“Əlibaba”
ləqəbi ilə düşmənə
qan udduran Günnüt qəhrəmanı...
(Gənclərə
örnək ömür yolu)
SSRİ kimi böyük
imperiyanın dağılmasından, xalqımızın
azadlıq uğrunda mücadiləsindən,
20 Yanvar hadisələrindən, müharibənin
törətdiyi çətinliklərdən bizi
30 ilə yaxın zaman ayırır. Bu illər ərzində
çox şey dəyişdi.
Ölkəmiz, eləcə də onun
ayrılmaz parçası olan
Naxçıvan Muxtar Respublikası
müstəqilliyin işığında böyük
bir inkişaf yolu keçdi. İndi müstəqil, azad
bir ölkənin xoşbəxt vətəndaşlarıyıq.
Həyatımızın
axarı, yaşam tərzimiz, dünyaya
baxışımız da dəyişib. Uşaqlarımız güllə səsindən
və hər bir çətinlikdən uzaq, şən, firavan
böyüyür. Gündüzlər insanlar işə tələsir,
gecələr bağları, parkları istirahətə gələnlərin
gülüşləri bəzəyir. Çıraq
işığında səhəri açdığımız
gecələri indi şəhərin dörd bir yanında gur
işıqlar əvəzləyir. Bütün çətinliklər
arxada qalıb. Hər şey dəyişib. Dəyişməyən
gerçəklər də var: biz o gerçəkləri
yaşadıq, göz yaddaşımıza, hafizəmizə
yazıldı. 1990-cı illərdə yaşanan ağır
hadisələrin və insanların vətənpərvərliyinin
şahidləri olduq. O vətənpərvərlik idi ki,
silahın, texnikanın çatışmadığı bir
dövrdə Naxçıvanı erməni
işğalından qorudu, o vətənpərvərlik hissi
idi ki, insanları yumruq tək öz ətrafında birləşdirdi,
o əqidə idi ki, düşmənə əsir düşməsin
deyə, sonuncu gülləsini özünə sıxan
oğullar adını tarixin qəhrəmanlıq səhifəsinə yazdırdı.
Vahid
komandanlığa tabe olan ordunun yoxluğundan istifadə edən
ermənilər Naxçıvana bir neçə istiqamətdən
aramsız hücumlar edirdilər. Sədərək, Havuş,
Günnüt kəndləri 1990-cı il yanvarın 19-da səhər,
təxminən, saat 11-dən etibarən daha intensiv hücumlara
məruz qalmışdı. Həmin vaxt ermənilər əsas
qüvvələrini Sədərək istiqamətinə
yönəldərək Kərki kəndini işğal etdilər.
İnsanlar
belə bir məqamda Vətənin dar günündə
Naxçıvana gələn Ümummilli Liderin ətrafında
sıx birləşərək bu qədim Azərbaycan
diyarını mərdliklə qorudular. Keçmiş
SSRİ-nin müxtəlif şəhərlərində məskunlaşmış
həmyerlilərimizdən də geri qayıdanlar oldu. Onlardan
biri də Murmanskdan Şərura üz tutan Asəf Bayram
oğlu Rəhimov idi.
Asəf
Bayram oğlu Rəhimov 1960-cı il yanvarın 24-də Şərur
rayon Düdəngə kəndində anadan olub. 1967-ci ildə
Düdəngə kənd orta məktəbinə gedib. 1977-ci
ildə məktəbi bitirən Asəf Rəhimov Bakıda 2 saylı peşə məktəbinə
daxil olur. 1981-ci ildə hərbi xidmətini başa vurub
doğma yurduna qayıdan Asəf Rəhimov təhsilini davam
etdirmək üçün 1982-ci ildə Murmanska yollanır.
1983-86-cı illərdə Murmansk şəhərində yeməklərin
hazırlanması üzrə texnoloq fakültəsində
oxuyub təhsilini başa çatdırır və həmin
şəhərdə əmək fəaliyyətinə
başlayır. Vətənin dar günündə Asəf Rəhimov
doğma elinə qayıdır və 1990-cı ildə Şərur
rayon Polis şöbəsində işə düzəlir.
Polis nəfəri kimi döyüşlərdə iştirak edən
Asəf Rəhimov şücaətlər göstərir,
“Əlibaba” ləqəbi ilə tanınır.
Həmin
dövrdə təkcə Zeyvə-Düdəngə kəndlərindən
32 polis nəfəri ön cəbhədə düşmənlə
üz-üzə dayanmışdı. Onlardan biri də Asəf
Rəhimov idi. Sədərək döyüşlərinin
iştirakçısı olan Asəfin müdafiəsində
iştirak etdiyi ərazilər Günnüt kəndi və onun
ətrafı oldu. Günnütün alınması
düşmən üçün böyük önəm
daşıyırdı. Bu istiqamətdən ermənilərin
məskunlaşdıqları Çanaxçı və Cəfərli
kəndləri, həmçinin Xankəndinə gedən yol əl
içi kimi görünürdü. Bu ərazilər 1992-ci ilə
qədər ordumuzun nəzarəti
altında olub. Öz müdafiə mövqelərini möhkəmlətmək
baxımından Günnüt ermənilər üçün
mühüm strateji əhəmiyyətə malik idi.
Həmin
dönəmdə Günnütün “Əlibaba” ləqəbi
ilə tanınan Asəf Rəhimov kimi müdafiəçiləri
vardı. Qarşı tərəfdən fərqli olaraq
müasir texnikaları, silahları olmasa da, güclü iradələri,
Vətən eşqi, sarsılmayan əzmləri vardı.
Xarici
görünüşünə və rus dilində mükəmməl
danışdığına görə azərbaycanlı
olduğunu təyin edə bilməyən ermənilərə
Asəf dəfələrlə psixoloji zərbə
vurmuşdu. Kəşfiyyat xarakterli məlumatları toplayaraq
geri qayıdan Asəf arxasınca bir iz buraxardı. Ermənilərə
“Alibaba bıl zdes, (“Əlibaba” burada olub)” mesajını
ötürən Asəf, sözün əsl mənasında,
düşmənə od qoyurdu. Mərmi kimi partlayan sözlərin
yazıldığı kağız parçasını
tapanda isə artıq Asəf ərazidən çox uzaqlarda
idi. O dövrdə belə bir ideyayla
döyüşürdülər:
“Hər kəs sağ ikən öz qanına qan almalıdır”. Asəf Rəhimov
düşmənin layiqli cavabını verən igidlərdən
idi.
Sonuncu güllə
1992-cı
ildə Sədərəkdə qızğın
döyüşlər gedərkən düşmən
müdafiə qüvvələrimizi parçalamaq məqsədilə
Günnüt kəndini də atəşə tuturdu.
Günnütü asanlıqla ala bilməyəcəyini görən
düşmən qüvvəsini bura yönəldir. İlk
vaxtlarda böyük itki verən ermənilər Günnüt
kəndini vertolyotla hava hücumuna məruz qoyub yerlə-yeksan
edirlər. Qeyri-bərabər döyüşdə Mərdan
Abbasov adlı döyüşçü ağır
yaralanır, polis işçilərini atəş xəttindən
çıxaran digər döyüşçü isə
mühasirəyə alınır. Bu "Əlibaba" ləqəbi
ilə düşmənin canına vəlvələ salan Asəf
Rəhimov idi. Düşmən üçün “Əlibaba”
uğurlu hədəf idi. Məqsəd onu diri tutmaq, qalib ədasıyla
güc nümayiş etdirmək və “Əlibaba”dan qisas almaq
idi. Lakin “Əlibaba” erməni quldurlarına yenilmədi.
Düşmənin məqsədinin qurbanı olmadı.
“Əlibaba” elini, obasını sevən bir qəhrəman idi.
O Vətən naminə etdiyi fədakarlığına görə
ad qazanmışdı. Ölüm qorxusumu güc gələcəkdi?
Heç bir qüvvə onun qürurunu, Vətənlə
qoşa döyünən ürəyini, sarsılmaz ruhunu əsir
edə bilməzdi. Son ana qədər erməni quldurları ilə
təkbaşına döyüşən “Əlibaba” 17 nəfər
silahdaşını xilas etdi, düşmən tərəfini
itkiyə məruz qoydu. Ayağından güllə yarası
alan Asəf artıq çıxış yolu
olmadığını anlayır. Dörd bir tərəfdən
mühasirədə qalan qəhrəman sonuncu gülləni
özünə sıxır. Bundan qəzəblənən ermənilər Asəfin ölüsünü belə
rahat buraxmırlar. Ermənilərin dəfələrlə dərsini
verən Asəf onlar üçün ölüm kabusu idi. Erməni
vəhşiləri öldüyünə əmin olmaq
üçün meyiti tanınmaz hala salırlar, bununla da
ürəkləri soyumur. Özləri ilə meyiti də
götürüb gedirlər.
Günnütün ilk şəhidi
“Əlibaba”
elə bir ad-san qazanmışdı ki, onun ölümünə
inanmaq çətin idi. Şücaəti ilə qəlblərdə
ölümsüzlük heykəli ucaltmışdı.
Ölümündən sonra Asəfin axtarışı bir
neçə gün davam edir. Ulu öndər Heydər
Əliyevin səyi ilə Asəf Rəhimovun meyiti geri
qaytarılır. Asəf Günnütün ilk şəhidi və
müdafiəçisi kimi adını tarixə qızıl hərflərlə
yazdırır. Həmin ildə Asəfin şücaəti ilə
bağlı silsilə yazılar qəzet səhifələrində
yer alır, qəhrəmanlığı örnək göstərilir.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli sərəncamı
ilə Asəf Bayram oğlu Rəhimov ölümündən
sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif
olunur. Məzunu olduğu Düdəngə kənd orta məktəbinə
adı verilir və məktəbin həyətində
büstü ucaldılır. Oğlu Əfqan Rəhimov bu
gün atasının yolunu davam etdirərək Kəngərli
rayon Polis şöbəsində öz xidməti vəzifəsini
ləyaqətlə yerinə yetirir.
“Rahat uyu şəhidim,
Günnütdən düşmən ayağı kəsilib”
Düz
26 il sonra 2018-ci ilin mayında Naxçıvan Əlahiddə
Ümumqoşun Ordunun keçirdiyi uğurlu hərbi əməliyyat
nəticəsində Şərur rayonunun Günnüt kəndi
və ətrafındakı 11 min hektar ərazi düşməndən
azad edilir. 26 kilometr məsafəni əhatə edən əməliyyat
nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli
yüksəkliklər ələ keçirilir. Həm də
itkisiz. Günnüt əməliyyatı son illərdə həyata
keçirilən ən uğurlu hərbi əməliyyat kimi
tarixdə öz yerini aldı.
Qısa
müddətdə dağlıq
şəraitdə xidmətin təşkili üçün
lazımi şərait yaradıldı. Mühəndis-istehkam tədbirləri
görüldü, postlar arasında dayanıqlı rabitə əlaqəsi
yaradıldı, yeni səngərlər qazıldı. Ön xətdəki
mövqelərlə yanaşı, dayaq məntəqələrində
də etibarlı müdafiə sistemi qurulub. Eyni zamanda ərazidə
yeni yollar çəkilib, postlar arasında rahat əlaqə təmin
edilib.
Asəfin
uğrunda canını fəda etdiyi, bu gün işğaldan
azad olunan Günnütdə indi üçrəngli
bayrağımız dalğalanır. Rahat uyu, şəhidim,
Günnütdən düşmən ayağı kəsilib.
Müzəffər ordumuz o murdar ayaqları
Laçınımızdan, Şuşamızdan, Xankəndimizdən,
Kəlbəcərimizdən... də kəsəcək.
Ruhiyyə RƏSULOVA,
Naxçıvan
televiziyasının baş redaktoru
Bakı Xəbər.- 2018.- 31
avqust.- S.12.