Tanınmış sənətçi
Zülfiyyə Eldarqızının “Qəm pəncərəsinin
o üzündə” və onun yaradıcılığına həsr
edilmiş “Bütün gözəlliyi Tanrım o sərvinaza
verib” kitablarının təqdimat mərasimi keçirildi...
Rəşad
Məcid, Aydın Kazımzadə, Aydın Quliyev və
başqa görkəmli ziyalılar da Z.Eldarqızının
yaradıcılığı, fəaliyyəti haqqında
müsbət fikirlər bildirdilər
Asif Rüstəmli: “Zülfiyyə
xanım bu gün sənətin elə bir zirvəsindədir
ki...”
Teymur Kərimli:
“Zülfiyyə xanım elə bir zəngin “baqaj”la Anar
yaradıcılığında bizim görmədiyimiz
detalları, məqamları üzə çıxarıb ki,
bu tapıntılar ona da, bizə də zövq verir”
Qulu Məhərrəmli:
“O, çoxşaxəli yaradıcılığa malikdir”
Kitab sözün gerçək mənasında
tarixdən-tarixə yadigar qalan bir məfhumdur. O kitab bu
gündən sabaha maneəsiz adlayıb gedə bilir ki, onun
bitkin ideyası, ədəbi-bədii siqləti olsun.
Alimdən, elm adamından kitab qalar. Sənətşünaslıq
üzrə fəlsəfə doktoru, tanınmış bədii
qiraətçi, sənətşünas Zülfiyyə
Eldarqızı bir alim kimi uzun illərdir elmin çətin
yollarında yorulmadan irəliləyib. O, bir sənətkar
kimi səhnə fəaliyyətini də yaddan
çıxarmayıb. O, həm bir aktrisa, səhnə
adamı, bədii qiraətçi, həm də bir alim
ömrü yaşayıb.
İyunun 20-də sənətşünaslıq
üzrə fəlsəfə doktoru, tanınmış bədii
qiraətçi, aktrisa Zülfiyyə Eldarqızının
Xalq yazıçısı Anarın kino
yaradıcılığına, kinodramaturgiyasına həsr
etdiyi “Qəm pəncərəsinin o üzündə”
(monoqrafiya) və əməkdar jurnalist Hikmət Xudiyevin (Cəmilzadənin)
Z.Eldarqızının səhnə fəaliyyətindən,
ömür yolundan bəhs edən “Bütün gözəlliyi
Tanrım o sərvinaza verib” kitablarının təqdimat mərasimi
keçirildi.
Beynəlxalq Mətbuat Mərkəzində
(BMM) düzənlənən təqdimat mərasimi
ömrünün 20 ilini səhnəyə, sənətə və
pedaqoji fəaliyyətə bəxş edən
Z.Eldarqızının yaradıcılığına verilən
böyük bir töhfə sayıla bilər. “Qəm pəncərəsinin
o üzündə” və “Bütün gözəlliyi
Tanrım o sərvinaza verib” kitablarının təqdimat mərasimində
respublikanın tanınmış elm, mədəniyyət
xadimləri, ictimai-siyasi sferada tanınan şəxsiyyətlər,
qələm adamları iştirak edirdi.
Filologiya elmləri doktoru, professor,
tanınmış ədəbiyyatşünas Asif Rüstəmli tədbiri
açaraq bildirdi ki, Z.Eldarqızını uzun illərdir
tanıyır. 20 il eyni ali məktəbdə
çalışdıqlarını deyən A.Rüstəmli
qeyd etdi ki, Z.Eldarqızı Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin səviyyəli,
savadlı, tələbkar müəllimlərindən biri olub.
A.Rüstəmli vurğuladı ki, hazırda
Z.Eldarqızı pedaqoji fəaliyyətini davam etdirmir, o
özünü çox yüksək səviyyədə səhnədə
və bədii qiraət sənətində ifadə edir.
“İyunun 20-si gözəl pedaqoq, səhnə
danışığının mahir bilicisi, ustadı
Z.Eldarqızının doğum günüdür. Mən onun neçə yaşının olduğunu
deməyəcəyəm, əsas odur ki, bu gözəl
gündə Zülfiyyə xanım dünyaya gəlib.
O, öz sənəti, öz istedadı, öz təfəkkürü
və öz sənəti ilə bu dünyanı gözəlləşdirib.
Bu gün (dünən) Zülfiyyə xanımın Xalq
yazıçısı Anarın kinodramaturgiyasına həsr
etdiyi “Qəm pəncərəsinin o üzündə”
kitabının və əməkdar jurnalist Hikmət Cəmilzadənin
Z.Eldarqızının səhnə fəaliyyətinə həsr
etdiyi “Bütün gözəlliyi Tanrım o sərvinaza verib”
kitablarının təqdimat mərasiminə
yığışmışıq. Hikmət
müəllimin Zülfiyyə xanıma həsr etdiyi kitabı
kitab-albom da adlandırmaq olar. Bu kitabda
Z.Eldarqızının səhnə fəaliyyətinin müxtəlif
məqamları gözəl şəkildə öz əksini
tapıb. Nəşrdə zəmanəmizin
çox adlı-sanlı ziyalılarının, fikir
adamlarının ürək sözləri də yer alıb.
Zülfiyyə xanım bu gün sənətin
elə bir zirvəsindədir ki, biz onu ustad bədii qiraətçi
kimi, gözəl sənətkar olaraq tanıyırıq. Uzun illər onunla Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində eyni kafedrada çiyin-çiyinə işləmişik.
Mən bu illər ərzində onu həm bir
alim, həm müəllim, həm də bir səhnə
adamı kimi yaxından müşahidə edə bilmişəm.
Zülfiyyə xanım çox gözəl
müəllim idi. O öz tələbələrini
çox sevir, onlarla nəfəs alırdı. Zülfiyyə
xanımın dərsinə hazırlıqlı gəlməyən
tələbə özü utanırdı ki, niyə dərsə
hazırlıqsız gəlib”.
Z.Eldarqızının gözəl alim, təfəkkür
sahibi olduğunu vurğulayan A.Rüstəmli qeyd etdi ki, bu
özünü Anarın kino yaradıcılığına həsr
etdiyi monoqrafiyada da göstərir. Z.Eldarqızının Anarın
yaradıcılığına təsadüfən müraciət
etmədiyini qeyd edən A.Rüstəmlinin sözlərinə
görə, monoqrafiyada yazıçının kino
yaradıcılığının əsas məqamlarının,
“qəm pəncərə”sinin o üzündə, pərdə
arxasında qalan məqamların araşdırlması, incələnməsi
baxımından çox əhəmiyyətlidir.
Allahın Z.Eldarqızına bənzərsiz
səs verdiyini və onun bu səsin gözəlliyi ilə
ölməz bədii qiraət nümunələri təqdim
etdiyini qeyd edən A.Rüstəmli bildirdi ki, aktrisa
yazıları yüksək istedadla, özünəməxsus
ustalıqla təqdim edir.
Sonra A.Rüstəmli sözü “Qəm pəncərəsinin
o üzündə” monoqrafiyasının elmi redaktoru,
AMEA-nın akademik katibi, akademik Teymur Kərimliyə verdi. Çıxışına
Z.Eldarqızının doğum gününü təbrik etməklə
başlayan T.Kərimli Z.Eldarqızı ilə
yaradıcılıq əlaqələrindən məmnun
olduğunu dedi: “Düz 18 il bundan öncə gənclik şəhəri
Sumqayıtın 1 nömrəli doğum evində bir körpə
öz iri ala gözlərini dünyaya heyrətlə
açdı və bu heyrət indiyə qədər də
davam edir, bizi heyrətləndirir, sevindirir. O, bu heyrəti səhnədə
yaradır, qələmlə yaradır, bədii qiraətlə
yaradır və bu gün o zirvədədir. Bu
münasibətlə onu təbrik edirəm”.
T.Kərimli vurğuladı ki,
Z.Eldarqızı bir kinoşünas, aktrisa, bədii qiraətçi
kimi öz fəaliyyətini davam etdirir və
gördüyü işlərlə insanlara zövq verir. “Zülfiyyə xanım elə
bir zəngin “baqaj”la Anar yaradıcılığında bizim
görmədiyimiz detalları, məqamları üzə
çıxarıb ki, bu tapıntılar ona da, bizə də
zövq verir. Bizim görmədiyimiz
detalları o bizə göstərir” - deyə T.Kərimli
arzuladı ki, bundan sonra da Z.Eldarqızı öz elmi və səhnə
fəaliyyəti ilə onu izləyənləri sevindirsin.
T.Kərimlinin
çıxışından sonra tədbirin rejissoru Kənan
Musayevin Zülfiyyə Eldarqızının ifasında lentə
aldığı klip təqdim edildi.
“Qəm pəncərəsinin o
üzündə” kitabının rəyçilərindən
biri olan professor Qulu Məhərrəmli də
çıxışında Z.Eldarqızının
yaradıcılığından ürəkdolusu
danışdı. “Bir yox, iki kitabın təqdimatı əslində
fövqəladə bir hadisədir. Bir
kitabı sən yazmısan, o birini isə sənin haqqında
yazırlar. Amma bu kitabları birləşdirən
bir cəhət var ki, onların hər ikisi eyni adamla
bağlıdır. Zülfiyyə xanım illərdir obyektivdədir,
göz önündədir. Sən bu dünyaya
göz açandan dərk edirsən, tədricən bu
intellekti formalaşdırırsan, bir gün zaman gəlir həm
də bildiklərini çatdırırsan. O,
çoxşaxəli yaradıcılığa malikdir. Anar
müəllim haqqında kitab yazmaq, onun kino
yaradıcılığını tədqiq etmək elə də
asan məsələ deyil, ancaq bunu müəllif bacarıb” -
deyə Q.Məhərrəmli bildirdi.Azərbaycan
Yazıçılar Birliyinin (AYB) katibi, “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcid
çıxışında bildirdi ki, Z.Eldarqızının
müəllifi olduğu kitab AYB sədri və AYB aparatı tərəfindən
yüksək qarşılanıb. R.Məcid vurğuladı
ki, Z.Eldarqızı bu monoqrafiyanı 2008-ci ildə elmi iş
kimi müdafiə edib. Onun Anarın kino
yaradıcılığına özünəməxsus şəkildə
yanaşdığını deyən R.Məcidin sözlərinə
görə, Z.Eldarqızı səhnə fəaliyyəti ilə
yanaşı, elmi və pedaqoji fəaliyyətini davam etdirməlidir.
Z.Eldarqızının Azərbaycanı dəfələrlə
xarici ölkələrdə, xüsusən də Türkiyədə
təmsil etdiyini deyən R.Məcidin bildirdiyinə görə,
aktrisa fəaliyyətinə görə TÜRKSOY-un da
mükafatlarına layiq görülüb.
Tədbirdə çıxış edən
tanınmış kinoşünas, Əməkdar incəsənət
xadimi Aydın Kazımzadə də Z.Eldarqızını
çoxdan tanıdığını və elmi fəaliyyətinin
şahidi olduğunu dedi. O, qeyd etdi ki, Z.Eldarqızı Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində laborant kimi fəaliyyətə başlasa da,
öz zəhmətkeşliyi sayəsində elmi və pedaqoji
fəaliyyətlə də məşğul olub. “Zülfiyyə
xanım elmi-pedaqoji fəaliyyətə mənim gözlərim
qarşısında
başlayıb. O, çox qoçaq,
çalışqan, istedadlı bir insan kimi özünü
göstərib. Məsuliyyəti, savadı ilə
özünü kafedrada yüksək şəkildə təqdim
edə bilib. Bir gün o mənə dedi ki, Anar müəllimin
kino yaradıcılığı haqqında elmi iş
götürmək istəyir. Mən də ona dedim ki, Anar müəllimin
yaradıcılığı çox ağır və
sanballıdır, sən ondan yazmağı bacaracaqsanmı,
hazırsanmı bu işə? O mənə dedi ki, bu işin
öhdəsindən layiqincə gələcək. Həqiqətən də söz verdiyi kimi də
etdi. O, ortaya çox dəyərli bir əsər
çıxardı. Çox təəssüf
edirəm ki, Zülfiyyə xanım pedaqoji fəaliyyətdən
tez ayrıldı, ancaq bu gün onun pedaqoq kimi işləməsinə
böyük ehtiyac var” - deyə bildirən A.Kazımzadə
vurğuladı ki, Z.Eldarqızı incəsənət sahəsində
uğurlar qazanıb və bundan sonra da qazanacaq.
Tədbirdə çıxış edən
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin
üzvü, “Bakı-Xəbər” qəzetinin baş redaktoru
Aydın Quliyev də Z.Eldarqızını illər boyu
tanıdığını və onun bir ziyalı, şəxsiyyət,
alim, sənətkar kimi yüksək keyfiyyətlərə
malik olduğunu vurğuladı.
Təqdimat mərasimində, həmçinin,
şair Vahid Əziz, Əməkdar incəsənət xadimi
Baba Vəziroğlu, Z.Eldarqızının səhnə və
sənət dostları çıxış edərək onu
həm ad günü, həm də müəllifi olduğu və
barəsində yazılan kitabların təqdim edilməsi
münasibətilə təbrik etdilər.
“Bakı-Xəbər” qəzetinin kollektivi
adından biz də ekspertimiz, dostumuz Zülfiyyə
Eldarqızını təbrik edir, ona yeni-yeni
yaradıcılıq uğurları arzu edirik.
İradə
Sarıyeva
Bakı xəbər.- 2018.- 21 iyun.- S.12