Qarabağ məsələsində Azərbaycanın mövqelərini gücləndirən geosiyasi vəziyyət sürətlə formalaşır…

Rusiya və Türkiyə arasında münasibətlərin artıq strateji tərəfdaşlıq həddinə yüksəlməsi, ölkələrin iqtisadi, siyasi, müstəvidə mövqelərinin üst-üstə düşməsi işğalçı Ermənistanda getdikcə daha böyük qorxu yaratmaqdadır. Xüsusən də Türkiyənin məlum Afrin əməliyyatlarına Rusiyanın yüksək səviyyədə dəstək verməsi düşmən tərəfi sözün həqiqi mənasında lərzəyə salıb.

Məsələ burasındadır ki, erməni tərəfi bu gedişlə Suriyadan sonra Türkiyə və Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında da eyni mövqedən çıxış edəcəyini düşünür. Hətta prosesə İranın da qatılması istisna olunmur.

Ümumiyyətlə, faktdır ki, Moskva-Ankara-Tehran formatı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həlledici rola malik ola bilər. Çünki hər üç ölkənin, xüsusən də Moskva ilə Tehranın İrəvana iqtisadi, siyasi təsir imkanları böyükdür. Hazırda Ermənistanın dövlət olaraq varlığı məhz Rusiya ilə İranın sayəsində mümkündür. Onların Ermənistana qarşı iqtisadi təzyiq rıçaqlarını işə salması yetər ki, Ermənitstan Qarabağ məsələsinin çözümündə əməli addımlar atsın. Digər tərəfdən Suryia təcrübəsi də göstərir ki, Moskva-Ankara-Tehran formatı münaqişənin çözümündə uğurlu birlikdir. Bu mənada hesab edilir ki, Suriya münaqişəsinin nizamlanmasında uğurlu olan Rusiya-Türkiyə-İran üçlüyü Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya bilər. Məsələyə münasibət bildirən tanınmış rusiyalı tarixçi, politoloq Oleq Kuznetsov da hesab edir ki, real addımlar atılması halında sözügedən format Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına böyük töhfələr vermək iqtidarındadır. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi bu il Rusiya və Türkiyənin maraq dairəsində yer alacaq, onlar üçün aktual olaraq qalacaq: "Hətta daha böyük əhəmiyyətə malik olacaq. Çünki hazırda Türkiyə və Rusiyanın aktiv yaxınlaşması prosesi müşahidə olunur. Türkiyə Azərbaycanın aktiv və rəsmi olaraq yeganə tərəfdaşıdır. Prezident Rəcəb Tayyip Ərdoğan dəfələrlə Dağlıq Qarabağ problemini qaldırıb. Hesab edirəm ki, Rusiya və Türkiyə doğrudan da əsl tərəfdaş olmaq istəyirsə, prezident Vladimir Putin seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həlli məsələsini qaldırmağa məcbur olacaq.

Həmçinin 2019-cu ildə Türkiyədə konstitusiya islahatları yekunlaşacaq. Bu islahatlar nəticəsində Ərdoğan tamhüquqlu ölkə rəhbərinə çevriləcək. Belə bir statusu əldə etmək üçün konstitusiya islahatlarının keçirildiyi keçid dövründə hər hansı bir nailiyyət əldə etmək lazımdır. Bu anlamda Dağlıq Qarabağ münaqişəsinin həlli bunun üçün müsbət amil ola bilər. Mən Rusiyanın Cənubi Qafqazda xarici siyasət vektorunu Bakıya çevrilməsi üçün 2018-ci ildə Türkiyənin Moskvaya aktiv şəkildə təzyiq edəcəyini gözləyirəm". Ekspert bildirir ki, Ermənistanın burada Rusiyaya qarşı hansısa mövqe sərgiləməsi də mümkün olmayacaq: "Düşünürəm, hazırda Ermənistanda elə vəziyyət yaranıb ki, Rusiya bu ölkə ilə hesablaşmayacaq. Avropa İttifaqı və Ermənistan arasında hərtərəfli və genişlənmiş əməkdaşlıq haqqında saziş imzalandıqdan sonra Ermənistan rəhbərliyinin Rusiya ilə əlaqələri möhkəmləndirmək barədə bəyanatlarının səmimiliyinə heç kim inanmır". Digər tərəfdən nəzərə almaq lazımdır ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiya ilə münasibətdə daim daha səmimi mövqe sərgiləyib. Son illərdə bu mövqe Moskvada da kifayət qədər yüksək qiymətləndirilir. Digər tərəfdən Kremldə onu da yaxşı bilirlər ki, Cənubi Qafqazda mövqelərinin güclənməsi, uğurlu siyasət yürütməsi Azərbaycanla əməkdaşlığın yüksək səviyyədə olmasından birbaşa asılıdır. Eyni zamanda Rusiya onu da aydın görürür ki, Qərb tərəfindən iqtisadi təzyiqlərin genişləndiyi bir vaxtda Azərbaycanın həyata keçirdiyi infrastruktur layihəlrindən isifadəyə ehtiyacı daha da artacaq. Bu fonda Moskva Bakı ilə münasibətlərin inkişafının daha geniş miqyas almasına xüsusi diqqət yetirir. Elə Oleq Kuznetsov da hesab edir ki, qarşıdakı dövrdə Azərbaycan - Rusiya əlaqələri yalnız yüksəlməkdə davam edəcək: "2013-cü ildən bəri, faktiki olaraq artıq beş ildir ki, ölkələrimiz arasında münasibətlərdə aktiv inkişaf qeydə alınır. Hazırda geosiyasi, iqtisadi və hərbi-əməkdaşlıq münasibətləri ən yüksək tərəfdaşlıq səviyyəsindədir. Düşünürəm ki, bu il də vəziyyət belə olacaq. Hazırkı münasibətlərə təsir edə biləcək hər hansı bir element görmürəm". İndi Rusiya və Azərbaycanın bir-birinə sürətlə yaxınlaşması, Türkiyənin hər iki tərəf üçün vacib tərəfdaş olması mütləq mənada Qarabağ məsələsinə də öz təsirini göstərəcək. Çünki problemin çözümü Azərbaycanın, Türkiyənin xarici siyasətində prioritet istiqamətlərdən birini təşkil edir və Rusiya da bunu nəzərə almağa məcburdur. Rusiyalı ekspert Maksim Şevçenko da qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsində tarixi həqiqət Bakının tərəfindədir və Rusiya hazırkı vəziyyətdə özünü daha fəal aparmalı, Azərbaycanı dəstəkləməlidir. Bundan öncə isə Maksim Şevçenko belə bir təkliflə də çıxış etmişdi ki, Qarabağ məsələsində dialoq üç ölkə, yəni İran, Türkiyə və Rusiya arasında aparılmalıdır. Şevçenko həmçinin bildirib ki, öz torpaqlarından didərgin düşən insanları da unutmaq olmaz: "Onların və ya varislərinin geri qayıtması məsələsini sərt şəkildə qoymaq lazımdır. Bunsuz heç bir həldən söhbət belə gedə bilməz. ABŞ və Avropa İttifaqı bu məsələni həll edə bilmir və bunu istəmir. Bunu yalnız Tehran-Moskva-Ankara dialoqu çərçivəsində etmək olar".

Eyni mövqe Kremlin ideoloqu sayılan Beynəlxalq Avrasiya Hərəkatının sədri, politoloq Aleksandr Duqin tərfindən də sərgilənir. O. diqqəti buna yönəldir ki, Azərbaycan Rusiya ilə İran və Türkiyə arasında yaxınlaşmada böyük rol oynayır: "Yeni bir strateji oxun yaradılmasında da o, əhəmiyyətli rol oynamağa başlayıb. Azərbaycan Moskva-Ankara-Tehran konfiqurasiyasında geosiyasi nəzarəti birləşdirir və onun regional siyasətdə rolu artır. Bakı bir növ ümumi səhmləri saxlayan subyektə çevrilir, Ermənistan isə kənarda qalır". Bütün bunların Dağlıq Qarabağ münaqişəsinə təsirinə gəlincə, Duqin bildirib ki, 2018-ci il konfliktin həlli baxımından həlledici olmalıdır: "Azərbaycan regionda statusunun artmasına hazırdır. Burada, ilk növbədə, müəyyən mənada Azərbaycanın potensialını tam açmasına mane olan Qarabağ məsələsini həll etmək lazımdır. Bu, Rusiya-Azərbaycan münasibətlərində yeni yüksəliş olacaq. Düzdür, Rusiya Ermənistanı tərk edə bilməz, onlar bizim müttəfiqimizdir, bu məsələdə heç bir şübhə yoxdur. Amma iş ondadır ki, Rusiya Ermənistan kimi lokal təsisat naminə qlobal geosiyasi maraqlarını qurban verə bilməz. Biz onun suverenliyinin saxlanmasını, müstəqilliyinin dəstəklənməsini öhdəmizə götürümüşük və  bunlar maraqlarımız daxilindədir. Lakin digər tərəfdən, Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərimizdə maneə ola bilməz. Hamı anlamalıdır ki, geosiyasətdə ərazi mübahisələrindən də daha böyük dəyərə malik məsələlər var. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə real proses işə düşsə, bu, Rusiya ilə Azərbaycan arasında inteqrasiyanı gücləndirəcək. Azərbaycanın güclənməsi Türkiyə və İranla əlaqələrimizi gücləndirmək üçün fürsətdir. Bakı bütün hallarda Moskva-Ankara-Tehran üçbucağının strateji qapısıdır. Bakı bu ittifaqda əsas konstruksiya olur". Ümumiyyətlə, Rusiya siyasi səhnəsində Duqinlə eyni mövqedən çıxış edənlərin sayı kifayət qədərdir.

Xüsusən də Qərb və Rusiya arasında münasibətlərin daha da kəskinləşdiyi bir vaxtda Kremlin Azərbaycan, Türkiyə kimi ölkələrlə əlaqələrin dərinləşməsinə ehtyiacı daha da artır. Rusiyaya indiki şəraitdə daha böyük yük olan Ermənistana görə isə Kreml adları çəkilən ölkələrlə əməkdaşlığın genişləndirilməsini dayandırmaq niyyətində deyil. Elə bunun nəticəsidir ki, Rusiya Türkiyəyə Suriyada hərbi əməliyyatları istədiyi formada həyata keçirməsi üçün bütün imkanları tanıyıb. Bu mənada Qarabağda da Azərbaycanın hərbi əməliyyatlara başlaması, hətta bu məsələdə Türkiyədən müəyyən yardımlar ala bilməsinə Moskvanın hansısa müqavimət göstərməsi gözlənilmir. Elə bunun nəticəsidir ki, Türkiyənin uğurlu Afrin əməliyyatı Ermənistanı təşvişə salıb. Ermənilər Türkiyənin güclənməsindən və gələcəkdə Dağlıq Qarabağın azad olunmasına töhfə verməsindən qorxur. Erməni siyasi şərhçi Karen Ambartsum  bu xüsusda bildirir:  "Türkiyə Afrində uğurlu quru əməliyyatına başlayıb. Hazırda türk ordusu hücumlarını davam etdirir. Rusiya bu əməliyyatı dəstəkləyir, Amerika isə Türkiyənin qarşısında geri çəkilir. Baş verənlər Ermənistan üçün də ciddi təhlükə deməkdir. Görünür, sabah Ankara və Bakı Qarabağda hərbi əməliyyata başlasa, Türkiyənin gücü qarşısında heç kim səsini çıxara bilməyəcək və heç kim Ermənistanı müdafiə etməyəcək". Xatırladaq ki, bu günlərdə digər erməni siyasi şərhçi Aram Amatuni də iddia edib ki, Rusiya lazım olan məqamda Ermənistanı Türkiyə və Azərbaycanın qucağına atacaq: "Türkiyənin Afrin əməliyyatı Ermənistanın gələcəyini də sual altına qoyur. Rusiyanın Suriyada Türkiyənin qabağını açması faktı unudulmamalıdır. Ankara və Bakı Qarabağın azadlığı hərəkatına başlasa, Rusiya onların qarşısından çəkiləcək və Ermənistan meydanda tək qalacaq". Beləliklə, qeyd edilənlərdən aydın olur ki, Qarabağ münaqişəsinin həlli istiqamətində geosiyasi müstəvidə tamamilə yeni bir vəziyyət yaranır. Bu vəziyyətdə Azərbaycanın mövqeləri güclənməyə doğru getdiyi halda, Ermənistanda bunun tam əksi müşahidə olunur. Hesab edilir ki, yaranmış vəziyyətdə real addımlar atılması Qarabağ münaqişəsinin dinc müstəvidə həllini tezləşdirə bilər. Bu da bölgədə maraqlı qüvvələrin, o cümlədən Rusiyanın özünün maraqlarına tam cavab verir.

 

Tahir TAĞIYEV

Bakı xəbər.- 2018.- 2 fevral.- S.9.