Qədim və orta əsrlər
abidələrimizin
bərpasında xarici
mütəxəssislərin iştirakı artır
Fariz Xəlilli: “Xarici mütəxəssislərin
bu işə cəlb edilməsində mənfi heç nə
yoxdur, əksinə, bu, uğurlu bir təcrübə
mübadiləsidir”
“Beynəlxalq təcrübəyə
görə, abidə hansı dövrə aiddirsə, onun bərpasında
həmin dövrün inşaat materiallarından istifadə
olunmalıdır”
Qədim tarixi abidələrlə
zəngin olan Azərbaycan Respublikasında mədəni irsin
qorunması və bərpası ilə bağlı bir sıra
işlər görülür, layihələr həyata
keçirilir. Məlum olduğu kimi, son dövrlər bir
sıra tarixi abidələrin bərpası işinə
müxtəlif xarici ölkələrdən dəvət edilən
mütəxəssislər də cəlb edilir. İndiyə qədər
bir sıra maddi irs nümunələrinin bərpasında
iştirak edən əcnəbi mütəxəssislərə
bu işdə yerli mütəxəssislər də
yardımçı olurlar.
Xarici
mütəxəssislərin tarixi abidələrin bərpası
işinə cəlb edilməsinin müsbət tərəflərinin
az olmadığını deyən yerli mütəxəssislər
hesab edirlər ki, beynəlxalq bərpaçılıq təcrübəsindən
yararlanmaq bu sahədə uğurlu nəticələrin əldə
edilməsinə şərait yaradır.
MİRAS
– Mədəni İrsin Öyrənilməsinə Kömək
İctimai Birliyinin rəhbəri, tarix üzrə fəlsəfə
doktoru, tanınmış arxeoloq-alim, maddi mədəni irs
üzrə mütəxəssis Fariz Xəlilli “Bakı-Xəbər”ə
bildirdi ki, bu gün dünyada tarixi abidələrin bərpa
edilməsi texnologiyalarında böyük inkişaf var. O hesab
edir ki, xarici mütəxəssislərin Azərbaycanda tarixi
abidələri bərpa etməsi yeni təcrübə
mübadiləsinin meydana çıxmasına imkan verir. “Son
zamanlar Azərbaycanda bir sıra tarixi abidələrin bərpa
edilməsində xarici mütəxəssislər də
iştirak edirlər. Xarici mütəxəssislərin bu
işə cəlb edilməsində mənfi heç nə
yoxdur, əksinə, bu, uğurlu bir təcrübə
mübadiləsidir.
Məsələn, Milli Azərbaycan Tarixi Muzeyini bizim bərpaçılarla birgə italiyalı mütəxəssislər bərpa edib. Şəki Xan Sarayı, Şirvanşahlar Sarayının və s. həyata keçirilən restavrasiya işində xarici mütəxəssislərin də yaxından iştirakı olub. Xaricilərlə yanaşı, Azərbaycan bərpaçıları da ayrı-ayrı layihələr həyata keçiriblər. Qubadakı abidənin və Şeyx Cüneyid türbəsinin, eləcə də Naxçıvanda bir sıra abidələrin bərpasında yerli mütəxəssislər iştirak ediblər. Bir məsələni qeyd edim ki, bizim bəzi bərpaçılar hələ də sovet bərpaçılıq məktəbindən qalan müəyyən neqativ üsullardan istifadə edirlər. Bunun ən böyük problemlərindən biri qədim abidələrin bərpasında hələ də sement qarışıqlı məhlullardan istifadə edilməsidir. Nədənsə bizim bəzi bərpaçılarımız bu üsuldan istifadə edərək bərpa etdikləri abidələrdə sement qarışıqlı məhlula üstünlük verirlər. Biz bunu bərpa edilən müxtəlif abidələrin timsalında görə bilərik. Şəkidəki Aşağı Karvansaraya, Qubadakı hamama baxanda onların bərpasında sement qarışığından istifadə edilməsini aydın şəkidə görmək olur. Buna necə icazə verilir, mən bilmirəm. Hər halda, belə görsənir ki, bu üsulun tətbiq edilməsinə icazə verilir. Yəqin ki, bu abidələri bərpa edən yerli və xarici mütəxəssislər razılığa gəlirlər. Beynəlxalq təcrübəyə görə, abidə hansı dövrə aiddirsə, onun bərpasında həmin dövrün inşaat materiallarından istifadə olunmalıdır. Hər şeydən əvvəl laborator nəticəyə gəlinməlidir ki, bu binaların inşası zamanı hansı tikinti məhlullarından, materiallarından istifadə edilib. Çünki abidələrin qədim dövrlərdən indiyə qədər gəlib çıxmasında onun inşasında istifadə edilən materialların, məhlulların çox böyük rolu var. Onu deyim ki, qədim və orta əsrlərdə abidələrin tikintisində istifadə edilən materiallar çox keyfiyyətli olub. Təəssüf ki, sement ortalığa çıxdıqdan sonra işin gedişinin rahat olması üçün abidələrin bərpasında ondan istifadə edirlər. Bəzi bərpaçılar belə başa düşürlər ki, guya sement möhkəmlik yaradır. Əslində isə sementdən istifadə o abidələrə böyük zərər vurur. Bundan isə əsasən Sovet dövründə istifadə ediblər. Son vaxtlar isə bu məsələyə bir qədər nəzarət olunur. Sovet bərpa məktəbində sementdən geniş istifadə edilib” - deyə F.Xəlilli bildirdi.
Hazırda italiyalı bərpaçılarla bizim bərpaçıların bərpasını həyata keçirdiyi Şeyx Dursun türbəsində gedən iş prosesindən də danışan F.Xəlilli qeyd etdi ki, türbədə iş yekunlaşmaq üzrədir. Mütəxəssisin verdiyi məlumata görə, Sovet dövründə sözügedən türbə bir dəfə bərpa edilib. Restavrasiya zamanı burada da sement qarışıqlı məhluldan geniş itifadə olunduğunu deyən F.Xəlillinin bildirdiyinə görə, bu da abidənin daxilində və xaricində istifadə edilən materialların korroziyaya uğramasına səbəb olub. F.Xəlilli bildirdi ki, müasir Ağsu şəhər qəbiristanlığında XIV əsr xəlvətilik sufi məktəbinin simvolu olan Şeyx Dursun türbəsində bərpa və konservasiya işlərində bir mütəxəssis kimi o da iştirak edir. Onun verdiyi məlumata görə, bərpa və konservasiya işləri MİRAS - Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin razılığı və təşkilati dəstəyi ilə YOKOKU Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Assosiasiyasının “Şeyx Dursun türbəsi: konservasiya, mədəniyyət və cəmiyyət” layihəsi çərçivəsində aparılır. Avqust ayında da davam etdiriləcək bərpa və konservasiya işlərində Romana Albinin rəhbərliyi ilə mədəni irsin bərpası üzrə İtaliyadan olan mütəxəssislər qrupu çalışır.
F.Xəlilli vurğuladı ki, türbə səkkizguşəli olub, xəlvətilik sufi məktəbinə məxsus digər şeyxlərin qəbirləri üzərindəki türbələrlə oxşarlıq təşkil edir. Qazıntı işləri zamanı üzə çıxan qalıqlardan Şeyx Dursunun sufi xanəgahının da həmin məkanda yerləşdiyi anlaşılır.
F.Xəlilli onu da vurğuladı ki, türbənin bərpasına başlamamışdan əvvəl yerli könüllülər üçün xarici və yerli mütəxəssislər tərəfindən dördgünlük təlim-kurs keçilib və kursu bitirənlər də bu işə cəlb olunub: “Türbənin bərpası və konservasiyası işləri çərçivəsində 15 nəfər peşəkar və həvəskar gənc bərpaçılar üçün “Mədəni irs konservasiya materialları və metodlarının qurulması” mövzusunda kurs keçirilib. Kursun məqsədi kimya da daxil olmaqla, nəzəri əsaslarla praktiki bacarıqlara sahib olmaq, iştirakçılar tərəfindən daş materiallar və əsərlərin bərpasına əhəmiyyətli dərəcədə töhfə vermək, çoxtərəfli yanaşma əsasında müvafiq konservasiya işləri aparmaqdır”. F.Xəlilli qeyd etdi ki, praktik təcrübəyə əsaslanan məruzələr YOKOKU Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Assosiasiyasının mədəni irsin bərpası üzrə mütəxəssisləri Romana Albini və Laura Rivaroli, eləcə də mədəni irsin analitik tədqiqi üzrə mütəxəssis Andrea Makkia, onun özü və Həbibə Əliyeva, mədəni irsin bərpası üzrə maşınlar istehsal edən İBİKS şirkətinin nümayəndələri Alfonso Bazile və Marko İlari, Rusiyadan olan mütəxəssis Anna Mordanova tərəfindən aparılır.
“Şeyx Dursun türbəsi sonuncu dəfə 1983-1984-cü illərdə bərpa edilib. O dövrün sənədlərindən də görünür ki, bu abidənin gümbəz hissəsində dağıntılar olub, yəni daşların əksəriyyəti qopub düşübmüş. O dövrün mütəxəssisləri qopan daşları yenidən öz yerlərinə qoyublar. Amma təəssüf ki, burada sement qarışıqlı məhlullardan istifadə ediblər. Deyim ki, bu məhlullar da duz yaratdığı üçün türbənin iç divarları ağappaq duz kristalları ilə “zəngin”dir. Bunun da səbəbkarı sementdir. Orta əsrlərdə abidələr inşa edilərkən onların tikintisində duz yaradan məhlullardan istifadə edilmirdi, ona görə də o abidələr indiyə qədər daşların rəngini qoruyub saxlaya bilir. Sovet dövrü bərpaçıları isə duz yaradan məhlullardan istifadə ediblər. Deyim ki, o zamanlar türbənin bərpasında sementdən istifadə edildiyi üçün sementin tökülən yerlərində ağac, müxtəlif yaşıllıq bitkiləri bitmişdi. Türbənin üstündəki yaşıllığı, mamırları artıq təmizləmişik” - deyə bildirən F.Xəlillinin sözlərinə görə, türbənin yaşıllıqdan, mamır təbəqəsindən təmizlənməsində kimyəvi maddələrdən istifadə edilib. “Artıq türbənin üzəri təmizlənib. Biz burada işlərimizi davam etdiririk. Türbə üzərində bərpa işləri beynəlxalq təcrübənin tələblərinə uyğun şəkildə aparılır. Biz Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin rəhbərliyindən çox razıyıq. Qurumun rəhbəri Zakir Sultanov bu işə şəxsən nəzarət edir və bizə hər cür qayğı göstərir” - deyə F.Xəlilli bildirdi.
İradə
SARIYEVA
Bakı Xəbər.- 2018.- 31 iyul.-
S.15.