Lahıc misgərlik
sənəti daha çox qayğı istəyir, əks halda…
Rza Əliyev: “Misgərlik
sənəti artıq peşə təhsilinə daxil edilməlidir
ki, itib-batmasın”
“Düşünürəm ki, bu sənətin
məhv olmaması üçün dövlətimiz bu məsələnin
həllində yardımçı olacaq”
“Nadir hallarda muzeylərdən
sifarişlər alırıq”
Misin dilini misgər bilər. Misi
danışdırmağı bacaran sənətkarların
sayı elə də çox deyil. Təəssüf
ki, ata-babalarımızdan miras qalan qədim xalq sənəti
növlərindən olan misgərlik bu gün texniki tərəqqinin
qarşısından bir neçə addım geri çəkilmək
məcburiyyətində qalıb. Böyük
tarixi inkişaf yolu keçən misgərlik çətin sənət
olduğu üçün çox insan bu sahəni seçmək
istəmir. Nəzərə alsaq ki, bu sənət
Azərbaycan xalqının tarixi keçmişinin, mədəniyyət
və etnorqafiyasının bir parçasıdır, onda gənclər
misgərliyə könül verməlidirlər.
Bu gün Azərbaycanda Lahıc misgərliyin əsas
ünvanı kimi tanınır. Qədim dövrlərdən
başlayaraq indiyə qədər Lahıc misgərliyin ev sahibi kimi öz simasını,
varlığını qoruyub saxlayıb. Bu
gün nəinki Azərbaycanda, hətta dünyada Lahıc misgərliyin
gerçək məkanı kimi özünü təsdiqləyib.
Məlumat üçün bildirək ki, Lahıc misgərlik
sənəti Azərbaycanın İsmayıllı rayonunun
Lahıc qəsəbəsində ənənəvi xalq sənəti
olaraq bu gün də yaşadılır. Lahıc misgərləri
2015-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irs
üzrə Reprezentativ siyahısına daxil edilib. Tarixən Lahıcda çoxlu sayda misgər olub.
Bu sənətlə əsasən eyni ailənin
üzvləri məşğul olublar və bir nəsil əmanəti
kimi nəsildən-nəsilə ötürülüb.
Lahıcın məşhur misgərlərindən olan
Əliyevlər sülaləsi ilk dəfə bu sənətlə
1725-ci ildən məşğul olmağa başlayıb.
Neçə yüzillərdən başlayaraq Azərbaycanda
Lahıc misgərliyin əsas mərkəzinə çevrilib. Lahıcda XIX əsrdə
külli miqdarda məişət əşyası və ev avadanlığı hazırlanırdı. Buradakı məhsullar həm keyfiyyət, həm də
kəmiyyət baxımından o dövrün mərkəzi
şəhərlərində hazırlanan məişət əşyalarından
heç də geri qalmayıb. XIX əsrin
ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət
göstərib.
Məlumatlara
görə, 2010-cu il aprelin 19-da Lahıcda
“Misgər-tənəkəçi” kursu açılıb. İlk kursu Lahıcdan olan 12 nəfər gənc
bitirib. Kursun aparıcısı ixtisasca
müəllim, həm də bu sənətin bilicisi olan Nəzər
Əliyev olub. İlk kursu bitirən gənclərin
bir çoxu Lahıc Tarix-Mədəniyyət Qoruğunda
işə düzəlib. Qalanları
işə qəsəbədəki sexlərdə bu sənətlə
məşğul olurlar.
Bu gün Lahıc misgərlik sənətinin vəziyyəti,
müasir ustaların yaratdıqları müxtəlif mis əşyalara
tələbat hansı səviyyədədir? Lahıclı
misgərlərin əl əməyi bazarda özünə yer
tuta bilirmi? Misgərlik əşyalarının
alınması ilə bağlı muzeylər tərəfindən
ustalara sifarişlər verilirmi?
Bildirək ki, bu gün Lahıcda fəaliyyət göstərən
misgərlik emalatxanalarının sayı əvvəlki illərlə
müqayisədə çox azdır. Bu işlə məşğul
olan ustaların, sənətkarların da adları barmaqla
sayılacaq qədərdir.
Azərbaycan Rəssamlar İttifaqının
üzvü, lahıclı misgər Rza Əliyev “Bakı-Xəbər”ə
açıqlamasında bildirdi ki, hazırda misgərlik sənəti
özünün bir qədər ağır dövrünü
yaşayır.
Usta Rzanın sözlərinə görə, bu sənətin
inkişaf etməsi, itib-batmaması üçün dövlət
səviyyəsində tədbirlər görülməsinə
ehtiyac var. O qeyd etdi ki, dövlət bu sahəyə diqqət
göstərir, amma hazırda misgərlərin daha çox
qayğıya ehtiyacı var. Dövlətin dəstəyi sayəsində
Lahıc misgərlik sənətinin UNESCO-nun Qeyri-maddi mədəni
irs üzrə Reprezentativ siyahısına daxil edildiyini
xatırladan usta Rzanın bildirdiyinə görə, bu müsbət
haldır: “Lahıc misgərlik sənəti UNESCO-da qeydiyyatdan
keçib, bunu alqışlayırıq. İstəyirik
ki, misgərlik sənəti daha çox təbliğ edilsin və
özünə münbit bazar tapsın”.
“Çox
istərdim ki, siz gəlib Lahıcda bizim emalatxanaları,
buradakı iş şəraitini gözlərinizlə görərsiniz.
Bu gün dünyanın hər yerindən
sifarişlərimiz olur. Bakıdan
tutmuş, Amerikaya, Fransaya qədər çox yerlərdən
sifarişlər alırıq. Elə
vaxtlar olur ki, Lahıca gələn turistlər də burada
qaldıqları müddətdə bizə sifarişlər
verirlər. Sifarişlər olsa da, ancaq
yüksək səviyyədə deyil. Əvvəlki
illərlə müqayisədə bu il misgərlik nümunələrinin
satışında bir qədər azalma var. Ancaq keçən
ilə qədər sifarişçilərimizin sayı lap
çox idi” - deyə Rza Əliyev bildirdi.
Çox
nadir hallarda muzeylərdən sifarişlər
aldıqlarını deyən usta Rzanın sözlərinə
görə, bu sahəyə tələbat demək olar ki,
azalıb: “Nadir hallarda muzeylərdən sifarişlər
alırıq. Siz soruşursunuz və yadıma
salmaq istəyirəm ki, muzeylər bizə nə zaman
müraciət edib. Bir dəfə bizim misgərlərə
Tarix Muzeyindən bir sifariş verilmişdi. Bayraqla bağlı sifariş idi. Qədim dövrlərdə ordunun qabağında
aparılan ələmlərin, bayraqların hazırlanması
ilə bağlı idi sifariş. İndi
isə belə sifarişlər yoxdur. Lahıcda mən də
daxil olmaqla bir neçə usta var ki, müxtəlif məişət
əşyaları, mis alətlər hazırlayırıq. İndinin özündə də dolça, mis
samovar, ləyən, güyüm, xəncər və s. düzəldirik.
Ancaq sifarişlər azdır, tələbat
üst səviyyədə deyil. Çox
arzu edərdik ki, lahıclı misgərlərin işi, fəaliyyəti
diqqətdən kənarda qalmasın, bizə dövlət
qurumları tərəfindən sifarişlər verilsin və
biz də o sifarişlərə uyğun işlər görək.
Dövlət sifarişləri olarsa, bu çox
yaxşı olar, bizim işimizə təkan verər. Bu gün ABAD fəaliyyət göstərir, bu qurum
bizə 2 faizlə kredit verir. Deyim ki,
ABAD-ın bizə güclü dəstəyi var, xeyr, yoxdur.
ABAD deyir ki, malı ver mənə
aparıb satım, həm mən qazanım, həm də sən.
Bu da bizi qane etmir. ABAD bizə
sifariş versə, bu daha yaxşı olar. ABAD bizim əl işlərimizi aparıb satır,
öz faizini götürəndən sonra bizim pulumuzu verir.
Biz xarici turistlərə əl işlərimizi
satanda onlara o işləri gömrükdən keçirmələri
üçün rəsmi sənəd verə bilmirik. Ancaq ABAD o sənədi onlara verə bilir. Sənətkarın öz malını xaricə
çıxarması problemə çevrilib. Çox arzu edərdik ki, aidiyyəti dövlət
qurumları bu sahədə bizə yardımçı
olsunlar. Bilirsiniz ki, misgərlik sənətinə
dövlət qayğısı var, narazı deyilik. Lakin
aidiyyəti qurumların dəstəyi ilə bu sənətin
hazırda daha geniş şəkildə inkişafa ehtiyacı
var. Bu gün Lahıcda bir neçə misgər sənətkar
var. Biri qardaşımdır, biri əmim oğlu Nəzər
Əliyevdir, biri də mənəm. Biz bu sənətin,
demək olar ki, sonuncu nümayəndələriyik. Bizdən sonra gələn yoxdur. Bu
gün o çəkici vuran adamlar azdır. Atam hacı Nağı da, qardaşım Novruz
Əliyev də misgər olublar, hazırda hər ikisi haqq
dünyasındadır.
O vaxt təklif
etdim ki, gəlin Lahıcda misgərliklə bağlı
peşə təhsili verən bir məktəb açaq. Belə bir məktəbin açılmasına həqiqətən
də böyük ehtiyac var. Bu məktəbdə misgərliyi
öyrənmək istəyən hər tələbəyə
ayda 100-150 manat verilsin. Bu gün peşə
məktəblərində oxuyan tələbələrə hər
ay pul verilir ki, onların bu peşələrə
marağı artsın. Misgərlik sənəti
artıq peşə təhsilinə daxil edilməlidir ki,
itib-batmasın. Bunu yoxsa başqa cür inkişaf
etdirmək çətin olacaq. Uşaqlar
yanımıza gəlib bu sənəti öyrənmək istəyirlər,
lakin görürlər ki, perspektiv yoxdur çıxıb
gedirlər. Gənclərdə bu sənətə
maraq aşılamaq lazımdır. İstəyirik
ki, gənclər bizdən sonra bu sənəti
yaşatsınlar. Narahatıq ki, biz gedəndən
sonra bu sənətlə kimlər məşğul olacaq?
Gənclərin gəlib bir-iki ay bizim
yanımızda məşğul olması onların sənətkar
olması demək deyil. Bir sənətin sənətkarı
olmaq üçün adama illər bəs etmir. Gəncləri stimullaşdırmaq lazımdır ki,
onlar bu sənətdə daimi qalsınlar. Özü
də misgərlik öyrənmək istəyən gənclərin
qarşısına şərt qoyulmalıdır ki, əgər
bu sənətlə məşğul olacaqsansa öyrən,
olmayacaqsansa, vaxtını itirmə. Misgərlik
ixtisasını Əzim Əzimzadə adına
Rəssamlıq Kollecinə də daxil etmək olar. Lap misgərlik
təhsilini Rəssamlar İttifaqının nəzdində
emalatxana açmaqla da inkişaf etdirmək olar. Misgərliyin təhsilə gətirilməsi çox
vacib bir məsələdir. Düşünrəm
ki, aidiyyəti qurumlar bu məsələ ilə ciddi məşğul
olacaqlar. Biz bu sənəti
özümüzdən sonrakı nəslə ötürməliyik
ki, sənət yaşasın.
Ümumiyyətlə,
misgərlərin sayı elə də çox deyil və hər
ustaya ayda 300-500 manat maaş verilsə,
yaxşı olar. Bu sənət artıq
batıb gedir. Mən də indən sonra uzaqbaşı
20 il işləyə bilərəm,
qardaşım Kəbleyi Əliyev də, Nəzər Əliyev
də mənim kimi. Bu gün əşya, qab
düzəldənlər yoxdur, bizim uşaqlar da
naxışçılıqla məşğul olur, hazır
qablara naxış vururlar. Bu gün
Hacı, Vahid, Ağakişi və digərləri naxış
vurmaqla məşğuldurlar, ancaq onların arasında misgər
yoxdur. Onlar da köhnə qabları,
güyümləri və s. naxışlayırlar. Bu gün qabları Türkiyədən gətirib
naxışlayıb bazarda satırlar. Biz
bu gün sənətdə üç ustayıq ki, xammal
üzərində istədiyimiz fiquru ala bilirik, istədiyimiz sənət
əsərini düzəldə bilirik. Mən
xəncər, balta və başqa əşyalar düzəldirəm.
Bizə lazımdır ki, aylıq maaş
versinlər. 30 ildir mən bu sənətdəyəm,
40 ildir də qardaşım. Məqsədimiz
sənəti yaymaqdır. Bəlkə sabah
bir gənc misgər meydana çıxdı və məndən
də yaxşı sənətkar oldu. Yeni misgərlər
nəsli yetişməlidir. Bu gün Azərbaycanda
misgərlər çox azdır. Nə Gəncədə,
nə Şəkidə, nə Tovuzda, nə də başqa yerlərdə
misgərlər yetişmir. Ümumiyyətlə,
həmişə başqa bölgələrdə işləyən
misgərlərin də hamısı lahıclılar olub.
Dövlətimiz inkişaf etmiş, güclü
dövlətdir. Çox arzu edirik ki,
dövlət Lahıc misgərlik sənətinin
inkişafına maliyyə dəstəyi göstərsin.
Bakıda və bölgələrdə misgər
emalatxanaları yaradılmalıdır ki, gənclər gəlib
orada öyrənsinlər və sonra da sənəti davam
etdirsinlər. Təklif edərdim ki, elə
bir emalatxana İçərişəhərdə yaradılsın.
Bunun çox müsbət nəticələri ola
bilər. Bizim sənətə sənətkar
lazımdır, alverçiyə ehtiyacımız yoxdur. Alverçi bizdən alır, başqasına
satır, bununla sənət yaşamır. Nə qədər çox misgər emalatxanası
açılarsa, o qədər yaxşı olar. Bu, ölkəmizə turist axınına da müsbət
təsir edər. Turist gəlib görəndə ki,
İçərişəhərdə misgərlik
emalatxanası var, həm burada gedən iş prosesini gözləri
ilə görər, həm məhsulları alar, həm də
gedib öz ölkəsində bu sənəti təbliğ edər.
Heç olmasa bu emalatxanalar üç ay fəaliyyət
göstərsinlər ki, sənəti öyrənmək istəyənlər
emalatxanalarda məşğul ola bilsinlər.
Düşünürəm ki, bu sənətin məhv
olmaması üçün dövlətimiz bu məsələnin
həllində yardımçı olacaq”.
Hazırda
qalayçılıq sənətinin də ağır
böhran yaşadığını deyən usta Rzanın
sözlərinə görə, qalayçılıqla məşğul
olanlar yoxdur. “Bu gün qalayçılar yoxdur
ki, mis qabları qalaylasın. Bu sahəyə
də diqqət yetirilməlidir.
Qalayçılığın itib-batmasına imkan verməməliyik”-
deyə usta Rza bildirdi.
Bu gün
turistlərin ən çox üz tutduğu məkanlardan
birinin Lahıc olduğunu deyən usta Rzanın sözlərinə
görə, turistlər Lahıca qəsəbənin qədim
daş küçələrini və misgərlik sənətini
görmək üçün gəlirlər. Turistlərin bu
sənətə maraqla yanaşdığını deyən
usta Rza bir daha aidiyyəti qurumları Lahıc misgərlik sənətinə
qayğı və diqqət göstərməyə
çağırdı.
İradə SARIYEVA
Bakı xəbər.- 2018.- 28-30 iyul.- S.12.