Yaşadılan
el sənəti: xalçaçılıq
XALÇA
İSTEHSALI EMALATXANASININ TİKİNTİSİ İLƏ
BAĞLI VERİLƏN SƏRƏNCAM NAXÇIVANDA BU
QƏDİM EL SƏNƏTİNİN İNKİŞAFI
İSTİQAMƏTİNDƏ ATILAN ƏN MÜHÜM ADDIMDIR
Prezident
İlham Əliyev fevralın 15-də Naxçıvan şəhərində
xalça istehsalı emalatxanasının tikintisi, təchizatı
və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər
haqqında sərəncam imzalayıb.
Sərəncama
əsasən, tikiləcək xalça istehsalı
emalatxanasında Naxçıvan xalçaçıları
üçün əlverişli şərait yaradılacaq,
keçmişdən günümüzə gələn bu ənənəyə
uzunömürlülük bəxş ediləcəkdir. Belə
bir emalatxananın istifadəyə verilməsi qadınların
məşğulluğunun təmin olunması ilə
yanaşı, həm də yeni xalçaçılar nəslinin
formalaşmasına rəvac verəcək. Ən əsası
evlərimizi keyfiyyətli, nəfis Naxçıvan
xalçaları bəzəyəcək.Ta qədim zamanlardan
Naxçıvanda gəlinin cehizliyini ana-nənələrimizin
toxuduğu qalın, milli ornamentli xalçalar bəzəyib.
Bu gün də Naxçıvan kəndlərində evlərdə
kifayət qədər belə xalçalara rast gəlmək
olar. Rəngini itirməyən bu xalçalar elə
yaşını da gözəl rəng çalarlarında
gizləyib. Nənələrimizin barmaqlarının
sığalı, gözlərinin nuru, ürəklərinin hərarəti
ilə toxunan bu xalçalar həm də adət-ənənələrimizin
keşikçisi rolunu oynayıb. Evdən-evə
daşınıb, əzizlənib, qorunub. Azərbaycan qadınının həm
də zəhmətkeşliyinin bir nümunəsinə
çevrilən xalçalar adətən təsərrüfat
işlərindən sonra, gecələr lampa
işığında toxunardı. Elə olardı ki, bəzən
səhərə qədər yatmazdılar. Əsasən də
uzun qış gecələrində hasilə gələn belə
xalçalara azyaşlı qız uşaqları da
böyük maraq göstərərdilər. Naxçıvanda
qızlar çox erkən yaşlarından xalça
toxumağa alışdırılırdı. Məhz bu səbəbdəndir
ki, bu gün də muxtar respublikanın istənilən bölgəsində
xalça toxumağı bilən qadınlar, qızlar az deyil.
"İtə
ataram, yada satmaram". Orta məktəbdən yadımda qalan
bu fikir yazıçı Mir Cəlal Paşayevin "Bir gəncin
manifesti" əsərində yoxsul, çörək puluna
ehtiyacı olan Sona xanımın dili ilə deyilir. Bu fikir xalqımızın
xalçaçılığa olan sevgisinin möhürü
kimi səslənir sanki.
90-cı illərin ağır zamanlarında sənətkarlığın
digər sahələrində olduğu kimi,
xalçaçılıq sahəsində də durğunluq
yaşandı. Evlərdəki cəhrələr, daraqlar,
hanalar, kirkid və digər toxuculuq alətləri zirzəmilərə
daşındı. Belə bir
zamanda xalçaçılıq sənətini,
xalçaçılıq məmulatlarımızı,
ümumilikdə Naxçıvanın nəfis
xalçalarını qorumaq, yaşatmaq, gələcək nəsillərə
ötürmək məqsədilə müstəqilliyin ilk illərində
yaradılan muzeylərdən biri Naxçıvan Dövlət
Xalça Muzeyi oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin diqqət və qayğısı sayəsində
1998-ci ildə yaradılan və ildən-ilə eksponatlarının
sayı artan Naxçıvan Dövlət Xalça Muzeyi
2010-cu ildə yeni binaya köçürüldü. Muzeyin
üç dildə internet saytı istifadəyə verildi. Bu
da dünyanın hər yerində muzeyi virtual ziyarət etməyə,
ziyarətçilərə ekspozisiyadakı eksponatlarla
bağlı məlumatlar almağa, həmçinin, tarixi
keçmişimizi öyrənməyə imkan yaradıb. Bu
gün muzeyi ziyarət edən hər kəs Naxçıvan
xalçaçılıq məktəbinə aid nəfis
xalçalarla tanış olur. Xalçanın ibtidai
forması olan həsirdən başlamış keçə,
kilim, palaz, cecim, vərni şəddə, zili və digər
xovlu və xovsuz xalça nümunələri,
keçmişdə məişətdə geniş şəkildə
istifadə olunmuş xurcun, məfrəş, çuval, heybə
kimi xalçaçılıq, kirkid, həvə, cəhrə,
daraq, qayçı, hana kimi toxuculuq alətləri
Naxçıvanda xalçaçılığın zəngin
tarixindən xəbər verir. Muzeydə mövcud 3429
eksponatın 246 ədədini Naxçıvan qrupuna aid
xalçalar, 180-ədədini isə
xalçaçılıq
məmulatları təşkil edir. "Kültəpə"
adlı qədim yaşayış yerində aparılan
arxeoloji qazıntılar nəticəsində neolit və
eneolit dövrlərinə aid iy və cəhrənin, tunc
dövrünə aid sadə toxuculuq dəzgahının
tapılması Naxçıvan diyarında yaşayan əhalinin
toxuculuqla hələ ibtidai icma
quruluşunun son dövrlərindən məşğul
olmasını sübut edir. Erkən orta əsrlər
dövründən müstəqil fəaliyyət sahəsinə
çevrilən xalçaçılıq sonrakı dövrlərdə
Azərbaycan qadınlarının əsas məşğuliyyət
sahələrindən birinə çevrilmişdir. X-XIII əsrlərə
aid mənbələr Azərbaycanın bir çox bölgələri
ilə yanaşı, Naxçıvanı da əsas
xalçaçılıq mərkəzi kimi xarakterizə
edir.
Naxçıvanda
xalça istehsalı XVIII əsrdən başlayaraq daha
yüksək inkişaf mərhələsinə qədəm
qoymuşdur. Xarici bazarlarda xalça məmulatına tələbatın
kəskin şəkildə artması bu sənət sahəsinin
xüsusilə XIX əsrdə daha geniş vüsət
almasına gətirib çıxarmışdı. XIX əsrin
ortalarına aid statistik məlumatlardan aydın olur ki, bu
dövrdə Naxçıvan diyarında xeyli miqdarda xovlu və
xovsuz xalça məmulatları istehsal edilmişdi. Belə
ki, 1845-ci ilə aid statistik məlumatda göstərilir ki, həmin il burada 1050 ədəd
xalça, 3000 ədəd at çulu, 2500 ədəd
keçə, 5000 ədəd çuval, 460 ədəd məfrəş
toxunmuşdur. Naxçıvan diyarında XVIII-XIX əsrin əvvəllərində
toxunmuş xeyli sayda xalça məmulatları nümunəsi
dövrümüzə qədər gəlib
çatmışdır. Həmin
nümunələrin bəziləri bu gün
Naxçıvan Dövlət Xalça muzeyi ilə yanaşı,
Naxçıvan Dövlət Tarix muzeyinin və bölgələrdəki
tarix-diyarşünaslıq muzeylərinin
ekspozisiyalarını bəzəyir. "Azərxalça"
Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin
sədri, professor Vidadi Muradovun rəhbərliyi ilə
aparılan çöl tədqiqatları zamanı
Naxçıvan Muxtar Respublikasının Naxçıvan
şəhəri, Babək, Culfa, Kəngərli, Sədərək,
Ordubad, Şahbuz və Şərur rayonlarında toxunmuş
şəxsi kolleksiyalarda
saxlanılan yun xovlu xalçalar, "Namazlıqlar",
yun xovsuz zililər, duz torbaları, xurcunlar, məfrəş
üzü, şəddə və kilim aşkar edilərək
elmi ictimaiyyətə təqdim edilmişdir. Tədqiqat
zamanı aydın olmuşdur ki, şəxsi kolleksiyalarda
saxlanılan Naxçıvan qrupuna aid olan ən qədim xovlu
xalça 1800-cü ildə Şərur rayonunun Maxta kəndində
toxunmuşdur. Belə faktları kifayət qədər
sadalamaq olar ki, bütün bunlar da Naxçıvanda
xalçaçılığın tarixən uzun bir
inkişaf yolu keçdiyini göstərirMüstəqillik illərində
muxtar respublikada xalçaçılıq sənətinin
qorunması, yaşadılması naminə görülən
işlər Xalça muzeyinin istifadəyə verilməsi ilə
məhdudlaşmamış, Naxçıvan
xalçaçılıq məktəbinin öyrənilməsi
istiqamətində bir sıra təşkilati işlər
görülmüşdür. Belə ki, peşə məktəblərində
"Xalçaçılıq" kursları,
Naxçıvan Qızlar Liseyində "Tikiş, toxuculuq və
xalçaçılıq" dərnəyi
açılmış, "Naxçıvan Biznes Mərkəzi"
Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq
yaradıcılığı emalatxanasında xalça
toxunması təşkil olunmuşdur. Xalq
yaradıcılığı emalatxanasında, dərnəklərdə
toxunan xalçalar neçə illərdir ki, keçirilən
festivalları, milli bayramlarımızla əlaqədar təşkil
olunan şənlikləri bəzəyir. Həm də bu illər
ərzində öz sənətini sevən
xalçaçılar yetişib. Naxçıvan Dövlət
Universitetində və Naxçıvan Müəllimlər
İnstitutunda təsviri incəsənət ixtisası üzrə
təhsil alan tələbələrə də
Naxçıvan xalçaçılıq məktəbinin ənənələri
öyrədilir. Muxtar respublikanın şəhər və
rayonlarında "Ənənəni qoruyaq, evdə xalça
toxuyaq" devizi altında evlərdə xalçaların
toxunması işi həyata keçirilir. Bu qadınların məşğulluğunu
təmin etməklə yanaşı, həm də
xalçaçılıq sənətinin
yaşadılması istiqamətində atılan ən
mühüm addımlardan biri olub.Ötən dövr ərzində
Naxçıvan xalçaçılıq məktəbinin tədqiq
olunması, sənədli filmlərin və yeni nəşrlərin
hazırlanması da diqqətdə saxlanılıb. "Azərxalça"
Açıq Səhmdar Cəmiyyəti tərəfindən
"Naxçıvan xalçaçıları" kitabının,
"Azərbaycan xalçaları - Naxçıvan qrupu"
jurnalının çap olunması, "Naxçıvan
xalçaları" sənədli filminin hazırlanması
Naxçıvan xalçalarının hazırlanması
texnikalarının öyrənilməsində,
Naxçıvan xalçaçılıq məktəbinin gələcək
nəsillərə çatdırılmasında dəyərli
nəşrlər və informasiya mənbələridir. 2018-ci
ilin yanvarın 26-da Naxçıvan Dövlət Xalça
Muzeyinin yaradılmasının 20 illiyində AMEA-nın
vitse-prezidenti, akademik İsa Həbibbəylinin və "Azərxalça"
Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin
sədri, professor Vidadi Muradovun birgə müəllifliyi ilə
nəşr olunmuş "Naxçıvan
xalçaçılığı: ənənə və
müasirlik" kitabının təqdimat mərasimi
keçirilib. "Naxçıvan
xalçaçılığı: ənənə və
müasirlik" kitabı Naxçıvan
xalçaçılıq məktəbinin öyrənilməsində
ən dəyərli nəşrlərdən biridir.
Kitabdakı məlumatların Azərbaycan dili ilə
yanaşı, ingilis, rus və ərəb dillərində
verilməsi Naxçıvan xalçaçılıq məktəbinin
daha geniş oxucu kütləsinə
çatdırılması məqsədinə xidmət edir.
Kitabda Naxçıvanın ilkin sivilizasiyadan müasir intibaha
qədər keçdiyi yol, siyasi və sosial-iqtisadi inkişaf
tarixi, bu qədim diyarda xalçaçılıq məktəbi,
xalçaçılıq və
boyaqçılığın inkişafı elmi əsaslarla
araşdırılıb. "Naxçıvan
xalçaçılığı: ənənə və
müasirlik" kitabı, nəinki muxtar respublika, ümumilikdə,
Azərbaycan tarixi və mədəniyyətinə dəyərli
töhfədir. Kitabda diqqəti çəkən 254
xalçaçının fotosu və onlar haqqında məlumatların
verilməsidir. Naxçıvan
xalçaçılığına dair bu dəyərli mənbədən
oxuyuruq: "Naxçıvan diyarının müxtəlif
bölgələrində istehsal edilmiş xalça məmulatları
öz sənətlərinin kamil ustası olan azərbaycanlı
qadınlar tərəfindən toxunurdu. Onlardan XIX əsrin
ikinci yarısı-XX əsrin əvvəllərində
Naxçıvan qəzasının Cəhri kəndində
yaşamış İsmayılova Fərəc Darçın
qızının, Piriyeva Qumru Cəfər qızının,
Kükü kəndində yaşamış Məmmədova
Qönçə Heydər qızının, Kolanı kəndində
yaşamış Əsmər Hüseynəli
qızının, Ordubadın Nüsnüs kəndində
yaşamış Ramazanova Xanpəri Musa qızının
adları dövrümüzədək gəlib
çatmışdır". Kitabda adları qeyd olunan 254
xalçaçı qadın öz zəhmətkeşlikləri
ilə, milli dəyərlərimizə
bağlılıqları ilə bu qədim el sənətini sevərək günümüzə
qədər çatdıra biliblər. Muxtar respublikada
xalçaçılığın inkişafı ilə
bağlı bu günədək görülən işlər,
xüsusilə də ölkə başçısının
15 fevral 2018-ci il tarixli "Naxçıvan
şəhərində xalça istehsalı
emalatxanasının tikintisi, təchizatı və
infrastrukturunun yaradılması ilə bağlı tədbirlər
haqqında" sərəncamı
xalçaçılığın bu qədim Nuh yurdunda yeni
inkişaf mərhələsinə qədəm
qoyacağına zəmanət verir.
Ruhiyyə
RƏSULOVA
Naxçıvan
Televiziyasının baş redaktoru
Bakı
xəbər.- 2018.- 20 fevral.- S.14.