Cumhuriyyət
qurucularımızın müasir kino obrazları hələ
yaradılmayıb
Yalnız “Əli və Nino”
filmində Cumhuriyyət dövründən
danışılır
Aynur Camal: “Cumhuriyyət qurucularını cəmiyyətə,
xüsusən də gənc nəslə daha yaxından
tanıtmaq, sevdirmək, onlarda maraq oyatmaq üçün bədii
filmlərin çəkilməsinə ehtiyac var”
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci
il “Cumhuriyyət ili” elan olunub. Azərbaycan dövlətçilik
tarixi, ictimi-siyasi fikri üçün olduqca əhəmiyyətli
olan bu sənəd ölkə ictimaiyyəti tərəfindən
olduqca müsbət qarşılandı.
Cumhuriyyət qurucularının fəaliyyəti,
onların Azərbaycanın müstəqilliyi uğrunda verdiyi
mücadilələr bugünkü nəsil üçün
böyük qürur mənbəyidir. Azərbaycan Xalq Cumruriyyətini
quran, ona rəhbərlik edən dövlət xadimlərimizin hər
birinin xidmətləri alimlər tərəfindən tədqiq
edilib, onlar haqqında kitablar çap olunub, sənədli filmlər
çəkilib. Bu müsbət haldır. Ancaq təəssüf
ki, kinematoqrafiyada bu sahədə çox az iş
görülüb. Bir-iki istisnanı nəzərə almasaq
deyərdik ki, hələ heç bir bədii filmdə
cumhuriyyət qurucularının obrazları yaradılmayıb.
Yeri gəlmişkən, onu da vurğulayaq ki, bədii ədəbiyyatda
da bu mövzu o qədər də
işıqlandırılmayıb. Müstəqil Azərbaycan
dövlətinin Azərbaycan Xalq Cumhuriyyətinin varisi
olduğunu nəzərə alaraq qeyd etməliyik ki, ədəbiyyat
da, kinematoqrafiya da bu məsələni diqqətdə
saxlamalı idi. Bu il Azərbaycan Xalq Cumhuriyyətinin 100
illiyini bayram edəcəyik. Ancaq həmin bayram ərəfəsində
ortaya çıxara biləcəyimiz bir bədii film yoxdur ki,
orada cumhuriyyət qurucularının müstəqillik
uğrunda mücadilələri əks olunsun, yaxud hansısa
bir filmdə o uca şəxsiyyətlərin obrazları
yaradılsın. Sovet dövründə çəkilən
filmlərdə XX əsrin mənzərəsi
canlandırılarkən cumhuriyyət qurucuları mənfi
planda təqdim edilir, bolşevizm ideologiyasına xidmət edən
dövlət xadimlərinin isə obrazları müsbət
istiqamətdə, əsl qəhrəman kimi
canlandırılırdı. Əlbəttə, bu böyük
ədalətsizlik idi. Sovet illərində sovet hakimiyyəti
quruculuğunda rolu olan və cumhuriyyətin süquta
uğraması üçün canfəşanlıq edən
insanlar haqqında bədii filmlər çəkilirdi. Azərbaycan
kinematoqrafiyasının Cumhuriyyət qurucuları haqqında bədii
filmə müraciət etməməsinin səbəbləri
haqqında danışan kinoşünaslar qeyd edirlər ki, bu
mövzu əsasən sənədli kinoda əksini tapıb.
Onlar bildirirlər ki, müasir kinomuzun əsas dəst-xəttini
azərbaycançılıq ideologiyası təşkil edir.
Mütəxəssislər hesab edirlər ki, burada heç bir
ciddi səbəb yoxdur, sadəcə, kinematoqraflar bu mövzuya
yanaşmaqda ehtiyat edirlər. Kinoşünaslar hesab edirlər
ki, tarixi şəxsiyyətlərin obrazının kinoya, yaxud
ədəbiyyata gətirilməsi məsuliyyət tələb
edir. Bir qisim ekspertlər isə hesab edirlər
ki, bu cür şəxsiyyətlər haqqında bədii film
çəkilməsi üçün həm güclü
maddi-texniki baza, həm də peşəkar heyət
lazımdır.Tanınmış kinorejissor Şamil
Əliyevin sözlərinə görə, Azərbaycan Xalq
Cumhuriyyəti haqqında film çəkilməsi, cumhuriyyət
qurucularının obrazlarının kinoya gətirilməsi
vacib məsələdir, ancaq bunun üçün kino sənayemiz
daha güclü inkişaf etməlidir: “Aydın məsələdir
ki, Sovet dövründə çəkilən filmlər cumhuriyyətin
əleyhinə idi. Müstəqillik illərinin ilk dönəmləri
isə kinomuzun ağır dövrünə təsadüf
etdi. Hazırda güclü kino sənayesi qurmaq arzusundayıq,
buna çalışırıq. Cumhuriyyət
dövrünü bədii kinoda canlandırmaq, o böyük
şəxsiyyətlərin obrazlarının kinoya gətirilməsi
üçün maliyyənin olması azdır. Bunun
üçün güclü madd-texniki baza olmalıdır.
Tutalım, bu mövzuda film “Azərbaycanfilm”də çəkilsəydi,
onun bugünkü maddi-texniki bazası o tələbə cavab
vermir. Təsadüfi deyil ki, Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla xanım Əliyeva icraçı
prodüsser olaraq “Əli və Nino” filmini çəkmək
üçün Hollivudun tanınmış simalarını
bu filmə cəlb etdi. Yəni bu layihə ancaq o səviyyədə
həll oluna bilərdi. “Əli və Nino” filmində cumhuriyyət
haqqında da danışılır və o filmdə Fətəli
Xan Xoylunun da obrazı yaradılıb. Bu filmin çox
güclü maddi-texniki bazası vardı və filmin
yaradılması üçün xaricdən prodüsserlər
dəvət olunmuşdu.Bilirsiniz, indiki halda o dövrü
canlandırmaq üçün müəyyən çətinliklərimiz
var. Bunun üçün maddi-texniki baza yaratmaq
lazımdır. Cumhuriyyət qurucularının
obrazlarının müasir kinoya gətirilməməsinin səbəbi
ancaq maddi-texniki bazanın zəif olmasıdır. Yəni
burada başqa bir səbəb yoxdur. Bir müddət
əvvəl cənab Prezident Azərbaycan Xalq Cumhuriyyətinin
100 illiyinin keçirilməsi və 2018-ci ilin Cumhuriyyət ili
elan edilməsilə bağlı sərəncam imzaladı. Bu
olduqca təqdirəlayiq haldır”.Ş.Əliyev hesab edir ki,
zaman gələcək, Azərbaycan kinosunun maddi-texniki
bazası yüksək səviyyədə qurulacaq və
o zaman cumhuriyyət qurucuları haqqında da bədii filmlər
çəkiləcək: “Bu elə bir məsələdir ki,
buna sıradan bir iş kimi yanaşmaq olmur. Bu filmin çəkilməsi
üçün yüksək səviyyədə maddi-texniki
baza qurulmalıdır, bu işə xüsusi hazırlaşmaq
lazımdır. Özümüzün mütəxəssislərimiz
var, ancaq maddi-texniki baza olsa, bu zaman o filmləri çəkmək
olar”.
“Gündəlik Teleqraf” MMC-nin direktoru,
tanınmış jurnalist Aynur Camalın fikrincə də
cumhuriyyət qurucuları haqqında bədii filmlər çəkilməlidir.
O hesab edir ki, bu filmlərin çəkilməsi cumhuriyyət
qurucularını gənc nəslə daha yaxından tanıda
bilər: “Bu mövzunu gündəmə gətirməkdə
haqlısınız. 100 illiyini qeyd etməyə
hazırlaşdığımız Azərbaycan Xalq Cumhuriyyəti
və onun qurucuları haqqında filmlər çox azdır.
Hətta deyə bilərik ki, son illərə qədər belə
bir film yox idi. Sevindirici haldır ki, Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın təşkilatçılığı
və maliyyə dəstəyi ilə “Əli və Nino” bədii
filmi çəkildi. Biz “Əli və Nino” filmində Azərbaycan
Xalq Cumhuriyyətinin yaradıcılarından biri olan, cumhuriyyətin
ilk baş naziri Fətəli xan Xoylunun obrazını
gördük. Fətəli xan obrazını yaradan aktyor da
xüsusi dəqiqliklə seçilmişdi. Bu, Türkiyənin
məşhur aktyoru Halid Ərgənc idi. Heç
kəsin tanımadığı bir aktyorun ifasında Fətəli
xan Xoylu obrazını tamaşaçıya təqdim etmək,
sevdirmək bir qədər çətinlik doğurardı.
Ona görə də çox məşhur və istedadlı
bir aktyorun ifasında bu obrazı təqdim etmək çox
vacib idi.
Azərbaycan Xalq Cumhuriyyətinin
100 illiyini qeyd etməyə
hazırlaşdığımız bir dövrdə
yaxşı olardı ki, Mədəniyyət və Turizm
Nazirliyi, digər əlaqədar qurumlar bu mövzunun bədii
filmə gətirilməsini reallaşdıraydılar. Çox
təəssüflər olsun ki, cumhuriyyət tarixilə
bağlı bədii əsərlərimiz də
azdır. Bu mövzuda əsasən tarixi sənədlər əsasında
yazılan kitablar var. Ancaq bütün faktları toplayıb,
onlardan istifadə etməklə çox güclü bir ssenari
yazmaq və maraqlı bədii film çəkmək olar.
Düzdür, vaxt çox azdır, ancaq bu işi maksimum
sürətlə həyata keçirmək olar. Filmi yubileyə
qədər çatdırmaq çətin olsa da, ən
azından, bu işi başlamaq lazımdır. Hesab edirəm
ki, aidiyyəti qurumlar, eləcə də
kinodramaturqlarımız, kinorejissorlarımız bu barədə
ciddi düşünməlidirlər. Çünki Cumhuriyyət
dövrü bizim çox möhtəşəm və
qürur, fəxr duyduğumuz tariximizdir. Müstəqil Azərbaycan
dövləti də Azərbaycan Xalq Cumhuriyyətinin varisidir.
Biz bu varislik, dövlətçilik ənənələrini,
siyasi mədəniyyəti inkişaf etdirmək, gənclərdə
öz tarixi keçmişimizə sevgi və maraq oyatmaq
üçün mütləq bu mövzuya diqqət yetirməliyik”.
A.Camal hesab edir ki, Azərbaycan Xalq Cumhuriyyəti
mövzusunda film çəkməklə biz öz tarixi şərəfli
keçmişimizə gənclərdə çox
böyük maraq yarada bilərik. O qeyd etdi ki, Sovet
dövründə bizim cumhuriyyət tarixini öyrənmək
imkanlarımız olmayıb. Bu gün isə öz tariximizi dərindən
öyrənmək imkanımız olduğunu deyən A.Camal
vurğuladı ki, bu tarixi bədii filmlər vasitəsilə
də öyrənmək, təbliğ etmək
lazımdır: “Sovet dövründə yazılan tarix kitablarında
cumhuriyyət qurucularını bizə düşmən kimi təqdim
edirdilər. Ancaq bu gün onların Azərbaycanın müstəqilliyi
uğrunda mücadilələr verən böyük şəxsiyyətlər
olduğunu bilirik. Bu gün cumhuriyyət qurucularını cəmiyyətə,
xüsusən də gənc nəslə daha yaxından
tanıtmaq, sevdirmək, onlarda maraq oyatmaq üçün bədii
filmlərin çəkilməsinə ehtiyac var”.
İradə SARIYEVA
Bakı
xəbər.- 2018.- 10-12 fevral.- S.11.