Tarixdə iz buraxanlar: Niyazi
Niyazi Zülfüqar oğlu
Tağızadə-Hacıbəyov 1912-ci il avqust ayının
20-də Tiflisdə anadan olub. Atası Zülfüqar bəy,
anası Böyükxanım xanımdır. Niyazi niyə iki
soyadı daşıyırdı?
Tağızadə-Hacıbəyov soyadı Niyazinin öz
seçimi olub. Tağızadə anası
Böyükxanımın soyadıdır. Yeganə
dayısı Heydərəli Tağızadə
inqilabçı olub. Onun faciəli qətlindən sonra Niyazi
bu soyadı yaşatmağı özünə borc bilib.
Niyazinin atası Zülfüqar
Hacıbəyov Azərbaycanda musiqili teatrın
banilərindən və dahi Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəyovun qardaşı idi. Anası
Böyükxanım ixtisasca həkim olub. Niyazi uşaqlıq
illərindən Ü.Hacıbəyov, M.Maqomayev,
Ə.Haqverdiyev, C.Məmmədquluzadə, H.Cavid kimi dövrün
tanınan sənət adamları, yazıçıları
arasında böyüyüb. O, ilk təhsilini Bakı Musiqi
Texnikumunda alıb, fəqət sonra təhsilini davam
etdirmək üçün Moskva və Leninqrad
şəhərlərinə gedib.
Üzeyir Hacıbəyovun
məsləhəti ilə Moskvaya gedən Niyazi orada
Onesinlər adına Musiqi-Pedaqoji Texnikumunda, görkəmli
müsiqiçi və müəllim Mixail Fabianoviç Onesinin
sinfində musiqi təhsilinə başlayıb. Onun M.F.Onesinin
rəhbərliyi altında məşğul olduğu illər
gərgin əmək və bəstəkarlıq sənəti
xüsusiyyətlərinin öyrənilməsi dövrü
idi. Moskva şəhərinin zəngin bədii
həyatı – opera tamaşaları, simfonik və kamera musiqisi
konsertləri, görkəmli dirijorların, musiqi
ifaçılarının çıxışları
Niyazinin istedadının inkişafına təkan verib.
1929-1931-ci illər ərzində Niyazi Leninqrad Mərkəzi
Musiqi Texnikumunda Q.Popovun və P.Ryazanovun rəhbərliyi altında
bəstəkarlıq məşğələlərini davam etdirib. Həmin
dövrdə Niyazi gənc Azərbaycan bəstəkarı
Asəf Zeynallı ilə birlikdə Leninqradda Azərbaycan
bəstəkarlarının əsərlərindən
ibarət konsertlərin təşkil edilməsi və
keçirilməsi sahəsində mühüm işlər
görüb. Fəqət Leninqradın iqlimi Niyazinin
səhhətinə pis təsir etdiyinə görə orada
təhsilinə davam edə bilməyib. Bir müddət sonra
Dağıstana köçüb və Dağıstan Xalq
Maarif Komissarlığında elm, ədəbiyyat və
incəsənət bölməsinin müdiri təyin edilib. Bu
illər ərzində Niyazi Üzeyir bəy Hacıbəyov
ilə müntəzəm olaraq yazışır, onun
məsləhətlərini diqqətlə dinləyirdi. Eyni
zamanda Üzeyir Hacıbəyov da tez-tez öz
yaradıcılıq planları və Azərbaycanın musiqi
həyatında baş verən hadisələr haqqında
Niyaziyə məlumat verirdi. 1933-cü ilin ortalarında Niyazi
Bakıya qayıdır. Burada o, müəyyən
müddət Azərbaycan Dövlət Konservatoriyasının
aspiranturasında professor L.Rudolfun və S.Ştrasserin
rəhbərliyi altında məşğul olur.
Niyazi bəstəkarlıq
fəaliyyətinə məhz həmin dövrdə
başlayıb. O öz qüvvəsini müxtəlif janrlarda
sınayıb, tezliklə ilk əsərləri olan “Od
içində” fortepiano poemasını və Azərbaycan
simfonik musiqisinin ilk nümunələrindən olan “Zaqatala
suitası”nı yaradıb. Niyazi 1934-cü ildə
Azərbaycan Bəstəkarlar təşkilatının
üzvü olub. Bir ildən sonra o, M.Maqomayevin muğamların
nota salınması təşəbbüsünü davam
etdirərək məşhur xanəndə Cabbar
Qaryağdıoğlunun ifasında “Rast” və “Şur”
muğamlarının not yazılarını tərtib
edib. Bu not yazılarının Azərbaycan
muğamlarının şifahi sənət növü olan
muğamların qorunması və bəstəkar
yaradıcılığında istifadəsi üçün
böyük nəzəri və təcrübi
əhəmiyyəti vardı. Eyni zamanda həmin not
yazıları 30-cu illərdə milli musiqimizə,
çalğı alətlərimizə qarşı
çıxan yanlış nəzəriyyələri
təkzib etdi.
Niyazi keçən əsrin 30-cu
illərində kino və teatr musiqisi sahəsində fəal
çalışıb. O, atası ilə birlikdə
Cəfər Cabbarlının “Almas” dramının ssenarisi
əsasında çəkilən ilk səsli Azərbaycan
bədii filmi üçün musiqi yazıb, dram
tamaşalarına musiqi bəstələyib.
Niyazi dirijorluq fəaliyyətinə də
həmin dövrdən başlayıb. O, 1934-1935-ci
illərdə Azərbaycan Neftçilər İttifaqı dram
teatrının orkestrinə rəhbərlik edib, sonralar
Azərbaycan bəstəkarlarının ilk simfonik əsərlərini,
Ü.Hacıbəyovun, M.Maqomayevin operalarından orkestr
fraqmentlərini idarə edib. Niyazinin M.F.Axundov adına
Azərbaycan Dövlət Opera və Balet Teatrının
səhnəsində M.Maqomayevin “Nərgiz” operasının yeni
tamaşasının hazırlanması ilə bağlı
işi onun dirijorluq fəaliyyətində yeni
mərhələ olub. Bu mərhələdə Niyazi
M.Maqomayevin “Nərgiz” operasının yeni musiqi
redaksiyasını hazırlayıb. 1938-ci ildə “Nərgiz”
operası Moskvada ilk dəfə keçirilən Azərbaycan
incəsənəti dekadasının proqramına daxil edilib
və dekada iştirakçıları tərəfindən
yüksək qiymətləndirilib. Son dərəcə
böyük ifadəliklə dirijorluq edən Niyazinin
istedadı xüsusilə qeyd olunub və bu uğuruna
görə layiq olduğu mükafat – “Şərq
nişanı” ordeni ilə təltif edilib. Tezliklə o,
Azərbaycan Dövlət Filarmoniyasının bədii
rəhbəri təyin edilib və bu vəzifədə
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət
Simfonik Orkestrinin daimi tərkibini təşkil etmək üçün
fəaliyyət göstərib.
Niyazinin ifaçılıq
yaradıcılığının inkişafının yeni
mərhələsi simfonik orkestrlə birgə işi ilə
başlanıb, onun dirijorluq texnikası təkmilləşib,
orkestrin repertuarı zənginləşib. Onun simfonik
əsərlərin təbliği ilə bağlı olan
fəaliyyəti məhz həmin dövrdə meydana
çıxıb və sonralar intensiv inkişaf edib. Bu
dövrdə Niyazinin repertuarı sovet respublikaları
bəstəkarlarının əsərləri ilə
zənginləşib.1939-cu ilin sonlarında Bakıda
keçirilən sovet musiqisi dekadasında S.Turenkovun “Belorusiya”
suitasından, N.Lışenko-Revutskinin “Taras Bulba”
operasının uvertürasından, R.Qliyerin
“Şahsənəm” operasının uvertürasından ibarət
olan proqramla çıxış edən Niyazi Üzeyir
bəy Hacıbəyovun “Koroğlu” operasının
tamaşalarına da bu zamandan dirijorluq etməyə
başlayıb.
Niyazinin Ü.Hacıbəyovun musiqisi
ilə əlaqəsi tədricən dərinləşib və
daha maraqlı olub. O, həmin musiqiyə daha çox
məftun olub və bu musiqi xəzinəsindən böyük
ehtiramla bəhs etməyə başlayıb. Niyazi
Ü.Hacıbəyovun “Koroğlu” operasına xüsusi bir
duyğu ilə yanaşıb, bu müdrik əsərin
musiqisini böyük sadəlik, yetkin ustalıqla ifa edib. O,
müəllifin partiturasını dinləyicilərə
bənzərsiz parlaq cizgilərlə, emosional
zənginliklə, incə dinamika ilə və coşqun ritmik
əlavələrlə çatdırırdı. 1940-cı
ildə Niyazi Azərbaycan SSR Əməkdar
İncəsənət Xadimi fəxri adına layiq
görülüb.
Müharibə illəri Niyazi
üçün gərgin yaradıcılıq və
ictimai-fəaliyyət dövrü olub. O,
dəfələrlə hərbi hissələrə gedib,
böyük siyasi tərbiyə işləri aparıb. 1941-ci
ilin oktyabr ayında Niyazi M.F.Axundov adına Azərbaycan
Dövlət Opera və Balet Teatrının kollektivilə
birlikdə sovet qoşun hissələri qarşısında
çıxış etmək üçün İrana gedib.
Burada özünün dirijorluğu ilə nümayiş
etdirdiyi teatr tamaşaları, o cümlədən Üzeyir
Hacıbəyovun “Koroğlu” operası böyük uğurlar
qazanıb. Niyazi İran səfərindən aldığı
təəssüratları S.Rüstəmin sözlərinə
bəstələdiyi “Təbrizim” adlı səmimi
mahnısında əks etdirib.
1942-ci il may ayının 22-də Niyazinin
rəhbərliyi altında Azərbaycan Dövlət Opera
və Balet Teatrının səhnəsində onun “Xosrov
və Şirin” lirik-dramatik operası səhnəyə qoyulub.
Bu operanın musiqisində səmimi, lirik ariyalar, ifadəli xor
və orkestr fraqmentləri diqqəti cəlb edir. Operanın
quruluşunu hazırlayan İ.Hidayətzadə yazırdı:
“Bəstəkar misilsiz poeziyanın cazibə qüvvəsini
əxz etmiş və onu musiqidə təqdim edə
bilmişdir.”
Niyazi Uca Yaradanın Azərbaycan xalqına
bəxş etdiyi ən böyük sənətkarlardandır.
O, əlindəki dirijor çubuğu ilə sanki musiqinin
xəritəsini cızırdı. Maestro böyük dirijor
olmaqdan əlavə, həm də bənzərsiz bir
bəstəkar idi. Yaratdığı “Çitra” baletinə
görə Niyazini Hindistanda Beynəlxalq Nehru mükafatına
layiq görüblər. Azərbaycan milli peşəkar
dirijorluq məktəbinin formalaşması Niyazinin adı
ilə bağlıdır. Milli bəstəkarların bir
çox əsərləri, o cümlədən Üzeyir
Hacıbəyovun “Koroğlu” operası onun dirijorluğu
altında dünya musiqisinin qızıl fonduna daxil olub. Maestronun
böyük şövq və məhəbbətlə
tamaşaya hazırladığı “Nərgiz”(M.Maqomayev),
“Vətən” (Q.Qarayev və C.Hacıyev), “Sevil”(F.Əmirov),
“Qaratoxmaq qadın” (P.Çaykovski), “Knyaz İqor” (A.Borodin),
“Karmen” (J.Bize)... operaları, “Gülşən”
(S.Hacıbəyov), “Yeddi gözəl”,
“İldırımlı yollarla” (Q.Qarayev)... baletləri
incəsənət tariximizin yaddaqalan səhifələridir.
Niyazi böyük bir dahi idi. O, həm əməlləri,
həm əsərləri, həm də xeyirxah işləri ilə
mədəniyyətimizə, xüsusən də musiqi
sənətinə misilsiz töhfələr bəxş edib.
Azərbaycan Dövlət Simfonik Orkestrinin
bədii rəhbəri və baş dirijoru Niyazi Şuşa,
Xankəndi, Ağdam, Ağcabədi, Bərdə və Yevlaxda
simfonik konsertlərin və festivalların
təşkilatçısı olub. O: “Xalqın –
xüsusən də gənc nəslin ümumi
mədəniyyətinə, mənəvi aləminə musiqi
zövqünün düzgün istiqamətdə
formalaşmasına klassik musiqinin təbliği güclü
təsir göstərir. Düzgün qurulan musiqi təbliğatı
bu aktual problemi həll edə bilər”– deyirdi.
1959-cu ildə SSRİ Xalq Artisti adına
layiq görülən Niyazi 1961-ci ildə S.M.Kirov adına
Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin
olunub. SSRİ-nin ən məşhur teatrlarından birinə
rəhbərlik etmək o dövrdə onun bir musiqiçi kimi
böyük nüfuzundan xəbər verirdi. O burada
A.Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk
tamaşasını hazırlayıb. Həmçinin
P.Çaykovskinin “Yatmış gözəl” və S.Prokofyevin
“Daş çiçək” baletlərinin yenu
quruluşlarına dirijorluq edib, həmin baletlərlə
Parisin “Qran-Opera”, Londonun “Kovent-Qarden” teatrlarında qastrol
tamaşaları verib və böyük uğurlar qazanıb.
Müqavilə əsasında xarici ölkələrdə
işləmək təklifi alan dirijor, bir azərbaycanlı
kimi, ona doğma olan Türkiyəni seçib. Niyazi
P.Çaykovskinin “Yevgeni Onegin” və “Qaratoxmaq qadın”,
C.Verdinin “Aida” operalarına Ankara Opera və Balet teatrında,
türk bəstəkarı Ə.Sayqunun “Koroğlu”
operasına İstanbul Opera Teatrında ilk quruluş verib, onun
ilk tamaşasına və “Yunus Əmrə” oratoriyasına
dirijorluq edib. İfaçılıq sənəti ilə
tanınan sənətkarlar D.Şostakoviç,
Ş.Şarayev, K.Sekki, B.Tarcan və başqaları
tərəfindən yüksək qiymətləndirilən
Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və
Balet Teatrının bədii rəhbəri və baş
dirijoru təyin edilib.
Niyazinin ən böyük xidməti ondan
ibarətdir ki, o həm bəstəkar kimi milli müsiqimizi
zənginləşdirib, həm də bir dirijor kimi
Ü.Hacıbəyovdan başlayaraq gənc
bəstəkarlaradək, onların yaratdıqları
əsərlərin meydana çıxması, xalqa
çatdırılması, səhnələrdə
tamaşaya qoyulması üçün misilsiz
işlər görüb. Niyazi sənəti əbədidir.
Çünki onun istedadı, yaradıcılıq fəaliyyəti
və yorulmadan çəkdiyi böyük zəhmət
əsl ümumxalq məhəbbəti qazanıb.
Bu da bir həqiqətdir ki, Niyazi
Azərbaycan dirijorluq məktəbinin əsasını qoyub.
O, Azərbaycan musiqi mədəniyyətinə çox
böyük töhfə verən, tanınan və istedadlı
dirijorlardan biri idi. Niyazi Azərbaycanı, Azərbaycan
xalqını həm sovet məkanında, həm də
dünyada layiqincə təmsil edirdi, xalqımızın
istedadını nümayiş etdirirdi. Tarixi
şəxsiyyət Şostakoviç: “Azərbaycan
bəstəkarları xoşbəxtdirlər, çünki bu
ölkədə Niyazi var”– deyib . Maestro Niyazi onun
əsərlərini həqiqətən də hər yerdə
– Praqada, Londonda, Parisdə ifa edirdi. Maestro Niyazi,
əlbəttə, Qara Qarayevlə, Fikrət Əmirovla da
işləyirdi və onların yeni əsərlərinə
birinci dirijorluğu da özü edirdi. Niyazi əsl xalq adamı
idi, millətini ürəkdən sevirdi.
Bəli, Niyazi böyük
şəxsiyyət, böyük sənətkar və
Azərbaycan xalqının layiqli nümayəndəsi idi.
Elə bir ölkə yoxdur ki, orada maestro Niyazini
tanımasınlar və sevməsinlər. Niyazi ilə sıx
yaradıcılıq münasibətlərində olan
böyük rus bəstəkarı Dmitriy Şostakoviç
onun haqqında belə deyib: “Cəsarətlə
təsdiqləyə bilərik ki, Azərbaycan musiqisinin
bütün dünyada tanıdılması üçün
borclu olduğu müsiqiçilərdən biri Niyazidir.
Azərbaycan fəxr edə bilər ki, belə bir dirijoru var.”
Maestro Niyazinin misilsiz xidmətləri daima
xalqımız və dövlətimiz tərəfindən
yüksək qiymətləndirilib. Ona olan xalq
məhəbbəti bu gün də yaşayır. Maestronun
mənzili 1994-cü ildən onun ev-muzeyi kimi fəaliyyət
göstərir. Hər il avqust ayında burada Maestronun
xatirə gecəsi keçirilir. Böyük sənətkar
doğulduğu ayda, 1984-cü il avqust ayının 2-də
vəfat edib.
Allah
rəhmət eləsin.
Fazil
QARAOĞLU
Professor
Bakı
xəbər.- 2018.- 2 fevral.- S.15.