Azərbaycan türk-mədəniyyət təmayüllü

yeni beynəlxalq əməkdaşlıq qurumunda...

“Dörd qardaş ölkənin birgə Köçəri Mədəniyyəti Mərkəzi adlı qurum yaratması təqdirəlayiq bir hadisədir”

Əkbər Qoşalı: “Bu mərkəzin yaradılması qardaş ölkələr arasında yeni işbirliyinin üzə çıxmasına, qədim türk sənət sahələrinin dirçəlməsinə, təbliğinə dəstək olacaq

 Türk xalqlarının birliyi günümüzün ən önəmli məsələlərindən biridir. İndiyə qədər bu sahədə bir sıra ideoloji, mədəni, siyasi, iqtisadi tədbirlər həyata keçirilib. “Ortaq türk tarixi” dərslik vəsaitinin hazırlanması da görülən işlərin tərkibinə daxildir.

Dörd türkdilli dövlət yeni bir hadisə ilə gündəmə gəlib. “Trendin məlumatına görə, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan Köçəri Mədəniyyəti Mərkəzi yaradırlar. Bildirək ki, bu barədə Qazaxıstan hökumətinin müvafiq qərarında deyilir.

Köçəri Mədəniyyəti Mərkəzi Bişkekdə yerləşəcək. Mərkəzin missiyası idman tədbirlərinin təşkili, hər bir xalqın və dövlətin köçəri mədəniyyəti ənənələri ilə bağlı irsinin populyarlaşdırılması, idman vasitəsilə inteqrasiyasının dərinləşdirilməsi yolu ilə türkdilli xalqlar və digər ölkələr arasında qarşılıqlı etimad və əməkdaşlığın yaradılmasıdır.

Qeyd edilənə görə, mərkəzin rəhbərini Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Türk Şurasının Xarici İşlər Nazirləri Şurasına təqdim etməklə təyin edəcək. O, 4 il müddətinə seçiləcək. Mərkəzin ilk prezidenti Qırğızıstan nümayəndəsi olacaq.

Atatürk” Mərkəzinin şöbə müdiri, Milli Qeyri-hökumət Təşkilatları Forumunun üzvü, şair-publisist Əkbər Qoşalı “Bakı-Xəbər”ə açıqlamasında dörd türk dövlətinin bir araya gələrək Köçəri Mədəniyyəti Mərkəzi yaratmasını alqışladığını bildirdi. Bu mərkəzin türkdilli xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayan Ə.Qoşalı hesab edir ki, başqa türkdilli dövlətlər də bu təşəbbüsə qoşulmalıdırlar: Dörd qardaş ölkənin birgə Köçəri Mədəniyyəti Mərkəzi adlı mərkəz yaratması təqdirəlayiq bir hadisədir. İlk növbədə bunu qeyd etmək istərdim. Əlbəttə, bu qurumu yaradan ölkələrin adlarından da göründüyü kimi, onlar türk dövlət başçıları şurasında təmsil olunan dövlətlərdir. Bu il Özbəkistanın da bu şuraya qoşulacağı haqqında xəbərlər eşitdikbu məlumatın doğruluğuna da inanırıq. Ümidvarıq ki, gələcəkdə qardaş Türkmənistan da ümumtürk qurumlarına qoşulacaq. İndiyə qədər TÜRKSOY, Türk Parlament Assambleyası, digər bunun kimi ortaq qurumlar var. Bu qurumların bir hissəsində Azərbaycan, bir hissəsində Türkiyə, bir hissəsində isə Qazaxıstan mərkəzdir. Qardaş Qırğızıstan Respublikasında bir neçə il öncədən başlayaraq Köçəri idman yarışları, oyunları bayram şəklində qeyd olunurdu. Qardaş ölkələrin də hökumətlərinin müvafiq qərarlarına əsasən, hər dörd respublikanın ortaq fikri nəticəsində artıq Köçəri oyunlarının ancaq Qırğızıstan Respublikasının təşkilatçılığı və məsuliyyəti ilə deyil, bu məsuliyyəti paylaşaraq dörd qardaş dövlətin birgə təşkilatçılığı ilə keçirilməsi qərara alınır. Elə bilirəm ki, bu qərar yalnız idmansevərləri, qədim türk idman növləri ilə məşğul olan insanları deyil, ümumiyyətlə, türk dünyası sevdalılarının hamısını sevindirir. Bu mərkəzin yaradılması türk dünyasını bir daha birliyə çağırmaq, əbədi və əzəli ideyalarımız, məqsədlərimiz uğrunda fəaliyyət göstərməyimizə bir çağırışdır”.

Köçəri Mədəniyyəti Mərkəzinin yaradılacağı məsələsini bir ümumtürk hadisəsi kimi dəyərləndirən Ə.Qoşalı hesab edir ki, bu mərkəz bütün türkdilli xalqların mədəniyyətini, tarixini, idmanını və s. təbliğ edəcək, qarşılıqlı olaraq tanıdacaq. “Şəhərləşməyə, ortaq həyata keçənə qədər, əlbəttə, dünyanın bir çox xalqları, o cümlədən də türk xalqları köçəri həyat yaşayıblar. Mənim Macarıstanda keçirilən Huntürk Qurultayında gördüyüm Köçəri oyunları, qədim babalarımızın, dədələrimizin yarışlarda göstərdiyi şücaətlə, batırlıqla bağlı örnəklər elə bilirəm ki, Qırğızıstan Respublikasında keçirilən Köçəri oyunlarında daha özgür, parlaq şəkildə, daha bizim uzaq və yaxın tariximizi əks etdirmək şəklində təzahür edir”.

Ə.Qoşalı qeyd etdi ki, Köçəri Mədəniyyəti Mərkəzinin yaradılması dörd respublikanın qədim idman oyunlarının istər formatında, istərdə də daha da dərinləşməsində əhəmiyyətli rola malik olacaq. Ekspert onu da vurğuladı ki, bu mərkəzin yaranması bir sıra amillərə müsbət təsir göstərəcək. O qeyd etdi ki, bu, həmçinin, tədbirlər keçirildiyi ölkələrə turizm axınının güclənməsinə də səbəb olacaq. “Bu mərkəzin yaradılması qardaş ölkələr arasında yeni işbirliyinin üzə çıxmasına, qədim türk sənət sahələrinin dirçəlməsinə, təbliğinə dəstək olacaq. Xüsusilə də əl sənət növlərinin dirçəlməsinə. Müxtəlif səpkidə yaradıcılıq nümunələrinin meydana çıxacağına ümid edirəm. Deyək ki, ağac üzərində oyma nümunələrinin yaradılmasına, daş üzərində abidələrin hazırlanmasına, hədiyyə üçün milli elementlərlə, ornamentlərlə bəzədilmiş sənət örnəklərinin meydana gəlməsinə, milli suvenirlərin yaradılmasına geniş imkanlar açılacaq. Bu, Azərbaycanda, Türkiyədə, Qazaxıstanda, Qırğızıstanda milli sənət növlərini stimullaşdıracaq” - deyə bildirən Ə.Qoşalının fikrincə, Köçəri Mədəniyyəti Mərkəzi tərəfindən keçiriləcək idman oyunlarına dövlətlər dəstək verəcəksə, bu, qardaş dövlətlərin bir-birinə çiyin verməsi deməkdir. Dövlətlə xalqın mövqeyinin üst-üstə düşməsi bizim xalqların mövqeyini daha da möhkəmləndirəcək, birliyimizi gücləndirəcək.

Ə.Qoşalı qeyd etdi ki, bu mərkəzin yaradılmasına təşəbbüs göstərən, onun fəaliyyətinə dəstək olan hər bir kəsə təşəkkür borcumuz var. Bu baxımdan ki, sözügedən mərkəz birbaşa türk birliyinə xidmət edəcək.

İradə SARIYEVA

Bakı Xəbər.- 2018.-29 avqust.- S.14.