Tarixdə iz buraxanlar: Bəkir Çobanzadə
Bəkir Çobanzadə 1893-cü il may ayının 15-də Krımın Qarasubazar şəhərinin Ağrın kəndində anadan olub. Atası Əbdülvahab bəy, anası Zaidə xanımdır. Bəkir ilk təhsilini Qarasubazarda xeyriyyə cəmiyyətinin açdığı rüşdiyyə məktəbində alıb.
Məktəbi əla qiymətlərlə bitirdiyinə görə, təhsilini davam etdirmək üçün xeyriyyə cəmiyyəti tərəfindən İstanbula göndərilib, 1909-1914-cü illərdə İstanbul Sultanisində oxuyub. Bəkir Çobanzadə 1915-ci ildə İstanbul Universitetinin ədəbiyyat fakultəsinə daxil olub, macar mənşəli müəllimi Lipot Mosonyinin təşviqi ilə Macarıstana gedib. Bir müddət macarca öyrəndikdən sonra 1916-cı ildə Budapeştdəki Peter Pazmani Universitetinin fəlsəfə fakultəsinə daxil olub. Universiteti bitirdikdən sonra Bəkir Çobanzadə Şərqşünaslıq Akademiyasında işə qəbul edilib, burada “Qıpçaqların Codex Cumanicus yazılı abidələri və türk dillərində tələffüzün təməl problemləri” mövzusunda dissertasiya yazıb və Türk Dünyası üçün çox önəmli mövzuda yazdığı dissertasiyanı müvəffəqiyyətlə müdafiə edib. Bir müddət universitetdə müəllim işləyən Bəkir Çobanzadə Lozan Universitetinə işə dəvət edilib. Lozanda 4 ay qaldıqdan sonra 1920-ci ildə əvvəlcə İstanbula, oradan Ağməscidə gəlib burada müəllim məktəbində dil və ədəbiyyat müəllimi vəzifəsində çalışıb. Daha sonra Ağməsciddə açılan universitetdə türk dillərinin qrammatikası fənnindən dərs deyib.
15 mart 1922-ci ildən Tavriya Universitetində professor olan Bəkir
Çobanzadə 1924-cü ildə Krım Universitetinin rektoru
təyin edilib.
Krımda muxtar respublika qurulduqdan sonra Bəkir
Çobanzadə 1924-cü ilin sonunda Bakıya dəvət
edilib, 1937-ci ilə qədər Azərbaycan Dövlət
Universitetində türkologiya professoru vəzifəsini tutub.
Bəkir Çobanzadə
yaradıcılığının Bakı dövrü
böyük zəkanın olğunlaşma, püxtələşmə
və özünümüdafiə dövrüdür. O, Bakıda fəaliyyət
göstərdiyi 14 il ərzində türk dillərinin eyni bir
ana dildən əmələ gəldiyini, bəzi fərqlərə
baxmayaraq bu dillərin hələ də bir-birinə çox
yaxın olduğunu, onları vahid əlifba, vahid orfoqrafiya
qaydaları altında birləşdirmənin, unifikasiya etmənin
mümkünlüyünü elmi dəlillərlə sübut
etməyə çalışıb. Azərbaycanda, Orta
Asiyada, Volqa boyunda, Krımda, Moskvada, Leninqradda bu
ideyasını yorulmadan təbliğ və müdafiə edib.
O, dahi Mahmud Qaşqaridən və Mirzə Kazımbəydən
sonra türk filologiyası sahəsində ən
tanınmış alimlərdən biridir. Onun
1915-ci ildən başlayaraq həyatının sonuna qədər
dil tarixi, müqayisəli dilçilik, qrammatika, dialektologiya, ədəbiyyatşünaslıq,
pedaqogika, əlifba, imla və digər sahələrdə qələmə
aldığı kitabları və məqalələri bu
gün də öz aktuallığını və əhəmiyyətini
itirməmişdir. Alimin coşqun elmi və
pedaqoji fəaliyyəti hələ sağlığında ona
böyük şöhrət qazandırıb. Bəkir
Çobanzadənin çoxsahəli zəngin elmi
yaradıcılığına xas olan əsəs xüsusiyyətlər
bunlardır: 1.O, son dərəcə istedadlı və zəkalı
bir insan idi, Ulu Tanrı ona böyük qabiliyyət bəxş
etmişdi. 2.Onun elmi maraq dairəsinə
bütün Türk Dünyası daxil idi. 3.O,
Avropa standartlarında yetişən bir dilçimiz idi. 4.O, Şərqin və Qərbin əsas dillərini
bilir və onlardan bacarıqla istifadə edirdi. 5.Alimin
yaşadığı ağır və mürəkkəb
dövr onun yaradıcılığının çiçəklənməsinə,
parlaq istedadının üzə çıxmasına
münbit şərait yaratmışdı.
Bəkir Çobanzadənin zəngin elmi
yaradıcılığı kifayət qədər
araşdırılıb, bəzi əsərləri təkrar
çap edilib, seçilmiş əsərlərinin
çoxcildliyi nəşr olunub. Onun Azərbaycanda, Türkmənistanda,
Özbəkistanda və başqa respublikalarda çıxan qəzet
və jurnallarda dərc olunan məqalələri, müsahibələri,
ali məktəblərdə oxuduğu
mühazirələr onun necə böyük bir elm xadimi olduğunu
göstərir. Xüsusilə latın əlifbasının
qəbulu, türk dillərində ortaq orfoqrafiya, leksikologiya və
terminologiya ilə bağlı məsələlərdə Bəkir
Çobanzadənin mövqeyi axıradək dəyişməyib.
Bakıda 1926-cı ildə çağrılan
ümumittifaq türkoloji konfransda unifikasiya problemi alimin ən
çox müdafiə etdiyi məsələ idi. O,
konfransdan sonra da öz prinsiplərinə sadiq qaldı. Təbii ki, bolşeviklər də bunu görür,
Bəkir Çobanzadənin məqsədini anlayırdılar.
Onlar mədəni inqilab adı altında
türk xalqlarını bir-birindən uzaqlaşdırmaq,
parçalamaq, hər ləhçəni ayrı ədəbi
dil halına gətirmək, türk xalqlarının həmrəyliyinə,
bir-birini başa düşməsinə mane olmaq
üçün dəridən-qabıqdan
çıxırdılar. Nəticədə
onlar qalib gəldilər. Təkcə Bəkir
Çobanzadəni deyil, bütün türk ellərindəki
ziyalıları, milli düşüncəli adamları 1937-ci
ildə zəmi kimi biçdilər. Bunun
üçün xüsusi şablonlar, trafaretlər də
hazırlanmışdı.
Bəkir Çobanzadə böyük bir alim olmaqla
yanaşı, həm də istedadlı ədib, şair və
yazıçı idi. Onun “Anan harada?” adlı ilk şeiri 1913-cü
ildə İstanbulda nəşr olunan “Yaş tatar
yazıları” məcmuəsində çap olunub. O,
Budapeştdə 1919-1920-ci illərdə qələmə
aldığı şeirlərini xüsusi bir dəftərə
yazıb və onu “Qaval səsləri” adlandırıb. Bəkir bəy bəzi şeirlərini İstanbulda
yaşayan yaxın qohumu Həmdi Atamana göndərib, bəzilərini
isə müxtəlif jurnallarda dərc etdirib.
AMEA-nın
müxbir üzvü, professor Tofiq
Nağıyev Bəkir Çobanzadənin zəngin elmi fəaliyyətindən,
taleyinin Azərbaycanla bağlı səhifələrindən ətraflı
danışıb: “BDU-da Bəkir Çobanzadəyə həmişə
isti münasibət olub. Onun adını daşıyan
geniş bir auditoriya və elmi laboratoriya yaradılıb. Böyük şərqşünas Bəkir
Çobanzadə Mirzə Kazımbəy səviyyəsində
xidmətlər göstərib. 44 il yaşasa da,
türkologiyanın yaranması və formalaşmasında
böyük xidmətlər edib, ilk dəfə olaraq
türkoloji qurultayın təşkil olunması ona
tapşırılıb...”
1922-ci ildə Lenin Azərbaycan MİK-in sədri
S.İ.Ağamalıoğlunu və onu müşayiət edən
A.S.Enikidzeni qəbul edir. Görüşün səbəbi Azərbaycanda
yeni əlifbaya keçməklə bağlı idi. Nəriman
Nərimanov o zaman ərəb əlifbasından latın
qrafikasına keçilməsinin tərəfdarı idi. Beləliklə,
1923-cü il oktyabr ayının 20-də
latın qrafikasına keçmək barədə dekret
imzalanır. Azərbaycanda əlifba
islahatını həyata keçirmək üçün
milli ruhlu güclü bir mütəxəssis və təşkilatçı
lazım idi. Elə bu zaman
S.Ağamalıoğlu xarici səfərlərinin birində
gördüyü Bəkir Çobanzadəni xatırlayır.
Çünki gənc Bəkir alman, türk, macar, fransız, ərəb,
fars, rus, özbək, qazax, türkmən
dillərini mükəmməl bilirdi, sərbəst yazır və
danışırdı. Ağamalıoğlu bu
cavan, fəqət artıq özünü təsdiq edən
istedadlı alimi Bakıya dəvət edir. Çobanzadə bu təklifi cani-könüldən
qəbul edir. Bakıda
yaşadığı illər Bəkir Çobanzadənin fəaliyyətinin
ən qızğın və məhsuldar dövrü olur.
Onun 1926-cı il fevral ayının sonu
martın əvvəllərində Bakıda keçirilən
Ümumiittifaq Türkoloji qurultayın keçirilməsində
əməyi danılmazdır. Bu qurultayda Türkiyədən,
Almaniyadan, Macarıstandan, İtaliyadan, Danimarkadan,
İsveçrədən, Finlandiyadan dünyanın ən məşhur
24 nəfər türkoloq-alimi Bəkir Çobanzadənin dəvətlisi
olaraq iştirak edirdi. V.Tomsen, Teodor Mançel, Valter Radebold,
Fuad Köprülü, Əlibəy Hüseynzadə, Hikmət
Cövdətzadə, İsmayıl Hikmət kimi alimlərin
iştirak etdikləri bu qurultay Türk Dünyasının həyatında
əhəmiyyətli bir addım kimi səciyyələndirilir.
Bəkir Çobanzadə 1924-1937-ci illərdə
burada yaşayarkən özünün qeyri-adi
istedadını tam göstərib, tükənməz
potensialından lazımınca istifadə edə bilib. Bunun üçün həddindən artıq
genişsahəli və son dərəcə zəhmətkeş
olan bu yaradıcı insanın həmin illərdə
tutduğu vəzifələri göstərmək kifayətdir.
O, 1924-1929-cu illərdə Azərbaycan Baş Elmi İdarəsində
Terminologiya Komitəsinə rəhbərlik edir. Paralel
şəkildə ADU-nun şərqşünaslıq fakultəsində
kafedra müdiri və sonra dekan olur. Ümumiyyətlə,
bu illərdə onun gördüyü genişmiqyaslı,
çoxsahəli işləri nəzərdən keçirəndə
bir nəfərin bu qədər “yükü” necə çəkdiyinə
təəccüb etməmək olmur. Bəkir
Çobanzadənin bu əvəzsiz xidmətləri əsrlər
durduqca yaşayacaq və zaman-zaman böyük türkoloqlar nəslinin
yetişməsinə zəmin yaradacaqdır. Bu da bir həqiqətdir ki, Bəkir Çobanzadə
öz dilini sevən, o dili ilə fəxr edən dilçi bir
alim olub.
Tarixi şəxsiyyət Bəkir Çobanzadə öz
xalqının düşünən beyni kimi, qan
yaddaşında babalarının ruhunu
daşıyırdı. Xalqının müstəqilliyi onun bədii
yaradıcılığının leytmotivini təşkil
edirdi. Sənətkar hansı mövzuda
yazmasından asılı olmayaraq, son anda milləti ilə
baş-başa qalırdı.
Bəkir Çobanzadə ulu keçmişi Çingiz
xan, Batı xan, Teymur kimi qəhrəmanı olan bir xalqın
oğludur. Bütün bədii yaradıcılığı
boyu bu qürur hissi onun şeirlərində duyulmaqdadır.
Keçmişi yada salmaq, müasir oxucusuna kimliyini
xatırlatmaq Bəkir Çobanzadə
yaradıcılığından qırmızı lent kimi
keçir.
Bəkir Çobanzadənin elmi
yaradıcılığının əsasını
dilçiliyə həsr etdiyi elmi yeniliklər təşkil
edir. O, bu fəaliyyətində
təkcə türk dili problemlərinin deyil, həm də
xarici alimlərin türk dilinə olan münasibətlərindən,
bu dilə verdikləri dəyərlərdən, bu dilin
geniş imkanlarından bəhs etməsidir. Hər
şeydən əvvəl Bəkir Çobanzadə öz
dilini sevən, o dil ilə fəxr edən dilçi bir alim
olub. Onun incə ruhlu şeirləri ilə tanış olduqca bu böyük sənətkarın
öz xalqı yolunda göstərdiyi fədakarlığın
bir daha şahidi oluruq.
Bəkir Çobanzadəyə qarşı hücumlar 1929-cu ildən etibarən başlamışdı. Şanlı bolşeviklərdən K.Ələkbərli və H.Zeynallı siyasi şantaja əl ataraq onu pantürkizmdə, hətta müsavatçılıqda günahlandırırdılar. Halbuki Çobanzadə Bakıya gələndə burada siyasi müsavatçılıq yox idi. 1930-cu ildə tatarların Rumıniyada çıxardıqları “Əməl” jurnalında bir neçə şeirinin çap edilməsi Bəkir Çobanzadəyə qarşı kampaniyanı daha da qızışdırdı. 28 yanvar 1937-ci ildə o, SSRİ Elmlər Akademiyası Azərbaycan filialının dil və ədəbiyyat institutundan çıxarıldı. Həmin ilin yayında istirahət üçün getdiyi Kislovodsk şəhərinin “Qomyak” sanatoriyasında həbs edildi. Bundan sonrası artıq sırf texniki məsələ idi. 1937-ci il sentyabr ayının 12-də cəmisi 20 dəqiqə davam edən məhkəmə prosesi bu tarixi şəxsiyyəti edama məhkum etdi.
Onu da qeyd edək ki, 1928-1935-ci illər ərzində Bəkir Çobanzadə ilə bağlı araşdırmalar aparılsa da, onu günahlandırmaq üçün tutarlı bir dəlil tapılmamışdı. Hətta Azərbaycanın daxili işlər üzrə komitəsi 1935-ci ilin sonunda Moskvaya hesabat vermişdi ki, Bəkir Çobanzadəni həbs etmək üçün heç bir əsas yoxdur. 1937-ci ildə onun siyahıya düşməsinin səbəbi kimi Bəkir Çobanzadənin Ruhulla Axundovla dostluğunun olduğu ehtimal edilir. Bağırov R.Axundovu özünə rəqib bildiyi üçün ilk növbədə onu və onun ətrafını məhv etməyi düşünürdü.
1935-ci ildən sonra Çobanzadə burulğanın sovuşduğunu guman edirdi. Əfsuslar olsun ki, bu belə olmadı.
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU,professor
Bakı xəbər.- 2018.- 25 iyul.- S.15.