Azərbaycan dilinin
orfoepiya lüğəti
ideyası ortaya çıxdı
Buludxan Xəlilov:"Azərbaycan orfoepiyası sahəsində görüləcək
işlərə çox
böyük ehtiyac var"
Azərbaycan dilinin orfoqrafiya qaydaları layihəsinin mətbuatda, eləcə də ölkə ictimaiyyətində geniş
müzakirə edildiyi,
hətta ətrafında
böyük qalmaqallar
yaşandığı vaxtda
dilimizin orfoqrafiya qədər vacib, lakin unudulan əsas qaydalarından birini yadınıza salmaq istəyirik. Söhbət nəinki sadə vətəndaşların,
ziyalıların, hətta
dilçilərin belə
o qədər də əhəmiyyət vermədiyi,
tədqiqatdan kənarda
saxladığı orfoepiya
qaydalarından gedir.
Araşdırmamız nəticəsində məlum
oldu ki, müstəqillik dövründə
hələ ki, Azərbaycan dilinin vahid orfoepiya qaydaları yoxdur. Yəni bu sahədə
kitab, vəsait nəşr edilməyib. Ötən əsrin 80-ci illərinin sonunda çap olunan orfoepiya qaydaları kitabı da dilimizin, şifahi nitqimizin, danışıq
tərzimizin bugünkü
vəziyyətini ifadə
etmir.
Qeyd edək
ki, orfoepiya dilçilik elminin ədəbi dilinin tələffüz normalarından
və qayda-qanunlarından
bəhs edən bir bölməsidir. Yeri gəlmişkən, vurğulayaq ki, orfoepiya sözü yunanca “düzgün”, “dürüst” mənasında
olan orthos sözü ilə “danışıq”, “nitq” mənasında olan eros sözünün birləşməsindən əmələ
gələn bir termindir.
Məlumdur ki,
dilimizin lüğət
tərkibinə daxil olan sözlərin müəyyən qrupu yazıldığı kimi
tələffüz edilmədiyi
kimi, əksinə, deyildiyi kimi də yazılmır. Məsələn, kitab (kitap), bağlayır (bağlıyır), iqtidar
(iktidar), hikkə (hikgə), səcdə (səjdə), şəhərli
(şəhərri), məxfi
(məxvi) və s.
“Fonetika” bölməsində bəzi
saitlərin uzun tələffüzü, (k) səsinin
yazıda ifadəsi, qoşa saitli və qoşa samitli sözlərin yazılışı və
tələffüzü, sözlərin
sonunda cingiltili samitlərin yazılışı
və tələffüzü,
sonu “q” və “k” ilə bitən çoxhecalı sözlərin yazılışı
və tələffüzü
barədə müfəssəl
məlumat verildiyindən,
biz düzgün tələffüz üçün
vacib olan bir sıra xüsusiyyətləri
göstərməklə kifayətlənəcəyik.
Mütəxəssislər qeyd edirlər ki, indiyə qədər orfoepiya lüğətinin qaydalarının
hazırlanaraq çap
edilməməsi efirdə,
ekranda, ictimaiyyətdə,
məktəbdə müşahidə
etdiyimiz danışıq
dilinin pozulmasına səbəb olur.
Azərbaycan dilinin orfoepiya lüğətinin olmaması
faktına münasibət
bildirən Azərbaycan
Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı,
professor, dilçi-alim
Buludxan Xəlilov indiyə qədər orfoepiya lüğətinin
yaradılmamasını təəssüf
hissilə qarşılayır.
Bu sahənin diqqətdən kənarda qaldığını
deyən B.Xəlilov hesab edir ki,
bütün səyləri
birləşdirib Azərbaycan
dilinin orfoepiya lüğətini hazırlayıb
nəşr etmək lazımdır: “Ümumiyyətlə,
Azərbaycan dilinin qrammatikası indiyə qədər geniş şəkildə tədqiq
olunub, öyrənilib,
müxtəlif sahələrlə bağlı
dissertasiyalar, dərs vəsaitləri yazılıb.
Yəni bu sahədə uğurlarımız
kifayət qədərdir.
Ancaq Azərbaycan orfoepiyası sahəsində
görüləcək işlərə
çox böyük ehtiyac var. Vaxtilə
orfoepiya sahəsində
Əbdüləzəl Dəmirçizadənin,
Əziz Əfəndiyevin
xeyli xidmətləri olub. Amma bu
sahədə geniş
bir məktəb yaranmayıb. Dilçilik elminin elə sahələri var ki, orada böyük
məktəb yaranıb,
o məktəb xeyli işlər görüb. Ancaq Azərbaycan dilinin orfoepiyası ilə bağlı köklü işlər görülməlidir. Xüsusilə
sözlərin düzgün
tələffüz məsələsi
bu gün öz aktuallığını
itirməyən bir məsələdir. Həm
orta məktəblərdə,
həm ali məktəblərdə, həm
də radio və televiziyalarda orfoepiya qaydalarına əməl edilməlidir. Bu, ümumiyyətlə, hər kəsin əməl etməli olduğu bir qaydadır. Orfoqrafiya qaydaları yazını tənzimləyir, sistemə
salır. Ancaq düzgün tələffüz
məsələsi sistemində
qüsurlar daha çoxdur. Açıq deyək, bu problem ailədən, bağçadan, orta məktəbdən, ali məktəbdən, mövcud
KİV-lərdən başlayır.
Bu səbəbdən də bu sahədə
xeyli ciddi, köklü işlər görülməlidir. Həvəskar
səviyyədə, bir
az da mütəxəssis
səviyyəsində müəyyən
orfoepiya sözlükləri
çap olunub. Məktəblinin orfoepiya sözlüyü nəşr
edilib və s. Ancaq bunlar, bütövlükdə,
dilin lüğət tərkibində olan sözlərin orfoepik lüğəti deyil. Açıq deyim, bu sahənin bir az praktik
olduğundan ehtiyat edərək, ondan bir az uzaq
düşmüşük. Ona görə də Azərbaycan dilinin orfoepiya sözlüyü yoxdur, lakin bu sözlüyün
yaranmasına çox
böyük ehtiyac var. Nəzərə almaq lazımdır ki, bir sıra
sözlərin yazılışında
qüsurlar var və bu da
onların tələffüzündən
qaynaqlanır. Bu problem özünü daha çox alınma sözlərdə
göstərir. Etiraf etməliyik ki, Azərbaycan dilinin orfoepiya sözlüyü yaranmalıdır. Azərbaycan
dilinin izahlı lüğəti var, bu da xüsusi
tarixi ənənəsi
olan bir lüğətdir. Azərbaycan
dilinin tarixi ənənəsi olan orfoqrafiya lüğəti
var. Bu lüğət
bu il 7-ci dəfə nəşr ediləcək. Ancaq təəssüflər olsun
ki, Azərbaycan dilinin orfoepiya sözlüyü Azərbaycan
dilində olan bütün sözləri
əks etdirmir”.B.Xəlilov hesab
edir ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun tətbiqi dilçilik şöbəsi
respublikanın ali məktəblərinin filologiya
fakültəsinin müvafiq
şöbələri ilə
bərabər Azərbaycan
dilinin orfoepiya lüğətini hazırlamalıdır.
B.Xəlilov qeyd etdi ki, biz
mükəmməl orfoepiya
sözlüyü hazırlamaq
istəyiriksə, bu işə ciddi yanaşmalıyıq: “Onu
da vurğulayım ki, bu sahədə
işlər görülməlidir.
Azərbaycan dilinin orfoepiya lüğətinin
hazırlanması yalnız
Dilçilik İnstitutunun
tətbiqi dilçilik
şöbəsinin imkanlarına
uyğun məsələ
deyil. Bura müvafiq ali təhsil müəssisələrinin
filologiya fakültəsinin
dilçiləri, kolleclərdə
dərs deyən dilçi mütəxəssislər
də qoşulmalıdır.
Nəyə görə?
Orfoepiya sözlüyü
orfoqrafiya sözlüyü
qədər çətin
bir sözlükdür,
lüğətdir. Əgər
orfoqrafiya sözlərin
düzgün yazılşını
tənzimləyirsə, orfoepiya
da sözlərin düzgün tələffüzünü
tənzimləyir. Ona görə də orfoepiya lüğətinin
hazırlanması ölkə
dilçilərini bir
araya gətirən işə çevrilməlidir.
Təəssüflər olsun
ki, bu işin
çətinliyi bəzən
mütəxəssislərin özünü də qorxudur. Açıq deyim ki, biz
dövlət müstəqilliyi
əldə etdikdən
sonra dəfələrlə
orfoepiya sözlüyünün
çap edilməsi müzakirə mövzusu olub. Ancaq dilçilər
bu ağırlıqdan
çəkinərək hər
zaman geri durublar və bu sahəni diqqət mərkəzindən
kənarda saxlayıblar.
Hesab edirəm ki, orfoepiya sözlüyü
xüsusi bir layihə şəklində
olmalıdır. Eyni zamanda da o layihənin
işlənib hazırlanması,
həyata keçməsi
üçün orada
xeyli mütəxəssislər
çalışmalıdır. Onu da deyim
ki, rus və
digər dillərdə
orfoepiya sözlüyü
var. Bu çox
vacib məsələdir,
söz necə yazılır, necə tələffüz olunur və s. Bizdə bu istiqamətdə
görüləcək işlər
Azərbaycan dilinin praktik işləkliyinə
xeyli zəmanət verə, danışıq
dilimizi xeyli inkişaf etdirə bilər. Çünki Azərbaycan dilinin praktik işləkliyindəki
problemlər orfoepiya lüğətinin olmamasından
qaynaqlanır”.
Azərbaycan dilinin orfoepiya lüğətinin Sovet dövrü nəşrinə
də toxunan B.Xəlilov bildirdi ki, o lüğət də özündə dilimizi tam olaraq
ifadə etməyib. Onun sözlərinə görə, bu lüğət elə də mükəmməl olmayıb: “Hazırda orfoqrafiya lüğətinin
7-ci nəşri çapa
hazırlanır. Belə
olan təqdirdə orfoqrafiya ilə orfoepiya qoşa qanaddır. Ancaq orfoqrafiya lüğəti
dəfələrlə çap
olunur, orfoepiya lüğətinin isə
belə nəşrlərini
tapmaq mümkün deyil. Bu qoşa
qanadın biri həmişə diqqət
mərkəzində olub,
o biri qanad isə diqqətdən yayınıb. Ona görə də bu istiqamət kənarda qalıb. Yazıda etdiyimiz qüsurlar mükəmməl
orfoepiya lüğətinin
olmamasından qaynaqlanır.
Çünki orfoepiya
lüğəti yarandıqdan,
çap olunduqdan sonra düzgün yazı və düzgün deyiliş bir-birini tamamlayacaq. Bu da dilin
düzgün tətbiqinə
geniş imkan, şərait yaradacaq”.
İradə SARIYEVA
Bakı
xəbər.- 2018.- 7 fevral.- S.14.