Dini və milli tolerantlıq, millətlərarası
münasibətlərin inkişaf etdirilməsi
Dünyanı
bürüyən sosial gərginliklər, dini
qarşıdurmalar və müxtəlifliyə qarşı
dözümsüzlük halları
yaşadığımız dövrün aktual
anlayışı olan tolerantlığı tez-tez gündəmə
gətirir. Tolerantlıq artıq sadəcə müxtəlif
xalqlar arasında münasibətlərin tənzimlənməsi
deyil, dövlətlər səviyyəsində xüsusi siyasi
kurs kimi tətbiq edilən bəşəri bir dəyərə
çevrilib. Tarixi mövqedən yanaşdıqda,
tolerantlıq anlayışının əvvəllər daha
çox qarşılıqlı münasibətlərdə
ehtiva olunduğunu, indi isə xüsusi qanunlarla tənzimləndiyini,
müxtəlif təşkilatlar və qurumlar tərəfindən
qəbul olunan sənədlərdə vacib müddəa kimi
öz əksini tapdığını görərik.
Tolerantlıq tarixən konseptini dəyişən aktual anlayış kimi
Tolerantlıq
hər hansı fərdə və ya qrupa məxsus
yanaşmaların, inancların, fikirlərin və mövqelərin
digər fərd və ya qrup tərəfindən qəbul edilməsidir.
Bu anlayış ənənələri, irqi və ya etnik
kökləri çoxluqdan fərqlənənlərə
qarşı daha yumşaq münasibəti nümayiş
etdirir. “Tolerant” termini ilk dəfə XV əsrdə yuxarı
dairələrdən icazə almaq mənasında işlədilib.
Antik dövrdə tolerantlığın ilkin elementləri
özünü göstərirdi: işğaldan sonra əsarət
altına alınmış hər hansı xalqın nümayəndələrinin
azadlığa buraxılması və vətənlərinə
qayıtmağa icazə verilməsi; işğal olunmuş ərazilərdə
yaşayan xalqların öz tanrılarına ibadət etməyə
imkan yaradılması və s. Orta əsrlərdə xüsusi
qruplara münasibətdə tolerantlığın daha təkmil
forması özünü göstərməyə
başladı. Bu baxımdan “tolerantia” adlandırılan
Latın konsepti “orta əsrlərin yüksək inkişaf
etmiş siyasi və hüquqi konsepti” kimi önəmli nəzəriyyə
hesab olunurdu. Sonralar ilahiyyatçılar fərqli dinlərə
məxsus fikirlərin dilə gətirilməsinə icazə
verilməsi məsələsini irəli sürdülər.
Tolerantlığın dövlət tərəfindən tətbiq
edilən siyasi kurs kimi dəyərləndirilməsi XVI əsrdən
sonrakı dövrlərə təsadüf edir.İntibah
dövründə siyasətçilər və tədqiqatçılar
dini tolerantlığın qanunla tənzimlənməsinə
dair müzakirələrə başladılar. 1689-cu ildə
Britaniya parlamenti “Tolerantlıq aktı” adlanan sənəd qəbul
etdi və bununla non-konformistlərə inanclarında azad olmaq
hüququ verildi. 1789-cu ildə Fransa inqilabı ərəfəsində
Mili Assambleya tərəfindən qəbul edilmiş Deklarasiyada
fikirlərinə görə heç kəsə müdaxilə
edilməməsi, dini inanclara hörmət bəslənilməsi
vurğulanırdı.
XX əsrdən
etibarən müvafiq konsept beynəlxalq sənədlərdə
vacib müddəa kimi daha geniş əks olunmağa
başlandı. 1948-ci ildə BMT Baş Assambleyasında qəbul
edilmiş Ümumdünya İnsan Haqları Bəyannaməsinin
18-ci maddəsində qeyd olunur: hər bir insan
düşüncə, vicdan və din azadlığı
hüququna malikdir: bu hüquqa öz dinini və ya əqidəsini
dəyişmək azadlığı, öz dininə və ya
əqidəsinə həm təkbaşına, həm də
başqaları ilə birlikdə, dini təlimdə, ibadətdə
və dini mərasim qaydalarının yerinə yetirilməsində
açıq və özəl qaydada etiqad etmək
azadlığı daxildir.
1995-ci il
noyabrında keçirilmiş UNESCO-nun Baş
Konfransının 28-ci sessiyasında Tolerantlıq prinsiplərinə
dair bəyannamə qəbul olundu. Bu bəyannamədə
“dözümlülük, ilk növbədə insan
azadlıqları və universal hüquqların etirafı əsasında
formalaşan fəal münasibətdir”, bununla yanaşı
“dözümlülük, insan hüquqlarına dair beynəlxalq
hüquq aktlarında müəyyən olunmuş normaları
iddia edən, həqiqətin mütləqləşdirilməsindən
və ehkamçılıqdan imtina edən bir
anlayışdır” fikirləri ifadə olunub.
Müasir
anlamda tolerantlıq daha çoxşaxəli mahiyyət kəsb
edir. Tarixçi Aleksandra Valşam bu anlayışın
artıq ənənəvi mənasından
uzaqlaşdığını və daha çox insan
haqlarına liberal münasibəti təzahür etdiyini
vurğulayır. Maraqlı paradokslardan biri də
tolerantsızlığa qarşı tolerant münasibətdir.
Bu mülahizəni irəli sürən tədqiqatçılar
bu növ münasibətin daha mürəkkəb bir akt
olduğunu, lakin sakit və təhlükəsiz cəmiyyət
üçün vacibliyi fikrini irəli sürürlər.
Tolerantlıq
milli inkişafın və beynəlxalq sabitliyin yeni elementi kimi
“Vacib məqam odur ki, növbəti minillikdə
Avropa multikultural qitəyə çevriləcək. Qəbul
olunsa da, olunmasa da bu baş verəcək” - dünya
şöhrətli italiyalı yazıçı Umberto Eko yeni
dövrdə tolerant cəmiyyətin hansı nəticələrə
gətirəcəyini bu sadə fikirlərlə izah edirdi.
Tolerantlığın müasir konseptində əksini tapan məqamlar
şərhçiləri iki qrupa bölür: bəziləri
tolerant cəmiyyətin yaşadığımız
dünyanın ən mükəmməl ideyalarından biri
olduğunu, dövlətin inkişafına və xalqlar
arasında münasibətlərin tənzimlənməsinə
müsbət təsir göstərdiyini, əksər gərginliklərə
və qarşıdurmalara son qoya biləcəyini
vurğulayırlar. Başqa bir qrup isə həddindən
artıq tolerant olmağın özünün də bir
sıra problemlərlə nəticələnə biləcəyi,
müəyyən mərhələdən sonra xaosa səbəb
olacağı fikrini irəli sürürlər. Onlar bu
baxımdan Avropanın son illər üzləşdiyi miqrant
problemini gündəmə gətirirlər və yaşanan gərginliyin
Köhnə Qitənin həddindən artıq “mülayim və
tolerant” olması ilə əlaqələndirirlər. Lakin, bu
cür yanaşma tolerantlıq anlayışının siyasi
xarakterini qabartmaqdan başqa bir şey deyil. Axı
tolerantlıq təkcə müxtəlif beynəlxalq
qurumların sənədlərində əksini tapan, siyasətçilərin
çıxışlarında səsləndirilən müddəa
deyil, həm də həyat tərzidir, ənənədir, hər
hansı bir xalqın xarakterik cəhətidir.
İsveçli tədqiqatçılar
Niklas Berqren və Mikael Elinder “Tolerantlıq inkişaf
üçün müsbət yoxsa mənfi amildir?!”
mövzusunu araşdıran zaman maraqlı fikirlər irəli
sürürlər. Vurğulayırlar ki, tarixi epizodlar
azlıqlara qarşı açıq münasibətin iqtisadi
çiçəklənməyə təsir göstərməsini
təsdiq edir. Misal üçün, müxtəlif dini
azlıqların Hollandiya, İngiltərə və
İsveçə gəlməsinə imkan yaradılması məhsuldar
immiqrantları cəlb edərək onların iqtisadi
inkişafda iştirakını təmin edib. Texnoloji proqres
çərçivəsində əksərən “innovasiya
müxtəliflik və tolerantlıq tələb edir”
mülahizəsi gündəmə gəlir. Artıq
tolerantlıq həm də “vacib sosial faktor”a çevrilib.
Tolerantlıq iqtisadi inkişafa üç
yolla təsir edə bilər: birincisi, tolerant münasibətin
birbaşa yönəldiyi şəxs və ya qruplardan
başqa digər qruplara təsir göstərməklə;
ikincisi, azlığa qarşı tolerant münasibətin həmin
qrupun fəaliyyətinin məhsuldarlığına və
innovativ potensialına müsbət təsir göstərməklə;
üçüncüsü, yeni ideya və dəyərləri
yaymaqla.
Digər bir araşdırmada iqtisadi
artım və inkişafın təbii sərvətlər,
texnoloji innovasiya və insan kapitalı kimi elementlərlə
bağlılığı ilə yanaşı, mədəni
müxtəliflik faktoru ilə əlaqəli olduğu fikri irəli
sürülür. Bu amil iki mülahizə ilə izah edilir:
- Coğrafi təcrid xətti industrializmdən
əvvəlki dövr üçün müsbət rola malik
ola bilərdi. Lakin, industrializm dövrü başladıqdan
sonra bu yanaşma mənfi nəticələrə gətirib
çıxardı. Mədəni müxtəlifliyə
qarşı daha az həssas olan cəmiyyətlər yenilikləri
izləmək və tətbiq etməkdə çətinlik
çəkirdilər. Bu da öz növbəsində həmin
cəmiyyətlərin zamanın tələblərinə
uyğunlaşmasına, bu yolla da çiçəklənməyə
əngəl törədirdi.
- İndustrializmdən qabaq təcrid kursunu
tətbiq edən cəmiyyətlər əslində bu gün
də mədəni baxımdan daha az müxtəlifliyə
malik olan cəmiyyətlərdir. Həmin cəmiyyətlər
mədəni fərqliliyin sənayeləşmə prosesi
kontekstində iqtisadi inkişafa müsbət təsiri
olduğunu müşahidə etsələr də, bunu öz cəmiyyətlərində
tətbiq etməyə çətinlik çəkirlər.
Nəticə etibarı ilə, bu gün əksər
cəmiyyətlər tərəfindən qəbul edilən və
müsbət qarşılanan bir anlayış var: istər
inkişaf, istərsə də innovasiyaların dinamikasına
ayaq uydurmaq üçün “qapalı” qalmaq, fərqli ideyalara
və yanaşmalara qarşı dözümsüz olmaq
heç bir səmərə vermir. Artıq iqtisadi
inkişafın, sosial tərəqqinin və siyasi sabitliyin əldə
olunması üçün haqqında
danışdığımız anlayışın yeni və
daha qüvvətli təsir gücü inkar edilmir.
Tolerantlıq
həyat tərzi və xalqın özünüifadə vasitəsi
kimi Azərbaycanda tolerantlıq – tarixən və bu gün
“Azərbaycan əsrlər boyu dinlərarası
münasibətlərin inkişafında öz rolunu
oynamışdır. İctimai-siyasi quruluşundan
asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda
dini və milli dözümlülük, tolerantlıq çox
yüksək səviyyədə olub. Bu, Azərbaycan
xalqının duyğularıdır, eyni zamanda, müstəqil
Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda
fəaliyyət göstərən dini qurumların əməyinin
praktiki nəticəsidir” – Azərbaycan Prezidenti İlham Əliyevin
bu fikirləri ölkəmizdə dərin köklərə
malik olan tolerantlığın xalqımızın xarakterik cəhətlərindən
biri olması, zərurətdən irəli gələn hər
hansı konsepsiya deyil, bir həyat tərzi və mədəniyyət
olmasını əks etdirir.
Hələ eradan əvvəl 586-cı ildə
Babil hökmdarı II Novuxodonosurun Qüdsü işğal etməsi
nəticəsində talan olmuş İudeya
çarlığından qaçan yəhudi
köçkünləri Azərbaycan ərazilərində
özlərini daha rahat hiss edə bildilər. I əsrin
ortalarında İsa peyğəmbərin
davamçıları ölkəmizin ərazilərinə pənah
gətirdilər. Onlar burada Alban aftokefal kilsəsinin əsasını
qoydular. İslam dininin Azərbaycanda yayılması ilə
dini dözümlülük, tolerantlıq ənənələri
daha da möhkəmləndi. Tarixi mənbələrdə həmin
dövrlərdə müsəlmanların qeyri-müsəlmanlara,
xüsusilə də yəhudilik, xristianlıq və zərdüştiliyin
tərəfdarlarına qarşı hörmətlə
yanaşması qeyd edilir.
Müasir Azərbaycanda tolerantlıq daha da
möhkəmlənən, təkcə bütünlükdə
cəmiyyətdə deyil, hər bir vətəndaşın
şüurunda, mövqeyində, münasibətində və
həyat tərzində ehtiva olunan önəmli bir dəyərə
çevrilib və milli sərvət olaraq qəbul edilir. Bu məqamı
bir neçə səbəblə əsaslandırmaq olar:
- Milliyyətindən, dinindən, dilindən,
irqindən asılı olmayaraq, bütün vətəndaşların
hüquq və azadlıqlarının bərabərliyini təmin
edən milli siyasətin əsas müddəaları Azərbaycan
Konstitusiyasında, geniş şəkildə isə “Dini etiqad
azadlığı haqqında” Qanunda təsbit olunub. Həmçinin
ölkədə tolerantlığı, dini
dözümlülüyü möhkəmləndirmək məqsədilə
insan hüquq və azadlıqları, o cümlədən vicdan
və dini etiqad azadlığı ilə bağlı
qanunvericilik beynəlxalq hüquq normalarına
uyğunlaşdırılıb.
- Müxtəlif etnik qrupların öz dillərini,
mədəni dəyərlərini qoruyub saxlamaları, dini
inanclarını rahat şəkildə yerinə yetirə bilmələri
üçün lazımi şərait yaradılıb. Milli
azlıqların öz bayramlarını qeyd etməsi, hətta
həmin günlərin ölkə başçısı tərəfindən
təbrik edilməsi ənənəsi müxtəlif dini
konfessiyaların rəhbərləri tərəfindən
yüksək qiymətləndirilir. Ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə Azərbaycanda və
ümumilikdə regionda ilk dəfə 16 noyabr tarixinin Beynəlxalq
tolerantlıq günü kimi qeyd edilməsi, bu əlamətdar
gündə ölkəmizdəki dini konfessiyaların
başçıları ilə görüş keçirilməsi
ənənəsi geniş yayılıb.
- Əhalinin 95 faizini təşkil edən
müsəlmanların hüquqlarını təmin etməklə
yanaşı, dövlət respublika ərazisində yaşayan
bütün ənənəvi dinlərin nümayəndələrinə
diqqət göstərir. Bu istiqamətdə bəzi məqamları
yada salmaq olar: 1920-ci ildə bağlanmış Jen Mironosets
baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə
verildi. 1999-2001-ci illərdə paytaxtda katolik Müqəddəs
Məryəm kilsəsi tikildi. Rum patriarxı I Varfolomey
2003-cü ildə Azərbaycanda rəsmi səfərdə
olarkən ölkəmizdə mövcud tolerant mühit ilə
bağlı bu fikirləri bölüşmüşdü: “Mən
buradakı tolerantlığın səviyyəsindən məmnunam.
Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi
kimi ibadət edə bilir”.
Azərbaycan xalqı müxtəlifliyə
qarşı hər zaman tolerant münasibət göstərib
və qonaqpərvər ev sahibi simasında ölkəmizə
gələn bütün digər xalqların nümayəndələrinə
qucaq açıb. Bununla bağlı Azərbaycanda yaşayan
dini icmaların liderlərinin fikirləri də əhəmiyyət
kəsb edir. Onlar Azərbaycan xalqının öz təbii
dini tolerantlığı ilə seçildiyini qeyd edərək,
bu dəyərin həm cəmiyyətin təbii xüsusiyyəti,
həm də dövlətin siyasəti olmasını yüksək
qiymətləndirirlər.
Vidadi
Xudaşov
Bakı xəbər.-
2018.- 21 iyun.- S.13/