136 yaşlı İrəvan Azərbaycan Teatrı 90 il əvvəl dövlət statusu qazanıb

 

Mirzə Fətəli Axundzadənin komediyaları ilə 1873-cü il martın 10-da Bakıda və elə həmin ildə Tiflisdə peşəkar Azərbaycan teatrının bünövrəsi qoyuldu. Az sonra, 1882-ci il aprelin 2-də isə İrəvanda peşəkar teatr yarandı. Daha sonralar Azərbaycanın, demək olar ki, əksər bölgələrində ayrı-ayrı dövrlərdə müxtəlif janrlı teatrlar yarandı və inkişaf edə bildi.

 

Doğrudur, onların bir qismi sonralar müxtəlif səbəblərdən fəaliyyətini dayandırmalı oldu, lakin ümumən Azərbaycan teatr sənəti yarandığı gündən bu günə qədər kecdiyi böyük yaradıcılıq yolu ilə sanballı və qüdrətli sənət nümunələri yarada bilib. O cümlədən də Cəfər Cabbarlının adını daşıyan İrəvan Dövlət Azərbaycan Dram Teatrı. Diqqəti çəkən bir əsas məsələ budur ki, İrəvan Teatrının tarixinin bir qədər də əvvəllərə təsadüf etməsinə dair kifayət qədər faktlar var və Bakı, Tiflis və digər teatrlardan fərqli olaraq, İrəvan Teatrı yerli müəlliflərin yazdığı əsər əsasında yaranıb. Onu da demək yerinə düşər ki, İrəvan Azərbaycan Teatrının yaradıcılıq yolu böyük keşməkeşlərdən keçib. Teatr dəfələrlə düşmən qəsdinə məruz qalaraq qapadılıb, mərkəzdən əyalətə köçürülüb, hətta bir neçə dəfə doğma yurdundan didərgin salınıb. Lakin bu qocaman sənət ocağı heç vaxt düşmənə boyun əyməyib, öz əzmkar və fədakar fəaliyyəti ilə həmişə düşmənlə layiqli mübarizə aparıb, nəticədə 1928-ci ildə Ermənistan Sosialist Respublikasını teatra dövlət statusu vermək məcburiyyətində qoyub. Öz doğma yuvasına qayıtmaq, yenidən öz doğma ocağının istisinə qızınaraq böyük sənət yolunu davam etdirmək qətiyyəti isə bu gün də davam etməkdədir, həm də qəhrəmancasına!..

 

İrəvan Azərbaycan Teatrı yüz il bundan əvvəl Şərqdə ilk Cümhuriyyət yaradan, eyni zamanda ilk operanın bünövrəsini qoyan, bununla yanaşı böyük repressiyalara, soyqırımlarına məruz qalan, beləliklə mürəkkəb bir həyat yolu keçən xalqımızın qaynar təbini, hər zaman öz dinamikası ilə yaşayıb-yaratmaq qüdrətini özündə saxlaya bilib. Belə bir qüdrətdən doğulan, 136 illik tarixə malik Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Qərbi Azərbaycanın paytaxtı olan İrəvan şəhərində elə bir mühitdə yaranıb ki, həmin mühit Qafqazda inkişafa qədəm qoyan milli ruhun dirçəldiyi, mədəni mühitin intibah etdiyi bir dövrə təsadüf edir. Yarandığı vaxtdan etibarən maarifin və mədəniyyətin, elmin və təhsilin, bədii yaradıcılığın və folklorun, eyni zamanda milli özünüdərkin oyanışına və dirçəlişinə təkan verən teatr sənətinə, yaranışı ilə bütün yaradıcıığı boyu həm də ümumən Azərbaycan Teatr sənətinin inkişafına töhfələr verməklə əvəzsiz xidmət göstərib. Onun zaman-zaman yetişdirdiyi qüdrətli sənətkarlar Azərbaycanın müxtəlif teatrlarının, xüsusən də ana teatrımız olan hazırkı Akademik Milli Dram Teatrının səhnəsinin bəzəyi olub. O görkəmli sənətkarların bir qismi bu gün də öz sənət qüdrətləri ilə mötəbər yer tutmaqdadır. Bununla yanaşı, İrəvan Teatrı həm də Azərbaycan Teatr sənətini qədim Azərbaycan torpağı olan İrəvan şəhərində yaradılmış Ermənistan adlı dövlətdə, xalqımıza qarşı qərəzli mövqedə dayanan millət arasında, bütün maneələrə baxmayaraq, ən çətin şəraitdə layiqincə təmsil edə bilib. Bu xigmətin belə mötəbər mərhələyə çatmasında teatrın yarandığı gündən etibarən sənət korifeylərinin yaradıcılıq yoluna işıq tutan, teatr mexanizmini dərindən bilən görkəmli teatr rəhbərləri də az rol oynamayıb. Əksinə, mən deyərdim ki, hətta bu teatrın belə özünəməxsus uğurlu inkişaf mərhələsinə gəlib çatması, ağıllı, bacarıqlı, istedadlı, həssas düşüncəli, teatrın yaradıcılıq strategiyasını düzgün müəyyənləşdirə bilən teatr rəhbərlərinin, teatrın iş prinsiplərini doğru-düzgün qura bilməsi nəticəsində əldə olunmuş, məhz ona görə, ən son həddə qədər inkişaf etdirilən qərəzçilik mövqeyinin qaynar mühitində belə öz qüdrətli fəaliyyətini qoruyub saxlaya bilib.

 

1882-ci il 2 aprel tarixində, kasıb tələbələrə kömək məqsədi ilə, Məşədi İsmayıl və Vasaq Mədətovun “Tamahkarlıq düşmən qazanar” əsərinin tamaşasını ikinci dəfə oynamaqla peşəkar fəaliyyətə qədəm qoyan İrəvan Teatrı Firudin bəy Köçərlinin Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra 1885-ci ildə İrəvan şəhərinə gəlişi ilə öz həyatında ciddi dönüş yaratdı. Sonrakı illərdə uzun müddət bu vəzifə görkəmli teatr xadimi Yunis Nurinin üzərinə düşdü. Bu sənət ocağı məhz  belə ziyalıların əzmkar zəhməti nəticəsində yaşaya, yarada bildi.

 

Bu böyük sənət ocağı, işığına geniş kütləni toplamaq iqtidarına malik olan sənət məbədi dəfələrlə təzyiqlərə və deportasiyaya məruz qalmasına, müvəqqəti hal olaraq statusunun endirilməsinə, mərkəzdən əyalətə köçürülməsinə, binasızlıq şəraitinə salınmasına, tam qapadılmasına baxmayaraq, heç vaxt öz fəaliyyətini dayandırmadı, əksinə, daha da məhsuldar çalışdı. Bu məhsuldarlıq elə bir həddə gəlib çatdı ki, ideologiyanın teatr sənətinə böyük ehtiyacı olduğu o dövrdə, məhz bu teatrın aktiv fəaliyyəti yenicə qurulmaqda olan sosialist sisteminin diqqətini özünə çəkdi. Bu rejim gələcəkdə bu teatrın imkanlarından gərəyincə istifadə edə biləcəyini anladı və 1928-ci ildə Ermənistan Sosialist Respublikası tərəfindən İrəvan Azərbaycan Teatrına Dövlət statusu verildi. 1935-ci ildə isə teatr ölməz C.Cabbarlının adını daşımaq haqqını qazandı.

 

Uzun illər teatrın fəaliyyətindən öz ideologiyasının təbliği məqsədi ilə kifayət qədər yararlanan, lakin həmişə xalqımıza qarşı düşmən mövqedə dayanan erməni hökuməti teatrın, ideoloji fəaliyyəti ilə yanaşı milli özünüdərketmə istiqamətində apardığı geniş və dolğun fəaliyyət prinsiplərini də görərək, sanki dövlət statusu verməyinə peşman oldu və həmin prinsipləri dağıtmaq üçün 1951-ci ildə teatrın qapadılması qərarını verdi.

 

İrəvan Teatrı 1951-ci ildən 1967-ci ilə qədər başı minbir bəlalardan keçən bir fəaliyyət dövrü yaşadı. Kollektivin üzvləri qərəzə qarşı ciddi mübarizə apardılar. Prinsipial şəkildə müxtəlif yerlərdə tamaşalar hazırlamaqla teatrın fəaliyyətinin davam etməsini qoruyub saxlaya bildilər. Bu barədə teatr tarixinin görkəmli araşdırmaçısı, hörmətli tarixçi-alimimiz İsrafil Məmmədov dəfələrlə yazıb. Və mənim “İrəvan Teatrı 130-cu mövsümünə qədəm qoyur” adlı I məqaləmdə də bu barədə geniş məlumat verilib (“525-ci qəzet” 30 sentyabr 2011-ci il və “Mədəni Həyat” jurnalı 2011-ci il 12-ci, 2012-ci il 1-ci sayları).

 

1967-ci ildə Ermənistan hökuməti yerli ziyalıların təşəbbüsü və Azərbaycan Sovet Sosialist Respublikasının səyi nəticəsində bu qədim sənət ocağının növbəti dəfə bərpasına dair sərəncam verdi.

 

Teatr ilk olaraq, adını daşıdığı Azərbaycanın görkəmli ədibi C.Cabbarlının “Sevil” tamaşası ilə açılış etdi. Az müddət ərzində kollektiv toplanmağa başladı. Milli təəssübkeşlik o qədər yüksək vüsət aldı ki, hətta Azərbaycan Dövlət İncəsənət İnstitutunun bütöv bir kursu bu teatra göndərildi. Naxçıvan, Gəncə, Bakı teatrlarından bu teatrda işləmək üçün aktyorlar öz istəkləri ilə təşrif buyurdular. Ancaq az keçmədi ki, teatrda böyük hərc-mərclik yaradıldı. Vəziyyəti kritik hala gətirən erməni millətçi hökumət məmurları, guya teatrın fəaliyyətinin davam etdiriməsində maraqlı olduqlarını göstərmək üçün həssas bir oyun oynadılar (Amma sonralar bu oyun gözləmədikləri halda onları məyus etdi). Ermənistanda fəaliyyət göstərən, Kommunist Partiyasının orqanı olan yeganə azərbaycandilli “Sovet Ermənistanı” qəzetində yenicə jurnalistlik fəaliyyətinə başlamış və elə ilk gəlişindən böyük ümidlər verən gənc, kəsgin qələm sahibi olan istedadlı bir jurnalisti - Hidayət Orucovu öz doğma peşəsindən ayıraraq, heç bir teatr səriştəsi olmadığı halda, hələ gənc ikən, sözün əsl mənasında “bataqlığa” atmaq məqsədilə İrəvan Teatrına rəhbər vəzifəyə təyin etdilər.

 

Əslində gənc Hidayətin yerində kim olsaydı, öz isti yuvasından - respublikada böyük nüfuzu olan, qılıncının dalı-qabağı kəsən, nə qədər olmasa da dövlətin bütün imtiyazları və qayğısı ilə əhatələnən redaksiyadan ixtisasına uyğun olmayan və taleyi naməlum olan bir müəssisəyə rəhbər vəzifəyə getməyə cürət etməzdi. Gənc Hidayət düşündü, daşındı, əslində yenicə başladığı və az zaman kəsiyində əldə etdiyi uğurlu jurnalistlik karyerasını yarımçıq dayandıraraq, öz taleyini böyük təhlükə qarşısına atmaqdan çəkinmədi, milli mənafe xatirinə, dədə-babalarımızın min bir əziyyətlə o günə qədər gətirib çatdırdıqları və böyük çətinliklə bərpasına nail olunan, bir də qapadılsa, haçansa yenidən bərpasına nail olunub-olunmayacağı şübhə altında olan bu qocaman sənət ocağını “ölüm” təhlükəsindən qurtarmaq üçün razıllıq verdi. Bəlkə də öz şəxsi mənafeyi nöqteyi-nəzərindən doğru etmədi. Bəlkə də o, redaksiyanın xəttilə elə gənc yaşlarından daha yüksək vəzifələrə irəli çəkiləcəkdi. Nəzərə alsaq ki, onun perspektivi elə gənc yaşlarından görünürdü, belə qənaətə gəlmək olar ki, həqiqətən də onu qarşıda daha yüksək perspektivlər gözləyirdi.

 

Əslində mən belə hesab edirəm ki, bir tərəfdən bu perspektivi görən, Hidayətin kəskin qələminə, onun yeni nəfəslə boy verən şeirlərinə, təmkinli, cürətli xasiyyətinə, hər kəsə nəsib olmayan layiqli görkəminə, son dərəcə kübar davranışına, yüksək səviyyəli, alicənab, mədəni ünsiyyətinə qısqanclıq mövqeyindən baxan həmkarları, digər tərəfdən də onun perspktivindən təhlükəyə düşən erməni millətçi məmurları gənc Hidayətin dördüncü hakimiyyət meydanından uzaqlaşdırılmasını təmin etmək üçün onun daha tez zərbəyə məruz qala biləcəyi bir işə, teatra direktor vəzifəsinə getməsinə böyük canfəşanlıqla çalışdılar və bu məsələ baş tutdu.

 

Yuxarıda qeyd etdiyimiz xüsusiyyətləri özündə cəmləşdirən, gələcəkdə Ermənistan hakim dairələrinə ciddi narahatlıq yaşada bilən bu nüfuzlu azərbaycanlının erməni qəniminə çevrilməsindən ehtiyat edən erməni şovinistləri onu bu cür qalmaqallı və artıq hərənin bir tərəfə pərən-pərən düşdüyü, darmadağın olmaq həddinə çatmış, peşəkar olmayan bir gənc əlində bərpası mümkün olmayan bir müəssisəyə-teatra, oradaca it-bat olması üçün rəhbər vəzifəyə göndərərkən, onların ağlına belə gəlməzdi ki, bu 24 yaşlı heç bir teatr və idarəçilik təcrübəsi olmayan Hidayət Orucov on altı il müddətində teatrı, heç bir şəraiti olmadığı və heç kəsdən kömək almadığı halda, Qafqazda nümunəyə çevriləcək bir sənət ocağı halına gətirmək üçün elə bir islahat başlayacaq ki, bu islahatın nəticəsində İrəvan Teatrı bütün maneələrə, çətinliklərə və şəraitsizliyə rəğmən, yarandığı gündən bəri  heç vaxt yüksəlmədiyi bir intibah zirvəsinə boy verəcək, hətta bu islahat o zamanlar Ermənistan Respublikasi mədəniyyət naziri tərəfindən erməni teatrlarına nümunə kimi göstəriləcəkdi.

 

O vaxtlar erməni millətçiləri bilsəydilər ki, bütün bunlarla yanaşı Hidayət müəllimin özü də elə püxtələşəcək, formalaşacaq, inkişaf mərhələsinə çatacaq ki, nəinki Ermənistan miqyasında, hələ o dövrlərdə yüz cür maneələr olsa belə, danılmaz faktların diqtəsi ilə “Ermənistan SSR Əməkdar mədəniyyət xadimi” fəxri adına, (sonralar o, bu addan imtina etdi!) Sovetlər Birliyinin “Əməkdə İgidliyə görə” medalına layiq görülən nüfuzlu ziyalı, görkəmli teatr və ictimai xadim, eyni zamanda Ermənistanda yazıb-yaradan soydaşlarımızın ədəbi mühitinə rəhbərlik edən nəhəng bir ədibə, hətta sonrakı illərdə Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə Dövlət müşaviri, daha sonra Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Azərbaycanın Qırğızıstanda fövqəladə və səlahətli səfiri kimi mötəbər vəzifələrə yüksələn, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli, Gürcüstanın və Dağıstanın yüksət dövlət mükafatları laureatı, Çuvaşıstan Respublikasının Çuvaş Beynəlxalq Ədəbi Mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin  idarə heyətinin və “Ədəbiyyat” qəzetinin redaksiya heyətinin üzvü, Azərbaycanın görkəmli ziyalısı kimi şöhrət tapan, miqyası Azərbaycanın hüdudlarını aşan işıqlı bir şəxsiyyətə çevriləcəkdi, bəlkə də Hidayət müəllim üçün zamanındaca başqa bir tədbir planı düşünərdilər.

 

Lakin söylənilən və göz önündə olan bu uğurlu yüksəliş bir həqiqədir və bu həqiqət İrəvan Teatrının taleyində mühüm hadisə kimi özünə yer tutdu, əbədi yaşayan bir tarix oldu.

 

Fikrimcə, bu tarix - Hidayət Orucovun redaksiyadan İrəvan Teatrına “deportasiya” edilməsi, Qafqaz teatrları sırasında birincilər cərgəsinə yüksələn İrəvan Teatrının həqiqətən də istər öz məhvərindən çıxarılmış ənənələrinin bərpa olunması, istər yeni repertuar planının çağdaş dövrə uyğun mərhələyə çatdırılması, istər truppanın peşəkarlaşdırılması və istedadlı mütəxəssislərlə yetginləşdirilməsi, istər Azərbaycan ədəbi nümunələrinin, o cümlədən gənc dramaturqların teatra cəlb olunması və bununla da yeni dramaturq nəslinin yetişməsini təmin etmək, Azərbaycan teatr və ədəbi mühiti ilə sıx əlaqələrin yaranmasına nail olmaq, teatrda istər inzibati və texniki kadrların püxtələşməsi üçün sağlam iş mühitinin yaradılması, istər Ermənistanda yeganə Azərbaycan teatrı olduğu üçün çoxjanrlı tamaşalar hazırlanması və bununla da Qərbi Azərbaycanda soydaşlarımızın bütün cəhətlərdən mənəvi tələbatını ödəməyə çalışmaqla azərbaycanlıların torpağa bağlılıqlarına bu istiqamətdə təminat yaratması, istər milli mədəniyyətimizin başqa xalq arasında yüksək meyarda təmsil olunmasını qoruyub saxlaması nöqteyi-nəzərindən, istər əvvəlki illərdə teatrın yaşaması üçün fədailik göstərmiş insanların müqəddəs əməlinin şərəflə davam etdirilməsi məqsədinə can yanğısı ilə yanaşması və sair və ilaxir bu kimi müqəddəs məsələlərin həyata keçirilməsi baxımından İrəvan Teatrının taleyinə Tanrı tərəfindən göndərilmiş bir qismət idi.

 

Beləliklə, redaksiyadan ayrılma Hidayət müəllimi uğurlu bir ömür yolunun yolçusuna, İrəvan teatrını isə Qafqazda nüfuzlu bir sənət ocağına çevirdi.

 

Vəzifəsinə mənliyi kimi münasibət göstərən bu gənc vətənpərvər insan az zaman içində məqsədli şəkildə Azərbaycan teatr və ədəbi mühitinin diqqətini İrəvan Teatrına cəlb etdi. Teatrı Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Nəriman Həsənzadə, Anar, Əkrəm Əylisli, Niyazi Şərifov, Ağakişi Kazımov, Hüseynağa Atakişiyev və bu kimi bir sıra nüfuzlu ziyalıların yaradıcılıq meydanına çevirdi. Maestro Niyazi, Mehdi Məmmədov, Tofiq Kazımov, Zəfər Nemətov və sair görkəmli sənət adamları ilə keçirilən görüşlər İrəvan Teatrına olan marağın miqyasından xəbər verirdi.

 

Repertuarın bədii keyfiyyətinin yüksəldilməsi üçün teatra Nəsir Sadıqzadə, Baxşı Qələndərli, Ağakişi Kazımov, Aleksandr Samsonoviç, Vəli Babayev və başqa bu kimi yaradıcılıq dəsti-xətti bir-birindən fərqlənən tanınmış, peşəkar rejissorlar dəvət olundu.

 

Teatr dəfələrlə Gürcüstan, Naxçıvan, Gəncə, Bakı, ümumiyyətlə Azərbaycanın, demək olar ki, əksər bölgələrinin tamaşaçıları qarşısında uğurlu çıxışlarla böyük tamaşaçı auditoriyasına tanıdıldı.

 

Əlaqələrin inkişaf miqyası genişləndikcə İrəvan Teatrı mərkəzin (Moskva) də diqqətini çəkməyə başladı. Mötəbər teatr xadimləri mərkəzdən İrəvan Teatrının tamaşalarının sorağı ilə İrəvana təşrif buyururdular və onlar, heç bir şəraiti olmadığı halda, belə yüksək bədii keyfiyyətə malik böyük tamaşaların ərsəyə gətirilməsindən heyrətə düşdüklərini açıqca etiraf edirdilər. Bu uğurlardan – mərkəzdən gələn qonaqların erməni teatrlarının deyil, məhz azərbaycan teatrının tamaşalarına diqqət göstərməklərindən narahat olan erməni məmurları mötəbər yığıncaqlarda bütün şəraitlərlə təmin olunmuş və dövlətin bütün qayğıları ilə əhatələnmiş erməni teatrlarına İrəvan Azərbaycan Teatrının təcrübəsindən yararlanmağı tövsiyə edir, hətta erməni teatrlarının rəhbərlərinə təpinirdilər.

 

Belə uğura, belə dinamik fəaliyyətə Ermənistan Mədəniyyət Nazirliyi də öz təəccübünü gizlətmirdi. Hətta Böyük Vətən müharibəsinin 30 illiyinə həsr olunmuş teatr festivalında, erməni teatrlarının imkanlarının hüdudsuzluğuna baxmayaraq, onların içində hələ yenicə bərpa olunmuş və özünü formalaşdırmağa başlayan İrəvan Dövlət Azərbaycan Dram Teatrının ikinci yeri tutması (birinci yerə layiq olduğu etiraf edildiyi halda) bu kollektivin sənət qüdrətinin böyük təzahürü idi.

 

Teatrın belə pərvəriş tapması nəticəsində, böyük çətinliklərə, sərt münasibətlərə baxmayaraq, Ermənistan Yazıçılar İttifaqının tərkibində İrəvan Teatrının rəhbərliyi tərəfindən qaldırılan təşəbbüsə görə Azərbaycan Şurasının bölməsi yaradıldı və bu bölmənin fəaliyyətilə yerli azərbaycanlıların əsərləri işıq üzü gördü.

 

Beləliklə, 1978-ci ilə qədər yüksək nailiyyətlər əldə edən İrəvan Teatrının dövlət statusu almasının 50 illiyi yubiley tədbirlərinin zamanı yetişdi. Şübhəsiz ki, o vaxtlar bu yubileyin keçirilməsi çox müşkül məsələ idi. Şovinist erməni məmurları İrəvanda Azərbaycan teatrının nəinki yubileyinin, hətta kiçicik bir tədbirin belə keçirilməsinə qısqanclıqqla baxırdılar. Həm də bu tədbir Ermənistan Sovet Sosialist Respublikasının çıxaracağı fərmanla həyata keçməli idi. Belə çətin bir məsələ, ətrafını sarmış minlərlə bədxahlarının iradəsini öz mətin iradəsi ilə sındıran teatrın rəhbərinin əlahəddə nüfuzu və dönməz mücadiləsi, kollektivin kəsgin mövqeyi bahasına başa gəldi. Belə milli mücadiləni, milli mübarizəni nəzər-diqqətindən qaçırmayan xalqımızın böyük oğlu, o zamanlar Azərbaycana rəhbərlik edən böyük Heydər Əliyev məsələyə dərhal reaksiya verdi. Bu böyük diqqətin nəticəsində Ermənistan hökuməti teatrın dövlət statusu almasının 50 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamaq məcburiyyətində qaldı. Hətta Teatr Bakıda uzunmüddətli qastrol səfərinin həyata keçirilməsi kimi mühüm bir təntənənin bəxş olunması mükafatına Heydər Əliyevin əvəzsiz qayğısı ilə nail oldu. Ermənistan respublikasında keçirilən yuiley tədbirlərinin daha təntənəli təqdimat mərasimləri Azərbaycanda baş tutdu. Səfər Azərbaycanda keçirilən tədbirlərin uğurlu nəticələrini dəyərləndirən Azərbaycan Respulikasının rəhbərliyinin, kollektivin bir neçə üzvünün fəxri ad və diplomlarla mükafatlandırılması ilə əlamətdar oldu. İrəvan Teatrı belə uğurlu fəaliyyəti ilə artıq özünün uzunillik tarixinin mükəmməl salnaməsinin zirvəsinə qədəm qoya bildi. 1984-cü ilə qədər bu sənət ocağı özünün genişmiqyaslı nüfuz dairəsi ilə qürurverici bir intibah dövrünü yaşadı...

 

Lakin xəbis və millətçi ermənilərin həmin ildən etibarən teatrın məhv edilməsi üçün atdıqları xəyanətkar addımlar 1989-cu ildə bu böyük, ölməz sənət məbədinin öz dədə-baba yurdundan zorla çıxarılması ilə nəticələndi.

 

Unutmaq lazım deyil ki, belə xəyanətləri ermənilərdən dəfələrlə görən bu sənət ocağının, tarixin səhifələrində özünə parlaq bir yer tutan İrəvan ictimai və ədəbi mühitindəki müstəsna işləri, onun ümumən İrəvan şəhərində fəaliyyətə başladığı dövrün ilk anlarından boy verən, xalqımıza qarşı düşmənçilik mövqeyində olan bir toplum içində 1928-ci ildə dövlət statusunu qazanmaq iqtidarına qədər yüksələn və hələ də davam edən varlığı, gecəli-gündüzlü, yorulmadan və fədakarcasına sərf etdiyi zəhməti, bacarığı, istedadı, peşəkarlığı ilə çalışan əzmkar kollektivin bu günə qədərki milli mənafe mövqeyində öz yüksək sənət qüdrəti ilə layiqincə təmsil olunmasının təzahürüdür.

 

Bu gün biz, hazırkı kollektivin üzvləri də, İrəvan teatrının qazandığı bu şöhrəti, ənənələri qoruyub saxlamaqla yanaşı, onun daha da geniş vüsət alması və inkişaf etdirilməsi istiqamətində fəaliyyətimizi gecəli-gündüzlü, əzmlə davam etdirməyin təkcə vəzifə borcumuz olmadığını, həm də bir milli mənafe və vətəndaşlıq görəvimiz olduğunu bütün varlığımızla dərk edirik...

 

1984-cü ildən etibarən ermənilərin məkrli siyasəti nəticəsində teatrın məhv edilməsi üçün bir neçə yerdən ona qarşı təzyiqlər baş qaldırdı. Teatrın kollektivi onsuz da məhdud şəraiti olan fəaliyyət göstərdiyi binadan şəhər kənarındakı, bir tərəfində ruhi xəstələrin yerləşdiyi xəstəxana, bir tərəfində Azərbaycan məktəbi yerləşən binanaın  damına, sözün əsl mənasında “quş damı” həcmində olan bir məkana köçürüldü. Beləliklə İrəvan Teatrına tarixində dəfələrlə rast gəldiyimiz qəsd, repressiyalar yenidən başlandı. Teatr öz inkişaf mərhələsindən durğunluq dövrünə keçdi. Bütün bunlar kollektivin üzvləri arasında ruh düşkünlüyü yaradırdı. Sənətinin sehrində özünü tapan aktyorlar bu çətinliklərə dözüb İrəvan Teatrının yaşaması üçün fədailik edirdlər.

 

O zamanlar qocaman, çılpaq bir ağacın qurumuş budaqlarını xatırlatmağa başlayan, böyük tarixi keçmişə malik C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının belə fəaliyyət prosesi 1989-cu ilə qədər davam etdi. 1988-ci ildən başlayan, bütün Qərbi Azərbaycanı başına alan erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə nəticəsində, əmlakı əlindən alinmaqla, Ermənistan SSR Mədəniyyət Nazirliyinin məqsədli şəkildə, məcburi göndərişi ilə Neftçala rayonuna qastrol səfərinə sürgün edilmuş bu başıbəlalı sənət ocağı 1989-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərinə deportasiya olundu...

 

İrəvan Teatrı tarixən bir sənət ocağı olaraq təkcə sənət məkanı kimi deyil, həm də bir mübarizə meydanı olaraq daima milli mənafe uğrunda çarpışan qalaça kimi mübarizə aparıb, döyüşüb, müdafiə olunub, qorunub, yeri gəldikcə zərbələr endirib, basılıb, qələbə çalıb, ağır “itgilər” versə də zəfər bayrağını heç zaman əlindən verməyib.

 

Bu gün də prinsipial şəkildə İrəvana dönərək orada, öz dədə-baba yurdunda fəaliyyətini davam etdirmək eşqini özündə bir qüdrət stimuluna çevirən bu QOCAMAN SƏNƏT OCAĞI deportasiya müddətində, yəni çağdaş dövrdə hazırladığı tamaşalarla bədxahlarına qarşı kəsgin mübarizə müstəvisinə yüksələn ikiqat əzm, fədakarlıq və qəhrəmnlıqla çalışır.

 

Teatr 1989-cu ildə erməni məkrinin qurbanına çevrilərək dədə-baba yuvasından Allahsızcasına didərgin salındıqdan sonra bütün həyatını yenidən başlamaq məcburiyyətində qaldı və çox böyük çətinliklərdən sonra bir sıra xeyirxah adamların vətənpərvər əməyi sayəsində Azərbaycan Respublikasının qayğıları ilə himayələndi. Öncə Akademik Milli Dram Teatrının nəzdində yenicə iməkləyən uçaq kimi (taleyə fikir verin!.. Böyük tarixi olan, bütün tarixi boyu minbir əziyyətdən keçən, yalnız və yalnız mübarizələr sayəsində duruş gətirən xalqın, millətin bir sənət ocağı, Qərbi Azərbaycan nəhənglikdə bir yurdu özündə ehtiva edən, bütün fəaliyyət tarixi ilə İrəvan həqiqətlərini yeganə yaşada bilən və dünya birliyinə sübut etmək qüdrətinə malik olan, sözün əsl mənasında strateji əhəmiyyət kəsb edən bir sənət meydanı hətta Azərbaycanda! Və azərbaycançılıqda! Və azərbaycanlılıqda! Və azərbaycanlılar arasında! Həm də zamanın elə bir dövründə ki, milli hissin emosional gücünün tam oyanmış və gərilmiş bir zamanında!) “Teatr studiya” olaraq fəaliyyət göstərmək səlahiyyəti əldə etdi. Abşeron Rayon Mədəniyyət Sarayında məskunlaşdı. Boynubükük bənövşə kimi cücərməyə, fağır-fağır boy verməyə başladı. Həmin dövrdə respublikanın, istər iqtisadi cəhətdən, istərsə də ictimai-siyasi baxımından çox ağır bir zamanında teatrın dövlətdən heç bir imtiyaz olmadığı halda yaşaması, yaratması dəhşətli dərəcədə mümkünsüz idi..

 

Lakin belə sınaqlara dəfələrlə sinə gərmiş və çətinliklər burulğanında asanlıqla üzməyə vərdiş etmiş və belə hallara görə heç vaxt ruhdan düşməmiş bu qəhrəman sənət məbədi bu dəfə də sinəsini ağır çətinliklərə sipər edə bildi. Bu dövrdə teatr, sanki uzun müddət havasızlıq şəraitində saxlanmış və bu şəraitdən yenicə çıxmış, oksigeni acgözlüklə ciyərlərinə çəkən və hər dəfə oksigeni ciyərlərinə çəkdikcə oksigenin yaratdığı təsirdən yaranan başgicəllənmədən özünə yer tapa bilməyən bir canlının aqibətinə bənzəyirdi. Ölkədə gedən siyasi durumun tez-tez dəyişməsi istər-istəməz bütün sahələrə öz ağır təsirini göstərirdi. Bu təsir Azərbaycan Teatr sənətini iflic vəziyyətinə gətirmiş, bütün teatrların qapıları tamaşaçıların üzünə bağlı vəziyyətə salınmışdı. İnsanlar Azərbaycanın ümumi taleyinin çıxılmaz vəziyyətə salıınmasının gərginliyində çarpışaraq vəziyətdən çıxış yollarının axtarılması və bu vəziyyətdən qurtarmağın mübarizəsində idi. Belə vəziyyət İrəvan Teatrına əli-qolu bağlı vəziyyətdə yenidən pərvəriş tapması üçün heç də münasib şərait yaratmırdı. Lakin bu sənət ocağının fədakarlıqla yoğrulmuş xəmirində bişən kollektivin üzvləri çilik-çilik olmuş, bünövrəsinə qədər dağılmış öz məbədlərini bir neçə il ərzində damla-damla, çimdik-çimdik, tikə-tikə, ovuc-ovuc toparladı və Respublikanı ağır vəziyyətdən qurtarmaq üçün xalqın böyük sevgisi və təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən az sonra, 1995-ci ildə tarixdə heç bir müəssisənin taleyində olmayan bir hadisə baş verdi. İrəvan Teatrı Azərbaycanda ikinci dəfə dövlət statusu ilə peşəkar yaradıcılıq meydanına qaytarıldı. Bu hadisə həqiqətən də böyük tarixi hadisə olaraq misilsiz dəyərə malik bir fövqəldəyər qazanmaq miqyasında dayanan hadisədir. Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanın taleyində tarixi qüdrətdir. Bu qüdrət Azərbaycan xalqının üzərinə parlaq bir günəş nurunu qismət etdisə, İrəvan Teatrının kliniki ölümdən həyata qaytarılmasına, ikinci dəfə ona həyat verilməsinə və bu həyatda günəş nurunun şəfəqlərində arxayınlıqla yaşamasına səbəb oldu.

 

Dövlət statusu özünə qaytarıldıqdan sonra Teatr yeni ruhla çalışmağa başladı. O dövrdə teatrın yaşaması üçün E.İsmayılova, T.Abdullayeva,V.Əliyev və bu kimi digər sənət fədailəri böyük zəhmət çəkdilər. Teatr belə sənətkarların əzmi ilə 2000-ci ilə qədər özünün tarixi-fasiləsizlik bütövlüyünü saxlaya bildi. Bir neçə dəfə Azərbaycanın rayonlarına və bir dəfə İran İslam Respublikasına qastrol səfəri həyata keçirdi. Lakin təkcə bunlar böyük tarixi keçmişi olan, Azərbaycan teatr sənəti aləminə görkəmli sənətkarlar bəxş edən, ənənələri ilə qürur duyulmağa layiq olan bu sənət ocağının fəaliyyəti üçün tam qənaətbəxş hesab oluna bilməzdi və Azərbaycan Mədəniyyət Nazirliyi fəaliyyətində dönüş yaratmaq məqsədilə teatrda kadr islahatı aparmaq qərarına gəldi. 2000-ci ildə mənim bu gün ulu öndər Heydər Əliyevin adını daşıyan Tiflis Dövlət Azərbaycan Dram Teatrının bərpa rəhbərliyindən üzərimə düşən missiyamı bitirərək geri dönməyimlə İrəvan Teatrının inkişafı məqsədilə Mədəniyyət Nazirliyinin apardığı islahatlar eyni vaxta təsadüf etdi. Həmin vaxtdan etibarən taleyimiz İrəvan Teatrına bağlandı və mən bununla həmişə qürurlanmışam, bu gün də fəxr edirəm. Çünki 2000-ci ildən bu günə qədər İrəvan Teatrında yaranmış dönüş, dinamik inkişaf, əldə olunan uğurlar teatrın yeni inkişaf mərhələsinə çatması və nüfuz dairəsinin genişlənməsi bizim də həyatımızda əhəmiyyətli bir faktora çevrildi.

 

Biz teatrın qədim ənənələri üzərində yeni quruculuq işlərinə başladıq. Birinci növbədə və gecikmədən teatrda nizam-intizamın bərpasını təmin etdik. Daha sonra maddi-texniki bazanın möhkəmləndirilməsi, istedadlı yaradıcı gənclərin (aktyor, rejissor, dramaturq, rəssam, bəstəkar, xoreoqraf) teatra cəlb olunması, uzunmüddətli perspektiv fəaliyyət planının qrafikal inkişafı proqramı və bu proqrama uyğun olaraq repertuarın zənginləşdirilməsi, çoxcəhətli dinamik piyar-təbliğat mexanizminin yaradılması, respublikanın ən nüfuzlu teatrlarının rejissorlarından V.Əsədov, H.Atakişiyev, B.Osmanov, M.Fərzəlibəyov, O.Qurbanov, F.Məhərrəmov, G.Ömər və sair bu kimi sənətkarların bu teatrda tamaşalar hazırlaması üçün onların teatra cəlb olunması, bir sıra müqtədir aktyorlarının İrəvan Teatrının hazırladığı tamaşalarda oynamaları üçün dəvətlərin həyata keçirilməsi, fəaliyyət göstərdiyimiz H.Sarabski adına Mədəniyyət Evinin səhnəsi tamaşa oynamaq üçün qənaətbəxş olmadığına görə tamaşalarımızın premyeralarını Bakı teatrlarının səhnəsində oynamaq səlahiyyətinin əldə etdilməsi, Azərbaycanın bütün bölgələrinə ildə bir dəfə genişmiqyaslı qastrol səfərləri ilə teatrın daha da yaxından və dərindən tanınmasını təmin etmək, hər il bir-birinin ardınca səkkiz, on və on iki yeni, yüksək zövqlü, maraqlı tamaşalar hazırlamaqla, (bəzi tamaşaların biletləri əllədə satılırdı) bu günə qədər yüzə yaxın əsərin səhnə həyatına nail olunması, Azərbaycan teatr şəbəkəsini birləşdirən, daha sonra Qafqaz teatrlarını bir-birinə bağlaya bilən bir neçə Respublika miqyaslı və iki böyük beynəlxalq layihənin gerçəkləşdirilməsi, prodüsser sistemi ilə işləməyə üstünlük verməklə nailiyyətlər qazanmaq, dəfələrlə Türkiyə Cümhuriyyətində, Gürcüstan, Dağıstan Respublikalarında uzunmüddətli və genişmiqyaslı, nüfuzlu qastrol səfərləri həyata keçirmək və s. teatrın inkişafı üçün önəmli olan bu kimi işləri həyata keçirdik.

 

Bu danılmaz bir həqiqətdir ki, bütün bunlar tamaşaçı kütləsinin istiqamətini İrəvan teatrının tamaşa oynadığı salonlara cəlb etdi.

 

Dövri mətbuat, radio və televiziya kanalları İrəvan Teatrının maraq doğuran fəaliyyətini geniş işıqlandırdı. Teatrın bir sıra tamaşaları telekanalların qızıl fondu üçün çəkildi. Beləliklə teatrın şöhrətini öndə gedən teatrlar sırasına qaldırmaq üçün bütün imkanlarımızı dinamik şəkildə səfərbər etdik.

 

Bu dinamik fəaliyyətin nəticəsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali diqqət və qayğısı ilə 30 avqust, 2006-cı il tarixdə imzaladığı  sərəncama əsasən, 2007-ci il oktyabr ayının 16-da Bakıda təntənəli  şəkildə 125 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə mükafatlandırıldı. Elə həmin gündə ölkə başçısının imzaladığı  növbəti ali sərəncamla teatrın bir qrup sənətkarları fəxri adlarla təltif olundu.

 

2008-ci il fevral ayının 8-də möhtərəm cənab İlham Əliyevin növbəti qayğısına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 47 “S” saylı sərəncamı ilə Binəqədi rayonunda, M.Rəsulzadə qəsəbəsində yerləşən M.Rəsulzadə adına Mədəniyyət Sarayı hüquqi ünvan olaraq C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının balansına verildi.

 

136 il əvvəl, 1882-ci ildən peşəkar fəaliyyətə başlamış, inkişafa doğru yüksələn dolğun və zəngin yaradıcılıq yolu 90 il əvvəl 1928-ci ildə dövlət statusu alması ilə nəticələnən, dövlət statusu almasının 50 illiyi həm Ermənistan Sovet Sosialist Respublikasında, həm də ümummilli liderimiz böyük Heydər Əliyevin diqqət və qayğısı ilə Azərbaycan Sovet Sosialist Respublikasında təntənəli şəkildə qeyd olunan, həmin vaxt kollektivinin üzvləri fəxri adlarla mükafatlandırılan, 1989-cu ildə erməni qəsbkarları tərəfindən Dövlət statusu əlindən alınmaqla zor gücünə öz doğma yurdundan didərgin salınsa da, ulu öndərimiz Heydər Əliyevin çox böyük diqqət və qayğısı ilə 1995-ci ildə yenidən dövlət statusu özünə qaytarılan, bu gün möhtərəm cənab İlham Əliyevin diqqət və qayğısı ilə himayə olunan, 2007-ci ildə imzaladığı ali sərəncamla, peşəkar fəaliyyətə başlamasının 125 illiyi yubileyi, həm respublikamızda, həm də Türkiyə Cümhuriyyətində təntənəli şəkildə keçirilən, eyni zamanda o münasibətlə kollektivinin üzvləti fəxri adlarla təltif olunan, bina ilə təmin edilən, öz üzərində daim hiss etdiyi dövlət qayğısna əsaslanaraq, Qərbi Azərbaycan torpaqlarının ermənilərə məxsus olduğunu dünyaya isbat etməyə çalışan bədxahlarımıza həqiqətləri öz varlığı ilə sübut edən, böyük keşməkeşlərdən keçən teatrımızın Dövlət statusu almasının 90 illiyinin diqqətdən kənarda qalmayacağına tam inam hissi ilə Azərbaycanın bugünkü işıq sürəti ilə inkişaf edən zamanında və siyasi meydandakı yüksək mərhələyə ucalmış mövqeyinin günbəgün yüksələn parlaq yolunun zirvəyə gedən işıqlı istiqamətində özünün gələcək taleyinə – fəaliyyətinə İrəvanda davam edəcəyinə bir həqiqət kimi baxır və heç şübhə etmir ki, belə gedişlə İrəvana dönüş həqiqəti öz həllini hətta çox üzvi şəkildə tapa biləcəkdir.

 

İftixar Piriyev

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Əməkdar mədəniyyət işçisi

 

Bakı xəbər.- 2018.- 17 iyul.- S.14.