Rizvan Vahabov mərhum Cəlal Əliyevlə
bağlı xatirələrini bir daha yaddaşından
keçirdi…
Mən Cəlal müəllimin
ünsiyyət dairəsinə daxil olan azsaylı adamlardan biriyəm.Və
bununla qürur duyuram. Ondan çox şeylər
öyrənmişəm. Cəlal müəllim
üçün xırda və əhəmiyyətsiz heç
nə yox idi. Onun xarakterini iki sözlə belə ifadə
etmək mümkündür: O, mətin və
qayğıkeş bir şəxsiyyət idi. Mübariz,
prinsipial, bəzən sərt olduğu qədər də həssas,
duyğusal və kövrək idi. Məşhur bir
söz var: “Alim kitablar yazmalı, tələbələr
yetişdirməlidir”. Cəlal müəllim deyirdi ki, alim hər
şeydən öncə bütöv xarakter sahibi
olmalıdır: “Alim öz mövqeyi və prinsipləri
üzərində formalaşır. Xaraktersiz
alimin kitabları və tələbələri yarana bilməz”.
Və əlavə edirdi ki, təkcə alimin və
ziyalının yox, ümumiyyətlə, hər bir adamın özünəməxsus
xarakteri olmalıdır. Onunla xarici səfərlərə
getmişəm. Azərbaycanın
rayonlarını gəzmişəm, seçiciləri ilə
görüşlərində iştirak etmişəm. Bir dəfə rayona getməliydik. Səhər saat 09.00-da “Azneft” meydanında
görüşüb, Saatlı rayonuna yola düşməliydik.
Mən həmin yerə saat 08.50-də gələndə
gördüm ki, Cəlal müəllim yola düşüb.
Biz sürəti artırıb, onunla yolda
görüşdük. Mənə heç bir irad bildirmədi,
heç nə demədi . Amma
mən lazım olan nəticəni çıxardım və həmin
hadisədən sonra bütün vəd olunan görüşlərə
lazım olan vaxta yetişmək üçün
saatımı yarım saat irəli çəkməli oldum. O, dəqiqliyi çox sevirdi. Həmişə
təkrarlayırdı ki, lazım olan yerə, lazımi zamanda yetişmək
gərəkdir. Bu, onun həyat prinsipi idi.
Mən onu həmişə belə gördüm...
“Heydər Əliyevin
hakimiyyətə qayıdışının əsasında Cəlal
müəllimin gərgin əməyi və qeyri - adi fədakarlığı
dayanır”
Bir qayda olaraq, hər Novruz bayramı ərəfəsində
anası İzzət xanımın məzarını ziyarət
edərdi. Atası Əlrza kişi
ilə birlikdə Naxçıvanın taxıl zəmilərində
başaq toplamasından danışarkən gözləri yol
çəkir və xəyala dalırdı... Bəlkə
də onun taxılçılığa olan həvəsinin
bünövrəsi həmin vaxtlarda qoyulmuşdu. Cəlal müəllim, yaltaq adamları birmənalı
şəkildə sevməzdi və belələrini
mümkün qədər yaxına buraxmırdı. Deyərdi ki, insan həyatdakı yerini özü
müəyyənləşdirməli və vəzifəsini dərindən
dərk etməlidir. Mərhum Cəlal Əliyev hər
zaman bildirirdi ki, məsuliyyətini dərk etməyən adam potensial təhlükə mənbəyidir. Onun Heydər Əliyevə qarşı olan sonsuz sədaqətindən
günlərlə, aylarla danışmaq olar. Bu gün
hamı etiraf və qəbul edir ki, Heydər Əliyevin hakimiyyətə
qayıdışının əsasında Cəlal müəllimin
gərgin əməyi və qeyri - adi fədakarlığı
dayanır... Dahi Öndərimizdən söz
düşərkən sanki gözləri alışıb yanır,
vəcdə gəlir, baxışlarında ölçüyəgəlməz
dərəcədə bir qürur hissi duyulurdu. O,
bildirirdi: “Qardaşım olduğu üçün demirəm.
Heydər kimi şəxsiyyətlər
dünyaya min ildə bir gəlir. Azərbaycan
tarixində onunla rəqabət apara biləcək ikinci bir
dövlət adamı yoxdur”.
“Cəlal müəllim
xarakterinə görə dürüst, fədakar, ədalətli
və qorxmaz insan idi”
Cəlal müəllim Azərbaycan
elmində öz məktəbini yaradıb. Cəlal
müəllim həm də kişilik, mərdlik məktəbidir...
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin
deputatı, Əməkdar elm xadimi, akademik kimi zirvələri
fəth etmiş mərhum Cəlal Əliyev təkcə
Azərbaycanda deyil, bütün dünyada tanınan şəxsiyyətdir.
Şərəfli ömür yolu, elmi nailiyyətləri,
ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin
rəğbətini qazanmış dəyərli alimimiz Cəlal
Əliyevin elmi və ictimai fəaliyyətinin hər bir səhifəsi
xalqa xidmət nümunələri ilə zəngindir. Cəlal müəllimin fəaliyyəti
çoxşaxəli idi. Akademik,
ictimai-siyasi xadim, millət vəkili kimi sanballı vəzifələr
daşıyırdı. 40 ilə yaxın tanışlığım
dövründə mən Cəllal müəllimi dərindən
kəşf etməyə çalışdım. Onun haqqında danışanda həmişə bir həqiqəti
təkrarlamağa məcbur oluram. Cəlal
müəllim xarakterinə görə dürüst, fədakar,
ədalətli və qorxmaz insan idi. O, həyatının
bütün sahələrində və mərhələlərində
eyni əxlaq, eyni prinsiplə yaşayıb. Üzləşdiyi
çətinliklərə, məhrumiyyətlərə,
haqsızlığa baxmayaraq ruhdan düşməyib,
mübarizliyindən və əqidəsindən bir addım da geri çəkilməyib,
inamla, inadla yoluna davam edib. O, heç kimdən, heç nədən
çəkinməyən, qorxmaz, əyilməyən məğrur
bir şəxsiyyət idi.
“Azərbaycanın
ağrılı yeri olan Qarabağ həqiqətlərini
dünyaya çatdırırdı”
Cəlal müəllim üzərinə
düşən hər bir missiyanın öhdəsindən vətəndaşlıq
səviyyəsində gəlməyə
çalışır və buna nail
olmağı bacarırdı. O, hər bir işə vətəndaşlıq
yanğısı ilə yanaşırdı. Cəlal
müəllim hər şeydən əvvəl böyük vətənpərvər
idi. Akademik Vətənini sevən, dövlətinə
vicdanla qulluq edən, torpağımıza,
respublikamızın suverenliyinə qarşı
çıxanlara münasibətdə çox barışmaz olub. Azərbaycanın ağrılı yeri olan Qarabağ
həqiqətlərini dünyaya çatdırırdı.
Onun Moskvada nəşr olunan “Dağlıq
Qarabağ Azərbaycanın qanı, canıdır” kitabı
Azərbaycanın təcavüzkar Ermənistan tərəfindən
işğal olunmuş əzəli torpaqları - Dağlıq
Qarabağa həsr edilmiş elmi-tarixi mənbə kimi
mühüm əhəmiyyət kəsb edir. Görkəmli alimin əsəri tarixi faktlarla,
tarixçi alimlərdən, xronikaçılardan gətirilən
misallarla çox zəngindir. O, bu faktları və
misalları oxucuya ustalıqla təqdim edir. Azərbaycan
elminin ağsaqqalı Qafqazda, türk torpaqlarında öz
dövlətlərini yaratmaq arzusunda olan erməni
yaraqlı-siyasətçilərinin, daşnakların hiyləgər,
ölçülüb-biçilmiş siyasətlərini
ifşa edir, tarixən onlara havadarlıq edənlərin
ikiüzlülüyünü lənətləyir.
Müəllif tarixi hadisələrin məntiqi təhlili vasitəsilə
XIX və XX əsrlərdə, sonralar Şərqi Anadoluda və
Zaqafqaziyada erməni millətçi ekstremistlərinin əməllərini,
əzəli Azərbaycan torpaqlarının - İrəvan
xanlığının, Zəngəzurun, Göyçə
gölü bölgəsinin, nəhayət, Dağlıq
Qarabağın qəsb olunmasını şərtləndirən
amilləri açır. Müəllif ermənilərin
soyqırımına məruz qalması haqqında uydurmaya da
münasibətini bildirir: “Ermənilərin Türkiyədəki
genosid barədə tarixi qışqır-bağır, Avropa
meşşanları və digər sadəlövh xristian
xalqları arasında münbit şərait tapan, ağ yalan püskürən erməni
ekstremistləri ələ keçirilmiş Azərbaycan-türk
bölgələri: İrəvanı, Göyçəni, Zəngəzuru,
Dağlıq Qarabağı əldə saxlamaq məqsədi
güdür. Ermənilərin uydurduğu
“genosid” onların özlərinə lazımdır. İşğalçılara istənilən arqument
zəruridir. Genosid barədə yalan
uydurmaq Dağlıq Qarabağ qəsbkarlarının
xilasıdır”. Akademik haqlı olaraq qəzəblə
yazır: “Sovet quruluşunun sürətlə
dağıldığı illərdə Azərbaycan
xalqının problemləri dünyaya gərək deyildi. Rusiyanın informasiya blokadası öz iyrənc əməlini
davam etdirib və etdirməkdədir”.
“Ulu Öndərimizin
tərəfdarları Cəlal müəllimi yeriyən,
döyüşən, canlı “Heydər Əliyev mərkəzi”
hesab edirdilər”
Kitabda 1988-ci ildən bəri dinc əhaliyə,
sərnişinlərə qarşı törədilmiş erməni
terror aktları haqqında da danışılır, Xocalı
faciəsinin şahidinə söz verilir. Akademik Cəlal Əliyev maraqla oxunan əsərini
ermənilərin “Böyük Ermənistan” xülyasına
münasibət bildirməklə bitirir. O qeyd edir ki, bu,
“ağılsız, qeyri-real, dinclik tapmayan Qafqazda sülh
üçün təhlükəli ideyadır. Azərbaycan cəmiyyəti Cəlal Əliyevi
ümummilli liderimiz Heydər Əliyevin yaxın
silahdaşı, əqidə yoldaşı və mübariz bir
insan kimi tanıyır. O, bütün qanı və
canı ilə dövlətə, dövlətçiliyə,
Heydər Əliyevə, Heydər Əliyevçiliyə
bağlı olan insan idi. Cəlal müəllim
fədakar qardaş, fədakar ictimai xadim idi. Onun Heydər Əliyevə
olan münasibəti ilə Azərbaycan uğrunda
apardığı əzmkar mübarizə arasında paralellər
də aparmaq olar. O, həmişə
Heydər Əliyevin yanında olub, çətin sınaqlarda
və şərəfli dövlət quruculuğunda çiyin-çiyinə
mübarizə aparıb. Kiçik qardaş kimi
Cəlal müəllim Heydər Əliyevə, onun ailəsinə
siyasi mərkəzdən yönləndirilən təzyiqlərə
qarşı fərqli bir mövqe nümayiş etdirdi,
iftiralara, yalanlara, təhqirlərə dirəniş göstərən
böyük mübarizə cəbhəsi
açmışdı. 1987-ci ildə
Siyasi Bürodan istefa verəndən dərhal sonra Heydər Əliyevin
əleyhinə yönəlmiş kampaniya onun
yaxınlarından yan keçməmişdi. Mərkəzi və yerli mətbuatda qərəzli, təhqiramiz
yazılar dərc edilirdi. “Pravda”,” Sovet kəndi”
və başqa qəzetlərdə Heydər Əliyevə və
onun qardaşlarına saysız-hesabsız böhtanlar
yağdırılırdı. Məqsəd aydın idi:
Cəlal müəllimi zərərsizləşdirmək,
susdurmaq. Görülən tədbirlər Cəlal
müəllimi yolundan çəkindirə bilmədi. Onu tanıyanlar deyirdi ki, Cəlal Əliyev çox cəsarətli
şəxsiyyət olub. Heç nədən
qorxmayaraq, həmin dövrdə qəzetlərdə yazılan
böhtanların qarşısını cəsarətlə
alır, bütün təzyiqlərə baxmayaraq, mübarizəsindən
geri çəkilmirdi. Cəlal müəllim
həyatının bütün mərhələlərini ədalət
uğrunda mübarizəyə həsr etmişdi. İstər alim, istərsə
qardaş və hətta ictimai-siyasi xadim kimi də Cəlal
Əliyev yalnız bir missiyanı yerinə yetirirdi:
haqsızlıqla barışmamaq, sınmadan, boyun əymədən
yaşamaq. Həmişə dərin inam hissi və
yorulmaq bilməyən fəaliyyəti ilə zəngin və
qüdrətli Azərbaycan quruculuğunun ön
sıralarında olub, ölkəmizin xoşbəxt gələcəyi
naminə çalışıb. Ulu
Öndərimizin tərəfdarları Cəlal müəllimi
yeriyən, döyüşən, canlı “Heydər Əliyev
mərkəzi”hesab edirdilər.
“Cəlal Əliyev
həm də, Azərbaycan elminin canlı əfsanələrindən
sayılır”
O, respublikamızın müstəqilliyi və
dövlətçiliyi təhlükə altında olanda
Ümummilli Liderin yenidən hakimiyyətə
qayıdışı üçün həyatını təhlükəyə
atdı, ölümdən belə qorxmadı. Buna
görə də Cəlal müəllimi əsl fədai hesab
etmək olar. O, fədakarlığı və cəsarəti
ilə neçə-neçə insana örnək olan, Yeni Azərbaycan
Partiyasının (YAP) yaranmasında əvəzsiz xidmətləri
olan və YAP-ın “Qızıl Fondu”nda nadir şəxsiyyətlərdən
biri kimi möhtəşəmləşən
ziyalılardandır. Cəlal müəllim prinsipial, qətiyyətli
şəxs idi. O, yeganə elm xadimidir ki, Sovet
İttifaqı Kommunist Partiyasının rəsmən
buraxılmasından xeyli əvvəl Kommunist Partiyasından
çıxmaq haqqında qərar qəbul etdi. O
, 1991-ci ildə Elmlər Akademiyasının Partiya Komitəsinə
ərizə yazaraq,
könüllü olaraq partiya üzvlüyündən
imtina etdi. Onun yazdığı ərizənin mətni
bir daha sübut edir ki, Cəlal müəllim əsl vətənpərvər
Azərbaycan ziyalısıdır. O, ərizəsində
yazırdı ki, bütün 62 illik ömrü boyu xalqa, Vətənə təmənnasız
xidmət edib: “Sağlamlığımı,
firavanlığımı, ailəmin səadətini elmə fəda
etmişəm. Bəs nəticəsi nə olub?
Partiya biletini özünə sipər edən
cılız, ləyaqətsiz ünsürlərin təhqir və
təqiblərinə məruz qalmışam. Bundan sonra
partiyada qalmaq bütün bu cinayətlərdə, vəhşiliklərdə,
günahsız qanlarda, xalqın alçaldılmasında
iştirakçı olmaq və bu cinayətkar siyasətə
tərəfdar çıxmaq deməkdir”. Cəlal
Əliyev həm də Azərbaycan elminin canlı əfsanələrindən
sayılır.
“Şəxsi mənzili
olmadığından 40 yaşına kimi başqa evlərdə
yaşamışdı”
O, alim kimi fərqli və çətin bir
yol seçib. Onun heç kimə bənzəməyən,
heç kimi təkrarlamayan unikal elm və həyat yolu olub.
Onu yaxından tanıyanlar bilirlər ki, Cəlal
müəllim çox sadə, hər cür dəbdəbədən,
təmtəraqdan uzaq həyat tərzi keçirirdi. Şəxsi mənzili olmadığından 40
yaşına kimi başqa evlərdə yaşamışdı.
Cəlal Əliyev 1991-ci ildə Azərbaycan Elmlər
Akademiyasının partiya komitəsinə
ünvanladığı ərizəsində yazırdı:
“62 illik ömrüm boyu xalqa və vətənə təmənnasız
xidmət göstərib, sağlamlığımı,
firavanlığımı, ailəmin səadətini elmə fəda
etmişəm”. Cəlal Əliyev
qayğıkeş və sadə insan, humanist şəxsiyyət
kimi də qəlblərdə silinməz iz buraxıb. Onun böyüklüyü həm də sadəliyində,
təvazökarlığında idi. O, imkanı daxilində
insanlara qayğı, diqqət göstərib, neçə-neçə
alimin, savadlı kadrların köməyinə çatıb,
bir çox hallarda haqsızlıqlarla üzləşən
elm fədailərinə arxa, dayaq olub, hər cür yardım
göstərib, ancaq heç vaxt
yaxşılıqlarını dilə gətirməyib, üzə
vurmayıb. Azərbaycan elminin dünyada
tanınmasında, təbliğində və beynəlxalq elmi
təşkilatlarla əlaqələr qurulmasında bu
böyük alimin misilsiz xidmətləri olub. Müstəqil Azərbaycanın elminin dünya
miqyasında tanıdılmasında, elmi ixtiraların
dünyanın ən nüfuzlu elmi-tədqiqat
instititutlarında, iri sənaye müəssisələrində
tətbiq olunmasında müstəsna xidmətləri
vardır.
“Mən onun Fəxri
xiyabandakı məzarını tez-tez ziyarət edirəm”
Ömrünün 50 ildən çoxunu
elmi fəaliyyətə həsr edən Cəlal Əliyev
böyük alim kimi özündən sonra zəngin irs qoyub. Onun yaratdığı
elmi məktəbin yetirmələri olan onlarla elmlər doktoru
və elmlər namizədləri Cəlal Əliyevin zəngin
elmi irsini layiqincə davam etdirirlər. Onun
elmi araşdırmaları, nailiyyətləri yetişdirdiyi
alimlər və mütəxəssislər üçün dərin
elmi mənbədir. O, öz elmi ixtiralarını vətəndaşlıq
qayəsi ilə uzlaşdırırdı. Onun
yeni, məhsuldar buğda növləri ölkənin ərzaq
təhlükəsizliyinə verdiyi əvəzsiz töhfədir.
Bu gün taxılçılığın
inkişafı bir nömrəli vəzifəyə
çevrilib. Cəlal müəllimin dövlət və
xalq qarşısındakı əvəzsiz xidmətləri,
çoxşaxəli ictimai və elmi fəaliyyəti dövlətimiz
tərəfindən yüksək qiymətləndirilmiş və
ulu öndər Heydər Əliyevin imzaladığı müvafiq
Fərmanla ən ali dövlət
mükafatına - “İstiqlal” ordeninə layiq
görülmüşdür. Prezident İlham Əliyevin
imzaladığı sərəncamlarla “Şərəf” ordeni
və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə
təltif edilmişdir.
Cənab Prezident Cəlal Əliyevin
90 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam
imzalamışdır.
Cəlal Əliyev şərəfli və
mənalı, hamıya örnək olan bir ömür yaşadı. Cəlal
müəllim bu gün xalqımızın fəxr
ünvanı olan bir müqəddəs Fəxri xiyabanın əbədiyaşar
sakininə çevrilib. Mən onun Fəxri xiyabandakı məzarını
tez-tez ziyarət edirəm. Bu
yazını redaksiyaya təqdim edəndən öncə, bir vaxtlar Cəlal
Əliyevin rəhbərlik etdiyi institutun kollektivi ilə onun məzarını
ziyarət etdik, sonra mərhum Cəlal
Əliyevə həsr olunan elmi konfransa qatıldım.
Allah sənə rəhmət eləsin!
Doğum günün mübarək, Cəlal
müəllim!
Rizvan Vahabov
Bakı xəbər.- 2018.- 2 iyul.- S.6.