Şəkidə “Dünya Azərbaycanlılarının
Gənclər Şəbəkəsi”
adlı yeni təşkilat yarandı
50 milyonluq dünya azərbaycanlılarını 37 ölkədə təmsil edən 140 gəncin iştirakı ilə qədim Şəki şəhərində təşkil olunan “Cümhuriyyətin 100 ili” Diaspor Gənclərinin I Yay Düşərgəsi uğurlu sonluqla bitib. Azərbaycan diasporunun birləşdirilməsi yolunda mühüm addım kimi qiymətləndirilən Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçıları “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi”nin yaradılmasına qərar verib və bu barədə bəyannamə ilə çıxış ediblər.
Bəyannamədə gənclər bildiriblər ki, dünya gəncləri ilə birlikdə sülh, qardaşlıq və dostluğun təbliği, ətraf mühitin mühafizəsi, elmin və təhsilin inkişafı istiqamətində əməkdaşlıq edəcək, qlobal problemlərə qarşı birlikdə mübarizə aparacaq, dünya azərbaycanlılarının daha sıx birliyinə çalışacaq, Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi və siyasi-hüquqi islahatlara dəstək verəcəyik.
“Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi”nin üzvləri gələcək fəaliyyətləri ilə bağlı qətnamə imzalayıblar. Qətnamədə gənclərin birliyi və qarşılıqlı əlaqələrini təmin edəcək bir təşkilatın yaradılması alqışlanır. Bildirilir ki, “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi” yarandığı gündən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması, Azərbaycanın tarixi-mədəni irsi və adən-ənənələrinin intensiv təbliği, azərbaycanlı gənclərin və tələbələrin sıx əməkdaşlıq şəraitində, koordinasiyalı şəkildə fəaliyyətinin təmin edilməsi, o cümlədən, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirilməsi kimi missiyaları öz üzərinə götürür.
Qətnamədə qeyd edilir ki, düşərgə ərzində vətənpərvərlik, təhsil, mədəniyyət, idman və digər mövzularda həyata keçirilən tədbirlər zamanı irəli sürülmüş ideya, təklif və təşəbbüsləri ümumiləşdirərək qərara alırıq ki, qısa zaman ərzində təşkilatın hüquqi məsələləri həll ediləcək və bu barədə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə məlumat veriləcəkdir.
Beləliklə, I Yay Düşərgəsi müxtəlif istiqamətlərdə maraqlı çıxışlarla yaddaşlara həkk olunmaqla yanaşı, azərbaycanlıların təşkilatlanması, daha sıx birləşməsi, dünyada Azərbaycan diaspor hərəkatının gücləndirilməsi, xaricdə yaşayan gənclərin tarixi vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi, diaspor hərəkatının gəncləşdirilməsi və s. istiqamətlərdə uğurlu nəticələrlə də xarakterizə olunur. Bu baxımdan da, “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi”nin yaradılması alqışlanır və qeyd edilən uğurların bir tərkib hissəsi olaraq dəstəklənir.
“Cümhuriyyətin 100 ili” Diaspor Gənclərinin I Yay Düşərgəsinin bəyannaməsi
Bizlər 50 milyonluq dünya azərbaycanlılarını 37 ölkədə təmsil edən 140 gənc dünyanın dörd bir yanından doğma vətənimiz Azərbaycanın qədim Şəki şəhərinə “Cümhuriyyətin 100 ili” Diaspor Gənclərinin I Yay Düşərgəsində iştirak etmək üçün toplaşdıq.
Biz təsdiq edirik ki, 1918-ci il may ayının 28-də yaradılan və 113,9 min kv. km ərazini əhatə edən Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizdə müasir, demokratik və dünyəvi dövlət idarəçiliyinin əsaslarını qoymuş, Azərbaycan xalqının birliyi və həmrəyliyində əvəzsiz rol oynamışdır;
Bəyan edirik ki, yaşadığımız ölkələrin qanunlarına, milli-mənəvi dəyərlərinə, mədəniyyətinə daima hörmət edəcək, həmin ölkəyə sürətlə və effektli şəkildə interqasiya olunaraq onun siyasi, iqtisadi, mədəni və sosial həyatına töhfələr verəcək, həmin ölkə ilə Azərbaycan dövləti və xalqı arasında möhkəm dostluq və qardaşlıq əlaqələrinin qurulmasına dəstək olacağıq;
Biz bəyan edirik ki, dünya gəncləri ilə birlikdə dünyada sülhün, qardaşlıq və dostluğun təbliği, ətraf mühitin mühafizəsi, elmin və təhsilin inkişafı istiqamətində birgə əməkdaşlıq edəcək, qlobal problemlərə qarşı birlikdə mübarizə aparacaq, dünyanın daha da gözəl və firavan olması üçün səylərimizi birləşdirəcəyik;
Biz bəyan edirik ki, dünya azərbaycanlılarının birliyinin yaradılması, onların hüquq və azadlıqlarının təmin edilməsi, Azərbaycan Respublikasına dair həqiqətlərin dünyaya yayılması, azərbaycanlıların soyqrımı hadisələrinin (1918 mart, 1993 fevral) dünyada tanıdılması, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği üçün birgə çalışacağıq;
Biz bəyan edirik ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizi hörmətlə anırıq, onların əziz xatirələri daim yaddaşımızdadır;
Biz bəyan edirik ki, ölkəmizə doğru yönəlmiş istənilən təhlükələrə qarşı birgə mübarizə aparacaq və Ermənistan tərəfindən işğal edilmiş bütün Azərbaycan torpaqlarının geri qaytarılması, məcburi köçkünlərin öz doğma yurdlarına qovuşması üçün əlimizdən gələni əsirgəməyəcəyik;
Biz bəyan edirik ki, dünya azərbaycanlılarının assimilyasiyası, milli-mənəvi dəyərlərin və tarixi-mədəni irsin məhv edilməsi, toponimlərinin dəyişidirlməsi və s. kimi mənfi siyasətin qarşısını alacaq və bununla bağlı haqq səsimizi dünyaya çatdıracağıq;
Biz dünya erməni gənclərini, Qafqazda etibarlı sülhün və firavanlığın təmin edilməsi, qanlı müharibənin gənclərin həyatına və sağlamlığına zərər vurmaması məqsədilə Ermənistan dövlətinə bütün Azərbaycan torpaqlarını geri qaytarmaq üçün təsir etməyə və öz fəaliyyətlərində sülhə töhfə verməyə çağırırıq;
Biz bəyan edirik ki, Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi və siyasi-hüquqi islahatlara, müasirləşmə prosesinə, həmvətənlərimizin dünyaya inteqrasiya imkanlarının genişlənməsinə dəstək verəcəyik;
Biz yuxarıda göstərilən məqsədlərimizi həyata keçirmək üçün Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsinin yaradılmasını qərara alırıq.
Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsinin qətnaməsi
Biz - Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsinin üzvləri - vətənimiz Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirir, müstəqil Azərbaycanda gənclərə göstərilən yüksək diqqət və qayğını təqdir edirik.
Gənclərin elm, təhsil, mədəniyyət, ictimai-siyasi sahələrdə fəallığının artması xaricdə yaşayan hər bir soydaşımızı, xüsusilə də biz gəncləri çox sevindirir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən Gənclər siyasəti bu gün öz bəhrəsini verməkdədir. Gənclərlə bağlı qəbul olunan dövlət proqramları bir çox azərbaycanlı gənclərin bilik və bacarıqlarının üzə çıxarılmasında, onların davamlı uğurlar əldə etməsində böyük əhəmiyyət kəsb edib.
Ölkə daxilində və xaricində həyata keçirilən layihələr, forumlar, seminarlar, təlimlər və digər bu kimi tədbirlər vətəndən kənarda yaşayan azərbaycanlı gənclərin böyük diqqət və marağına səbəb olur, onların Azərbaycan Respublikası ilə bağlılığını daha da gücləndirir.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Cümhuriyyətin 100 ili” Diaspor Gənclərinin I Yay Düşərgəsində iştirak edən biz gənclər, birliyimizi və qarşılıqlı əlaqələrimizi təmin edəcək bir təşkilatın yaradılmasını alqışlayır və təqdir edirik.
Bildiririk ki, Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi yarandığı gündən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması, Azərbaycanın tarixi-mədəni irsi və adən-ənənələrinin intensiv təbliği, azərbaycanlı gənclərin və tələbələrin sıx əməkdaşlıq şəraitində, koordinasiyalı şəkildə fəaliyyətinin təmin edilməsi, o cümlədən, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirilməsi kimi missiyaları öz üzərinə götürür.
Düşərgə ərzində vətənpərvərlik, təhsil, mədəniyyət, idman və digər mövzularda həyata keçirilən tədbirlər zamanı irəli sürülmüş ideya, təklif və təşəbbüsləri ümumiləşdirərək qərara alırıq ki, qısa zaman ərzində təşkilatın hüquqi məsələləri həll ediləcək və bu barədə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə məlumat veriləcək.
Bakı Xəbər.- 2018.-29 avqust.-
S.10.