”Bilirdim ki, məni şair edən
qızı heç vaxt mənə verməzlər”
Tanınmış
şair Bəydadaş Cəfərli 60 yaşa çatdı…
“Həkim
Qəni, sözün əsl mənasında, ədəbiyyat aləmində
mənim hamim olub”
Bizimlə eyni cəmiyyətdə
yaşayan, eyni sudan içən, havanı udan şairlər
var ki, onlar haqqında yazmaq, onların fikirlərini oxucuya
çatdırmaq vacib məsələdir.
Azərbaycan
Yazıçılar Birliyinin üzvü, “Ocaq” Ədəbi
Birliyinin sədri, tanınmış şair Bəydadaş Cəfərli
həmin şairlərdəndir. Bu il Bəydadaş müəllimin
60 illik yubileyidir. Yubiley ərəfəsində
tanınmış şairlə görüşüb onun
düşüncələrini sizlərlə bölüşmək
qərarına gəldim.
- Bəydadaş
müəllim, xoş gördük. Açığı,
eşidəndə ki, Sizin 60 yaşınız tamam olur, bir qədər
təəccübləndim. Bu da səbəbsiz deyil,
çünki Siz gənclik ruhu ilə yazıb-yaradan
şairsiniz...
- Şairin psixoloji mənəvi
yaşı bir ayrı, ancaq fakt budur ki, 1958-ci ildə
İsmayıllı rayonunun Diyalı kəndində
doğulmuşam. Bu rəqəm də mənim bioloji
yaşımı gizlətməyə imkan vermir.
- 60 yaş söz adamı üçün elə bir
yaşdır ki, onun keçmişə boylanmasına,
uşaqlığına, gəncliyinə nəzər
salmasına imkan verir. Uşaqlığınız necə
keçib?
-
Uşaqlığım doğma kəndimizdə keçib.
Bizim rayon qeyri-adi təbiətə malik gözəl bir
diyardır. 1965-ci ildə kəndimizdə orta məktəbə
getmişəm. 6-cı sinifdən 10-cu sinfə qədər əlaçı
oxumuşam, məktəbi 1975-ci ildə əla qiymətlərlə
bitirmişəm. Bütün fənlərə eyni dərəcədə
maraq göstərməyim mənim ixtisas seçimində tərəddüd
etməyimə səbəb olub. Tale elə gətirdi ki,
heç ağlımdan keçməyən bir sənəti
seçdim.
-
Hansı sahəni?
- O vaxt Azərbaycanda
ali məktəblərə daxil olmaq elə də asan deyildi.
Bu mənada ki, həmin dövrdə ali məktəblərə
qəbul məsələsində müxtəlif neqativ hallar
mövcud idi. Odur ki, bunları nəzərə alıb sənədlərimi
Bakıdakı Yerli Sənaye Texnoloji Texnikumuna verdim və bura
qəbul olundum. Texnikumun mebel istehsalı fakültəsini əla
qiymətlərlə bitirib əsgəri xidmətə yola
düşmüşəm. 1978-79-cu illərdə
keçmiş Leninqrad şəhərində hərbi xidmətdə
oldum, lakin ora Baltik dənizinin yaxınlığında yerləşdiyi
üçün revmatizm xəstəliyinə düçar
oldum və 9 aydan sonra əsgərlikdən tərxis olunub
Bakıya qayıtdım. 1979-cu ilin aprel ayından Bakı Mebel
İstehsalatı Kombinatına işə düzəldim.
Üç il orada işləyəndən sonra Meşə Sənayesi
Nazirliyinin xətti ilə Moskvaya Meşə Sənayesi
İnstitutuna oxumağa getdim. Ora bir 5-lə qəbul olundum və
qiymətlərimin də 70 faizi 4-5 idi. 1987-ci ildə o ali məktəbi
bitirdim. Bu dövr SSRİ-nin süquta doğru getdiyi bir
çağ idi. Bu özünü bütün sahələrdə
göstərirdi...
- Bəs
neçə yaşınızdan şeir yazmağa
başlamısınız?
- Moskvada oxuduğum institut meşənin içində
yerləşirdi. 1925-ci ilə qədər o ərazi
tamamilə meşə olub və sonradan orada Meşə Sənayesi
İnstitutu inşa edilib. Yay aylarında həmin yer o qədər
gözəl, füsunkar olurdu ki, adam oradan
ayrılmaq istəmirdi. Odur ki, yay aylarında
Bakıya qayıtmayıb orada qalırdım. Yay boyu Moskvadakı çayların, göllərin kənarında
təbiət vurğunu olaraq gəzib dolaşır və
gördüklərimi şeirə çevirirdim. Deyərdim ki, ilk ciddi şeirlərimi, ədəbiyyata
aidiyyəti olan poetik nümunələrimi yaratmağa orada
başladım.
- Demək,
orada yazmağa başlamısınız?
- Xeyr. İsmayıllıda
olarkən də yazırdım. 6-7-ci sinifdə
oxuyanda, çoxları kimi, mənim də sinfimizdə istədiyim,
sevdiyim bir qız vardı. Elə
üç bəndlik ilk şeirimi də o qıza
yazmışam. O şeir mənə xoşbəxtlik gətirmək
əvəzinə, sonradan taleyimi alt-üst etdi. Yazdığım
şeir o qızla münasibətimi tamamilə korladı və
hətta orta məktəbi bitirəndə onunla
küsülü idik.
- Yəni
şeir ünvanına çatmışdı...
- Bəli, qız şeiri
oxumuşdu və mənim ona yazdığım şeirə
çox sərt reaksiya verdi. Qız mənə
dedi ki, ay bədbəxt, özünü və məni bədbəxt
etmə, məni sənə verməzlər. Doğrudan
da inandım ki, məni şair edən qızı heç
vaxt mənə verməzlər.
- Niyə?
- Çünki bizim ailəmiz
nəinki kəndimizin, rayonumuzun, bəlkə bütün
respublikanın ən kasıb ailəsi idi. O isə
sayılıb-seçilən, imkanlı bir ailədən idi.
O ayrılıq, o nisgil, qızın mənə verdiyi
cavabın yaşatdığı depressiya həyatımda
böyük bir təlatüm yaşatdı. Mən
öz dərdimi şeirlə ovutmağa başladım. Hicran, həsrət məni ədəbiyyata daha
sıx tellərlə bağladı. Moskvada
oxuyanda ədəbiyyatla daha ciddi məşğul olmağa
başladım. Mən o dövrdə həm
rus ədəbiyyatını, həm rus dilinə çevrilən
xarici ədəbiyyat nümunələrini, həm də
öz şairlərimizin əsərlərini acgözlüklə
mütaliə edirdim. 1987-ci ildə təhsilimi
başa vurub Mebel İstehsalatı Kombinatına yenidən
qayıtdıqdan sonra məni bu qurumda şöbə
müdiri vəzifəsinə təyin etdilər və burada
işləməyə başladım. Mən
həm öz işimin öhdəsindən yaxşı gəlirdim,
həm də ədəbiyyatla məşğul olurdum. Müəssisəmiz bağlanana qədər orada
işlədim. Müəssisə
qapadıldıqdan sonra şeir yazmağa, ədəbiyyatla
daha ətraflı maraqlanmağa vaxtım daha çox oldu.
İşdən ayrılmağım mənim
ciddi ədəbiyyata, ədəbi mühitə daxil
olmağıma şərait yaratdı. Çünki
o vaxta qədər mənim güclü mütaliəm,
müşahidəm və oxuduqlarımı dərin təhlil
etmək bacarığım formalaşmışdı.
- Bəs nə
vaxtdan dövrü mətbuatda çap olunmağa
başlamısınız?
- Çox
maraqlıdır ki, ilk şeirlərim “Bakı-Xəbər” qəzetinin
baş redaktoru, böyük ziyalı Aydın Quliyevin
xeyir-duası ilə o vaxt rəhbərlik etdiyi “Hürriyyət”
qəzetində nəşr edildi. Sonrakı
dönəmlərdə də Aydın müəllim şeirlərimi
“Bakı-Xəbər” qəzetində çap etdi. Hər dəfə də mənim şeirlərimə
1 səhifə ayırırdı. Həmin
şeirlərin çap olunduğu günlər mənim
üçün ən xoşbəxt günlər idi ki, indi də
o sevinci unuda bilmirəm. Hətta şeirlərimin çap olunduğu qəzeti
həmkarlarımın əlində görəndə də
sevinc hissi keçirirdim. Bütün bunlar
mənim ədəbiyyata marağımı daha da gücləndirdi.
Mən özümü ədəbiyyatda ögey hiss etmədim.
Deyərdim ki, mənə olan isti münasibət
nəticəsində davamlı çap olunmağa
başladım.
- Siz ədəbiyyata
gələndə ədəbi mühitimiz özünün
qeyri-müəyyən bir dövrünü
yaşayırdı. Sosrealizm artıq ömrünü başa
vurmuşdu, şairlər yeni izmlər, yön, səmt
axtarışında idilər. Bu dövrdə
Sizin özünüzə ədəbi mühitdə hansı
münasibət var idi, qısqanclıqla
qarşılanmadınız ki?
- Ədəbiyyata gəldiyim
dövrdə respublikamızda ictimai formasiya dəyişirdi və
bu da özünü tam olaraq ədəbiyyatda göstərirdi. O illərdə
bir sıra qurumlar fəaliyyətini
dayandırmışdı, yeni qurumlar yaradılmamışdı.
Ədəbiyyat sosrealizmdən başqa bir izmlərə
keçid etmək istəyirdi. Ədəbiyyata
hökumətdən sifariş yox idi. Bir də ki,
senzuranın olmamasından istifadə edərək kim nə istəyirdi yazırdı. Yazıçı və şairlərin kitabları
artıq dövlət tərəfindən nəşr edilmirdi.
Onlar öz əsərlərini yazmaq, üstəlik
də çap etmək və yaymaq kimi problemlərlə
qarşılaşmışdılar. Demək
istəyirəm ki, şair və yazıçıların
başı özlərinə qarışdığından,
kiməsə qısqanclıq, paxıllıq etməyə
vaxtları yox idi.
- Ədəbiyyata gələndə kimlərdən
qayğı və diqqət görmüsünüz?
- Demək olar ki,
özümdən əvvəlki şairlərin çoxu mənə
diqqət və qayğı ilə yanaşıb. İlk kitabımı çapa
hazırladığım ərəfədə böyük
şairimiz, əslən İsmayıllıdan olan Musa Yaqubun
yanına getdim və ona 10-15 şeirimi təqdim etdim. Məqsədim şeirlərimlə bağlı
ustadın fikirlərini öyrənmək idi. Dedim ki,
Musa müəllim, əgər bu şeirlərin ədəbiyyata
dəxli yoxdursa, özümü biabır etmədən bu
şeirləri cırıb atım. O mənə tərs-tərs
baxaraq “Get yaz. Sənin ilk kitabının da redaktoru
özüm olacağam” dedi. Sonra
yaradıcılığıma davam etdim və xeyirxah
insanların dəstəyi sayəsində ilk kitabımı nəşr
etdirdim və “Babadağdan gələn səs” adlı birinci
kitabıma, vəd verdiyi kimi, ön sözü Musa Yaqub
yazdı. Musa müəllim deyirdi ki, səndə
mübarizlik ruhu var. Bu da təsadüfi deyildi. Mən Əfzələddin
Xəqanini, İmadəddin Nəsimini, Mikayıl
Müşfiqi, Hüseyn Cavidi, Əhməd Cavadı, Məhəmməd
Hadini çox mütaliə edirdim. Onda yaxından hiss etdim ki,
şair həmişə öz dövrünün lokomotivi
olmalıdır, nəinki dövrünün “lapeti” olub, cəmiyyətə
qoşulub onun ardınca sürünməlidir. Belə
şairlər həmişə olub və bu gün də var.
Amma İlahidən söz badəsi içən şairlər
isə həmişə dövrünün lokomotivi olub. Mən bizim klassiklərdən ilham alıb o yolda
yaradıcılığımı davam etdirdim.
- AYB-yə
üzv olanda necə, hər hansı bir problemlə üzləşmədiniz
ki?
- Qətiyyən. Mən 2004-cü ildən
AYB-nin üzvüyəm. Özü də
AYB üzvlüyünə sənədlərimi verdikdə
artıq orada “zəmanət” sistemi ləğv edilmişdi.
Mən qurum üzvlüyünə sənədlərimi
verdim və heç bir maneə ilə qarşılaşmadan
birliyə üzv oldum. AYB-nin mətbuat xidmətinin
keçmiş rəhbəri, mərhum şair dostumuz Ədalət
Əsgəroğlu mənə zəng vurub dedi ki, birliyə
üzv olmusan, gəl vəsiqəni götür. Təəssüf ki, bu gün bəziləri Azərbaycan
Yazıçılar Birliyi haqqında çox neqativ fikirlər
səsləndirir. Ancaq mən o fikirlərlə
razı deyiləm.
-
Böyük şair, Füzulişünas Həkim Qəni ilə
də çox sıx əlaqələriniz olub. Həkim Qənini də xatırlayaq.
- İkinci kitabım olan “Eşqin göz yaşı” rəhmətlik
Həkim Qəninin redaktorluğu ilə nəşr edildi. Allah ona rəhmət eləsin,
çox böyük insan, gözəl şair, əruz vəzninin
mahir bilicisi idi. Mən o vaxt onun rəhbərlik etdiyi
“Vahid” poeziya məclisinə gedirdim və Həkim Qəninin əruz
haqqında, böyük şairlərimiz barədə
çox maraqlı, elmi cəhətdən mükəmməl
fikirləri ilə tanış olurdum. Çox təəssüf ki, Həkim Qəni mənə
görə dünyasını tez dəyişdi. Hətta
o, xəstəxanada olanda mənə dedi ki, Bəydadaş, mən
səndən gedirəm və mənim vəfatım ən
çox səni yandıracaq, ağrıdacaq. Doğrudan
da elə oldu. Həkim Qəni, sözün əsl mənasında,
ədəbiyyat aləmində mənim hamim olub. O nəinki mənə,
ədəbiyyata gələn gənc nəslə həmişə
dəstək olurdu. Onun şinelindən
çıxan şairlərin hamısı sonradan özlərini
ədəbiyyatda təsdiq etdilər.
- Ədəbi mühitdə yeni izmlərə, dəst-xətlərə
meyl var. Buna münasibətiniz necədir? Bu
izmlərə maraq göstərən şair və
yazıçılar ədəbiyyatımızı dünyaya
çıxara bilərmi?
- Sovet dövrü ədəbiyyat
üçün, bir növ, buxov idi. Həm nəsr,
həm də poeziya konkret çərçivə daxilində
yaranırdı. O dövrün tələbləri fərqli
idi. Burada daha çox sovet ideologiyası tərənnüm
edilirdi. Bu ədəbiyyatla isə dünya
çapına çıxmaq mümkünsüz idi. Buna baxmayaraq, bəzi şair və
yazıçılar “Qlavlit”in gözündən yayınaraq
öz əsərlərində müəyyən məsələlərə
toxunurdular. O dövrdə “Qlavlit”in gözündən
yayınan yazıçılarımızdan biri Xalq yazıçısı
Anar idi və o dövrün çərçivəsini
dağıdaraq əsərlər yazırdı. O əsərlərdə
sözünü elə ustalıqla deyirdi ki, bunu “Qlavlit” tuta
bilmirdi. Bu gün nəsr sahəsində
Çingiz Abdullayev və Elxan Elatlı Azərbaycan nəsrini
dünyaya çıxarmaq iddiasındadır. Amma belə götürəndə hələ
dünyanın özü onları qəbul edə bilmir.
Bu da Azərbaycana qarşı mövcud olan
qısqanclıqla bağlıdır, müəyyən beynəlxalq
siyasi qüvvəllər milli ədəbiyyatımızın
dünya çapına çıxmasına mane olurlar.
- Bəydadaş
müəllim, bu gün respublikamızda müxtəlif ədəbi
birliklər fəaliyyət göstərir. Ədəbi
birliklər, şeir dərnəkləri şair,
yazıçı yetişdirə bilirmi?
- Mən özüm “Ocaq”
Ədəbi Birliyinin sədriyəm. Birliyimiz
60-a yaxın şairi, yazarı öz ətrafında cəmləşdirə
bilib. 15 ildir fəaliyyət göstərən
birlik müəyyən nailiyyətlər qazanıb, üzvlərimizin
yarıdan çoxu Azərbaycan Yazıçılar Birliyinin
üzvü olub. Onlar ədəbi mühitdə
öz sözlərini deyiblər. Bəli,
bu gün ədəbi dərnəklər şair yetişdirə
bilir. Çünki bütün sahələr
üzrə fakültələr fəaliyyət göstərir,
lakin şairliyin fakültəsi yoxdur. Bu
baxımdan şairlər ədəbi birliklərdə
yetişir. Ədəbi dərnəklər
bir institut rolunu oynayır. Bu birliklər o zaman nəticə
verir ki, onun başında duran adam əsl
şair olmaqla yanaşı, həm də Vətənimizə,
dilimizə, mədəniyyətimizə, elmimizə
bağlı adam olsun. Birlik sədri dünyada
gedən ədəbi proseslərdən xəbərdar
olmalıdır ki, şairlərin, yazıçıların
yaradıcılığını qiymətləndirə
bilsin. Bu belə olanda ədəbi birliklər
də böyük nəticələr verir.
- Artıq
60 yaşa çatmısınız. Bu illər ərzində
nələri özünüzə qazanc sayırsınız?
- Onsuz da dünyanın malı elə bu dünyada qalır. Öləndə 5 arşın ağdan başqa
heç kəs heç nə aparmır. Bu,
məsələnin maddi tərəfi. Mənəvi
məsələlərə gəlincə, çoxlu
qazancım olub. Kifayət qədər
dostlarım, oxucu auditoriyam var, kitablarım oxunur və oxucular
həmişə məndən yeni kitablar gözləyirlər.
İndiyə qədər 30-dan artıq
kitabım çıxıb. Sonuncu
kitabım “Şair sözü, elin gözü” adlanır.
Ədəbiyyata heç vaxt yük
olmamışam. Əksinə, ədəbiyyatın
yükünə çiyin verənlərdən olmuşam.
- Nələrə
təəssüflənirsiniz?
- Təəssüflənəcəyim
bir məsələ yoxdur. Nə istəmişəm
yazmışam, yazdıqlarım da ədəbi mühitdə
qəbul olunub. Yazılarıma, şeirlərimə
görə heç kəsdən mənfi bir fikir eşitməmişəm...
İradə
SARIYEVA
Bakı xəbər.-
2018.- 6 iyun.- S.13.