Ermənilər Azərbaycanın
işğal olunmuş
ərazilərindən qarət
edilmiş tarixi nümunələrin
üzərində əməlli-başlı biznes qurublar
“Azərbaycanın İşğal
Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət
Abidələrini Müdafiə Təşkilatı” İctimai
Birliyinin sədri “Ermənistanın
işğalçılıq siyasəti nəticəsində
Azərbaycanın məruz qaldığı itki və tələfatların
qiymətləndirilməsinin gedişi barədə hesabat” tədbirində
ermənilərin yeni misilsiz cinayətlərini açdı.
Faiq İsmayılov: “Ermənilər
Azərbaycanın işğal altındakı ərazilərindən
qarət etdikləri tarixi-mədəni irs nümunələrini
Avropa və digər ölkələrdə satışa
çıxarırlar”
”1993-cü ildə Laçın
rayonunun Tarix və Diyarşünaslıq Muzeyindən
aparılmış gümüş əl çantası ermənilər
tərəfindən Londondakı "Sotheby
Chr("39")s" auksionunda 80.000 ABŞ dollarına
satılıb”
“Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində azərbaycanlıların yaşadıqları kənd və şəhərlərin xarabalıqlarında çoxlu sayda erməni kilsəsi inşa edib”
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağda və ətraf rayonlarda ermənilər tərəfindən tarixi abidələrimizin dağıdılması, bizə məxsus xristian-alban məbədlərinin memarlıq quruluşunun dəyişdirilməsi faktı hər bir azərbaycanlını, eləcə də dünyanın sülhpərvər qüvvələrini narahat etməlidir.
Avqustun 30-da Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsinin gedişi barədə hesabat” adlı tədbir keçirdi.
Tədbirdə çıxış edən “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov bildirdi ki, tədbirin məqsədi ermənilərin uzun illərdir tarixi mədəniyyət abidələrimizə qarşı həyata keçirdiyi vandalizm hərəkətlərini beynəlxalq aləmə və Azərbaycan ictimaiyyətinə çatdırmaqdır. F.İsmayılov bildirdi ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə öz mülkiyyət hüququnu tətbiq etməsi, faktiki olaraq, Azərbaycanın öz mədəni dəyərləri üzərindəki hüququndan zorakı surətdə təcrid edilməsi anlamını yaradır. “Bununla bağlı çoxlu məlumat əldə etmişik və əlimizdə olan informasiyalar çox zəngindir. Bizim internet elektron bazamız var. İşğal altında olan abidələrimizlə bağlı “Əsir abidələr” adlı saytımız fəaliyyət göstərir və bütün məlumatları burada yerləşdirmişik. Biz mətbuata ermənilərin Azərbaycana aid xristianlıq dövrü abidələrinin memarlıq quruluşunun dəyişdirilməsi ilə bağlı məlumatlar vermişik. Çox təəssüf ki, bizim bəzi dövlət qurumlarının saytlarında işğal altında olan abidələrimizin sayı ilə bağlı səhv məlumatlar yerləşdirilib. Biz istəyirik ki, o səhvlər düzəldilsin. Bilirsiniz ki, Azərbaycan günü-gündən inkişaf edir, böyük turizim ölkəsinə çevrilir. Bu baxımdan, ölkəmizə gələnlər çoxdur. Xarici vətəndaşlar hansısa bir saytı açırlar və görürlər ki, burada işğal altında olan abidələrimizin sayı səhv göstərilib. Faktiki olaraq, işğal olunmuş ərazilərimizdə 71 məscidimiz qeydiyyata alınıb, onların tarixləri və yerləşdikləri ərazilər siyahılaşdırılıb” - deyə bildirən F.İsmayılovun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasət nəticəsində 10 mindən çox yer adları, eləcə də daşınmaz tarix-mədəniyyət abidələri və yüzlərlə toponim erməni adları ilə əvəzlənib: “Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində azərbaycanlıların yaşadıqları kənd və şəhərlərin xarabalıqlarında çoxlu sayda erməni kilsəsi inşa edib. Eləcə də Azərbaycanın işğal altında olan bütün əraziləri boyu yüzlərlə erməni xaç nişanlarını daş üzərində yaradaraq yayır, beynəlxalq terrorçulara monumental komplekslər tikirlər. Bu fəaliyyət mütəmadi olaraq hər il davam edir. Apardığımız tədqiqatların yekunu olaraq gəldiyimiz qənaətə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatlar çox böyükdür. Qeyd edim ki, ermənilər tərəfindən sənət abidələri, memarlıq abidələri, tarixi abidələr, arxeoloji abidələr, incəsənət abidələri, muzeylər, kitablar, əlyazmalar, arxiv fondları talana, dağıntıya məruz qalıb”.
F.İsmayılov vurğuladı ki, talana və dağıntıya 1510 mədəniyyət müəssisəsi məruz qalıb. Onun sözlərinə görə, 365 klub, 761 kitabxana, 193 mədəniyyət evi, 2645 tarix və mədəniyyət abidəsi, o cümlədən 1814 memarlıq abidəsi, 747 arxeoloji abidə, 64 bağ-park monumental və xatirə abidələri, 23 muzey, 102 757 muzey eksponatı, 4 Dövlət Rəsm Qalereyası, 376 rəsm əsəri, 4,6 milyon kitab, 13 arxiv, 260 000 arxivləşmiş sənəd, 50 000 ədəddən çox vətəndaşın şəxsi kolleksiyalarında saxlanan tarixi əhəmiyyətli ov və məişət əşyaları (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları), mədəni irs nümunələri Ermənistan silahlı qüvvələri tərəfindən məhv edilib və ya mənimsənib. Bu faktlardan başqa, ermənilər Azərbaycanın işğal altındakı ərazilərindən qarət etdikləri tarixi-mədəni irs nümunələrini Avropa və digər ölkələrdə satışa çıxarırlar. 1993-cü ildə Laçın rayonunun Tarix və Diyarşünaslıq Muzeyindən aparılmış gümüş əl çantası ermənilər tərəfindən Londondakı "Sotheby Chr("39")s" auksionunda 80.000 ABŞ dollarına satılıb. 1993-2016-cı illər ərzində ABŞ, Almaniya, Fransa, İngiltərə, Səudiyyə Ərəbistanı və digər ölkələrdə erməni brendi adı altında Azərbaycandan qarət edilib aparılan xalçalar satışa çıxarılıb”.
F.İsmayılovun verdiyi məlumata görə, 150 000-dən çox daşınan mədəni irs nümunələri, o cümlədən muzey eksponatları və rəsm əsərləri ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazisindən çıxarılıb, onların bir qismi dünyanın müxtəlif ölkələrində satışa çıxarılıb, bir qismi nüfuzlu şəxslərə hədiyyə edilib, bir qismi isə İrəvan şəhərinin müxtəlif müəssisələrində saxlanır.
F.İsmayılovun sözlərinə görə, ermənilər işğal altında saxladıqları Azərbaycan ərazilərində 63 məscidi tamamilə dağıdıb, 4 məscidi isə sökərək tanınmaz hala salıblar. Tarixi əhəmiyyətli 71 türbə, 150 qəbiristanlıq tamamilə, 250 qəbiristanlıq isə qismən dağıdılıb. 1500-dən çox memarlıq abidəsi yad təsirlərdən uçulmaq təhlükəsi qarşısında qalıb. 50 daşınmaz tarix və mədəniyyət abidəsi qanunsuz təmir edilərək formaları dəyişdirilib, divar yazıları silinib.
Birlik sədri 200-dən çox arxeoloji abidə üzərində ABŞ, Rusiya, İngiltərə, Fransa, İspaniya və digər xarici ölkələrin vətəndaşlarının iştirakı ilə qanunsuz arxeoloji qazıntı işləri aparıldığını təəssüflə qeyd etdi.
“Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz fəaliyyətə yol verilərək, Ağdamın Şahbulaq yaylağında 1, Xocalı rayonu ərazisində 4, Xankəndi şəhərində 3, Şuşa şəhərində 3, Şuşa-Füzuli yolunda 1, Kəlbəcər rayonu ərazisində 2, Laçın şəhərində 1, Laçın rayonunun Zabux kəndində isə 1 yeni erməni kilsəsi inşa edilib.
1998-ci ildə bir yazılı daş nümunəsi ermənilər tərəfindən Laçın rayonunun Mığıdərə kəndinin cənub-qərbində yerləşən məbədin üzərindən çıxarılaraq, İrəvan şəhərindəki Matadaran qədim əlyazmalar muzeyində 3437 nömrə altında saxlanır” - deyə bildirən F.İsmayılov qeyd etdi ki, Ermənistan hökumətinin Azərbaycanın işğal altındakı ərazilərində həyata keçirdiyi bu vandalizm hərəkətləri 1954-cü il Haaqa Konvensiyasına, 1999-cu ildə qəbul edilmiş İkinci Protokolunun 9-cu bəndinə ziddir.
F.İsmayılov “Azərbaycanın işğal altında qalan tarix və mədəniyyət abidələrinə qarşı Ermənistanın qeyri-insani siyasəti beynəlxalq qanun və konvensiyalara əsasən yolverilməzdir. Mədəni dəyərlərin hüquqi statusunu tənzimləyən beynəlxalq normativ sənədlərə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində talan edilərək xarici ölkələrə aparılan Azərbaycanın daşınan mədəni dəyərlərinin Ermənistan hökuməti tərəfindən Azərbaycana qaytarılması təmin edilməlidir” - deyə bildirdi.
O, həmçinin, vurğuladı ki, hər il xarici dövlətlərdə tarixi abidələrlə bağlı keçirilən beynəlxalq tədbirlərdə iştirak edir və işğal altında olan abidələrimizin ermənilər tərəfindən talan edilməsini, o abidələrin memarlıq quruluşunun dəyişdirilməsini, ermənilərin abidələrimizi saxtalaşdırması məsələsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.
İradə SARIYEVA
Bakı Xəbər.- 2018.-31 avqust.-
S.5.