Azərbaycan təbiəti üçün SOS - dərman bitkilərinin kökü kəsilməyə başlayıb...

 

  AMEA-nın laboratoriyasının müdiri Yusif Zeynalov bəzi dərman bitkilərinin kökünün kəsiləcəyini ehtimal edir

 

  Təbiət həmişə insanların sağlam yaşamasına, onların dərdinə çarələr bulunmasına yardımçı olub. Xəstələnərkən kimyəvi dərmanlardansa təbiətdə bitən çiçəklərdən, bitkilərdən, otlardan istifadə edərək sağalmağa çalışırıq. Göründüyü kimi, insanların sağlamlığı üçün vacib olan amillərdən biri təbiətdə yetişən dərman bitkiləridir.

  Yeri gəlmişkən, Azərbaycanda mövcud olan 21000 bitki növünün 2500-ə yaxın növü müalicəvi əhəmiyyətə malikdir. Mütəxəssislərin bildirdiyinə görə, bu dərman bitkilərindən yalnız 300-ə yaxın növü tam tədbiq olunur, qalanları isə tətbiq edilmir.

  Azərbaycan təbiətində mövcud olan dərman bitkilərinin hazırkı durumu ilə bağlı mütəxəssislər həyəcan təbili çalmağa başlayıblar. Məlumatlara görə, dərman bitkilərinin təbiətdə qorunması ciddi təhlükə ilə üzləşib. Onu da vurğulayaq ki, mütəxəssislər dərman bitkilərinin acınacaqlı duruma düşməsində əhalinin məsuliyyət daşıdığını bildirirlər. Belə ki, əhali meşə sahələrindən, çəmənliklərdən və s. bitki ilə zəngin olan yerlərdən mal-qara otarmaq üçün istifadə edir. Bu da o bitkilərin məhv olması ilə nəticələnir.

  AMEA-nın nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının müdiri Yusif Zeynalov da bu məsələyə reaksiya verib. O, “Xezerxeber.az”a bildirib ki, insanlar bitkiləri necə gəldi yığırlar, digər bitkiləri isə əzirlər. Y.Zeynalov vurğulayıb ki, bu hal AMEA-nın Mərkəzi Nəbatat Bağında yetişdirilən dərman bitkiləri ilə bağlı müşahidə edilir. Y.Zeynalovun sözlərinə görə, bəzi şəxslər pul qazanmaq üçün bir çox qiymətli dərman bitkilərini kökündən çıxararaq satırlar. Bununla da onlar təbabətdə geniş istifadə edilən bitkiləri məhv edirlər.

  Laboratoriya müdiri, həmçinin, qeyd edir ki, Azərbaycan dərman bitkilərinin zənginliyinə görə dünyada ən yaxşı təbiətə malikdir. Dərman bitkiləri əsasən dağlıq ərazilərdə bitir.   Mütəxəssisin sözlərinə görə, dağlıq ərazidə bitən o bitkilərin toxumları yığılaraq Nəbatat Bağında da əkilib becərilir. “Hazırda bağda təzyiq, mədə-bağırsaq, əsəb sistemini sakitləşdirmək, ağciyər və böyrək xəstəliklərinin qarşısını almaq üçün istifadə edilən 150 növ dərman bitkisi var”- deyə vurğulayan şöbə müdiri qeyd edir ki, dərman bitkiləri digər bitkilərlə müqayisədə fəqrli yığılır. Onun sözlərinə görə, təəssüflər olsun ki, insanlar bu cür bitkiləri yığarkən böyük səhvlərə yol verirlər: “Həm dağlarda, həm də bağda onları necə gəldi yığdıqları üçün bitkini zədələyirlər. Buna görə də belə getsə, Azərbaycanda dərman bitkilərinin kökü kəsiləcək. İnsanlar kortəbii yığdıqları dərman bitkisini günəş şüası altında qurudurlar ki, tez satsınlar. Əslində isə bu da kökündən yanlışdır. Dərman bitkiləri mütləq qaydada kölgədə və xüsusi nəzarət altında qurudulmalıdır. Əgər hansısa dərman bitkisi günəş şüası altında qurudulursa, müalicədən çox ağır xəstəliklərə səbəb ola bilər”.

  Qeyd edək ki, botanikaçı alimlər də Y.Zeynalovun fikirlərinə şərik çıxırlar. “Bakı-Xəbər” olaraq dəfələrlə bu məsələni gündəmə gətirmişik. Bölgələrdə ekspedisiyada olan botanikaçı alimlər bizə bildiriblər ki, əhali dərman bitkilərini necə gəldi toplayıb satmaq üçün bazarlara aparır.

  Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun Herbarilər şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, tanınmış alim Pərvanə Qaraxani bizimlə söhbətində qeyd etdi ki, ümumiyyətlə, dərman bitkilərinə münasibət həssas olmalıdır. Əsrlər boyu əcdadlarımızın köməyinə yetən dərman bitkilərinə bu cür talançı münasibətin düzgün olmadığını deyən P.Qaraxaninin sözlərinə görə, insanlar çox zaman bilməyərəkdən dərman bitkilərinə zərər yetirirlər: “Mən sizinlə dəfələrlə dərman bitkilərinin üzləşdikləri təhlükə haqqında söhbət etmişəm. Vaxtaşırı olaraq bölgələrə elmi eskpedisiyaya gedirik. İşimiz təbiətdəki bitkiləri öyrənmək olduğu üçün, hər bir bitkiyə həssaslıqla yanaşırıq. Bəzən gedib keçən il gördüyümüz bitkini bu il ya azalmış görürük, ya da heç görmürük. İnsanlarımız bitkiləri toplayıb Bakıda və digər yerlərdə satırlar. Toplayıb satmaqlarına bir söz demirəm, ancaq bitkiləri kökündən qoparmasınlar. Ancaq camaat bitkiləri kökündən çıxarır. Belə olmaz. Siz bilirsinizmi onlar təbiətə nə qədər zərər vururlar. Bu gün çox adam dərman bitkilərini heç tanımır da, hansı bitkilərin hansı xəstəliklərə çarə olduğunu bilmir, sadəcə, eşidir ki, tutalım, kəklikotundan müalicə məqsədilə istifadə edilir, onlar da kəklikotunu köklü şəkildə qoparırlar. Azərbaycanda dərman bitkilərinin xeyli hissəsi işğal altında olan torpaqlarımızda bitir. Şuşada, Kəlbəcərdə, Laçında, eləcə də digər rayonlarımızda zəngin dərman bitkiləri bitirdi. Bu gün o bitkilərə görə də narahatlıq keçiririk ki, görəsən ermənilər o bitkiləri məhv edibmi? Yəqin ki, böyük hissəsini məhv edərlər. Bilirsiniz, dərman bitkilərinə həssas münasibət olmalıdır. Bir tərəfdən ekoloji tarazlığın pozulması, ekologiyanın çirkləndirilməsi, digər tərəfdən də vətəndaşlarımızın xoşagəlməz münasibəti dərman bitkilərinin məhv olmasına gətirib çıxarır. Hər yerə nəzarət etmək olmur. Ekspedisiyaya gedəndə görürsən ki, bitki ilə zəngin bir yerdən mal-qaranın otlaq yeri kimi istifadə edilir.   Mal-qara da dərman bitkilərini əzib tələf edir”.

   P.Qaraxani qeyd edir ki, dərman bitkilərinin təbiətdə mühafizə edilməsi, artırılması üçün müvafiq tədbirlər görülməlidir. O hesab edir ki, bu məsələdə hər şeydən əvvəl ictimai maarifçilik işinə ehtiyac var.

  Bioloq Sədaqət Əliyeva da hesab edir ki, Azərbaycanın müxtəlif yerlərində, o cümlədən də Mərkəzi Nəbatat bağında əhali dərman bitkilərinə həssas yanaşmalıdır. Dərman bitkilərinin təhlükə ilə üzləşdiyini təəssüflə qeyd edən bioloqun sözlərinə görə, əhali dərman bitkilərini topladıqda ehtiyatsızlığa yol verməməlidir. “Azərbaycan florası dərman əhəmiyyətli, efir yağlı, vitaminli, yemək üçün yararlı, aşı maddələri ilə zəngin, qətranlı, kauçuklu, sodalı, alkoloidli, bəzək üçün əhəmiyyətli, nektarlı, yağboya maddələri ilə zəngindir. Respublikamızda mövcud olan 21000 bitki növünün 2500-ə yaxın növü müalicə əhəmiyyətlidir. Bu gün ölkəmizdə bitkilərlə müalicəyə üstünlük verilir, yaşıl apteklər fəaliyyət göstərir, fitoterapevtlər insanları dərman bitkilərindən istifadə edərək sağaltmağa çalışırlar. Azərbaycanda dərman bitkiləri ilə müalicə tam qədimdən mövcuddurtam olaraq elmi təbabətdə öz əksini tapıb. Son zamanlar dərman bitkiləri ilə bağlı həyəcanlı xəbərlər gəlir. İnsanlar təbiətdə yayılan dərman bitkilərini toplayıb həm bazarda satır, həm də fitoterapevtlərə təhvil verirlər. Bu da nəticədə dərman bitkilərinin tükənməsinə təsir göstərir. Çünki onlar bitkiləri kökündən qoparır, yaxud toplayarkən onu ayaqları ilə əzir, zədələyirlər. Təəssüf ki, insanlar onu yaşadan təbiətə bəzən belə münasibət göstərirlər. Hesab edirəm ki, dərman bitkiləri xüsusi yerlərdə daha çox yetişdirilməli, nəsli davam etdirilməlidir. Əhali də bitkiləri toplayarkən ehtiyatlı olmalıdır ki, bitkiləri zədələməsin. Bu gün biz dərman bitkilərinin azalmasını bəlkə də yaxından hiss etmirik, ancaq qarşıdakı onilliklərdə bizim övladlarımız bunu hiss edəcəklər”.

           

 

  İradə SARIYEVA

 

  Bakı xəbər.- 2018.- 6 iyun.- S.14