“Ömür qatarı”ndan
düşən Adəm və Həvva...
“Qatar gedir,
ömrümüzü daşıyır, təkərlər
qaçır, göz yaşları isə axır, hey
axır...”
İrəvan Teatrı
tamaşaçıları yenə riqqətə gətirdi...
Ötən əsrin bir sıra spesifik
xüsusiyyətləri ilə səciyyələnən
60-cı illəri cəmiyyətdə, mənəvi aləmdə,
ictimai həyatda müəyyən dəyişikliklərin
baş verdiyi mürəkkəb tarixi dövr olmuşdur. Bu illərdə sovet ədəbiyyatında “60-cı
illər ədəbiyyatı” deyilən bir təmayül
formalaşdı. Bu təmayülü İttifaq miqyasında
Şukman, Abelov, Y.Trifonov, Ç.Aytmatov, İ.Əfəndiyev,
Anar, İsa Hüseynov, Elçın, Əkrəm Əylisli,
İbrahimbəyov qardaşları və başqaları təmsil
edirdilər.
Ədəbiyyata gəlmiş yeni nəslin
başlıca keyfiyyyətləri bunda idi ki, onlar ümumi
şüarlardan, yalançı pafosdan, kolxoz-sovxoz münasibətlərindən
uzaqlaşaraq konkret insan amilinə üz tutdular. İnsan, mənəviyyat,
dəyərlər ön plana çəkildi. Bu müəlliflərin
yaratdıqları dramaturgiya vasitəsilə ədəbiyyatdan
teatr səhnələrinə yeni nəfəs, yeni
baxış, yeni dəyərlər gəlməyə
başladı.
Yaşadığımız informasiya cəmiyyətinə
teatrın təsiri danılmazdır. Teatr artıq
çağdaş dönəmin silahına, cəmiyyətə
təsir alətinə çevrilib. Bu gün
teatrın sosial-psixoloji təsiri insanların həyat tərzini,
dünyagörüşlərini, ictimai fikrini və ən
başlıcası, dünya duyumları sistemini biçimləndirir.
Ədəbiyyatın sosial-ictimai əhəmiyyətini, onun bəşəri
problemlərin həllinə yönəlmiş təbliğat
vasitəsinə çevrilmək fəaliyyətini təlqin
etmək isə teatrın başlıca vəzifəsidir.
Böyük ədəbi təcrübəsi və qələmi
ilə insanpərvərliyi təbliğ edən
yazıçıların əsərlərinin tamaşaya
qoyulması böyük humanist ideyaların təbliğinə
yönələn bir addımdır. Belə
yazıçılardan biri də qırğız
yazıçısı Mar Bayciyevdir. Onun əsərləri,
xüsusilə dramaturgiyası Azərbaycanda çox məşhurdur.
“Ömür qatarı”na çevrilən “Sonuncu reys” pyesi isə
ölkəmizdə ilk dəfə müraciət olunan əsərdir.
Pyesi dilimizə Azərbaycanın görkəmli
ziyalısı, şair-dramaturq Hidayət tərcümə
edib. Bu əsəri C.Cabbarlı adına İrəvan Dövlət
Azərbaycan Dram Teatrı səhnəyə qoydu.
Tamaşanın quruluşçu rejissoru əməkdar artist,
Prezident mükafatçısı Sərvər Əliyev, rəssamı
Vahid Mürsəliyev, musiqi tərtibatçızı
Çingiz Xəlilov, rejissor assistenti Tural Xəlilzadədir.
Əməkdar artist Sərvər Əliyev
tamaşanın rejissor yozumunu qısa olaraq belə ifadə
edir: “Tamaşa insan ömründən, insan həyatından bəhs
edir. Əgər insan öz ölümü haqqında
düşünürsə, o heç kimə pislik etməməlidir.
Biz hamımız bu qatarın içindəyik və bu qatar
çox sürətlə gedir. Haçansa bu qatar dayanacaq”. Bəli,
insanın həyatı relslər üzərində
şütüyən qatara bənzəyir.
Ömrümüzü daşıyan bu qatarın sərnişinləri
də bizik: mən, sən, o, biz, siz, onlar... Bu qatar çox
sürətlə gedir, amma bizim istəyimizdən asılı
olmayaraq mütləq dayanacaq. Biz bunu bilirik. Amma harada və necə
dayanacağının fərqinə varmırıq.
Tamaşanın birinci hissəsində
tamaşaçıya elə gəlir ki, tamaşada əsas qəhrəman
vaqon bələdçisidir (Səmayə İsmayılova). O,
bütün sərnişinləri bir kupeyə
yığıb. Qonşu kupeyə bileti olanlar da burdadır.
Vaqon bələdçisi özünü bundan xəbərsiz
kimi aparır. Vaqondakı sərnişinlər:
sevgilisi ilə anasından xeyir-dua almağa gedən
cütlük (Şəbnəm Cəbrayılova, Elçin
Hacıyev) hara getdiyini birinci hissənin sonunda kövrək
notlarla etiraf edən, zahirən aktrisaya bənzəsə də,
sadə ofisiant işləyən xanım (Esmiralda Şahbazova,
əməkdar artist), ehtiyat hissələri
mağazasında işləyən, ancaq tapılmayan
malları əldə etmək üçün ona edilən
xahişlərdən cana doymuş və ona görə də
işini məxfi saxlayan kişi (Tural Xəlilzadə),
qanunsuzluğa qarşı mübarizə aparmaq istəyən,
öz dövründəki insanları indiki cavanlarla müqayisə edib, gəldiyi nəticədən heyfslənən
istefada olan polkovnik, vaqon bələdçisinin həyat
yoldaşı (Nicat Mirzəzadə), savadı
çatmadığına görə başqasına diplom
işi yazdırmaq üçün pul qazanmaq məcburiyyətində
qalaraq vaqonda satıcılıq edən tələbə
(Rövşən Cəfərov) və
tamaşa boyu vaqonda öz yerini tapa bilməyən, ayıq olanda
özünü asmaq üçün kəndir axtaran, içəndən
sonra yaşamaq eşqi ilə alovlanan qoca sərxoş (Vaqif Kərimov,
əməkdar artist) müxtəif taleli, müxtəlif
dünyagörüşlü, baş verən hadisələrə
müxtəlif yanaşma tərzinə malik
insanlardır.Tamaşanın ən maraqlı məqamı
vaqon bələdçisinin bütün sərnişinlərdən
imzatoplama “mərasimi”dir. Bu məqamda həm qatarda gedən sərnişinlərin
iç üzü, həm də imza toplamaq üçün
vaqon bələdçisinin hansı iyrənc yollara əl
atması tamaşaçıda təəssüf hissi
yaradır. Bu məqam səhnədən
tamaşa zalına çox dərin fikirlər
ötürür.Bir-birilə əlaqəsi olmayan hadisələr
bələdçinin, ərinin qadağan etməsinə
baxmayaraq, qoca sərxoşa içki satdığına
görə onun tərəfindən döyüləndən
sonra kulminasiya nöqtəsinə çataraq bir istiqamətə
yönəlir. Vaqon bələdçisi ərini
polisə vermək məqsədilə şikayət ərizəsi
yazıb, sərnişinləri ona şahid durmaları
üçün dilə tutur. Əvvəlcə yalandan etiraz
edənlər “Əl-əli yuyar, əl də üzü”
psixologiyası ilə yaşadıqlarından, məqsədlərinə
nail olan kimi bələdçi qadını da razı
salaraq onun arzusunu yerinə yetirirlər. Qadın öz
imzası əvəzində qonşu kupedə rahat yerləşir,
qoca sərxoş isə iki qədəh şərab içəndən
sonra nəyə və niyə imza atdığının fərqinə
də varmır. Leytenantın isə bələdçi
qadına sadəcə yazığı gəlir. Məlum olur ki, bələdçi heç də ərini
tutdurmaq istəmir, sadəcə onu qorxudur. Çünki əri
qadının yarıtmaz əməllərini onun
övladlarına çatdıracağı və onu
balalarının yanında biabır edəcəyi ilə hədələyir.
Övladlarının onun əyri yollarla pul
qazandığını biləcəklərindən
utanan qadının keçirdiyi psixoloji sarsıntıları
Səmayə xanım İsmayılova xüsusi məharətlə
ifa edir, tamaşaçıya çatdırır və bizi
düşünməyə vadar edir.
Məhz bu an rejissor S.Əliyev cəmiyyətə
mesaj ötürür. Əyri
yollarla haram pullar qazananlar! Bu əməlinizə görə
övladlarınızın sizə edəcəkləri nifrətdən
qorxun! Çəkinin bu yoldan! Təmiz olun, təmiz
qalın...
Ümumiyyətlə, öz dəst-xətti ilə
seçilən Sərvər Əliyevin fərdi rejissor
üslubu tamaşada açıqca sezilir və tamaşanı
milli ruha yaxınlaşdırır. Leytenantın Azərbaycanda
çox məşhur olan “Cənab leytenant”
mahnısını oxuması bu işə xidmət edirdi.
Bu mahnını dinləyən qadın o dərəcədə
kövrəlir ki, dərdini içində gizlətdiyinə
baxmayaraq, indicə tanış olduğu, hələ
doğmalaşmamış adama söyləmək məcburiyyətində
qalır. Sən demə görkəmcə
kübar, həmişə şən görünməyə
çalışan bu xanımın leytenanta olan simpatiyası
hərbi əməliyyatlar zamanı həlak olmuş hərbçi
sevgilisi ilə bağlıymış.
Keçmiş
günlərə qayıdan qadının sevgilisinin
bacısından aldığı məktubun məzmununu
tamaşaçıya danışarkən əməkdar aktrisa
Esmiralda Şahbazova
çox kövrək, duyğusal hislər
yaşayır. Hec də göründüyü kimi şən
olmadığını, ürəyində onu rahat
yaşamağa qoymayan bir nisgilin olduğunu sızıltı
ilə tamaşaçıya çatdırır.Elə bu an xanıma təsəlli verən leytenant onu
qucaqlayır. Öz çirkin məqsədini həyata
keçirmək üçün bu görüntüdən
istifadə edən bələdçi leytenantın sevgilisinə
üzünü tutaraq: “Sən yatanda onlar öz işlərini
qaydasına qoydular. Kişilər belədi də”,
- deyir. Bu sözlər bir gənc
qızın bütün ümidlərini, sevgiyə olan
inamını qırır və qız qatardan
düşür. Qatar isə yoluna davam
edir. Sərnişinlərini
axırıncı dayanacağa aparır. İkinci
hissə başlayır və məlum olur ki, təkcə
qız yox, sərxoş qoca da qatardan düşüb. Onun monoloqundan məlum olur ki, bu qoca heç də
içki düşgünü deyilmiş. O da həyatda
hamının qarşılaşa biləcəyi problemlərlə
qarşılaşıb, dost xəyanətinin qurbanı olub.
Sonra da ailədaxili problemlər... Dözə bilməyən
qoca baş götürüb ətrafındakı insanlardan
qaçır, hara getdiyinin fərqinə varmadan ilk qatara
minir... Qızın məsumluğu, əsən külək,yağan yağış sərxoş
qocanı sanki yuyub təmizləyir, onu yaşamağa vadar
edir. Həyat onun gözündə gözəlləşir,
yaşamaq eşqi üst qata çıxır. Bu zaman
başqa insanların mindiyi ömür qatarı
gəlir. Onlar bu qatara da minə bilmirlər.
Qatar dayanmır. O qatarın da qoca və
qızın düşdüyü qatar kimi
harada və nə vaxt dayanacağını heç kim bilmir.
Gənc
aktrisa Şəbnəm Cəbrayılova və əməkdar
artist Vaqif Kərimov cütlüyü yaratdıqları
obrazların psixoloji sarsıntılarını,
iztirablarını elə ustalıqla tamaşaçıya
çatdırırlar ki, onların səhnədə aktyor
olduqları unudulur və tamaşaçı onları
yaratdıqları personajların özləri kimi qəbul edib
sevir. Teatr ictimaiyyəti bu iki aktyoru bir neçə
tamaşada tərəfmüqabil kimi görüb. Aralarındakı
yaş və səhnə təcrübəsindəki fərqə
baxmayaraq, bir-birini tamamlayır, tandem yarada bilirlər. Biz onların oyun tərzini seyr etdikcə
inanırıq ki, aktyor nəsli arasındakı bu cür əlaqələr
qırılmasa, teatrımızın gələcəyi var və
o yaşayacaq.Bəli, ikinci hissəyə baxan
tamaşaçı daha gərgin anlar yaşayır. Səhra,
vaqon relsləri, qaranlıq gecə, təbiətin
şıltaqlığı... Sonsuzluğa doğru
şütüyən “Ömür qatarları”nın
təkər səsləri... Təkərlər
fırlanır, qatarlar gedir, özünü Allahın
qadağan etdiyi hisslərdən qoruya bilməyən, qəlbini
təmiz saxlaya bilməyən insanları aparır bu
dünyadan... Güman etmək
olar ki, son dayanacağa... Orada hamımızın son mənzilimiz
var... Təkərlər fırlanır, qatar
gedir, həyat isə davam edəcək, cünki kişi və qız bu dünyada
qalırlar... Təbiət öz küləyi,
yağışı, tufanı ilə intiqam almaq istəyir
onlardan, bacarmır, onları saflaşdırıb, təmizləyib
geri çəkilir təbiət... Sakitlik
hökm sürür. Bir-birinə dayaq durmuş qadın
və kişi
işıqlandırılır... Onlar bir-birinə
sığınıblar... Adəm və Həvva kimi... Cənnətdə
yox, səhrada, cünki burada alma
ağacı yoxdur... Həvva Adəmə alma
yedizdirib günaha batıra bilməyəcək, istəsə
belə, alma tapa bilməyəcək... Bu Adəm və Həvvadan
günaha batmamış insanlar gələcək bu
dünyaya... Bəlkə onda dünyamızı Yaradan onun
nizamını da qoruya biləcək...
Zülfiyyə
Eldarqızı,
sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Bakı
xəbər.- 2018.- 2 fevral.- S.13.