Kaliforniyada Xocalı soyqırımına
həsr olunmuş film ...
ABŞ-ın Kaliforniya ştatının
ikinci ən böyük şəhəri
olan San Dieqo şəhərinin Birinci Universalist Unitar Kilsəsində fevralın 21-də Xocalı
soyqırımına həsr
olunmuş geniş anım tədbiri keçirilib.
Azərbaycanın Los Ancelesdəki
Baş Konsulluğundan
Trend-ə verilən məlumata görə, konsulluq və San Dieqo-Bakı Dostluq Assosiasiyası tərəfindən keçirilən
tədbirdə Xocalı
faciəsinin dəhşətlərindən
bəhs edən, ötən il Kaliforniyanın Los Anceles şəhərində
amerikalı kinematoqraflar
tərəfindən istehsal
olunmuş “Zülmətdən Qaçarkən”
(Running from the Darkness) sənədli
filmi nümayiş etdirilib. Qeyd edək ki, sözügedən
film ABŞ-da Xocalı soyqırımı
mövzusunda çəkilmiş
ilk ekran əsəridir.
Tədbirdə Kaliforniya ştatının
ali seçkili orqanlarının nümayəndələri,
San Dieqonun xristian, yəhudi, müsəlman və digər dini icmalarının nüfuzlu
din xadimləri,
KİV təmsilçiləri və digər şəxslər iştirak
ediblər.
Azərbaycanın Los Ancelesdəki
baş konsulu Nəsimi Ağayev çıxış edərək,
sadəcə Azərbaycan
xalqının deyil, bütöv bəşəriyyətin
yaddaşına qanlı
ləkə kimi düşən Xocalı soyqırımının ekran
əsəri vasitəsilə
daha geniş ictimaiyyətə çatdırdıqlarına
görə filmi
ərsəyə gətirən
bütün kinematoqraflara
dərin təşəkkürünü
bildirib. Baş konsul gələcəkdə
buna bənzər faciələrin baş verməməsi, günahsız
insanların öldürülməməsi
üçün Azərbaycanın
bu istiqamətdə daim ictimai maarifləndirmə
işinin aparılmasına
böyük önəm
verdiyini qeyd edib. N.Ağayev bildirib ki, belə
bəşəri faciələrin
qarşısının alınması
üçün ən
böyük vasitələrdən
biri digər etnik kimliklərə və dini etiqadlara
dözümlülüyün təşviq edilməsidir.
Baş konsul Azərbaycanın bu sahədə özünün dərin tarixi irsindən güc alaraq, bu gün yalnız
ölkə daxilində
deyil, beynəlxalq aləmdə də səmərəli iş apardığını vurğulayıb.Sonra
çıxış edən kilsənin yepiskopu Yan Riddel
(Ian Riddel),
San Dieqo-Bakı
Dostluq Assosiasiyasının içraçı
direktoru Martin Kruminq, Emmanuel sinaqoqunun ravvini Benj Frid (Benj Fried),
San Dieqo
İslam Mərkəzinin direktoru İmam Taha Hassan və San Dieqo
şəhərində
fəaliyyət göstərən jurnalist,
“Dağlarda qətl:
Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ
münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifi
Raul Loueri Kontreras (Raoul Lowery Contreras) Xocalı
soyqırımına həsr olunmuş
bu anma mərasiminin yüksək önəm daşıdığını, günahsız insanların amansızcasına qətlə
yetirilməsinin daima qətiyyətlə
qınanılmalı olduğunu bildirərək,
eyni zamanda bir çox faciələrə sinə gərmiş Azərbaycanın öz yüksək tolerantlıq və multikulturalizm ənənələrini və kimliyini qoruyub saxlayaraq, bu gün bütün dünyaya örnək olduğunu qeyd ediblər.Çıxışlardan sonra sənədli film nümayiş etdirilib.
Filmin əsas süjet xətti Xocalı soyqırımının
canlı şahidləri
ilə aparılmış
müsahibələr üzərində
qurulub. Eyni zamanda, Xocalıda törədilmiş dəhşətli
hadisələrlə bağlı
ABŞ-ın ştat qanunvericilərinin
və tanınmış
din xadimlərinin bu soyqırımını pisləyən
açıqlamalarına, tədqiqatçı
alim və jurnalist rəylərinə
yer verilir, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında
“Xocalıya Ədalət”
beynəlxalq kampaniyası
çərçivəsində görülən işlər
işıqlandırılır. Film tamaşaçılar tərəfindən böyük
rəğbətlə qarşılanıb.
Sonda müsəlman
və yəhudi din xadimləri tərəfindən
Xocalı şəhidlərinin
xatirəsinə dualar
oxunub.
Bakı
xəbər.- 2018.- 24-26 fevral.- S.3.