər Əliyev Fondunun bu muzeyi
inşa edib istifadəyə verməsini
alqışlayıram. Bu muzeyə oxşar
olan muzey Qala Arxeoloji-Etnorqafik Muzey Kompleksidir ki, orada da
arxeoloji materiallar qorunur.
Ola bilsin, hələ Dəmirçi Arxeologiya Muzeyinin qaydaları formalaşmayıb, əsasnaməsi hələ hazırlanmayıb. Bu, gələcəyin işidir. Əsas odur ki, Arxeologiya Muzeyi yaradılıb. Bu, ilk təşəbbüs kimi çox təqdirəlayiqdir. Bu muzeyin yaradılması, onun üçün ayrıca binanın inşa edilməsinə görə ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya öz təşəkkürümü bildirirəm. Bu işlər Mehriban xanımın şəxsi təşəbbüsü, nəzarəti altında həyata keçirilib. Bir arxeoloq, bir mütəxəssis kimi onun fəaliyyətini alqışlayıram. Düşünürəm ki, bu çox uğurlu tendensiyadır və o davam etməlidir. Azərbaycanın başqa bölgələrində də arxeologiya muzeylərinin yaradılmasına böyük ehtiyac var. Onu da deyim ki, bu gün Azərbaycanda Milli Arxeologiya Fondunun yaradılması da zəruridir. Düşünürəm ki, belə bir fond yaradılarsa, biz o fondda Azərbaycan ərazisindən tapılan bütün arxeoloji materilları toplaya bilərik. Çünki bu sahədə ciddi pərakəndəlik hökm sürür. Hazırda arxeoloji materiallarla bağlı vahid bir fondun yaradılması aktualdır. Bununla bağlı əlaqədar qurumlara müraciət etməyi düşünürəm. Fikrimcə, aidiyyəti təşkilatlar bu təşəbbüsü geri çevirməyəcəklər. Bu gün Azərbaycandakı arxeoloji materialların inventarizasiyası məlum deyil. Bilinmir ki, hansı region muzeyində hansı arxeoloji materiallar var. Dəmirçi Arxeologiya Muzeyindən sonra Azərbaycan Respublikasının Milli Arxeologiya Fondunun yaradılmasına çox böyük ehtiyac var. Azərbaycandakı bütün arxeoloji materiallar-dəmir, saxsı, tunc, şüşə, sümük, dəri, tekstil, gümüş, qızıl, mis və s. bir fondda toplanmalı və bir-bir sənədləşdirilməlidir. Çünki bu materialların çoxu sənədləşdirilmədiyi üçün, biz hansısa materialı axtaranda onun harada olduğunu bilmirik. Nəyisə tapmaq üçün çətinlik çəkirik. Bəzən muzey rəhbərlərinin özləri bilmirlər ki, hansısa bir arxeoloji material haradan aşkarlanıb. Materiallar yer dəyişdirir və onların data bazası yaradılmır. Arxeologiya Muzeyinin yaradılması çox əhəmiyyətlidir”.
İradə SARIYEVA
Bakı Xəbər.- 2018.-28 avqust.-
S.12.