Həmid Cəfərov-80
Cavid sevdalı ömür
Müsahibim
- ölkəmizin ictimai-siyasi həyatında kifayət qədər
tanınan Həmid Cəfərov uzun illər dövlət qurumlarında, daxili
işlər orqanlarında səmərəli fəaliyyəti
ilə fərqlənib, dövlət təltifləri ilə
mükafatlandırılıb. İctimaiyyət
arasında hörmət qazanıb, nüfuz sahibi olub.
Ömrünün 80-ci ilini başa vuran Həmid Cəfərovu
daha çox sevdirən, onu yaddaşlarda silinməz edən bu
ziyalı insanın Hüseyn Cavid sevgisi olub.
"Cavidi çiynində gətirən
kişi" kimi hafizələrdə qalmış, tarixə
düşmüş Həmid müəllimlə 80 illik
yubileyi ərəfəsində söhbətimizi də elə
onun ümumbəşəri problemləri humanizm mövqeyindən
işıqlandıran, mənzum faciələri və tarixi
dramları ilə Azərbaycan dramaturgiyasında yeni bir mərhələ
açan böyük sənətkar Hüseyn Cavidə olan tükənməz
sevgisi üzərində qurduq.
- Həmid müəllim, qüdrətli
Azərbaycan şairi və dramaturqu,
"Ana", "Maral", "Şeyx Sənan",
"Şeyda",
"İblis", "Azər", "Nil yavrusu",
"Peyğəmbər", "Topal Teymur", "Səyavuş",
"Xəyyam" kimi ölməz əsərlərin müəllifi,
taleyinə ağrılı-acılı, məşəqqətli
bir ömür yazılmış Hüseyn Cavidə qəlbinizdə
sevgi nə vaxtdan baş qaldırdı?
- Tələbəlik illərindən. Ötən
əsrin 60-cı illərində Azərbaycan Dövlət
Universiteti adlanan indiki Bakı Dövlət Universitetinin
filologiya fakültəsində rus bölməsində təhsil
alırdım. Cavidə sonsuz sevgisi olan müəlliməmiz
vardı - Ziyafət xanım Əlizadə. O biz tələbələrə
dönə-dönə tapşırırdı ki, Cavidi oxuyun,
öyrənin. Onun tapşırığı ilə mən
kitabxanalardan Cavidin kitablarını əldə etdim. Rusdilli, həmçinin,
rus bölməsində təhsil alan tələbələr
üçün Cavidi oxumaq çətin olsa da, mən
qısa bir müddətdə zəngin Cavid dünyasına bələd
oldum, ondan ayrı düşə bilmədim. Cavid məni
özünə cəlb etdi. Onun yaradıcılığı
ilə yanaşı, nakam taleyi düşüncələrimə
hakim kəsildi. O vaxtlar universitetin filologiya fakültəsi
Cavidin nakam bir ömür sürdüyü -
yaşadığı evin qonşuluğunda yerləşirdi.
Mənə elə gəlirdi ki, böyük söz
ustadının ruhu elə bizim təhsil
aldığımız auditoriyalarda dolaşır. Cavid mənə
o qədər doğmalaşmışdı ki, sanki mən onun
ruhu ilə hər gün, hər an söhbətləşirdim.
Beləcə, mən Cavidə bağlandım,
öz ömrümdə Cavid sevgili bir ömür də
yaşadım və gecə-gündüz qəribə, bəlkə
də gülünc görünə biləcək bir arzu məni
rahat buraxmırdı – mən Cavid
üçün nə edə bilərəm?
- Yəqin ki, Cavidin cənazəsinin
qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi
istəyi Cavid sevgisindən doğmuşdu?
- Tarixi gerçəklik naminə
qeyd olunmalıdır ki, 1956-cı il martın 6-da Azərbaycan
SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid
bəraət aldıqdan sonra onun cənazəsinin
qalıqlarının Azərbaycana gətirilməsinə bir
neçə dəfə cəhd göstərilmişdi.
Bir cavidsevər, bir Azərbaycan vətəndaşı kimi,
Cavidin cənazəsinin qalıqlarını Azərbaycana gətirmək
mənim də ürəyimdən
keçirdi. Ancaq bu da bir həqiqətdir ki, sovet ideologiyasının
hökm sürdüyü SSRİ məkanında belə bir məsələnin
reallaşması çox müşkül idi. Soyuq
Sibirdəki dəmir seyflərin açılması,
“sovsekretno” qrifli sənədlərin öyrənilməsi,
Cavidin məzarının ucsuz-bucaqsız Sibirdə
axtarılıb-tapılması və nəhayət onun Azərbaycana
gətirilməsi üçün müvafiq icazələrin
alınması o dövrdə asan iş deyildi.
- Görünür, Azərbaycan
xalqının qəhrəmanlıqlarla dolu tarixi
keçmişinə, zəngin mənəvi dəyərlərinə,
maddi-mənəvi irsinə, incəsənətinə
qayğı ilə yanaşan, onu bütün dünyada
tanıdaraq milli mədəniyyətimizin hərtərəfli
inkişafına, yüksəlişinə daim təkan
verən, bunu özünün müqəddəs vəzifələrindən
biri sanan Heydər Əliyev kimi bir dahi insana ehtiyacı var
imiş.
- Bəli, zamanın Heydər
Əliyev dühasına ehtiyacı vardı. Ulu Cavidin nəşinin
qalıqlarının Azərbaycana gətirilməsi ilə əlaqədar
qarşıda duran vəzifələrin həllinə
yalnız millətinə bağlı, qəlbində
xalqının tarixi və mədəniyyətinə sonsuz
sevgi hissləri olan şəxs rəvac verə bilərdi.
Bu məsələni həll etmək üçün SSRİ
kimi böyük bir dövlətin rəhbərliyi yanında
yüksək nüfuza sahib olmaq və onun icazəsini almaq
vacib idi. Xoşbəxtlikdən Ulu Tanrı belə bir şəxsiyyəti
Azərbaycana bəxş etmiş və o, 1969-cu ildə Azərbaycana
rəhbər təyin edilmişdi. Bu böyük şəxsiyyət
- ümummilli liderimiz Heydər Əliyev Azərbaycan
xalqının tarixi, mədəniyyəti və görkəmli
dövlət xadimlərinin həyatı ilə bağlı
bir çox qaranlıq mətləblərə aydınlıq
gətirdi. Məhz onun təşəbbüsü ilə
1981-ci ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi
Komitəsi Hüseyn Cavidin anadan olmasının 100 illiyi
haqqında qərar qəbul etdi. Bu qərardan
sonra mənim də bir çox
axtarışlarım, uzaq Sibirlə yazışmalarım
Cavidin gedər-gəlməz yollarına işıq saldı.
1982-ci il oktyabrın 3-də Heydər Əliyevin
Naxçıvana səfəri zamanı respublika rəhbəri
Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən
tapılıb gətirilməsinə xeyir-dua verdi. Heydər Əliyevin bu şərəfli işə
razılığından sonra – oktyabrın 12-də
Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının
tapılması, cənazəsinin qalıqlarının Azərbaycana
gətirilməsi ilə bağlı tarixi bir qərar qəbul
etdi və belə bir şərəfli işin icrası
Naxçıvan Vilayət Partiya Komitəsinin katibi kimi mənə həvalə olundu.
- Ümummilli liderimiz – ədəbiyyatımızın
böyük qayğıkeşi Heydər Əliyev “Bakinskiy
raboçiy” qəzetinə verdiyi müsahibələrin birində
qeyd edirdi ki, Cavidin cənazəsinin qalıqlarının uzaq
Sibirdən Azərbaycana gətirilməsi üçün
SSRİ kimi nəhəng bir dövlətin “birinci şəxsinə”
- Sov.İKP MK-nın baş katibi L.İ.Brejnevə, həmçinin,
SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri
Y.V.Andropova müraciət edib. Bütün bunlar, təbii ki,
Sizin qarşınızda çətin bir vəzifə
durduğuna dəlalət edir…
- Bəli, qeyd etdiyiniz kimi, bu məsələni
həll etmək üçün Heydər Əliyev
SSRİ-nin ali rəhbərliyinə müraciət etmişdir.
Cavidin Azərbaycana “qaytarılması” məsələsinin
müsbət həlli millətinə bağlı, qəlbində
xalqının tarixi və mədəniyyətinə sonsuz
sevgi hissləri olan şəxsiyyətin
- Heydər Əliyevin SSRİ kimi böyük bir dövlətin
rəhbərliyi yanında yüksək nüfuza sahib olması
sayəsində mümkün oldu.
Qərarın icrasının məsuliyyətli
və çətin olmasına gəldikdə isə, bu haqda
yalnız onu deyə bilərəm ki,
məhz onun arxasında Heydər Əliyevin adı
durduğu üçün, heç bir
müşküllükdən söhbət gedə bilməzdi.
- Cavid soraqlı Sibir səfərinizdə nədən
başladınız?
- Sibirə səfərimizin ilk günündən
başlayaraq Cavidlə bağlı bir sıra arxiv sənədləri
öyrənildi. Müəyyən edildi ki,
Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk vilayəti
Tayşet rayonunun əlillər xəstəxanasında vəfat
edib, Şevçenko kəndindəki qəbiristanlıqda, 59
saylı qəbirdə torpağa tapşırılıb.
Üç gün sonra isə Sov.İKP
İrkutsk Vilayət Partiya Komitəsində görüş
zamanı Cavidin məzarının yerinin müəyyən
edilməsinə, bununla əlaqədar İrkutsk vilayətinin
Tayşet rayonunun Şevçenko kəndini, 1940-cı illərdə
burada yerləşən 21 saylı kaloniyanı və əlillər
xəstəxanasını tanıyan adamların
tapılmasına sərəncam verildi.
Sibirdə olarkən Cavidin “sakini
olduğu” əlillər evinin 1956-cı ildə
dağıdılması, Sibirin sıx meşələrindəki
Şevçenko kəndinin itib-batması, orada indi heç kimin
yaşamaması haqda məlumatlar bizi sarsıdırdı. Eyni
zamanda bildirirdilər ki, 30 dərəcə şaxtada həmin yerlərə getmək
həm mümkünsüzdür,
həm də təhlükəlidir. Lakin bu məlumatlar bizi
yolumuzdan döndərə bilməzdi. Heydər Əliyevin
tapşırığı yerinə yetirilməli idi. Bizim təkidli və təkrar-təkrar xahişlərimizdən
sonra zirehli maşınlar 1982-ci il oktyabrın 21-də yerli əhalinin
“gedər-gəlməz” saydıqları Tayşet şəhərindən
75 kilometr məsafədə yerləşən
Şevçenko kəndinə istiqamət aldı. Bu səfərə
rəsmi olaraq partiya, hüquq-mühafizə, ədliyyə, səhiyyə
orqanlarının məsul işçiləri
qatılmışdılar. Bütün ümidlər isə
1941-ci ildə Cavidin “həbs evində” - islah-əmək
düşərgəsində keşikçi dəstəsinin
rəisi işləmiş 72 yaşlı Darafiy Tradyakola idi. O,
qətiyyətlə bildirirdi ki, “Şevçenkoda 40 min
insanın dəfn olunduğu qəbiristanlıq
dağılmayıb”.
Oktyabrın 21-də Şevçenko kəndini “ram etdik”.
Kənd, əslində, 100 hektarlarla ərazisi olan sərt Sibir
meşəsi idi. Məzarlıq tapıldı. İki saat
axtarışdan sonra isə Şevçenko rayon prokuroru Yelena
Xaritinova 59 saylı qəbri tapdı və qəbrin
açılması üçün sanksiya imzalandı və
nəhayət, Cavidin qəbri qazıldı…
Heç nə hədər getməmişdi,
Hüseyn Cavid “59”-da uyuyurdu. Hüseyn Cavid
“tapılmışdı” - Azərbaycanın böyük
oğlunun - Heydər Əliyevin
tarixi bir tapşırığı yerinə
yetirilmişdi…
Əvvəlcədən
planlaşdırdığımız kimi, Hüseyn Cavid
Şevçenko-Tayşet-İrkutsk-Moskva-İrəvan-Naxçıvan
marşrutu ilə doğma yurduna “qayıtmalı” idi.
İrkutskdan Moskvaya uçarkən stüardessa mənə
Bakıdan gələn tapşırığı
çatdırdı: “Heydər Əliyevin göstərişi
ilə siz oktyabrın 26-da 861-ci reyslə Moskvadan birbaşa
Bakıya uçmalısınız”.
Azərbaycan rəhbərinin - Heydər
Əliyevin bu tapşırığı ilə marşrut dəyişildi.
Bu, adi bir
tapşırıq deyildi və bir tale yazısı idi. Cavidin
“ayağı” İrəvana dəyməməliydi, Cavid
Bakıdan getmişdi, Bakıya da qayıtmalıydı.
1982-ci il oktyabrın 26-da Cavid Moskvadan Bakıya, sonra
isə Naxçıvana “uçdu”. Naxçıvanda
- evinin qarşısında torpağa tapşırıldı.
Böyük sənətkarın 100 illik yubileyi
ilə əlaqədar 1982-ci ilin oktyabr ayında bir sıra tədbirlər
keçirildi. Bu tədbirlərin hər biri, xüsusən
də Hüseyn Cavidin onilliklərdən sonra doğma
torpağa tapşırılması Naxçıvanın
tarixinin qeyri-adi və bir-birindən dəyərli səhifələri idi.
- Həmid
müəllim, biz sənət adamlarına məlumdur ki, ədəbi
mühitdə bir sıra Azərbaycan ziyalıları bu nadir
hadisəyə yüksək qiymət vermişlər. Bu əlamətdar hadisə ilə əlaqədar vətənpərvər
şairimiz Xəlil Rza Ulutürk haqlı olaraq yazırdı
ki, “Mən dahi Hüseyn Cavidimizin cənazə
qalıqlarının ən uzaq məsafədən Bakıya gətirilməsini
və təntənəli biçimdə şairin öz vətənində
- Naxçıvanda torpağa tapşırılmasını
Heydər qəhrəmanlığı anlayışına
daxil edirəm”.
Hüseyn Cavidin 100 illik yubileyi ərəfəsində
şairə ithaf etdiyi şeirində xalq şairimiz Bəxtiyar
Vahabzadə Sibir məşəqqətlərini
yaşamış, repressiya qurbanı olmuş söz
xiridarının cənazəsinin qalıqlarının vətəninə
gətirilməsini ədalətin təntənəsi kimi qiymətləndirmişdir. Professor Abbas
Zamanov Hüseyn Cavidin məzarının Naxçıvana gətirilməsini
ədəbiyyat tarixində əlamətdar bir hadisə kimi dəyərləndirirdi.
“Cavidlər” əsərinin müəllifi professor Rafael
Hüseynovun bu əsərində böyük sənətkarın
cənazəsinin qalıqlarının Sibirdən Azərbaycana
gətirilməsi günü haqqında dəyərli fikirlər
var. Həmin tarixi günü xalq şairi Fikrət Qoca öz
yaradıcılığında tərənnüm etmiş,
xalq şairi Nəriman Həsənzadə ədəbiyyatımızda
nadir olan bu hadisəyə dərin məzmunlu poetik təsvir
vermişdir. Şair
Hüseyn Razi bu əlamətdar hadisəni sənətin
ölməzliyi, istedadın məğlubedilməzliyi,
ağlın və idrakın qüdrətinin təntənəsi
kimi dəyərləndirmişdir. Tarix üzrə
fəlsəfə doktoru, əməkdar jurnalist Hikmət Xudiyev
(Cəmilzadə) "Bizi geri qaytaracaqlar" kitabında
Cavidin cənazə qalıqlarının Azərbaycana gətirilməsini
kifayət qədər geniş
işıqlandırmışdır. Bəs
bu hadisənin ictimai-siyasi mahiyyəti nədən ibarət
idi?
- Hüseyn Cavid siyasi burulğanlarda yaşamağa məhkum
olmuş böyük bir söz ustadı idi. Qəribə
bir ömür yaşamışdı bu böyük sənətkar,
şəxsiyyətinin bütövlüyünü
nümayiş etdirərək, ibrətamiz həyat yolu
keçmiş böyük söz xiridarı.
Ötən əsrin 30-cu illərində, Azərbaycanın
siyasi lideri Mir Cəfər Bağırovun hakimiyyəti
dövründə Cavid Sibirə sürgün olunmuş və
məhv edilmişdi. Belə ki, ötən əsrin 30-cu illərində
Stalinin təkidi ilə ÜİK(b)P MK katibi A.A.Jdanov Azərbaycan
KP MK-ya, şəxsən Mir Cəfər Bağırova
göndərdiyi məktubda M.C.Bağırovu əksinqilabçı
düşmənlərin, sosializm əleyhdarlarının
tapılıb ifşa edilməsində qətiyyətsizlik
göstərdiyinə görə
günahlandırdığı bir vaxtda, Kremlin “repressiya
planları” uğrunda dəridən-qabıqdan çıxan
Bakı rəsmilərinin qərarı ilə 1937-ci il iyunun
3-də, axşam saat 6-da M.F.Axundov adına Opera
Teatrının binasında öz işinə başlayan Azərbaycan
K(b)P-nin XIII qurultayından bir neçə saat sonra “gizli millətçi
əksinqilabi təşkilatda iştirakına” görə
ittiham olunan Seyid Hüseyn, Salman Mümtaz, Yusif Vəzir,
Hüseyn Cavid və başqaları həbs olunmuş, Cavid
uzaq Sibirə sürgün edilmişdi. Bir
neçə onillikdən sonra isə digər bir siyasi lider -
Heydər Əliyevin təşəbbüsü ilə 1981-ci
ildə Azərbaycan KP MK, Azərbaycanın Nazirlər Soveti
Cavidin 100 illik yubileyi haqqında qərar qəbul etmişdi.
Cavidin cənazəsinin qalıqları onilliklərdən
sonra uzaq və buzlu Sibirin əlçatmaz yerlərindən
doğma yurdu Naxçıvana gətirilərək
böyük söz ustadına “ikinci ömür” verilmişdi.
Beləliklə, bir rəhbər Cavidi Sibirə göndərmiş,
digəri - ümummilli liderimiz Heydər Əliyev isə onu
Sibirdən “qaytarmışdı” - mövcud bir rejimdə fərqli
münasibətlər, fərqli qərarlar. Tarix
gec olsa da, öz ədalətli qərarını vermişdi.
Cavid kimi sənətkarları ictimai-siyasi
mühit tarixdən silə bilməmişdi. Cavidin
Azərbaycana "qayıtmasının" ictimai-siyasi mahiyyəti
elə budur.
Yeri gəlmişkən, qeyd edim ki, Cavidin cənazə
qalıqlarının Azərbaycana gətirilməsi Azərbaycanın
özünə böyük hörmət gətirmişdir. Bu
prosesi Rusiya ictimaiyyətinin nümayəndələri izləyərək
Azərbaycan xalqının qədirbilənliyinə
heyranlıqla məftun olurdular.
Böyük Azərbaycan şairi
və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi
haqqında Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin imzaladığı sərəncamda
"Azərbaycan xalqının dahi oğlu Heydər
Əliyevin şəxsi təşəbbüsü ilə
Hüseyn Cavidin nəşinin hələ 1982-ci ildə uzaq
Sibirdən vətəninə gətirilməsi
və Naxçıvanda məzarı üzərində
möhtəşəm məqbərənin ucaldılması
milli ruhun dirçəlişi və azərbaycançılıq
məfkurəsinin təntənəsi baxımından müstəsna
əhəmiyyətə malik misilsiz bir hadisədir" kimi fikirləri də məhz
Cavidin cənazə qalıqlarının Azərbaycana gətirilməsinə
verilən ictimai-siyasi dəyərin yüksək təzahürüdür.
- Həmid müəllim, qırx ilə
yaxındır ki, Siz Hüseyn Cavid irsinin öyrənilməsinə
dəyərli töhfələr verirsiniz. Bu gün də
müxtəlif tədbirlərdə belə bir şərəfli
missiyanı tükənməz həvəs və qəlbinizdəki
sonsuz Cavid sevgisi ilə davam etdirirsiniz...
- Mən həyatımın mənasını
belə bir şərəfli işdə - Hüseyn Cavid irsinin
təbliğ olunmasında görürəm.
Ömrümün son anınadək Cavid sevgisi məni tərk
etməyəcək.
- Maraqlı müsahibə üçün təşəkkür
edirəm. Fürsətdən istifadə edib 80 illik yubileyiniz
münasibətilə Sizi təbrik
edir, möhkəm cansağlığı, uzun ömür
arzulayıram.
Söhbətləşdi:
Zülfiyyə
Eldarqızı,
sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Bakı
xəbər.- 2018.- 8 fevral.- S.-14.