Türk dünyasını öz əsərlərində
birləşdirən yazıçı-dramaturq…
“İslam Kərimova
yazdım ki, Əmir Teymur haqqında kitab yazmışam, mənim
günahım nədir ki, heç kəs kitabımı orada nəşr
etmək istəmir”
Yunus
Oğuz: “Deyərdim ki, Özbəkistanda daha məşhuram”
Yunus Oğuz bir
yazıçı-dramaturq kimi tarixi roman janrında
özünəməxsus örnəklər yaradıb. Çağdaş
tarixi romançılıqda öz dəst-xətti ilə fərqlənən
Y.Oğuzun yazdığı əsərlər yalnız
ölkəmizdə deyil, respublikamızdan kənarda da
özünə böyük şöhrət qazanıb. Y.Oğuzun
əsərləri bu gün Türk dünyasında,
xüsusilə də Orta Asiya respublikalarında çox
populyardır.
Öz yaradıcılığı,
yaratdığı əsərlərlə Türk
dünyasının birliyinə töhfələr verən
Yunus Oğuzla həmsöhbət olduq.
- Yunus bəy, Sizin
yaradıcılığınıza nəzər saldıqda
görürük ki, son illər daha məhsuldar işləyirsiniz
və bir-birinin ardınca çox maraqlı tarixi romanlar,
tarixi pyeslər meydana çıxarırsınız. Sirr deyil
ki, bu əsərlərin sırasında Türk
dünyasının qüdrətli oğlu Əmir Teymur
haqqında yazdığınız roman Turan ellərində
daha populyardır. Orta Asiya respublikalarına əsərləriniz
necə gedib çıxdı?
- Bu gün, demək olar ki, bir sıra
türkdilli respublikalarla mənim yaradıcılıq əlaqələrim
var. Qazaxıstanla da, Qırğızıstanla da, Özbəkistanla
da artıq bu əlaqələr qurulub. Təəssüflər
olsun ki, Türkmənistan qapalı bir məkandır və ora
daxil olmaq hələlik mümkün deyil. Əməkdaşlığa
ilk olaraq Qazaxıstandan başladıq. Almatıda Nazarbayev
Fondu “Əmir Teymur” tarixi romanımı rus dilində çap
etdi və o əsərin çox yüksək səviyyədə
təqdimatı keçirildi. Yəni əməkdaşlığımız
belə başladı. Onu da vurğulayım ki, əvvəllər
məni heç yaxına buraxmırdılar. Deyim ki, o vaxt
onlar elə düşünürdülər ki, Əmir
Teymurun çörəyini yeyənlərdən biri də gəldi.
Açığını deyim ki, heç mən burada maddi
maraq güdmürdüm. Mən heç orada qonorar da
almadım. Azərbaycan Mədəniyyət Fondu qonorar verdi,
ancaq orada mətbəələr qonorar vermədilər.
- Bəs Özbəkistanla əlaqəniz
necə quruldu?
- Mən o vaxt Özbəkistan Prezidenti
olan İslam Kərimova teleqram vurdum və əsərim
haqqında ona məlumat verdim.
- Söhbət “Əmir Teymur”dan gedir?
- Bəli. İslam Kərimova
yazdım ki, Əmir Teymur haqqında kitab yazmışam, mənim
günahım nədir ki, heç kəs kitabımı orada nəşr
etmək istəmir. Məlumat aldım ki,
İslam Kərimov ancaq xaricdən gələn teleqramlara
baxırmış, ancaq ölkə daxilindən gələn
teleqramlara baxmırmış. O teleqramdan sonra Usman
Kuçkar mənə zəng vurdu ki, səni Özbəkistana
dəvət edirlər. 2013-cü ildən də
Özbəkistanla aramda ədəbi əlaqələr quruldu.
“Əmir Teymur”u özbək dilinə Usman
Kuçkar tərcümə etdi. Kitab nəşr
olunduqdan sonra böyük səs-küyə səbəb oldu,
güclü əks-səda yaratdı.
- Nə mənada səs-küy yaratdı?
- Bilirsiniz, mənim romanımda indiyə qədər
özbək alimlərinin, özbək
yazıçılarının Əmir Teymurun həyatı ilə
bağlı yazmadıqları faktlar öz əksini
tapmışdı. Təbii ki, mən bir
yazıçı kimi Əmir Teymurun müsbət keyfiyyətlərini
daha güclü şəkildə qabartmışam. Onlar mənim “Əmir Teymur”umu sevməyə
başladılar.
- Bir neçə dəfə oxucuların,
elmi ictimaiyyətin Sizinlə yaradıcılıq
görüşləri təşkil edilib. Mən
də o tədbirlərin bəzilərində iştirak
etmişəm. “Əmir Teymur”dan
danışılanda akademik Nizami Cəfərov dəfələrlə
bildirib ki, özbək alimləri, yazıçıları
Əmir Teymur mövzusuna çox qısqanclıqla
yanaşırlar. Bəs Sizi onlar necə
qarşıladılar, yazdıqlarınızı asanlıqla
qəbul etdilər?
- Mən bildirirdim ki, Əmir Teymur təkcə
Özbəkistanın deyil, həm Qazaxıstanın, həm
Qırğızıstanın, həm Azərbaycanın, həm
də Türkiyənindir, bir sözlə, bütün Türk
dünyasınındır. Onlara xitabən
deyirdim ki, siz onu yalnız özbək etməklə nə
üçün onun meydanını daraldıb, bu nəhəng
şəxsiyyəti bir küncdə saxlayırsınız.
Siz onu özbək edirsiniz, tutalım, Türkiyədə
də Əmir Teymuru sevmirdilər ki, o, İldırım Bəyazidi
əsir götürüb. Özbəklər
Əmir Teymuru özbək edincə, qazaxlar deyir “mənimdir”,
qırğızlar da eyni sözü deyir, Azərbaycan da eyni
düşüncəni bölüşür. O, Türk
dünyasınındır. Belə baxanda
heç o vaxt “özbək” adı yox idi. Mən
də deyirdim ki, əgər siz Əmir Teymuru “özbək”
adlandırırsınızsa, onda o, azərbaycanlıdır.
Çünki Atabəylərin sonuncu atabəyinin
adı Özbək olub. Ancaq Şövkət
Mirzəyev Özbəkistan Prezidenti olduqdan sonra bu məsələyə
münasibət də dəyişib. 3-4 il
əvvəl dediklərimi indi özbəklər özləri
təkrar edirlər ki, biz türkük.
- Siz həm də tarixi ədaləti bərpa
etmisiniz...
- Özbəkistanda kəndlər var ki, onlar
özlərini türk adlandırırlar. Tanrı
dağlarının ətəklərində yerləşən
bu kəndləri, əraziləri gəzib
dolaşmışam, insanlarla ünsiyyətdə olmuşam.
Ancaq özbək elitası, məmurlar özlərini
özbək hesab edirlər. Şövkət Mirzəyev
Rəcəb Tayib Ərdoğanla görüşdükdən
sonra “bura Turandır” dedi və özünü türk
adlandırdı, özbəklər də indi türk
olduqlarını dilə gətirirlər. Bu gün türk
xalqlarının əksəriyyəti latın
əlifbasına keçib. Bu gün mənim
ancaq “Əmir Teymur” əsərimi deyil, digər əsərlərimi
də təqdir edirlər, romanlarımı müzakirə
edirlər, ayrı-ayrı bölgələrə, vilayətlərə
görüşlərə dəvət edirlər. Deyərdim ki, Özbəkistanda daha məşhuram.
- Siz bu günlərdə “Özbəkistan-Azərbaycan”
Dostluq Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif
edilmisiniz. Ürəkdən təbrik edirik.
- “Sultan Alp Arslan” romanım Nizami Gəncəvi
adına Daşkənd Dövlət Pedaqoji
Universitetində müzakirə edilirdi. Bu
müzakirədə əsərin məziyyətləri, bədii
keyfiyyəti, ideyası haqqında çox yüksək fikirlər
bildirdilər. Yəni onlarla
tanışlığım vardı. Ancaq Nizami Gəncəvi
adına Daşkənd Dövlət Pedaqoji
Universitetinin rektoru Şavkat Şaripovun imzası ilə Fəxri
Fərmanla təltif edildiyimdən xəbərim yox idi. Həmin
Fəxri Fərmanı universitetdən Daşkənddəki
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinə göndəriblər.
- Sizin yaradıcılığınızda
türk xalqlarının birliyi təbliğ edilir. Əsərlərinizdə bu xətt önə
çəkilir. Hesab edirik ki, bu əsərlər
türk xalqları arasında bir körpüdür. Siz bu barədə nə
düşünürsünüz?
- Artıq Yakutyadan da, Kazandan da, Orta Asiyadan
da Bakıya ümid yeri kimi baxırlar. Mən o yerləri gəzmişəm,
görüşlər keçirmişəm. İnanın ki, onlar Bakını özləri
üçün müqəddəs Kəbə hesab edirlər.
Bizdən Şərqdə olanların Kəbəsi
Bakıdır. Onlar Bakını, Azərbaycanı
Turanın mərkəzi, yəni başı sayırlar. Düşünürəm ki, onlar qətiyyən yanılmırlar,
çünki bunun tarixi əsası, kökü var. Deyək
ki, 1926-ci ildə I Türkoloji Qurultay Bakıda
keçirilmişdi. Bilirik ki, həmin
qurultayda Türkiyənin, Rusiyanın, Orta Asiyanın, eləcə
də digər dünya dövlətlərinin çox
böyük türkoloq, şərqşünas alimləri
iştirak edirdilər. O vaxt da ortaq türk dili, ortaq
türk mədəniyyəti, ortaq əlifba kimi vacib, əhəmiyyətli
məsələlər Bakıda müzakirə edilirdi, bu
gün də belədir. Yəni bunlar Bakıda
baş vermişdi, bu gün də o yaddaş unudulmur. Onlar ona görə də Azərbaycanı ümid
ünvanı kimi qəbul edirlər. Düşünürlər
ki, türk xalqlarının birliyi ilə bağlı ortaya nə
çıxarsa, Azərbaycan çıxaracaq. Əslində, düz də edirlər. Çünki iqtisadi cəhətdən də, digər
baxımlardan da Azərbaycanın ortaya müsbət işlər
qoyduğunu görürlər.
- Əsərlərinizin digər
türkdilli ölkələrdə yeni nəşrləri nəzərdə
tutulurmu? Ümumiyyətlə,
beynəlxalq ədəbi əlaqələrin səviyyəsi
Sizi qane edirmi?
- “Əmir Teymur”un hər
iki cildi Moskvada nəşr edilib və kitabların təqdimatı
da çox yüksək səviyyədə təşkil
edilib. Bu tədbirdə Rusiyadakı diasporumuz
kifayət qədər aktiv iştirak edirdi. “Əmir Teymur” Türkiyədə, Qazaxıstanda,
Özbəkistanda və digər ölkələrdə
çap olunub. “Nadir şah” Böyük
Britaniyada çap edildi. Digər əsərlərim
də xaricdə çap oluna bilər. “Əmir Teymur”un maştabı elədir ki, bütün
dünya oxucuları üçün çox
maraqlıdır. Deyək ki, “Şah arvadı və
cadugər” Polşada işıq üzü gördü.
Türkiyədə bütün kitablarım nəşr
edilib.
Ədəbi əlaqələr var, ancaq mərkəzləşdirilmiş
şəkildə deyil. Yəni ədəbi əlaqələrin qurulması
işi ilə müəllif olaraq özüm məşğul
oluram. Baxmayaraq ki, Azərbaycanda
böyük Tərcümə Mərkəzimiz var, ona çox
hörmətli Afaq xanım Məsud rəhbərlik edir. Ancaq sözügedən qurum bu işlə elə də
geniş formada məşğul olmur. Azərbaycan
Yazıçılar Birliyinin də Beynəlxalq əlaqələr
sektoru var, onlar da bu işlə o qədər məşğul
olmur. Hərənin öz maraqlarına xidmət
edən məsələlər var ki, onlar onunla məşğul
olurlar.
- Əslində, əsərlərin
çapı, tərcüməsi, yayımı ilə müəlliflər
deyil, aidiyyəti qurumlar məşğul olmalıdırlar. Yazıçının
işi yazmaqdır, onu çap etmək, tərcüməsi ilə
məşğul olmaq, yaymaq məsuliyyəti
yazıçıya aid olmamalıdır. Bu
barədə fikriniz necədir?
- O qurumlar deyirlər ki, bu işlərlə
məşğul olmaq üçün maliyyəmiz yoxdur. Hələlik vəziyyət belədir ki, hansı
yazıçının imkanı varsa, özü əlaqə
qurmalı, əsərlərini özü tərcümə
etdirməlidir. Bu gün Azərbaycan nəşriyyatları,
mətbəələri kitab biznesi ilə məşğul
olmurlar. Onlar müəlliflərlə əməkdaşlıq
müqavilələri bağlamağa can atmırlar. Nəşriyyatlar deyirlər ki, pulunu ver, kitabını
çap edim, onu satarsan, satmazsan, özün bilərsən.
Yəni bütün işlər müəllifin
boynunda qalır. Müəllifi olduğum
“Ovçu” romanı haqqında gözəl film çəkmək
olar. Ancaq çox təəssüf ki,
bununla maraqlanan yoxdur. Gərək hər
şeyi irəli düşüb özün edəsən,
müvafiq qurumlara məktub yazasan, müraciət edəsən.
- “Ovçu” romanının motivləri əsasında
film çəkilməsi üçün hansısa bir rəsmi
quruma müraciət etmisinizmi?
- Bəli, etmişəm, lakin təəssüf
ki, hələ müraciətimə müsbət cavab verilməyib.
Əgər əsər xoşlarına gəlmirsə,
desinlər ki, əsər zəifdir və onun əsasında
film çəkilə bilməz. Heç nə
demirlər.
- Bu gün siz də daxil olmaqla, bir
neçə yazıçı var ki, tarixi roman janrında
yazır. Bu əsərlər yeni tarixi filmlərin meydana gəlməsinə
bir əsas ola bilər. Lakin
hələ müasir əsərlər kinoya gətirilmir.
Bunun səbəbləri nədir?
- Müasir dövrdə tarixi film janrı,
demək olar ki, yoxdur. Qarabağ haqqında
bir-iki film çəkilib. O da yəqin ki, Qarabağ
problemi olmasaydı, heç o filmlər də çəkilməzdi.
Son dövrlər Aqil Abbasın “Dolu”sundan başqa
bir şey çəkməyiblər. Halbuki,
bu qədər tarixi əsər ola-ola, heç kəs ona əhəmiyyət
vermir və rejissorlar tarixi əsərlərə meyl göstərmək
istəmirlər. Heç biri istəmir ki,
tarixi mövzuda film çəksin, çünki bu janrda
çəkilən filmlərə güclü maliyyə,
maddi-texniki baza lazımdır.
Prezident Administrasiyasının rəhbəri,
akademik cənab Ramiz Mehdiyev Nadir şah haqqında kitab
yazıb, Nadir şah haqqında olduqca müsbət fikirlər
bildirib, onu yüksək dəyərləndirib. Lakin heç kəs Nadir şah
haqqında film çəkmək istəmir. 18
iyun Nadir şahın anım günüdür, heç bu
tarixi günü yada belə salmadılar. Düşünürəm
ki, mədəniyyət sahəsində ciddi dönüşə
ehtiyac var. Ədəbiyyat, kino, teatr sahəsində yeniliklər
olmalıdır. Mədəniyyət
Nazirliyinin işi yalnız kimlərəsə ödüllər
verməklə, yaxud hansısa kitabların təqdimatını
keçirməklə bitməməlidir. Azərbaycanda
kitab sahəsində ciddi canlanma olmalıdır. Bilirsiniz ki, bir neçə gün əvvəl
AYB-nin təşkilatçılığı ilə
Mikayıl Müşfiq Poeziya Günləri keçirildi.
Bu çox gözəl bir tədbir idi. Şairlər, yazıçılar rayonlara getdilər,
çox maraqlı görüşlər keçirdilər.Mədəniyyət
Nazirliyi mənə də, Elçin Hüseynbəyliyə də
“Qızıl kəlmə” mükafatı verib. Ancaq indiyə qədər bir yerdə, bir rayonda bizim
görüşümüzü təşkil etməyib. Bizdən başqa da nə qədər insana həmin
ödül verilib. Nə üçün
bir dəfə bizim görüşlərimizi təşkil
etmirlər? Bəs onda bu ödülləri
niyə verirdiniz? Hələ pul
mükafatı da verirsiniz. Onda onu niyə
verirsiniz? Mükafat verdiyiniz
yazıçıları cəmiyyətə tanıdın ki,
onlar yaxşı əsərlər yazıblar. Mükafat alırsan, bir ay mətbuat yazır, mətbuat
yazmağı dayandıran kimi hər şey unudulur.
İradə
SARIYEVA
Bakı xəbər.-
2018.- 15 iyun.- S.10.