Ölkəmizin zənginliklərini
tanıdan turizm marşrutları...
28-02-2018 08:48 Bölmə: Turizm
Azərbaycanda turizm sənayesinin inkişaf
etdirilməsi həyata keçirilən dövlət siyasətinin
mühüm tərkib hissəsidir. Paytaxtda və
bölgələrdə böyük infrastruktur layihələrinin
gerçəkləşdirilməsi, brend hotellərin, turizm
komplekslərinin yaradılması, habelə tarixi abidələrin
təmir-bərpası Prezident İlham Əliyevin bu sahəyə
göstərdiyi diqqət və qayğının bariz
nümunələridir.
Turizm sənayesi ölkələrin büdcə
gəlirlərinin formalaşmasında nə qədər
önəm daşıyırsa, mədəniyyətin, tarixi
irsin təbliği və tanıdılmasında da bir o qədər
vacib rol oynayır. Bu baxımdan ölkəmizdə də
mühüm layihələr həyata keçirilir. Mədəniyyət
və Turizm Nazirliyinin bu istiqamətdə həyata
keçirdiyi əsas tədbirlərdən biri də beynəlxalq
və yerli turizm marşrutları vasitəsilə Azərbaycan
turizminin dünya turizm bazarına inteqrasiyasını təmin
etməkdir. Bu marşrutlar paytaxt və bölgələrin
tarixinin, mədəni irsinin, mətbəx zənginliyinin
ardıcıl şəkildə tanıtımına xidmət
edir.
Yerli turizm marşrutları
Azərbaycanda turizmin
inkişafını sürətləndirmək, ölkənin
daxili turizm potensialının təbliği məqsədilə
bölgələr üzrə turizm marşrutları müəyyənləşdirilərək
istifadəyə verilib. 2006-cı ildə Mədəniyyət
və Turizm Nazirliyi təşkil edildikdən sonra bu sahədə
işlər daha ardıcıl şəkil alıb. Marşrutlar üzərində bölgələrə
hansı turizm növünü inkişaf etdirmək
mümkündürsə, o istiqamətdə müvafiq işlər
həyata keçirilir. Ölkə ərazisində arxeoloji
turlar, atçılıq, safari avtotur, xalça turu kimi
marşrutlar da turistlərin marağına səbəb olur.
Yerli turizm marşrutları bölgələrin
eyni, yaxud oxşar iqtisadi-mədəni vəziyyəti üzrə
reallıqlara əsaslanır
Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən ölkəmizin bütün
bölgələri üzrə “Kulinariya turu” mədəni
turizm marşrutları həyata keçirilir. İlkin mərhələdə
2012-2013-cü illərdə Quba və Lənkəran-Masallı
marşrutu üzrə həmin bölgələrin mətbəxi
ilə tanış olmaq məqsədilə ölkəmizin
turizm şirkətlərinin və kütləvi informasiya vasitələri
nümayəndələrinin iştirakı ilə infotur təşkil
edilib.
Xalqımızın mədəni
dəyərlərinin təbliği, onlardan turizm məqsədləri
üçün daha səmərəli istifadə olunması,
həmçinin regionlarda turizmin inkişafının təmin
edilməsi ilə əlaqədar 2015-ci ildə “Azərbaycanda
arxeoloji turizm” adlı mədəni turizm marşrutu
yaradılıb. Bu turizm növünə
yerli və xarici turistlərin cəlb edilməsi məqsədilə
Qəbələ-Şəki-Tovuz-Şəmkir-Ağsu istiqaməti
üzrə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
müvafiq marşrut müəyyən olunub və turizm
şirkətləri və KİV nümayəndələri
üçün infotur keçirilib.
2016-cı ildə Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) Nəsirədddin Tusi adına Şamaxı
Astrofizika Rəsədxanasında nazirliyin və turizm şirkətləri
nümayəndələrinin iştirakı ilə infotur
keçirilib. Rəsədxanada astroturizmin təşkili
ilə bağlı açıq kosmos gecələrinin
nümayişi, astronomiya muzeyinə baxış, teleskoplarda
kosmik obyektlərə müşahidələrin
aparılması, həmçinin rəsədxananın
müvafiq turizm infrastrukturu və xidmətləri ilə
tanışlıq olub.
Göygöl Milli Parkında Mədəniyyət
və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin
dəstəyi ilə 2016-cı ildə turizm şirkətlərinin
nümayəndələri üçün infotur təşkil
olunub. Tur çərçivəsində
Göygöl Milli Parkında yeni istifadəyə verilmiş
bir sıra mehmanxanalara, həmçinin parkın ərazisində
müvafiq turizm infrastrukturu, yeni ekoloji turizm marşrutları və
xidmətləri ilə tanışlıq
iştirakçılar tərəfindən maraqla
qarşılanıb.
Ötən
il daha bir turizm marşrutu yaradıldı.
“Beş dövrün beş paytaxtı”
adlı mədəni turizm marşrutu üzrə turizm şirkətlərin
və kütləvi informasiya vasitələri nümayəndələri
üçün infotur keçirildi. Bu turizm
marşrutu tarixin müxtəlif dövrlərində Azərbaycan
ərazisində yaranmış dövlətlərin
paytaxtı olmuş Gəncə, Bərdə, Qəbələ,
Şamaxı və Bakı şəhərlərini əhatə
edir. Bu şəhərlər bir-birindən fərqli
istiqamətlərdə yerləşdiyindən turizm şirkətləri
“Beş dövrün beş paytaxtı”
turizm marşrutuna daxil olan şəhərlərdən hər
birinə və ya bir neçəsinə
ayrı-ayrılıqda da tur təşkil edə bilərlər.
Ötən
il Azərbaycan Turizm Assosiasiyası və
Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin
birgə təşkilatçılığı ilə Qusar
rayonuna infotur gerçəkləşib. İnfotur çərçivəsində
“Xutorok” turizm istirahət mərkəzi və “Şahdağ”
Turizm Mərkəzinin yay əyləncə xidmətləri ilə
tanışlıq, həmçinin Ləzə kəndində
ekoturizm marşrutu üzrə (Kuzun kəndindən Ləzə
kəndinə meşə-dağ yolu ilə təqribən 6 km
yaxın yürüş, Ləzə kəndi ilə
tanışlıq və oradakı şəlaləyə səfər)
ekskursiya təşkil olunub.
Beynəlxalq
turizm marşrutları
Yerli turizm marşrutlarından fərqli olaraq beynəlxalq
turizm marşrutları iki və daha çox ölkəni əhatə
edir və turizm sahəsində ikitərəfli və
çoxtərəfli əməkdaşlığı
inkişaf etdirir. Bu marşrutlar sayəsində bölgələrimiz
beynəlxalq səviyyədə təbliğ olunur. Bu
sırada “Böyük İpək Yolu”, “Şərab, mədəniyyət
və turizm mübadiləsi”, “Aleksandr Düma Qafqazda”, “Azərbaycanda
alman məskənləri” və “Polyak izləri” layihələrini
qeyd etmək olar.
Nazirliyin təşəbbüsü ilə irəli
sürülmüş “Aleksandr Düma Qafqazda” beynəlxalq mədəni
turizm marşrutu layihəsi Azərbaycan, Gürcüstan və
Dağıstanda turizmin inkişafına yönəlib. Layihə 2007-ci il 30 yanvar
tarixində Azərbaycan Respublikası Hökuməti və
Fransa Respublikası Hökuməti arasında imzalanmış
“Turizm sahəsində əməkdaşlıq haqqında
Saziş”də öz əksini tapıb. Avropa
Şurasının Mədəni Marşrutlar İnstitutunun
ekspertləri marşrutu tədqiq etmək məqsədilə
ölkəmizdə olaraq və Azərbaycan nümayəndələri
ilə birgə Qusar-Quba-Sumqayıt-Bakı-Şamaxı-Şəki-Zaqatala-Balakən
marşrutu təsdiq edilib.
Mövcud şəraiti və potensialı nəzərə
alınaraq “Şərab, mədəniyyət və turizm
mübadiləsi” mədəni turizm marşrutu
Bakı-Şamaxı-İsmayıllı-Şəki-Gəncə-Tovuz
şəhər və rayonlarını əhatə edir. Bakı,
İsmayıllı, Gəncə və Tovuzda yerləşən
şərab zavodlarında konyak və şərabın
satış mağazaları, həmçinin ziyarətçilər
üçün dequstasiya zalları yaradılıb.
Son
dövrlərdə nazirlik tərəfindən həyata
keçirilən beynəlxalq infoturların müsbət nəticələri
və turistlərin regional turizm marşrutlarına artan
marağı nəzərə alınaraq, 2014-cü ilin 30
sentyabr - 1 oktyabr tarixlərində Gəncə şəhərində
III Beynəlxalq Şərab Festivalı keçirilib. İtaliya, Fransa, Gürcüstan və Moldovadan olan
şərab istehsalçıları, şərabçılıq
ittifaqları və assosiasiyalarının nümayəndələrinin
iştirak etdiyi festivalda müxtəlif ölkələrin
şərabları nümayiş olunub.
Bu turizm marşrutlarında iştirak ölkəmizə
gələn turistlərin sayının artmasına və
çoxçeşidli turizm məhsulunun yaradılmasına
xidmət edir.
“Azərbaycanda alman məskənləri” və
“Polyak izləri” turizm marşrutları həm də ölkəmizdə
tarixən mövcud olan multikulturalizm mühitinin
tanıdılmasına da əlavə zəmin yaradır.
Nazirlik tərəfindən
pasportlaşdırılmış turizm marşrutları
Mədəniyyət və Turizm Nazirliyi
Kollegiyasının qərarı ilə təsdiq edilmiş
turizm marşrutlarının inkişaf planı da ölkəmizin
turizm imkanlarının tanıtımı baxımdan
mühüm perspektivlər vəd edir. Ayrı-ayrı
turizm marşrutlarının işləklik səviyyəsi
mövsümə görə də dəyişir. Qış mövsümündə dağ-xizək və
ovçuluq istiqamətli turizm sahələri daha çox
işlək olur. Sağlamlıqla
bağlı turist səfərləri isə mövsümdən
asılı olmayaraq həmişə aktualdır.
Nazirlik tərəfindən Bakı-Salyan-Masallı-Lənkəran-Astara
rayonları üzrə Şirvan Milli Parkı ərazisində
“quşları müşahidə” (Bird Watching), Lənkəran
şəhərində və Masallı rayonunda “Cənubun
dadı” adlı kulinariya, Salyan, Masallı və Lənkəranda
“Cənub mirvarisi” adlı mədəni və ekoloji turizm
marşrutları pasportlaşdırılıb.
İsmayıllı-Basqal-Lahıc
istiqaməti üzrə “Qırxotaq əfsanələri” və
“Fit qalası” marşrutu, Qobustan Dövlət Tarix-Bədii
Qoruğu, Şirvan Milli Parkı, Hacıqabul rayonu və
Mahmudçala gölü ərazisində quşları
müşahidə, Quba rayonu istiqaməti üzrə “Kulinariya
turu” pasportlaşdırılıb.
Qaradağ
rayon ərazisində Lökbatan-Daşgil-Qoturdağ və
Şamaxı rayon ərazisində Dəmirçi
palçıq vulkanları, Quba-Şamaxı rayon ərazisində
“Cip Safari”, Qəbələ-Şəki-Qax istiqaməti üzrə
“Qədim Qafqaz Albaniyasının tarixi izləri”,
Bakı-Şəmkir-Tovuz-Ağsu-Qəbələ-Bakı
istiqaməti üzrə arxeoloji, Bakı-Gəncə-Bərdə-Qəbələ-Şamaxı-Bakı
istiqaməti üzrə “Beş dövrün beş
paytaxtı” turizm marşrutları
pasportlaşdırılıb.
Bu turizm marşrutları boyunca müvafiq infrastrukturun
yaradılması istiqamətində də işlər davamlı
olaraq aparılır. Marşrutlar boyu turizm
marşrutlarının və tarixi abidələrin
nişanlarının quraşdırılması, yol
qırağında turistlər üçün müvafiq
infrastrukturlu dayanacaqların yaradılması (suvenir
satışı köşkləri, restoran, super-market,
uşaq meydançaları) təmin olunur.
Marşrutlar üzrə daha çox turist
axınını təmin etmək məqsədilə nazirlik
tərəfindən turizm şirkətləri və media
nümayəndələrinin iştirakı ilə infoturlar təşkil
olunur.
Azərbaycanın
böyük ekoloji turizm potensialı mövcuddur
Azərbaycan zəngin təbiətə, dənizə,
qoruq və milli parklara, cəlbedici kənd ərazilərinə,
özünəməxsus adət-ənənələrə və
mətbəx nümunələri kimi turizm resurslarına
malikdir. Bütün bu sadalanan resurslar ölkəmizi turistlər
üçün daha da cəlbedici turizm məkanına
çevirə bilər. Təbii fenomen olan
palçıq vulkanları dünyadakı palçıq
vulkanlarının, demək olar ki, yarısını təşkil
edir və Azərbaycan dünya üzrə bu cür cəlbedici
məkanları olan cəmi 20 ölkədən biridir. Bununla yanaşı, Azərbaycan ərazisində
çoxlu sayda milli parklar da mövcuddur. Hazırda Azərbaycanda
9 milli park, 11 qoruq, 24 yasaqlıq fəaliyyət
göstərir. Xüsusi mühafizə olunan təbiət
ərazilərinin sahəsi 893 min hektardır.
Turizm baxımından da önəmli olan qoruq və milli
parklarımız zəngin təbiəti, ov heyvanları, qiymətli
balıq və quş növlərinin qışlama yeridir. Bu ərazilərin
müəyyən hissəsi ekoturizmdə səmərəli və
məqsədyönlü istifadə oluna bilər.
Prezident İlham Əliyevin
müvafiq fərmanı ilə təsdiq olunan “Azərbaycan
Respublikasında ixtisaslaşmış turizm sənayesinin
inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun
olaraq Azərbaycanın ekoloji turizm potensialının
araşdırılması və milli parklarda müxtəlif
turizm fəaliyyətlərinin təşkili, Azərbaycanın
ekoloji turizm imkanlarının tədqiqini həyata keçirmək
və bunun əsasında milli parklarda müxtəlif turizm fəaliyyətlərinin
təşkili ilə bağlı tədbirlər nəzərdə
tutulub.
İradə Sarıyeva
Bakı xəbər.- 2018.-28 fevral