Turizm üçün əlverişli rayonlarımızın beynəlxalq aləmdə təqdimatı

Bahadur Bilalov: “Beynəlxalq təqdimatların əhəmiyyəti ondan ibarətdir ki...”

Çingiz İsmayılov: “Azərbaycanın turizm üçün əlverişli rayonlarının beynəlxalq aləmdə təbliği çox müsbət haldır

 

 Azərbaycan Respublikasının turizm üçün əlverişli bölgələrinin beynəlxalq səviyyədə təqdimatının keçirilməsi istiqamətində işlər görülməyə başlayıb. Qeyd edək ki, fevralın əvvəllərində Litvanın paytaxtı Vilnüs şəhərində Qəbələ rayonunun təqdimatı keçirilib.

Mədəniyyət Turizm Nazirliyinin əməkdaşları, xarici ölkələrin Litvada yerləşən səfirliklərinin, yerli turizm şirkətləri bir sıra digər təşkilatların nümayəndələrinin qatıldığ təqdimat mərasimində Qəbələnin turizm potensialı, imkanları müxtəlif vasitələrlə təqdim edilib. Burada, həmçinin, Qəbələ rayonunun müasir həyatı, tarixi abidələri haqqında informasiyalar verilib.

 

Bu gün yalnız Qəbələnin deyil, turizm üçün əlverişli olan digər rayon şəhərlərimizin turizm potensialının beynəlxalq aləmdə təqdimatına ehtiyac var. Ekspertlər hesab edirlər ki, Qəbələdən sonra digər rayonların da xarici ölkələrdə təqdimatları keçiriləcək. Turizm bölgələrimizin beynəlxalq təqdimatının Azərbaycana turist axınına müsbət təsir göstərəcəyini deyən turizm üzrə ekspertlərin bildirdiyinə görə, xaricdə keçirilən təqdimatlar nəticəsində ölkəmizə daha çox turist gələ bilər.

 

Azərbaycan Turizm Menicment Universitetinin kafedra müdiri, turizim üzrə mütəxəssis Bahadur Bilalov qeyd etdi ki, bu təqdimatlar sayəsində ölkəmizin turizm imkanlarını daha yüksək səviyyədə tanıda bilərik: “Beynəlxalq təqdimatların əhəmiyyəti ondan ibarətdir ki, bizim ölkənin, onun bölgələrinin turizm potensialını daha yaxşı tanıdaq. Məsələn, dünyada Azərbaycanı neft ölkəsi kimi daha çox tanıyırlar. Azərbaycan deyəndə ağıla gələn ilk söz Bakı, sonra isə neft olur. Amma ayrı-ayrı bölgələrimizin füsünkar təbiəti, təbii gözəllikləri, tarixi-mədəni abidələri, orada yaşayan müxtəlif etnik qruplar, onların yaşam tərzi, adət-ənənələri, bənzərsiz mətbəxi, bölgənin infrastrukturu- yollar, otellər, istirahət mərkəzləri haqqında məlumatlar əcnəbilər üçün maraq doğura bilir. Bu baxımdan xaricdə keçirilmiş hər bir tanıtım tədbiri nəinki bölgəyə, ümumilikdə ölkəmizə gəlmək istəyən turistlərin sayının artmasına təsir edən amillərdəndir”.

 

Turizm üzrə mütəxəssis Çingiz İsmayılov da hesab edir ki, turizm üçün əlverişli rayonlarımızın beynəlxalq təqdimatlarının keçirilməsi ölkəyə daha çox turist cəlb edilməsinə təkan verəcək: “Turizm üçün əlverişli rayonlarımızın beynəlxalq təqdimatı təqdirəlayiqdir. Bu belə olmalıdır. Turizm imkanları genişləndikcə, turizm xidmətinin səviyyəsi qalxdıqca, bu, xarici turistlərin diqqətini daha çox cəlb edir. Eyni zamanda da xarici turizm şirkətləri arasında rəqabəti qaldırır. Bölgələrdəki turizm mərkəzləri turistləri cəlb etməyi bacarırsa, təbii ki, onların təcrübəsindən digər turizm mərkəzləri bəhrələnməyə çalışacaq. Sözsüz ki, bu, turizm şirkətlərinin valyuta gəlirlərinin artmasına təkan verəcək. Təəssüflər olsun ki, bizdə indiyə kimi turizm mərkəzləri əsasən mövsümi çalışıblar, il boyu işləməyiblər. Ölkəmizə xarici turist axını artarsa, bunun faydası olacaq. Nəzərə alsaq ki, xizək mərkəzi indi yalnız Şahdağda deyil, Qəbələdə fəaliyyət göstərir, ora turistlər axın edəcək”.

 

Ç.İsmayılov vurğuladı ki, turistlərə təqdim edilən xidmət paketində xidmətlərin artması turizm şirkətlərinin bu sahəyə maraq göstərməsinə səbəb olacaq. O qeyd etdi ki, bu çox təqdirəlayiq hadisədir. “Burada, təbii ki, bir məsələni nəzərə almaq lazımdır. Etiraf edək ki, bu gün Qəbələyə olan turist axını əsasən ərəb ölkələri ilə bağlıdır. Qismən Rusiya Türkiyə turistləri bura maraq göstərir. İnkişaf etmiş Avropa ölkələrindən turizm axını barədə hələ danışa bilmərik. Qarşıya məqsəd qoymaq lazımdır ki, gələn turistlərin coğrafiyası genişlənsin. Bu imkanların realizə edilməsi, Azərbaycan həqiqətlərinin yayılması, təbii resurslarının, milli ənənələrinin, tarixinin, mədəniyyətinin təbliğ edilməsi baxımından çox vacibdir. Turizm yalnız biznes deyil, o eyni dərəcədə mədəniyyətdir, siyasətdir. Bu gün Azərbaycanın turizm üçün əlverişli rayonlarının beynəlxalq aləmdə təbliği, təqdim edilməsi çox müsbət haldır. Bunun ölkəmiz üçün əhəmiyyəti böyükdür. Bu səbəbdən bu halı təqdirəlayiq heab edirəm. Burada düşünülmüş uzunmüddətli  proqram tərtib edilməlidir. Turizmin inkişafına dair Dövlət Proqramı var. Bu proqrama uyğun olaraq, özəl turist şirkətləri öz töhfəsini verə bilər” - deyə bildirən Ç.İsmayılov qeyd etdi ki, bu amil özəl turizm şirkətlərinin ölkənin davamlı iqtisadi inkişafında rolunun artmasına səbəb olacaq.

 

İradə SARIYEVA

Bakı xəbər.- 2018.- 22 fevral.- S.14.