İftixar
Piriyev: “Teatr mənim həyatımdır”
“... aktyorların
yaradıcılığı pərdə qapanan kimi müəyyən
mənada görünməz olur”
Artıq neçə illərdir
ki, tarixi torpaqlarımızı tərk etməyə məcbur
olmuş minlərlə soydaşımız kimi doğma yurdda
didərgin, qaçqın taleyi yaşayan, 1882-ci ildə
peşəkar fəaliyyətə başlamış, 136
yaşının içində olan, 90 il əvvəl dövlət
statusu almış C.Cabbarlı adına İrəvan
Dövlət Azərbaycan Dram Teatrı, bütün çətinliklərə
baxmayaraq, böyük sənət üçün yüksək
amallara xidmət yolunda inamla çarpışır. Bizimlə
müsahibəsində bu məqamı xüsusi qeyd edən
teatrın direktoru İftixar Piriyev zəngin tarixə malik
teatrın dünəni və bugünkü nailiyyətləri
barədə danışır:
Əvvəlcə İftixar Piriyevin həyat
yoluna nəzər yetirək
Azərbaycan
Respublikasının əməkdar mədəniyyət
işçisi, Prezident mükafatçısı, sənətşünaslıq
üzrə fəlsəfə doktoru İvtixar (İftixar) Fəhrat
oğlu Piriyev 1960-cı ildə Gürcüstan Respublikası
Saqareco rayonunun Düzəyrəm kəndində anadan
olmuşdur. 1977-ci ildə orta məktəbi, 1981-ci ildə Azərbaycan
Dövlət İncəsənət İnstitutunun dram-kino
aktyorluğu fakültəsini bitirmişdir. Həmin
ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında
aktyorluq fəaliyyətinə başlamışdır.
İnstitut illərində Rza Təhmasib, İsmayıl
Dağıstanlı, Əliabbas Qədirov kimi görkəmli
teatr xadimlərindən sənət dərsi
almışdır. İvtixar Akademik Milli Dram Teatrının səhnəsində,
televiziya tamaşalarında, seriallarda və bədii filmlərdə
qırxa qədər aparıcı və əsas rollar
oynamışdır.
2009-cu ildə İrəvan
Teatrının səhnəsində hazırlanmış dramaturq
Aqşin Babayevin “Xilaskar” və 2013-cü ildə
özünün müəllifi olduğu “Qurtuluş
dastanı”, 2016-cı ildə Hidayətin “Burdan min atlı
keçdi” əsərlərinin tamaşalarında ümummilli
liderimiz Heydər Əliyevin bədii obrazını
ustalıqla yaratmışdır.
Respublikanın əksər
bölgələrində altmışdan çox oynanılan
həmin tamaşalarla o, Türkiyə Cümhuriyyətində,
Gürcüstan və Dağıstan respublikalarında qastrol səfərlərində
uğurlu çıxışlarına görə
böyük tamaşaçı rəğbəti
qazanmış, otuza yaxın fəxri fərman və diplomla
təltif olunmuşdur.
Saday Budaqlı – “Közərən
evin işığı”, Dilsuz – “Qğulla görüş”,
Əkrəm Əylisli – “Ürək yaman şeydir” və sair
televiziya tamaşalarında baş rollar oynamışdır.
Əlibala Hacızadə – “İtgin gəlin” (Əbdül), Rəşad
Nuri Güntəkin “Dodaqdan qəlbə” (Vədad), Bəxtiyar
Vahabzadə “Yağışdan sonra” (Aslan) teleseriallarında,
A.Rəhimov
“Canavar balası” (Nofəl), “Qırmızı qar” (Şef) bədii
televiziya filmlərində tamaşaçıların
yaddaşında yaşayan əsas və baş rolları ifa
etmişdir. Azərbaycan Dövlət Televiziyasının
Qızıl fondunda qorunan “Ozan” folklor toplusunun
aparıcısı olmuşdur. Azəraycan
Dövlət Televiziyasının çəkdiyi bir çox ədəbi-bədii
verilişlərdə bədii qiraətçi kimi
çıxışlar etmişdir. Şeirləri əsasında
yazılmış ssenariyə uyğun olaraq Azərbaycan
Dövlət Televiziyası “Mənim ömür nəğmələrim”
adlı film-tamaşa çəkmişdir.
“Qurtuluş dastanı” əsərinin
tamaşası Azərbaycan Dövlət Televiziyası və
Naxçıvan Muxtar Respublikası Televiziyalarının,
“Nurlu ömrün anları” tamaşası isə İctimai
Televiziyanın Qızıl fondunda qorunmaqdadır.
1991-ci ildə Azərbaycan Milli “Dastan” Teatrını
yaramışdır.
1999-2000-ci illərdə
Müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər
Əlirza oğlu Əliyevin Tiflis Teatrının bərpasına
kömək məqsədi ilə verdiyi xüsusi
tapşırığa əsasən Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən,
hazırda ulu öndər Heydər Əliyevin adını
daşıyan və uğurla fəaliyyət göstərən
Tiflis Azərbaycan Dövlət Dram Teatrının bərpa
prosesinə rəhbərlik etmək üçün iki il
müddətinə Tiflis şəhərinə ezam
olunmuşdur. Tiflis
Teatrının bərpasında peşəkarlıqla
apardığı iş prosesinin uğurlu nəticəsinə
görə 2000-ci ildə C.Cabbarlı adına
İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor vəzifəsinə
təyin olunmuş, hazırda həmin teatrın aktyoru və
direktorudur. O, 16 oktyabr 2007-ci il tarixində (vəsiqə
№ 00199) İrəvan Teatrının 125 illik yubileyi zamanı həmin
teatrın dirçəldilməsində və
inkişafında müstəsna xidmətlərinə görə
ölkə prezidenti cənab İlham Əliyevin imzası ilə
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət
İşçisi Fəxri adına layiq görülmüşdür.
İvtixar Piriyev istedadlı aktyor, şair və dramaturq,
publisist, bacarıqlı teatr təşkilatçısıdır. Onun “Yaşadığım bu
ömür”, “Nə qəribə yuxuymuş” şeirlər,
“Sevgilim” poeması, ümummilli lider Heydər Əliyevə həsr
olunmuş “Böyük Turanın Himni”, türk, rus, ingilis,
alman, fransız, italyan, ispan, ərəb, fars dillərinə tərcümə
olunmuş “Müstəqil Vətənin Memarı” poemaları,
Azərbaycan Respublikasının prezidenti cənab İlham
Əliyevin anadan olmasının 50 illiyi münasibətilə
yazdığı və tamaşaya hazırladığı
“İşıqlı, nurlu sabah” və Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət!”
Beynəlxalq təbliğat və təşviqat
kampaniyası” çərçivəsində
yazdığı və tamaşaya hazırladığı
“Soyqırımı tarixinin dastanı” mənzum pyesləri və
ayrıca olaraq türk dilində “Bağımsız Vatanın
Mimarı” poeması kitab şəklində çoxdilli
oxuculara təqdim olunmuşdur.
“Müstəqillik dövrü teatrımızın
inkişafında Elçin dramaturgiyasının mövqeyi”
adlı elmi monoqrafiyanın müəllifidir. “İşıqlı, nurlu sabah” və
“Soyqırımı tarixinin dastanı” əsərlərinin
tamaşaları ilə Respublikamızın əksər
bölgələrində və Türkiyə Cümhuriyyətinin
onlarla şəhərində böyük rəğbətlə
qarşılanan qastrol səfərləri həyata
keçirmişdir. Uzun illərdir
Türkiyə Cümhuriyyəti Anadolu Ayınlar ocağı
ilə birgə “Azərbaycan – Türkiyə sənətdə
nəhəng qardaşlıq və candaşlıq layihəsi”
çərçivəsində Türkiyə ilə Azərbaycan
arasında mədəniyyət, idman və strateji münasibətlərin
möhkəmlədtrilməsinə xidmət edən işlərin
həyata keçirilməsində əvəzsiz fəaliyyət
göstərir.
2012-ci ildə “Müstəqillik dövrü
teatrımızın inkişafında Elçin
dramaturgiyasının mövqeyi” adlı dissertasiyasını
müdafiə etməklə sənətşünaslıq
üzrə fəlsəfə doktoru elmi dərəcəsini
almışdır.
“Dan yeri
söküləndə”, “Körpü”, “Məngənə və
ya Kor Aşığın işığı”, “Eşqin tikan
dairəsi”, “Qarışqalar yuvasını dəyişmir”,
“Arı yuvası”, “Canavar dişi”, “Süsən və Osman”,
“Qurtuluş dastanı”, “İşıqlı nurlu sabah”,
“Soyqırımı tarixinin dastanı”, “Qalx ayağa, Azərbaycan!”,
“Azərbaycan bayrağı”, “Nurlu ömrün anları”,
“Qurtuluşa gedən yol”, “Kalbalı xan Kəngərli” mənzum
və nəsrlə yazılmış pyeslərin, onlarla hekayə,
miniatür, mənsur şeyir, təmsil, elmi məqalə,
resenziya, publisistik və portret yazıların müəllifidir.
2014-cü ildə 3 cildlik “Pyeslər” kitabı nəşr
olunmuşdur.
Dram əsərləri
İrəvan Dövlət Azəraycan Dram, Gəncə
Dövlət Dram, Naxçıvan Dövlət Musiqili Dram,
Tiflis Dövlət Azəraycan Dram Teatrlarının səhnələrində
uğurla oynanılır.
“Hidayət və teatr”, “İrəvan Teatrının
tarixi” adlı elmi monoqrafiyaları çapa
hazırlanmışdır.
“Qeyri-səlis
məntiq nəzəriyyəsinin teatr sənətində
sinergetik adaptasiyası (Elçin dramaturgiyası əhatəsində)”
adlı doktorluq dissertasiyası üzərində iş
aparır.
Yeni Azərbaycan Partiyasının Binəqədi rayon
şöbəsinin şura üzvü, Teatr xadimləri
İttifaqının və Yazıçılar Birliyinin
üzvüdür.
Beş uşaq atasıdır.
– İftixar
müəllim, İrəvan teatrının 136-cı
mövsümündə, həm də böyük tarixi
yubileylərin keçirildiyi tarixi günlərdə xoş gördük sizi.
– Xoş görüşdük. Həqiqətən
də çoxəsrlik dövlətcilik ənənələrinə
malik olan ölkəmizdə 28 may 1918-ci il müsəlman Şərqində
ilk demokratik respublika olan Azərbaycan
Cümhuriyyətinin 100 illiyi, Soyqırımı hadisələrinin
yüzüncü ildönümü,
Ulu öndər Heydər Əliyevin 95 illiyi, İrəvan
Azərbaycan Dram Teatrının Dövlət statusu
almasının 90 illiyi tarixləri ilə əlamətdar olan
bir il kimi yaddaşlarda qalacaqdır. Bu tarixlər
milli kimliyimizin, milli məfkurəmizin, azərbaycançılığımızın,
dövlətçilik ənənələrimizin, milli mədəniyyətimizin
şanlı tarixləridir.
– 136 il. Bir sənət ocağı,
xüsusən teatr üçün bu çox böyük
tarixdir.
– Nəzərə
alaq ki, teatrımızın tarixinə dair bəzi faktlar da
vardır ki, onlara əsaslanaraq bu sənət
ocağının təşəkkülünün daha qədimə
təsadüf etdiyi barədə də fikir yürütmək
olar.
– Doğrudur.
Ancaq bu geniş araşdırma tələb edən
bir mövzudur.
– Əlbəttə. Həm də vacib olan bir məsələdir. Məncə, Qərbi Azərbaycan – İrəvan
xanlığının tarixi ilə maraqlanan vətənpərvərlərimiz
bu barədə daha çox düşünməli və
araşdırmalar aparmaq üçün mütəxəssislərimizə
konkret yardımlar göstərməlidirlər.
– Hələlik
İrəvanda teatrın təşəkkülü ilə
bağlı elmi təsdiqini tam tapmış tarixin özü
də çox zəngindir. Bu gün sizinlə
söhbətimiz ilk növbədə teatrın
çağdaş durumu, kollektivin qaçqınlıq
dövründə yaradıcılıq konsepsiyasının
necə reallaşdığı barədə olacaq. İstərdik bir qədər yaxın
keçmişə qayıdaq. On səkkiz il əvvəl İrəvan
teatrına rəhbər təyin olundunuz. Bu
hansı zərurətdən yarandı və fəaliyyətinizə
hansı məramla, yaradıcılıq proqramı ilə
başladınız?
– Öncə onu deməyi özümə borc hesab edirəm
ki, hər bir yaradıcı adam, hansı sahədə
olursa-olsun, yaradıcılıqla məşğul olur. Mən bu teatra təyinat aldıqdan sonra həm
quruculuq, həm də yaradıcılıqla məşğul
olmağa başladım. Ölməz ədib
Cəfər Cabbarlının adını daşıyan İrəvan
Dövlət Azərbaycan Dram Teatrı öz işgüzar
kollektivi, geniş tamaşaçı auditoriyası və dəyərli
sənət xadimləri ilə mənim həyatımın
çox qiymətli anlarını özündə birləşdirir.
Ömrümün 18 illik bir tarixini özünə
bağlayan və mənə parlaq anlar bəxş edən bu sənət
ocağına və məni bu sənət ocağı ilə
birləşdirən insanlara həmişə minnətdaram.
Bu sənət məkanında
yaşadığımız bəzən çətin, bəzən
asan, bəzən gərgin olan bütün hadisələr,
ümumiyyətlə, İrəvan teatrı və onun
istedadlı kollektivi müqəddəs məkan olaraq, mənim
üçün əvəzi olmayan bir anlam kəsb edir.
İrəvanın
adına, keçmişinə,
yaşamına məsuliyyətin anlamını məsuliyyətlə
dərk edirəm. Hesab edirəm ki, belə bir qədim
sənət məbədinə rəhbərlik etmək
üçün başqa cür düşüncədə
olmaq yanlışlıqdır. Çünki
bu teatr Qərbi Azərbaycanı özündə ehtiva edən
yeganə canlı, yəni fəaliyyətdə olan mədəni
məkandır. Bu teatr təkcə adi məkan
deyil, həm də zamanın tələblərinə uyğun
öz İrəvanı, irəvançılığı
üçün mübarizə aparan, Ermənistan adlanan
dövlətə öz bədii kredosu ilə birbaşa meydan
oxuyan, döyüşə çıxmağa hazır olan bir
sənət ocağıdır.
– Sizin
taleyinizə ölkəmizdən kənarda olan milli mədəniyyət
ocaqlarımızda işləmək səadəti nəsib
olub. Bu nə ilə əlaqədardır?
– 1999 – 2000-ci
illərdə müstəqil Azərbaycanın qurucusu, ulu
öndər Heydər Əliyevin tapşırığı ilə
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən
bünövrəsi 1873-cü ildə qoyulmuş Tiflis Azərbaycan
Dövlət Dram Teatrının bərpa prosesinə rəhbərlik
etmək üçün iki il müddətinə
Tiflis şəhərinə ezam olundum. Halbuki,
1991-ci ildə təsis etdiyim Azərbaycan Milli Dastan Teatrında
müəyyən təcrübələr əldə
etmişdim və onun inkişaf proqramını da işləyib
hazırlamışdım. Buna baxmayaraq,
nazirliyin təklifini məmmuniyyətlə qəbul etdim.
Tiflis teatrının bərpası
dövründə əldə etdiyim təcrübə İrəvan
Teatrının yenidən qurulmasında çox önəmli
rol oynadı. Bu prosesin uğurlu nəticəsinə
görə 2000-ci ildə İrəvan Dövlət Azərbaycan
Dram Teatrına direktor vəzifəsinə təyin olundum və
bu günə kimi də həmin missiyanı şərəflə
yerinə yetirməyə çalışıram.
İrəvan Teatrı və onun istedadlı kollektivi həyatımın
bir hissəsi olaraq, mənim üçün əvəzi
olmayan bir anlam kəsb edir. İrəvanın adına,
keçmişinə, yaşamına məsuliyyətin
anlamını düşüncəmlə dərk edirəm. Belə bir qədim sənət məbədinə rəhbərlik
etmək üçün başqa cür düşüncədə
olmaq yanlışlıqdır. Çünki,
bu teatr Qərbi Azərbaycanı özündə ehtiva edən
yeganə mədəni məkandır. Bu teatr təkcə
məkan deyil, həm də zamanın tələblərinə
uyğun öz İrəvanı, irəvançılığı
üçün mübarizə aparan , Ermənistan
adlanan dövlətə birbaşa meydan oxuyan, döyüşə
çıxmağa hazır olan bir sənət
ocağıdır.
– O dövrdə xüsusi binası olmayan,
kirayənişin həyatı yaşayan, truppası hələ
tam formalaşmamış, dekor, butafor, rekvizit, geyim sexləri
çox kasıb teatrda fəaliyyətə ilk növbədə
nədən başladınız?
– Rəhbərliyə
başladığım andan ilk növbədə
İrəvan Teatrının bütün ənənələrini,
bu günə qədər keçdiyi uzun, keşməkeşli
yolda nail olduğu intibahı qoruyub saxlamağa
çalışdıq. Eyni zamanda teatrı zəngin
ənənələr üzərində sabaha doğru yeni
yaradıcılıq uğurları ilə aparmağı
uzunmüddətli strategiya kimi qarşıya məqsəd
qoyduq. 2000-ci ildən əldə olunan nailiyyətlər
barədə qısa olaraq belə deyə bilərəm ki, fəaliyyətimizin
dəyəri 125 illik yubileyimizə qədərki (2007) bir zaman
kəsiyində ölkə başçısının ali fərmanları ilə öz həqiqətinə
qovuşa bildi. Həmin ərəfədə
yarandığı gündən etibarən heç vaxt
binası olmayan teatrımız dövlətimiz tərəfindən
bina ilə təmin edildi. Mədəniyyət
və turizm nazirinin qayğısı ilə dəfələrlə
xarici ölkələrdə teatr sənətimizi uğurla
nümayiş etdirmək nəsibimiz oldu. Bütün bu fərəhverici qayğılar
teatrı daim
genişmiqyaslı beynəlxalq layihələr həyata
keçirməyə sövq edir. Kollektivimiz dəfələrlə
Türkiyə Cümhuriyyərində, Gürcüstan
Respublikasında, Rusiya Federasiyasında səfərlərdə
olub. Əsas odur ki, həmin səfərlərin
hamısından uğurla qayıtmışıq. Bu fərəh, təbii ki, bizi daha böyük sənət
nailiyyətlərinə səfərbər edib.
– Dediyiniz bu
yaradıcılıq axtarışlarında kollektivinizin
peşəkarlığı bir rəhbər kimi sizi qane
edirmi?
– İrəvan teatrı keçdiyi uzun yolda tam olaraq
peşəkarlaşa bilmişdir. Peşəkarlıq
yaratdığımız sağlam yaradıcı mühit nəticəsində
bu gün də qorunub saxlanılır. Fəaliyyətə
başladığım ilk gündən teatrın
yaradıcı və texniki heyətinin gənc qüvvələrlə
zənginləşməsinə verdiyimiz rəvac iş
prinsipimizin prioritetinə çevrildi. Nəticə etibarı
ilə bu gün teatrımızda püxtələşmiş sənətkarlarla
yanaşı çoxlu istedadlı, peşəkarlar gənclər
fəaliyyət göstərir. Onların da hər
biri təkcə bacarıq və istedadları ilə kifayətlənmirlər,
teatr sənətini sevə-sevə, yorulmadan bir gündə
iki-üç əsərin məşqlərində
böyük həvəslə çalışırlar.
Kollektivimizin sənət fədailəri anlayırlar ki,
ömrünü teatra bağlayanlar burada çox ağır
çətinliklərlə üz-üzə dayana bilər. Bu prosesdə gərgin məqamlarla
mübarizə aparmalı, bəzən maddi imkansızlıqla
çox səmimi şəkildə üzləşməli
olacaq. Xoşbəxtlikdən gənclərimiz
belə halları özlərinə, öz talelərinə məhkum
olunmuş bir həqiqət kimi qəbul etməyi idrakla
anlayırlar. Yaradıcılıq
mühiti üçün vacib olan belə ab-hava ilə ruh
yüksəkliyi, böyük sənət yanğısı ilə,
qürurla çalışırlar. O da
anlaşılır ki, bu sənətin sahibləri hər kəsə
nəsib olmayan, düşüncə, hiss, duyğu, daxili
bütövlük, mənəvi rahatlıq və təmizlənmə,
saflaşma, kövrək və istiqanlı qəlb
dolğunluğu, idrak və təfəkkür dərinliyi,
zövqlü və kübar zənginlik, alicənab və
mükəmməl şəxsiyyət və sair kimi mütləq
sərvət zənginliyi ilə Tanrının
mükafatını qazanmaq imkanında ola bilirlər. Və o da dərk olunur ki, bu sənətə məhz
sənət naminə gələnlər gec-tez həmin
mükafata layiq görülürlər və özlərindən
sonra həyatda qoyub getdikləri böyük sənət
nümunələri ilə tarixin sənət salnaməsində
öz yerlərini tuturlar. Belə bir
müstəvi insan olan kəs üçün ən mötəbər
bir məkandır. Mən də teatrın rəhbəri olaraq əlimdən
gələni edirəm ki, kollektivin üzvləri bu ecazkar məkanda
özlərini rahat hiss etsinlər, istər maaddi, istərsə
də mənəvi qayğı ilə əhatə olunsunlar.
Bu gün respublikanın bütün teatrları kimi
İrəvan teatrı da dövlətimizin diqqəti və
qayğısı ilə əhatələnib. Biz bu qayğıdan səmərəli
şəkildə yararlanmağa həm bütün
düşüncəmizlə, həm də coşqun yaradıcılıq
ehtirasımızla çalışırıq.
– Teatr səhnəsində,
televiziyada müxtəlif səpkili rolların mahir
ifaçısı kimi tamaşaçı yaddaşında
qalmısınız. Aktyorların
yaradıcılığı pərdə qapanan kimi sanki
görünməz olur. Buna görə də
bu sənət daha çox diqqət, qayğı tələb
edir. Sizin fikrinizcə, aktyorun uğuru ilk növbədə
nə ilə bağlıdır və onu necə qorumaq
lazımdır?
– Aktyorun
uğuru səhnədəki zəfəri ilə
bağlıdır. Eyni zamanda teatrı yaşadan aktyordur... Aktyorlar da digər yaradıcılıq sahəsinin
nümayəndələri kimi, fərdi xüsusiyyətlərə
malik olan yaradıcıdırlar. Onların
özlərinə məxsus yaradıçılıq aləmləri
vardır. Ancaq iş burasındadır ki, digər sənət
sahələrindən fərqli olaraq, aktyorların
yaradıcılığı pərdə qapanan kimi müəyyən
mənada görünməz olur. Və bu
görünməz olan məkanda onlar adi insanlar kimi
qarşı-qarşıya dayandıqları asanlı-çətinli
həyat tərzlərinə qovuşurlar. Məhz
bu məkanda onların qayğısını çəkmək
və yardım göstərmək vacibdir. Ona görə ki, aktyorlar səhnədə nə qədər
fədakardırlarsa, qüdrətli və
bacarıqlıdırlarsa, real həyat məkanında adətən,
belə desək, daha doğru olar, yaranmış çətinliklərə
sinə gərərək, bu vəziyyətdən qorxmayanlar
qismində təmsil olunurlar. Yəni bu
çətinlik onlar üçün adiləşmiş hala
çevrilir. Aktyor sənətinin
hüsnü və ləzzəti də ondadır ki, bu sənətin
sahibləri yalnız və yalnız öz
potensiallarını səhnədə sərf etmək
üçün kodlaşdırırlar. Bu, başqa bir aləmdir.
Buna görə də teatrın rəhbərlərindən
tutmuş, ta qapıçısına qədər aktyorlara
qarşı son dərəcə həssas, diqqətli və
son dərəcə qayğıkeş olmalıdırlar.
– Amma bütün bunlarla yanaşı əzəli
peşəniz olan aktyorluğa eşqiniz heç zaman
sönmür. Deyirlər tarix insanları yox,
insanları tarixi yaradır. Azərbaycan
teatr səhnəsində ilk dəfə olaraq Ümummilli lider
Heydər Əliyevin bədii obrazını mükəmməlcəsinə
canlandırmış və teatr tariximizə
yazmısınız. Belə möhtəşəm
obrazı oynamaq hər bir aktyor üçün böyük şərəfdir.
Bu Sizə
çətin olmadı ki?
– Əlbəttə, çətin oldu. Teatr ictimaiyyətinə bəllidir ki, mən
1998-ci ildə Akademik Milli Dram Teatrının səhnəsində
yarımçıq qoyduğum yaradıcılıq prosesinə
on ildən sonra, 2009-cu ildə İrəvan Dövlət Azərbaycan
Dram Teatrının səhnəsində
yazıçı-dramaturq Aqşin Babayevin “Xilaskar” əsərində
ulu öndər Heydər Əliyevin bədii obrazı ilə səhnə
fəaliyyətimi davam etdirməyə başladım. Biz bu əsərlə
Azərbaycanın bütün bölgələrində,
Türkiyə Cümhuriyyətinin ən böyük şəhərlərində,
Gürcüstan Respublikasının paytaxtı Tiflis şəhərində,
Ş.Rustaveli adına Akademik teatrın səhnəsində,
eləcə də respublikanın digər rayonlarında,
Dağıstan Respublikasının Dərbənd şəhərində
tamaşaçı alqışları ilə təltif
olunduq. Dahi rəhbərin
obrazını yaratmaq hər bir aktyordan böyük məsuliyyət
tələb edir. Əsas odur ki, mən bu
prosesdə üzərimə düşən məsuliyyətin
ciddiliyini çox yaxşı dərk edirdim. Ümummilli
liderimizin bədii obrazının portret cizgilərindən daha
çox onun zəngin
daxili aləmini əks etdirməyə
çalışırdım.
Daha sonra müəllifi olduğum “Qurtuluş dastanı”
və Hidayətin “Burdan min atlı keçdi” əsərlərində
də ulu öndər Heydər Əliyevin bədii
obrazını canlandırmaq nəsibim oldu. Hər üç əsərdə
qəhrəmanım, müxtəlif dövrlərdə,
müxtəlif hadisələr əhatəsində öz
mübarizə yolunun konturlarını ustalıqla
sahmanlayır, uğurlu həyat və ömür zirvəsinə
doğru mükəmməl addımlayır. Bu ali missiya
daşıyıcısı, dolğun imkanlara malik olan obraz
üzərində yaradıcılıq prosesi həm bir insan,
həm də bir sənətçi
kimi mənəvi dünyama zəngin potensial yükləyirdi.
Hazırda üzərində yaradıcılıq işi
apardığım obraz da son dərəcə maraqlı, bədii
yükü olan və ümummilli liderimiz Heydər Əliyev ideyalarının
yaşaması və cəmiyyətə təlqin edilməsi
üçün sədaqətlə çalışan bir
tarixi şəxsiyyətin obrazıdır. Yaradıcılıq səhifəmdə
bu əsərin özünəməxsus yer tutacağına
tam əminəm. Yaradıcılıq
prosesi zamanı artıq obrazın bütün dolğun
imkanları görünür.
– İrəvan teatrını fərqləndirən cəhətlərdən
biri də hər mövsümdə yeni layihələrlə
çıxış etməsidir. Belə layihələrlə bağlı
açıqlama vermənizi istərdik.
– Bir daha təkrar
edirəm ki, İrəvan Teatrı davamlı olaraq
genişmiqyaslı Beynəlxalq layihələr həyata
keçirir və bu layihələrlə qastrol səfərlərində
ölkə mədəniyyətini layiqincə təmsil edir. Biz əvvəlki illərdə də çoxlu
orijinal beynəlxalq layihələr həyata
keçirmişik. 133-cü mövsümdə
isə ilk olaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və təşviqat
kompaniyası kontekstində gürcü
yazıçısı Nodar Dumbadzenin əsərlərinin
motivləri əsasında “Didro” tamaşasını
hazırladıq. Tamaşa İrəvan
teatrının, Binəqədi rayon ziyalılar cəmiyyətinin,
Gürcüstan Mədəniyyət və Abidələrin
Qorunması Nazirliyinin və Tiflis Dövlət Azərbaycan
Dram Teatrının birgə layihəsi olaraq həyata
keçirildi.
Çanaqqala
zəfərinin 100-cü ildönümü münasibətilə
Türkiyə Cümhuriyyəti
“Anadolu Aydınlar Ocağı”, Azərbaycan
Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası, Azərbaycan
Respublikası Qaçqın və Məcburi
Köçkün Gənclər təşkilatı və
İrəvan Dövlət Azərbaycan Dram Teatrının birgə
möhtəşəm tədbir həyata keçirildi. “Çanaqqala zəfəri” adlı layihə 17 aprel
2015-ci ildə reallaşdı. Məlumdur
ki, hər ilin 24 Nisan tarixində Türkiyədə
Çanaqqala zəfərinin kutlanma mərasimləri
keçirilir. Biz İrəvan teatrı
olaraq 100-cü ildönümünü Türkiyədən
öncə Azərbaycanda həyata keçirilməsi
üçün “Çanaqqala zəfəri” adlı layihə
çərçivəsində xüsusi bir tamaşa –
türk yazarı Demet xanım Çizmelinin “Cümhuriyyətin
ilk sədası” tarixi-xronoloji dramını hazırladıq.
Tədbir içtirakçılarına bu
tamaşanın premyerasını təqdim etdik. Diqqətinizə
onu da çatdırmaq yerinə düşər ki, müəllifi
olduğum “Soyqırımı tarixininn dastanı” əsəri
ilə Osmanlı dövlətinin nəhəng sərkərdəsi
Nuru Paşanın, Demet Çizmelinin “Cümhuriyyətin ilk sədasi”
əsəri ilə isə Türkiyə Cümhuriyyətinin
yaradıcısı böyük öndər Mustafa Kamal
Atatürkün bədii obrazları Azərbaycan teatr tarixində
ilk dəfə İrəvan Teatrının səhnəsində
canlandırılmışdır.
Kollektivimiz “Cümhuriyyətin ilk sədasi”
tamaşasını Türkiyə-Azərbaycan dostluğuna, həmrəyliyinə
yeni görəvi və mübarizə amacı kimi təqdim
etdi. Dünya birliyi qarşısında soyqırım hadisələrini
belə qutladı,
həm varlığı ilə, həm də
yaratdığı vətənpərvər ruhlu nəhəng
tamaşalarla, torpaqlarını zəbt etmiş və onu isti
yurd-yuvasından didərgin salmış düşməninə
qarşı qəhrəmancasına mübarizə mövqeyində
dayandığını bir daha təsdiqlədi. Yüz ilin erməni yalanlarına qarşı
türklərlə birgə mövqedə olduğunu öz sənət
qüdrəti ilə isbatladı. Çanaqqala zəfəri
təkcə Türkiyə Cümhuriyyətinin qurtuluş zəfəri
tarixi deyil, bu
zəfər həm də böyük türk birliyinin həmrəylik
və birlik, bir bayraq altında birləşməyə
çağırış tarixidir! – deyə
səsləndik.
– İrəvan Teatrının bölgə səfərləri
də həmişə maraqla qarşılanır. Bilirik ki, müəllifi
olduğunuz “Heydər Əliyev irsini öyrənirik!” adlı
maraqlı bir layihə ilə, “Qalx ayağa, Azərbaycan!”
devizi altında bir neçə il əvvəl həyata
keçirdiyiniz respublika miqyaslı səfər çox
böyük uğur qazanmışdır...
– Səfər Respublika miqyaslı olsa da, səfərin
mahiyyəti beynəlxalq məzmun
daşıyıcısıdır. Bu səfərimizdə
oynadığımız tamaşa da Beynəlxalq miqyaslı,
mötəbər hadisəni özündə ehtiva edən bir
layihədir. Biz dünya azərbaycanlılarını
birləşdirən, Azərbaycan və azərbaycançılıq
ideyalarını həyatının mənası hesab edən
və həmişə bu fenomen qüdrəti ilə
yaşayan ümummilli liderimiz Heydər Əliyev irsinin öyrənilməsi
və mənimsənilməsi məqsədi
ilə “Heydər Əliyev irsini öyrənirik” adlı layihə
ilə qastrol səfərimizə bölgələrimizdən
başladıq. Müəllifi olduğum “Qalx
ayağa, Azərbaycan!” devizi altında start verdiyimiz bu layihə
ilə biz, əlbəttə ki, Mədəniyyət Nazirliyinin
böyük dəstəyi ilə dünya azərbaycanlıları
qarşısında geniş miqyaslı səfərlər həyata
keçirməyi hədəfləmişik.
- İftixar
müəllim, kollektiviniz uğurlu beynəlxalq səfərdən
yenicə qayıdıb, söhbətimizə səfər təəssüratlarınızdan
başlamaq istəsəm də bu sual sona qaldı. Oxucularınıza bir qədər də son qastrolunuz
barədə məlumat verin.
- İrəvan teatrı olaraq, ələttə ki, dəfələrlə
Azərbaycandan kənarda təmsil olunmaq fürsəti əldə
etmişik. İlk
dəfə 2008-ci ildə, daha sonra 2011, 2013, 2016 və 2018-ci
illərdə, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin dəstəyi ilə, Türkiyə Cümhuriyyətinin
bir çox səhərlərində, bir-birindən maraqlı
əsərlərlə genişmiqyaslı qastrol səfərləri
həyata keçirmişdir. Undan başqa
biz dəfələrlə Gürcüstan və
Dağıstan Respublikalarında da maraqlı qastrol səfərləri
həyata keçirmişik. Ən maraqlı səfərlərdən
biri 2016-cı ildə Anadolu Aydınlar Ocağı
Başqanı, professor, doktor İbrahim Öztəkin dəvəti
ilə Türkiyə Cümhuriyyətinin Qars, Ərzurum,
İqdır, İnegöl, Bursa, İzmir, Sakarya, Kocaeli,
Amasiya, Samsun, Geresun, Trabzon şəhərlərində
baş tutan genişmiqyaslı qastrol səfəridir. Bu səfərdə dörd mövzunu özündə
ehtiva edən çox mühüm bir missiya ilə təmsil
olunurduq. Əsasən Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət!”
Beynəlxalq təliğat və təşviqat kompaniyası
çərçivəsində start verdiyimiz bu səfərdə,
müəllifi olduğum “Soyqırımı tarixinin
dastanı” əsəri ilə yanaşı, böyük
öndərlərimiz Mustafa Kamal Atatürk və Heydər
Əliyev irsinin öyrənilməsi məqsədi ilə
onların siyasi fəaliyyətlərindən bəhs edərn
D.Çizməlinin “Cümhuriyyətin ilk sədası” və
müəllifi olduğum “Nurlu ömrün anları” əsərləri
tamaşaçılara təqdim olunurdu. Səfərdə
atdığımız hər addımı Vətənimiz Azərbaycanın
ərazi bütövlüyü uğrunda öz canlarından
keçmiş şəhidlərimizin əziz ruhuna həsr
etdik. “Türkiyə-Azərbaycan kültür və sənətdə
“DEV” qardaşlıq və candaşlıq projesi”nin bir hissəsi olaraq reallaşan, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya
ədalət!” Beynəlxalq təbliğat və
təşviqat kampaniyası çərçivəsində
gerçəkləşdirilən bu möhtəşəm
layihəyə eyni zamanda 24 Nisan qondarma erməni
soyqırımı yalanlarının ifşa olunması da əlavə
edilmişdi. Layihənin cövhərində türklərə
qarşı qərəzli mövqedə dayanan qara qüvvələrə,
böyük türk siyasi xadimləri Mustafa Kamal
Atatürkün və Heydər Əliyevin öndərlik məfkurələrini
bütün həqiqətləri ilə anladaraq, dünya siyasət
arenasında əvəzi olmayan belə parlaq şəxsiyyətlər
yetişdirmiş xalq qarşısında türkün və
türkçülüyün əleyhinə mübarizə
aparan bədxahlarımıza öz yerlərini göstərmək
niyyəti dururdu.
Eyni missiya ilə
2018-ci il, bu dəfə Azərbaycanlılara qarşı
törədilən Soyqırımı tarixinin
yüzüncü ildönümünün qeyd olunduğu
günlərdə yenə də Türkiyə Cümhuriyyəti
Anadolu Aydınlar Ocağının rəhbəri pr.dr. İbrahim Öztəkin
təşkilatşılığı ilə yenidən Türkiyə Cümhuriyyətinin Trabzon, Sakarya, Ədirnə,
Çanaqqala, İzmir, İstanbul, İnegöl şəhərlərində
müəllifi olduğum “Soyqırımı tarixinin
dastanı” tamaşası ilə təmsil olunduq. Düzünü deməliyəm ki, bu əsər həm
Azərbaycanda, həm də Türkiyədə çox sevilir
və çox böyük coşqu ilə qarşılanır.
Əsərdəki ümummənafe
tamaşaçıların diqqətini dərhal özünə
cəlb edir. Bizim amacımız
böyük Turandır. Turan uğrunda
savaşa sovetlər dönəmindən başladıq, bu
gün də bu savaşa davam edirik və biz bir bayraq
altında türk dövlətlərinin toplanacağı
günə qədər hamılıqla mücadilə edəcəyik.
– Bəs
teatrın repertuarı hansı prinsiplərə uyğun
qurulur və hazırda hansı işlər gedir?
– Bu günün reallıqları çərçivəsində.
Azərbaycan və dünya
dramaturgiyasının ən yaxşı əsərləri ilə
yanaşı, məxsusi olaraq vətənpərvərlik mövzusunda
olan əsərlərə geniş yer veririk. Hesab edirik ki, Ermənistan tərəfindən zəbt
olunmuş Qarabağ torpaqları azad olunana, İrəvan
Teatrı öz yurduna, İrəvan şəhərinə
dönənədək teatrın repertuar siyasətini məhz
bu məntiq üzərində qurmaq daha doğrudur. O ki
qaldı görüləcəklərə, niyyətimizdə
çoxlu layihələrin həyata keçməsi vardır.
Binamızın əsaslı təmirindən
sonra bu barədə geniş proqram təqdim edəcəyik.
Hazırda teatrda qızğın məşqlər gedir:
mövsümün əvvəlindən üç yeni
tamaşa hazırlayıb təhvil vermişik. Görkəmli
şair-dramaturq Hidayətin “Ömürdən uzun gecə”,
gırğız dramaturqu Mar Bayciyevin “Ömür qatarı”, C.Cabbarlının
“Vəfalı Səriyyə” tamaşalarının
premyeralarını təqdim etmişik. İki
böyük əsər üzərində isə məşqlər
davam edir. Bunlar, M.Haqverdiyevin “Üç dəniz
əfsanəsi” və A.Babayevin “Ceviz ağacı” əsərləridir.
“Üç dəniz əfsanəsi” əsərinə
teatrın baş rejissoru Sərvər Əliyev, “Ceviz
ağacı” əsərinə isə mən quruluş veririk.
“Üç dəniz əfsanəsi”ndə həm də
baş rol üzərində
mən yaradıcılıq işi aparıram.
- Siz etdiklərinizlə
kifayətlənməyi xoşlamırsınız. Öz enerjinizi dramaturgiya, tənqid, elmi-təqdiqat
sahələrinə də yönəldirsiniz. Ciddi elmi araşdırmalarınızın nəticəsi
olaraq sənətşünaslıq üzrə fəlsəfə
doktoru elmi dərəcəsini almısınız. Bu sahədə nə kimi yeniliklər əldə
etmisiniz?
- Düz
buyurursunuz, mən teatr sənətinin praktikası ilə nəzəriyyəsini
birləşdirərək doktorluq dissertasiyası üzərində
tədqiqatlar aparıram.
Əsası dahi alim Lütfü Zadə tərəfindən
qoyulmuş qeyri-səlis məntiq nəzəriyyəsi
kapsamında, “Qeyri-səlis məntiq nəzəriyyəsinin
teatr sənətində sinergetik adaptasiyası (Elçin
dramaturgiyası əhatəsində)” məzmunlu elmi işlə
məşğul olur və bu işin elmi yenilik xüsusiyyətinin tam şəkildə, həm
dolğun, həm də aydın mülahizələr,
müqayisələr, paralellərlər, kəsişmələr
və çarpaz konturlarla elmi müstəvidə öz yerini
tapmasını təmin etməyə
çalışıram. Bu mövzunun nə qədər
ağır, çətin və mürəkkəb bir fəlsəfi
mahiyyətdən bəhs etdiyini yəqin ki,
anlayırsınız.
- Və
ehtimal ki, ağır, çətin
və mürəkkəb bir tədqiqat prosesi boyunca
çağdaş dönəmdə dünya teatrının
ümumi mənzərəsi, müasir səhnə
prosesinin müxtəlif
yönlü cəhətləri, cərəyanları,
inkişaf konturları, fərqli
mədəniyyətlərin sənət tendensiyaları, teatr
sənəti arealındakı yeniliklər də diqqətinizdən kənarda
qalmayacaq.
– Bilirsiz, Azərbaycan
müstəqillik əldə etdikdən sonra bütün sahələrdə,
xüsusilə də mədəniyyət sahəsində əsaslı
dəyişikliklər baş verdi.Milli teatr sənətimizin
bu günki səviyyəsi, son dövrlərdə əldə
etdiyi nəticələr
müstəqil respublikamızda mədəniyyətin, incəsənətin
inkişafı üçün keçirilən məqsədyönlü
və səmərəli fəaliyyət proqramları dövlətimizin
teatr sənətinə göstərdiyi qayğının
parlaq nümunəsidir. Bu xüsusda 6 fevral 2007-ci ildə Azərbaycan
Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş
“Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan
Respublikası Qanununu və Azərbaycan Respublikası
Prezidentinin 18 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramını göstərə bilərik.
Proqramın öz fəaliyyəti ilə milli mədəni sərvətə
çevrilmiş Azərbaycan teatrının zəngin bədii
irsinin, yaradıcılıq ənənələrinin
qorunmasına, ümumbəşəri və milli dəyərlərin
təbliğinə, dünya mədəniyyətinə inteqrasiyasına,
informasiya və maliyyə resurslarından səmərəli
istifadə edilməsinə, repertuarın günün tələblərinə
uyğun formalaşması məqsədlərinə xidmət
etməsi göz önündədir.
Bu proqrama
uyğun olaraq 2010-ci ildən başlayaraq hər iki ildən bir Mədəniyyət
Nazirliyinin tədbirlər planı çərçivəsində
gerçəkləşən Bakı Beynəlxalq Teatr
Konfransları teatr sənətinin problemləri kontekstində
müasir düşüncə parametrlərinin inteqrasiyası
nöqteyi-nəzərindən önəmli hadisəyə
çevrilir. Bu il artıq beşinci dəfə
keçirilməsi nəzərdə tutulan Beynəlxalq Teatr
Konfransı teatr sənətinin problemləri kontekstində mədəniyyətlərarası
dialoqların yaxınlaşma mexanizminin axtarılması,
müxtəlif düşüncə parametrlərinin
inteqrasiyası nöqteyi-nəzərindən son dərəcə
önəmli hadisədir. Çünki, Azərbaycan Respublikasının mədəniyyət
siyasətinin təməlində müxtəlif millətlərin,
xalqların mədəniyyət təmsilçilərini belə
nəhəng tədbirlər vasitəsi ilə bir araya gətirmək,
qarşılıqlı mədəni dialoq müstəvisində,
dünya teatr mənzərəsinin elitar fonunda sənət dəyərlərinin
və düşüncə fərqlərinin müqayisəsinə
diqqət yönəltməkdir. Bu baxımdan Qərbi Azərbaycanda,
onun paytaxtı İrəvanda, Qarabağda, işğal
altında qalmış digər məkanlarda
dağıdılan, izləri silinən yüzlərlə mədəniyyət
abidələrimiz, eləcə də deportasiya həyatı
yaşayan İrəvan, Şuşa, Ağdam, Füzuli
teatrlarının tale həqiqətlərinin dünya birliyi təmsilçiləri
qarşısında yeni teatral dildə səsləndirilməsi
məhz belə konfranslarda böyük əhəmiyyət kəsb
edir.
- İllər boyu qazandığınız uğurlara,
qürur duyulası fəaliyyətinizə görə Sizə
və rəhbərlik etdiyiniz istedadlı və əzmkar
kollektivinizə təşəkkür bildirir və yeni
tamaşalarınızı gözləyirik.
- 136 illik bir
tarixi özündə yaşadan, 90 ildir ki, Dövlət statusu ilə
çalışan bir sənət ocağı olaraq biz məsuliyyətimizi
yaxşı dərk edir, qazanılan uğurlardan heç vaxt
sakitləşmirik və tutduğumuz yolda daima əzmlə
çalışacağımıza tam əminik.
- Yolunuz daima açıq olsun!
Saminə
Hidayətqızı
Bakı xəbər.- 2018.- 12 iyun.- S.-
12.