Tarixdə
iz buraxanlar: Məmməd Səid Ordubadi
Məmməd Səid Ordubadi 24 mart 1872-ci ildə
Naxçıvanın Ordubad şəhərində anadan olub. Atası
Hacıağa Fəqir bəy, anası Nənəqız
xanımdır. Məmməd Səid
atasının maddi ehtiyac içində
yaşadığını, buna görə də “Fəqir” təxəllüsünü
seçdiyini qeyd edir.
Məmməd
Səid Ordubadi ilk təhsilini məhəllə
mollaxanasında axund Şərəbanidən alıb, sonra bir
müddət şair Mirzə Baxışın məktəbində,
1890-cı ildə isə böyük maarifpərvər
M.T.Sidqinin Ordubadda açdığı yeni üsullu “Ulduz” məktəbində
oxuyub. Məmməd Səid bu məktəbdə
müəllimindən elmlə yanaşı, ictimai hadisələr
barədə də məlumatlar alır,
dünyagörüşü inkişaf edir və
yaradıcılığa həmin vaxtdan başlayır. Öz dövrünə görə geniş məlumat
və dərin bilik sahibi olan Sidqi müəllim Ordubadinin
maarifçilik ruhunda tərbiyə almasında mühüm rol
oynayıb.
Məmməd Səid Ordubadi ana dilində
yazdığı şeirləri “Səid Ordubadi”, yəni
“Xoşbəxt ordubadlı” təxəllüsü ilə
yazırdı.
O, ədəbi yaradıcılığa 14 yaşından
başlayıb. Müəllimləri onda şeirə,
yaradıcılığa olan meyli və həvəsi daha da
gücləndiriblər. Bu barədə o öz xatirələrində
belə yazır: “Mən şeir demək və
yazıçı olmağa heç də həvəslənmirdim.
Bir zamanlar anam da buna mane olurdu. Çünki atamın seir sənətindən necə
fəlakətlər çəkdiyi onun yadında idi. Fəqət
məktəb və şeirləşmə işi özüm
də hiss etmədiyim bir surətdə məni şeir
yazmağa öyrətdi”. Onun xatirələrində daha sonra
oxuyuruq: “Şeirlərim “Şərqi-rus” qəzetində
çıxdığı vaxt fabrik sahibi Rzayev qəzeti
fabrikdə mənə göstərib dedi: “Çox şadam
ki, Ordubaddan da qəzetə yazan vardır”. Fəqət fabrik
sahibinin bu razılığına baxmayaraq, mən axşam
işdən çıxdıqda ustabaşı Nağı mənə
yaxınlaşıb: “Sabah get haqq-hesabını kontordan al!”–
deyərək mənim işdən qovulduğumu xəbər verdi”. Yəni Ordubadinin “Yaşa
insanca, insanlar tək azad ol əsarətdən” ideyası rəhbərlik
tərəfindən qəbul edilməyib. Buna
baxmayaraq, Səid “Şərqi-rus” qəzetində şeirlərinin
dərc olunmasını özü üçün müvəffəqiyyət
hesab edir və şeir yazmağa daha da həvəsləndiyini
yazır.
Gənc Səid bu illərdə mütaliəyə
böyük həvəs göstərib və
yaradıcılığını davam etdirib. Şeirləri
“Şərqi-rus” qəzetində çap olunduqdan sonra onun
şeirə və yazıçılığa olan
marağı gündən-günə artıb. Nəticədə o, 1904-cü ildə “Qəflət”
adlı əsərini yazıb. Bu əsər
1906-cı ilin yanvar ayında Tiflisdə “Qeyrət” mətbəəsində
nəşr olunub.
1907-ci ildə Məmməd Səid Ordubadi Tiflisdə
“Qeyrət” mətbəəsində “Vətən və
hürriyyət” adlı ikinci kitabçasını nəşr
etdirib. Buradakı şeirlər ideya-məzmun
baxımından “Qəflət”in davamı olsa da, müasirlik
ruhu daha qüvvətli duyulurdu. Şair
xalqın, Vətənin düşdüyü məhrumiyyətlərdən
kədərlənir, bu vəziyyətdən
çıxış yolları axtarırdı. Onun qənaətinə görə, xalqın xoşbəxtliyi,
Vətənin nicatı ancaq hürriyyətə can atmaqda, bu
yolda birgə səy göstərməkdə, elmdə, maarifdədir.
“Vətənimizə bir neçə söz”,
“Loğmanın vəsiyyəti” və başqa şeirlərində
müəllif vətəninin gözəl təbiətini təsvir
etməklə yanaşı, əsrlər boyu yadellilərin bu
torpağa sahib olmaq arzusundan, xalqa olmazın əzab-əziyyət
verməsindən yazır, cəhalət pəncəsində əzilən
xalqını mübarizəyə səsləyir və
bütün bunların xalqın birliyi ilə aradan
qaldırılmasına əminlik hissini ifadə edir. Bu şeirlər Məmməd Səid Ordubadinin
poeziyasının mərhələsindən xəbər verir,
Vətənin taleyinin onun yaradıcılıq amalına
çevrildiyini təsdiq edir. Təsadüfi
deyil ki, ədibin özü də xatirələrində bu illərdə
vətənpərvərlik ideyasına bağlı olduğunu
etiraf edir.
Bəli, “Vətən və hürriyyət” əsəri
məhz Vətən sevgisi ilə qələmə
alınmışdı. O ki qaldı ədibin “millətçilik, məzhəb,
din işləri”nə bağlılığı və
sonralar bunun sönməsinə, bizcə bu etiraf yanlış
mövqedən yozulub. Ədibin bu fikirlərinə
istinad edib, təbii ki, onu panislamist kimi qələmə verməyə
çalışıblar. Əslində,
“Vətən və Hürriyyət”də Cavad xanla
bağlı məsələlər diqqəti cəlb edir.
Gəncə hakimi Cavad xanın şəxsiyyəti,
onun öz xalqına, Azərbaycan torpağına olan
böyük məhəbbəti, bu yolda həyatını
qurban verməsi həyəcanla təsvir olunur. Cavad
xanın həyat yoldaşı Bəyim xanım dəfn mərasiminə
toplaşanlar qarşısında etdiyi nitqində belə
deyib: “Vətən, xalq yolunda azadlıq mübarizəsi
aparanları tarix unutmur. Hürriyyət,
azadlıq xalqın olumu, ölümüdür. Onsuz yaşamaq, onsuz milli mənliyi saxlamaq
qeyri-mümkündür. Ata-baba yoludur bu
yol. Uluların bizə nəsihətidir Vətən
uğrunda mübariz olmaq...” Bu da bir həqiqətdir
ki, tədqiqatçılarımız “Vətən və
hürriyyət”də Cavad xan haqqında yazılan şeiri
yada salmayıb, yalnız əsərə panislamist
damğası vurmaqla işlərini bitmiş hesab ediblər.
Əslində, bu şeir Azərbaycan
poeziyasına yeni mövzu və mübariz ruh gətirib, Məmməd
Səid Ordubadinin istedadlı bir şair mövqeyini təsdiq
edib, ona böyük nüfüz qazandırıb.
Məmməd Səid Ordubadinin yaradıcılığında
baş verən dönüş, realizmin güclənməsi,
tənqidi motivlərin qabarıq nəzərə
çarpması, azadlıq ideyalarının açıq təbliği
şairin dünyagörüşündəki inkişafla
bağlı idi. Bu yeniləşmənin əks-sədası
artdıqca ona qarşı tədbirlər də
çoxalıb. Ordubadda onun evində
axtarış aparılması da təsadüfi deyildi. Təqiblərdən xilas olmaq üçün Məmməd
Səid 1907-ci ildə Culfaya köçmək məcburiyyətində
qalıb. Culfa Ordubaddan daha get-gəlli bir
şəhər idi. Culfa dəmir yolu Təbrizə
qədər uzadıldığından, buradan Rusiya və
Avropaya get-gəl artmışdı. Məmməd Səid
Culfadan tez-tez Təbrizə gedir, inqilabi hərəkatın
gedişi ilə tanış olur, Səttar
xanla görüşür, oraya inqilabi ədəbiyyat
aparırdı. Ədib ictimai fəaliyyətilə
yanaşı, bədii yaradıcılığını da
davam etdirirdi.
Məmməd Səid Ordubadi yazdığı felyeton və
satiraları ilə geniş şöhrət qazanır. O, bəzi şeirlərində
“Gül-bülbül” poeziyasına qarşı
çıxır, böyük sələfi M.F.Axundzadə
kimi o da epiqonçuluğu kəskin tənqid edirdi. Onun
şeirləri həm açıq imza ilə, həm də “Həmdəmxəyal”,
“Bəhayi”, “Məsa”, “Divanə”, “Ruhi-reyhan” və s. kimi gizli
imzalarla çap olunurdu. Onun bu illərdəki
yaradıcılığında satirik ruh üstünlük təşkil
edirdi, Şərq despotizminin iflası və qadın
hüquqsuzluğunun tənqidi əsas mövzulardan idi.
Məmməd Səid Ordubadinin yaradıcılığında
mühüm bir qolunu felyetonlar təşkil edir. Ədib “Molla
Nəsrəddin” jurnalında dərc olunan felyetonlarında
dövrün bir sıra mühüm ictimai problemlərinə
toxunur, gerilik və nadanlığı, zülm və ədalətsizliyi,
beynəlxalq imperializmi amansız tənqid atəşinə
tuturdu.
Məmməd Səid Ordubadi Culfada olarkən dram
janrında bir neçə əsər yazıb. “Bağı-şah,
yaxud Tehran faciəsi” Ordubadinin ilk dram əsəridir. Onun nəşr edilən ikinci dram əsəri
“Əndəlisin son günləri, yaxud Orenadanın təslimi”
adlı 4 pərdəli faciədir. Əsər
1914-cü ildə Bakıda Orucov qardaşlarının mətbəəsində
kitab halında çap olunub, ədəbi mühitdə
geniş əks-səda
doğurub.
Birinci dünya müharibəsi illərində Ordubadi
“Teymurləng və İldırım Bəyazid” pyesini qələmə
alıb. Bu əsərdə də sənətkarın
işğalçı müharibələrə kəskin
münasibəti aydın nəzərə çarpır.
Pyesdə müəllif iki hökmdarın –
Teymurləng və Bəyazidin simasında müharibə
törədənlərə etirazını bildirib, bu ideya ilə
bağlı Bəyazidin oğlu Musa ilə Teymurləngin
qızı Zərifə arasındakı sevgi xəttini qabardıb.
Onlar müharibəyə nifrət bəsləyir,
səmimi, saf məhəbbəti hər şeydən
üstün tuturlar yazıb.
Məmməd Səid Ordubadi 1920-ci illərdə C.Məmmədquluzadə
ilə birlikdə “Molla Nəsrəddin” jurnalında fəaliyyətini
davam etdirir, digər mətbuat orqanlarında da fəal iştirak
edir, cəmiyyətə zidd mənfi halları, beynəlxalq
imperializmi kəskin tənqid atəşinə tutur. Bütün
bunlarla yanaşı, Məmməd Səid tarixi mövzuda əsərlər
yazmaq üçün ciddi hazırlıq görür, vətənpərvərlik
ruhunda çoxlu məqalələr yazır.
Yazıçının arxivində olan qeydlərdən
və başqa avtoqraflardan məlum olur ki, o, ən qədim
dövrlərdən başlayaraq müasir həyatımıza
qədər Azərbaycan tarixinin mühüm mərhələlərini
müxtəlif janrlarda əks etdirmək istəyib. Böyük
yazıçıya görə, tarixi romanda xalqın həyatı,
xalqın ruhu, xalqın mübarizəsi göstərilməli,
onun bədii obrazı yaradılmalıdır. Onun fikrincə yazıçı “...Xalqının
çətinliklər qarşısında boyun əymədiyini,
eyni zamanda, bu mətanətli xalqın mərhəmətlə
coşan bir qəlbə, təmiz və ülvi bir vicdana malik
olduğunu... göstərməlidir.”
Məmməd Səid Ordubadi öz tarixi romanlarını
yazarkən bir sıra çətinliklərlə
qarşılaşıb. Bunlardan ən başlıcası o illərdə
Azərbaycan tarixinə aid dolğun elmi əsərlərin
azlığı idi. Azərbaycan ədəbiyyatında
bu janrda izlənməli, istifadə edilməli nümunələr
olmadığından o, janrın nəzəri-estetik prinsipləri
barədə düşünməyi və öz
sözünü deməyi də lazım bilib. Ədib tarixə yalnız olmuş hadisələr
toplusu kimi baxmayıb, gələcək naminə müraciət
edib, keçmişdən ibrət dərsi götürməyi
vacib sayıb.
Məmməd Səid Ordubadinin ilk tarixi romanı
“Dumanlı Təbriz” əsəridir. Romanda XX əsrin əvvəllərində
Cənubi Azərbaycanda Səttar xanın rəhbərliyi ilə
baş verən azadlıq hərəkatı və onun məğlubiyyətindən
sonra xalqın İran şahlığına və xarici
imperialist dövlətlərin müstəmləkəçilik
siyasətinə qarşı mübarizəsinin onillik
dövrü qələmə alınıb. 1933-1948-ci illərdə çap olunan romanda
İranda və Cənubi Azərbaycanda başlanan
milli-azadlıq hərəkatının, hər şeydən əvvəl,
ölkənin öz daxili ziddiyyətlərindən
doğduğu və inkişaf etdiyi ideyası aydın olur.
İranda mülkədar-kəndli münasibətinin
dözülməz şəkil alması, şahlıq
üsulunun çürüməsi, imperialist dövlətlərin
müstəmləkəçilik siyasəti xalqın vəziyyətini
daha da ağırlaşdırır və o, tədricən
kortəbii olaraq mübarizəyə başlayır. Bu mübarizə getdikcə mütəşəkkil
forma alıb xalq hərəkatına çevrilir.
“Dumanlı Təbriz”
romanı yazıçının yaradıcılıq
üslubunu və sənətkarlıq məharətini
araşdırmaq üçün də zəngin material verir.
Roman rus dilinə tərcümə olunduqdan sonra
müəllifin ünvanına saysız məktub göndərilməsi
onun oxucular tərəfindən maraqla
qarşılandığını göstərir.
Məmməd Səid Ordubadinin son tarix romanı
“Qılınc və Qələm” əsəridir. Ədib bu romanı yazmadan əvvəl
qələmə alacağı dövrü ətraflı
araşdırıb, qədim əlyazmaları ilə tanış olub, bir sıra məqalə
yazıb və çap etdirib. İki hissədən
ibarət olan bu iri həcmli roman müəllifin Nizami
dövrünə marağının və böyük
şairin yaradıcılığına olan dərin məhəbbətin
ifadəsi idi. O, XII əsrin mürəkkəb ictimai
siyasi hadisələri fonunda qüdrətli şairin
yaradıcılıq yolunu işıqlandırmağa müvəffəq
olub. Nizami sənəti Ordubadi üçün əsl
məktəb idi. O, “Ədəbiyyatımız və tənqidimiz
haqqında” məqaləsində yazırdı: “Nizami
müharibələrdən yazmaq istədiyi zaman bir hərb
mütəxəssisi kimi fəthi və qələbəni
qazandıra biləcək vasitələri böyük məharətlə
təyin edir”.
Romanda qılıncla qələmin, ağılla
gücün ittifaqından söz açılır. Nizaminin dililə
deyilən “...Biliksiz və siyasi düşüncəsi olmayan
adamların silahları da qələbə qazana bilməz.
Qəhrəmanlıq yalnız silah deyil, bilik də
tələb edir” sözləri müəllif qayəsini mənalandırır.
Məmməd Səid Ordubadinin əvvəlki
tarixi romanları kimi, bu roman da rus dilinə tərcümə
edilərək müəllifinə böyük şöhrət
qazandırıb.
Bütün yaradıcılığı boyu xalqın mədəni
inkişafında mətbuatın roluna yüksək qiymət
verən ədibin “Azərbaycan xalqının qəhrəman
keçmişindən” başlığı ilə çap
etdirdiyi silsilə məqalələri isə onun elmi
publisistikasında seçimli örnəklərdəndir. Onun
“Böyük dövlət adamları” məqaləsində
Atabəylər dövləti tarixində Qızıl
Arslanın siyasi rolundan, başqa görkəmli şəxsiyyətlərin
fəaliyyətindən danışılır. Müəllifin arxivində onun Babək, Şah
İsmayıl, Səttar xan və b. haqqında məqalələri
də saxlanır. Onun Xətib Təbrizi, Şəmsəddin
Təbrizi, Nizami, Füzuli, Ağaməsih Şirvani, Vidadi,
Vaqif, Sidqi, Sabir və başqa söz sənətkarları barədə
yazdığı məqalələr çoxəsirlik ədəbiyyat
tariximizin öyrənilməsi işində qiymətli bir mənbədir.
Məmməd Səid Ordubadinin
yaradıcılığı milli mədəniyyətimizi zənginləşdirib,
onun inkişafında müsbət rol oynayıb.
Azərbaycan
xalqının həyatında böyük iz qoyan ustad sənətkar
1950-ci il may ayının 1-də Bakıda
vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin.
Fazil
QARAOĞLU
professor
Bakə
xəbər.- 2018.-3-5 fevral.- S.15.