Yunus Oğuzun özü və
sözü
Elçin Hüseynbəyli
Mən yazar dostum Yunus Oğuzu uzun illərdir
ki, tanıyıram. Bu yaxınlarda bir tədbirdə dediyim
kimi, 30 ildir, birlikdə yol gəlirik və bu yolun bitməyəcəyinə
inanıram. Bəri başdan onu da deyim ki, Yunus Oğuzla müəyyən
ictima-siyasi məsələlərə, roman janrına, onun təhkiyə
formasına münasibətdə fikir
ayrılığımız olsa da, vətən sevgisində
sabitik. Onu da deyim ki, Yunus Oğuz bir türkçü və
millətçi kimi sabit-qədəmdir. Mən Azərbaycan
bayrağı haqqında onun danışarkən necə
kövrəldiyinin şahidiyəm. Yunus Oğuz hansı tədbirdə
olur-olsun, içdəmi, dışdamı, öz
türkçü və milli kimliyini daim qabardan və bundan qətiyyən
çəkinməyən insandır. Bu yazımda da təkcə
onun yaradıcılığından yox, həm də şəxsi
dəyərlərindən söz açacam...
***
Qarlı qış günlərinin birində,
yaxın dostlarımızın birinin məclisində Yunus
Oğuz qulağıma pıçıldadı:
-İstəyirəm, Nadir Şah haqqında dram
yazam.
Mən ona qədər Yunus Oğuzun fəlsəfə,
türkçülük, onun kökləri barədə məqalə
və kitabları ilə tanış idim, həm də onu bir
siyasətçi kimi taniyırdım. Ona görə də təəccübləndim
və yarızarafat, yarı ciddi dedim ki, “Nadir Şah”
dramını Nəriman Nərimanov yazıb, sən roman yaz.
Düzü, onun roman yazacağını
gözləmirdim, ona görə də adi bir həvəs və
kapriz kimi qəbul elədim. Amma deyir, sən
saydığını say, gör fələk nə deyir.
Yunus Oğuz dediyinin üstündə durdu və
“Nadir Şah” romanını yazdı. Yəni
çoxlarının, elə mənim gözləmədiyim
kimi, maraqlı və oxunaqlı bir əsər ortaya qoydu. Həmin
romanın kompüter variantını da mənə göndərdi
və mən 30 illik dostumun bu yazısına sevinməyə
bilməzdim. Ona görə də yığcam bir girişlə
əsərdən parçanı “Ulduz” jurnalının ilk səhifəsində
dərc elədim və həmin yıcam girişi burda təkrar
edirəm:
“Yunus Oğuz Azərbaycan ictimaiyyətində
daha çox siyasətçi və türkçü kimi
tanınır. Onun son kitabı da elə
türkçülüklə bağlıdır və
“Türkün tarixinə yeni bir baxış” adlanır. Amma qələm
dostumuz son
illər tarixlə bağlı əsərlər
yazmaqla bizləri sevindirməyə başlayıb. “Atilla”
dramını yenicə bitirmiş qələm dostum “Nadir
Şah” tarixi romanına da son nöqtəni qoymaq üzrədir.
Yunus Oğuz tariximizdə boş qalan sahələrə
müraciət etməklə böyük bir işin altına
girib. Şübhəsiz, istənilən tarixi əsər
oxucular tərəfindən birmənalı
qarşılanmır. Amma bu, əsas deyil. Əsas odur ki,
ümumilli dəyər daşıyan tarixi məqamlara baş
vurasan, qalanı araşdırmaçıların işidir və
zövq məsələsidir. Hər halda, tariximiz təzədən
yazılmalı və öyrənilməlidir. İnanıram
ki, Yunus Oğuzun bu romanı tariximizi yenidən öyrənmək
baxımından öz qiymətini alacaq...”
Mən bu sətirləri təzədən
çap eləməklə təkrarçılıq məqsədi
güdmürəm, sadəcə bir daha demək istəyirəm
ki, Yunus Oğuz haqqında fikirlərim səmimi və dəyişməzdir...
Həmin vaxt qədim-qayım
dostum təklif elədi ki, kitaba ön sözü də mən
yazım, amma fikirləşdim ki, Yunuz nasir kimi ədəbiyyat
aləminə ilk qədəm qoyduğundan ön sözü də
samballı bir ədəbiyyatşünas yazsa, daha
yaxşı olar. Belə də oldu. Və
dövrümüzün bilim və fikir adamı, ədəbiyyatşünas
- akademik Nizami Cəfərov kitaba genişürəkli və səxavətli
ön söz yazdı. Sonra onun Atatürk Mərkəzindəki
təqdimat mərasimində də iştirak və
çıxış eləyib dostumuzu qutladıq.
***
İkinci bir haşiyə çıxım.
Yunus təpərli və diqqətcil adamdır.
O dost dediyi adamın xeyir-şərində həmişə
onun yanında olur, tək buraxmır.
Yunusla xeyli xarici səfərlərimiz də,
olub məmləkətimizə də gen bol səfərlər
etmişik və həmişə özünün
dostluğunu sövq-təbii nümayiş etdirib. Onunla
qarlı-şaxtalı, boranlı-yağışlı
Xızı səfərimiz isə ayrı bir söhbətin
mövzusudur və həmin səfər barədə bir
zamanlar yazmışam...
Yuxarıda demişdim ki, Yunus Oğuz harda
olur-olsun öz kimliyini qabardan və düşmənlə
döş-döşə gələn adamdır. Londona səfərimiz
zamanı Trafalqar meydanından keçirdik. Bizimlə birgə
ermənilər, gürcülər və başqa millətin
da nümayəndələri vardı. Bir nəfər
asfaltın üstündı qraffiti ilə məşğul
idi və müxtəlif ölkələrin bayraqlarını
çəkirdi. Onların arasında Azərbaycan
bayrağı da vardı, amma ermən bayrağı yox idi. Ermənilərdən
biri cırnadı və qayıtdı ki, bəs erməni
bayrağı onların arasında niyə yoxdu? Yunusun
hazırcavablığı hamımıza ləzzət elədi
və gülməyimizə səbəb oldu:
-Erməni
bayrağı var da, o dey orda.
-Harda?
–erməni kaıxdı
-Rus bayrağının içində.
Təbii ki, həmin erməni deməyə
söz tapmadı, eləcə pərt və məyus oldu...
Buradaca qeyd edim ki, tarixi romanlara bizim fərqli
baxışımız var. Yunus romana epos təfəkkürü
ilə yanaşır və bədii təhkiyəyə daha
çox üstünlük verir. Bəndəniz isə tarixi
romana akademik yanaşır, yəni tarixi faktları daha
çox qabardır. Yunus “bir tarixi cümlədən də
roman yazmaq olar” deyir, mənsə “çox tarixi cümlədən”
deyirəm. Amma özü demiş, heç zaman bir-birimizi
qısqanmamışıq, çünki hər ikimiz Azərbaycana,
onun tarixinə xidmət edirik. Necə xidmət edirik,
burası bizim yox, ədəbiyyatşünasların
işidir.
***
Bu yazını mən çoxdan
başlamışam və onu davam etdirməyə Yunusun son iki
romanının təsiri oldu. Çünki həmin əsərlərin
bədii redaktoru oldum və onları təhlil etməyə
geniş imkan yarandı. Onu da deyim ki, buna qədər Yunus
Oğuzun “Əmir Teymur”, “Təhmasib Şah”, “Cadugər
və Şah arvadı” romanları işıq üzü
gördü və bir neçə xarici dilə tərcümə
olunaraq, böyük uğur qazandı. Sözüm bunda yox, gələk
mətləb üstünə.
Öncə bədii redaktoru olduğum birinci
romandan - “Atabəy Eldəniz”dən başlayaq və öz təhlilimə
keçməzdən əvvəl hörmətli akademik Nizami Cəfərovun
romana giriş sözündən bir epizodla tanış olaq:
“...Romanın bir ideya- estetik məziyyəti
tarixi faktlara sona qədər sədaqətliliyi, mənbələrin
verdiyi kifayət qədər zəngin məlumatlara əsaslanmasıdırsa,
digəri həqiqətləri zədələmədən, təhrif
eləmədən Atabəylər dövrü tarixinin ideya (və
iddia!) münaqişələrilə dolu fəlsəfəsini
ortaya çıxarmaq, həmin münaqişələrin
xalqların taleyinə, eləcə də ayrı- ayrı
tarixi şəxsiyyətlərin formalaşmasına necə təsir
etdiyini göstərmək cəhdidir...”
***
“Atabəy Eldəniz” romanında Yunus Oğuz
çox sevdiyi və daim bəhrələndiyi təsəvvüf
elminin daha dərinliyinə enir və Baş Dədənin
dilindən maraqlı əhvalatlar nəql edir. Baş
Dədənin fikrincə, insan öz tarixini daha yaxşı
bilməlidir.
Roman maraqla oxunur. Çünki təhkiyə də,
süjet də, intriqa da oxucunu öz arxasınca apara bilir.
Bəri başdan qeyd edim ki, romanı oxuya-oxuya müəllifin
gözündən yayınmış məqamlara da, korrektə
xətalarına da düzəliş elədim. Və bu mənada
oxucular və vicdanım qarşısında təmizəm.
Yenidən romana qayıdaq.
Şəmsəddin Eldənizin qul həyatı,
Bağdada gedən karvandakı arabadan yıxılması
çox maraqlı təsvir olunub və vizual xarakterlidir. Həmin
dövrün ab-havası, hökmdarlar arasında intriqa,
xaşxaşilərin ruhu və yaşam qaydaları mənə
inandırıcı təsir bağışladı. Düzdü, bir neçə məqamda
polemikalarımız da oldu. Məsələn, mən o
fikirdəyəm ki, 12 –ci əsrdə insanlar “siz”lə
danışmayıblar, hökmdaralara da “sən” deyə
müraciət ediblər, amma Yunus Oğuz bununla
razılaşmır və hesab edir ki, müasir oxucuyla bəzən
başa düşdüyü dildə təmas qurmaq vacibdir. Eldəniz, ya Eldəgiz məsələsi də
xırda mübahisə doğurdu, Amma yenə də hərə
öz fikrində qaldı.
Bir fikirlə yaradıcı adamların əksəriyyəti
razılaşır ki, yazıçı bir əsəri bitirəndən
sonra çox nadir hallarda kənar fikirləri nəzərə
alır. Əsər yazıldı, qurtardı, çünki
ona qədər özü bu barədə xeyli
düşünüb-daşınır, hər şeyi
saf-çürük edir.
Mömüinə Xatunun Eldəniz tərəfindən
xilas olması əsl Şərq vriantıdır. Həm orta əsrlər,
həm də ondan əvvəlki dövrlər idarəçilikdə
və qətllərdə adətən zəhərdən
istifadə edirdilər. Bu məqam
romanın vacib məqamlarından birdir və müəyyən
mətləblərə, münasibətlərə açar
rolu oynayır.
Əsərdə Atabəy Eldənizin hakimiyyət
yolları ardıcıllıqla verilib.
Xaşxaşılər və onların həyat tərzi,
fədailərin özünəməxsus döyüş tərzi
və düşüncəsi, hakimlərinə sadiqliyi diqqəti
çəkir.
Onlar yapon ninzalarını, Fransa, İspaniya
gizli polisini, sovet xəfiyyəsini xatırladır.
Hamısının insanlara münasibətdə öz
üsulu var. Onlar bir yerə xüsusi məqsədlə gedir
(romanın dili ilə desək “sızır”) və zamanı
çatanda aldıqları tapşırığı yerinə
yetirirlər: öz ölümləri bahasına olsa belə,
bir növ xarici antikəşfiyyatçılar, cəsuslar
kimi.
İlk baxışdan romanda obraz və surətlər
çox görünür. Amma onların
çoxu yardımçı personajlardır, yəni
romanın ideyasına, süjetinə xidmət edir.
Əslində isə aparıcı obrazlar bir neçədir:
Atabəy, Möminə Xatun, Qutluq bəy, əsəri nəql
edən Baş Dədə, Baş imam, Xəlifə və s.
Romanda el dili, xalq dili, zərb məsəllər
çoxdur.
Məsələn:
“Bir kişinin qolunda bir el birləşər, bir alim ətrafındasa
el-oba, dünya inkişaf edər”.
“Dəvəyə minən qoyunlar arasında gizlənə
bilməz”.
“Qurd öz qonşusunu yeməz”.
“ Dəyirmanda doğulan siçan göy gurultusundan qorxmaz”.
“Qoca öküz baltadan çəkinməz”.
“Tələdən qorxan quş qırx il haça
ağacın üstünə qonmaz”.
“Kəməndlə dağ əyilməz”. və s.
Romanda çox adamın nəinki bildiyi, heç
eşitmədiyi “batin və batil elmi” haqqında Baş Dədənin
dilindən nəql edilir. Baş Dədəd deyir ki, əsl batinlər
elmi sevərlər, yalançı batinlər isə qətli
və qan-qadanı. Batil elmi isə
seçilmişlərə aiddir.
Romanda 12-ci əsr adət-ənənləri, geyimi təsvir
olunur. Bəzi epizodlarda oxucu, sanki kinoya baxır,
çünki təsvirlərdə vizuallıq var.
Möminə
Xatun, Atabəy Eldənizin xarakteri əsər boyu müxtəlif
istiqamətlərdə açılır. Yəni
situasiya onların xarakterinin açarı rolu oynayır ki, bu
da müasir romançılıqda vacib şərtlərdən
biridir.
Ümumən,
roman həm bədii düşüncə, həm də tarixə
fərdi baxış mənasında maraq doğurur...
***
Yunus Oğuzun son əsəri “Ovçu” romanıdır. Bu əsər
milli qəhrəman, mahir kəşfiyyatçı və
komandir Murad Mirzəyevin və dostlarının fədakarlığından
bəhs edir.
Məlum aprel savaşına ilk fundamental reaksiya
baxımından bu roman qiymətlidir. Burada Muradın gənclik
illəri, sevgisi, vətən eşqi, göstərdiyi qəhrəmanlıqlar
fərqli təhkiyə üslubunda qələmə
alınıb. Yəni müəllif qəhrəmanının
həyatına xronoloji ardıcıllıqla yox, situasiyanın
diqtə və tələb etdiyi hadisələr fonunda
işıq sala bilib.
“Ovçu”nun vacib məqamlarından biri də müharibədəki
epizodların hərb qanunlarına uyğun işlənməsidir. Əsərdə həm ali baş komandanın, həm müdafiə
nazirirnin, həm dövlət məmurlarının, həm də
döyüşlərə məsul generalitetin
döyüş hazırlığı və müharibə səviyyəsi
dəqiqiliklə təsvir olunur. Ən əsası
isə müharibəni doğuran səbəblər, Azərbaycan
ordusunun qısa müaddətli hücum səbəbləri
motivləşdirilir.
İnanıram ki, bu əsər Azərbaycan hərb
tarixində yaşayacaq və hərbi hissələrimizin
kitabxanalarında öz layiqli yerini tutacaq.
Əsər haqqında bu yığcam qeydlərimi,
sayğılı oxucular bu yaxınlarda nəşr ediləcək
“Ovçu” romanı vasitəsilə genişləndirə biləcəklər.
Sizə
bir sirr də açım: Yunus Oğuz daha bir tarixi roman
üzərində işləyir və bu əsərin də
geniş oxucu kütləsi qazanacağına əminəm...
Hələlik bu qədər...Qalanların sonra
yazaram...Təzə romanlardan sonra...
Elçin Hüseynbəyli
Bakı
xəbər.- 2018.- 8 fevral.- S.11