Muzeylərimizdə
Milli Qəhrəmanlar fondları – yeni ideya...
Milli Azərbaycan
Tarixi Muzeyində Milli Qəhrəmanlara aid fond yaradılmasa
da, onlara aid eksponatlar müxtəlif fondlarda mühafizə
olunur
Zərifə Cəfərova:
“Həm paytaxt muzeylərində, həm də rayon tarix-diyarşünaslıq
muzeylərində Milli Qəhrəmanlar və şəhidlərə
aid fondlar təşkil edilməlidir”
Aida Axundova: “Təəssüf
ki, biz o Milli Qəhrəmanların hamısının əşyalarını
əldə edə bilməmişik”
Tariximizin hər bir dövrü bizim
üçün xüsusi əhəmiyyət kəsb edir.
Torpaqlarımızın ərazi bütövlüyü,
azadlığı uğrunda mücadilələr verən Vətən
övladlarının hər birinin xatirəsi bizim
üçün əzizdir. Torpaqlarımızın
düşməndən müdafiəsi uğrunda şəhid
olan, sağlamlığını itirən insanların bir
qisminə Milli Qəhrəman adı verilib.
Muzeylərdə Azərbaycan dövlətinin
yağı düşməndən müdafiə olunması
yolunda canlarından keçən Milli Qəhrəmanların
şəxsi fondları yaradılıbmı?
Qeyd edək ki, həm paytaxtda, həm də
bölgələrimizdə müxtəlif profilli muzeylər fəaliyyət
göstərir və bu muzeylərin də hər birində
Milli Qəhrəmanların xatirəsini əks etdirən
eksponatlar olmalıdır.
1991-ci ildə yaradılan Azərbaycan
İstiqlal Muzeyində Milli Qəhrəmanların xatirəsinə
hər zaman böyük hörmət və sayqı ilə
yanaşılır. 7000 eksponatla fəaliyyətə
başlayan muzeydə hazırda 22000 eksponat mövcuddur.
Muzeyin əsas sənəd fondunda
müxtəlif sənəd nümunələri, kitablar
mühafizə olunur. Bu eksponatların arasında ən əhəmiyyətliləri
– Həzi Aslanova və Mehdi Quliyevə Sovet İttifaqı Qəhrəmanı
adı verilməsi haqqında fərman; Azərbaycan Xalq
Cümhuriyyəti parlamentinin üzvü Cavad bəy Məlik-Yeqanovun
həyat yoldaşı tərəfindən yazılmış
məktublar; Azərbaycan Respublikasının Milli Qəhrəmanları
Ələsgər Novruzovun, Hikmət Nəzərlinin şəxsi
sənədləri, Azərbaycan Respublikası Milli Qəhrəmanları
Gültəkin Əsgərovaya aid xatirə dəftəridir.
Burada Azərbaycan Respublikası Milli Qəhrəmanlarına
aid sənədlər, müxtəlif rəngkarlıq nümunələri
də saxlanır.
Muzeyşünas Zərifə Cəfərovanın
sözlərinə görə, Azərbaycan dövlətinin
müstəqilliyi, suverenliyi uğrunda canını fəda
edən vətən övladlarının hər birinin
irsinə muzeylər həssaslıqla yanaşmalıdırlar.
Onun sözlərinə görə, bu gün Azərbaycan Milli
İstiqlal Muzeyi də daxil olmaqla, bir sıra muzeylərdə
Milli Qəhrəmanlara aid eksponatlar var. O hesab edir ki, hər bir
Milli Qəhrəmanın öz fondu olmalıdır ki, həm
seyrçilər, həm də tədqiqatçılar ondan
yararlansınlar. “Xalqımızın azadlığı,
torpaqlarımızın bütövlüyü uğrunda
qəhrəmanlıq göstərən, şəhid olan
insanlar unudulmur, onların ruhu hər zaman anılır.
Qəhrəmanlıq, hünər simvoluna çevrilən
şəhidlərimizin hər birinin həyatı,
keçdiyi döyüş yolu bugünkü və gələcək
nəsillərə örnəkdir.
Ermənilərin Azərbaycan torpaqlarına
təcavüzü nəticəsində silaha sarılıb
torpaqlarımızın müdafiəsi uğrunda
mücadilələr verən qəhrəmanlarımızın
ruhuna ehtiramımız onların xatirə günlərini
qeyd etmək, məzarlarını ziyarat etməklə
məhdudlaşa bilməz. Onlarla bağlı muzeylərdə,
təhsil müəssisələrində, kütləvi
kitabxanalarda, mədəniyyət evlərində
xüsusi işlər görülməlidir. Şəhid
və Milli Qəhrəmanlarımızı, müxtəlif
orden və medallarla təltif edilmiş vətən fədailərini
tanıtmaq üçün görülməli olan tədbirlər
sırasına onların xatirə əşyalarından,
fotoşəkillərindən ibarət sərgilərin
təşkili, muzeylərdə ayrıca fondların yaradılması
daxildir. Həm paytaxt muzeylərində, həm də rayon
tarix-diyarşünaslıq muzeylərində Milli Qəhrəman
və şəhidlərə aid fondlar təşkil edilməlidir
ki, o insanların xatirəsi əbədi yaşasın”
- deyə bildirən Z.Cəfərovanın sözlərinə
görə, bu məsələdə Milli Qəhrəman ailələri,
yerli icra hakimiyyəti orqanları da maraqlı
olmalıdırlar.
Bu gün Azərbaycanın 215 Milli Qəhrəmanı
olduğunu vurğulayan həmsöhbətimiz qeyd etdi ki, onların
böyük əksəriyyəti Milli Qəhrəman
adına Birinci Qarabağ Müharibəsində
düşmənlə mübarizədə göstərdiyi
rəşadətə görə layiq görülüb:
“Təəssüf ki, bir çoxu ölümündən
sonra bu adı alıb. Milli Qəhrəmanlarımızın
tanıdılması istiqamətində Azərbaycan
İstiqlal Muzeyində xeyli iş görülüb.
Bildiyim qədər, bir neçə Milli Qəhrəmanın
fondu da yaradılıb. Qeyd edim ki, İstiqlal Muzeyində
xalqımızın qəhrəmanlıq tarixini əks
etdirən böyük bir guşə var”.
Bu gün İstiqlal Muzeyində on nəfərdən
çox Milli Qəhrəmanın şəxsi fondunun
olduğunu deyən İstiqlal Muzeyinin baş mühafizi
Aida Axundovanın sözlərinə görə, Milli Qəhrəmanların
fondunun yaradılmasında muzey çox maraqlıdır, sadəcə,
Milli Qəhrəman ailələrinin çoxu muzeylə əməkdaşlıq
etməkdə elə də aktivlik göstərmirlər.
A.Axundova bildirdi ki, muzeyin genişləndirmək
istədiyi ən böyük layihələrdən biri
Milli Qəhrəmanlara aid fondların yaradılmasıdır.
O qeyd etdi ki, muzey rəhbərliyi və muzey əməkdaşları
Qarabağ müharibəsində şücaət
göstərən, şəhid olan hər bir Vətən
oğlunun xatirəsinə böyük ehtiramla yanaşır:
“Biz hər zaman şəhidlərimizin ruhuna böyük
ehtiram göstəririk. Bizim muzey 2016-cı ili bütövlükdə
Milli Qəhrəmanlara həsr etmişdi. İl boyu məktəblərdə
Milli Qəhrəmanlarla bağlı tədbirlər keçirdik,
muzeylərdə sərgilər açırdıq. Bildiyimiz
kimi, bizim 215 Milli Qəhrəmanımız var. Amma təəssüf
ki, biz o Milli Qəhrəmanların hamısının əşyalarını
əldə edə bilməmişik. Ailələr Milli Qəhrəmanlara,
şəhidlərə aid əşyaları muzeylərə
vermək istəmirlər. O əşyaları bizim muzeyə
də, Tarix Muzeyinə də, rayon tarix-diyarşünaslıq
muzeylərinə də verə bilərlər. Çox
arzu edərdik ki, şəhid ailələri övladlarına,
yaxınlarına aid əşyaları muzeylərə
təhvil versinlər. Bu halda, o əşyalar daha yaxşı
qorunmaqla, həm də sərgilərdə nümayiş
olunar. Biz bacardığımız qədər əşyalar
toplaya bilmişik. İstiqlal Muzeyində on nəfərdən
çox Milli Qəhrəmanın şəxsi fondu var. Bu
fondlarda onlara aid əşyalar, geyimlər qorunur. Amma
bütün Milli Qəhrəmanları əhatə edə
bilməmişik”.
A.Axundovanın sözlərinə
görə, İstiqlal Muzeyində aprel döyüşlərində
şəhid olan Vətən övladlarının da xatirəsinə
böyük ehtiram var. Muzeydə onlarla bağlı guşələrin
yaradıldığını deyən A.Axundovanın
sözlərinə görə, onlarla da bağlı muzeydə
tədbirlər keçirilir.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən
bizə verilən məlumata görə də muzeydə Milli
Qəhrəmanlara aid materiallar, eksponatlar mühafizə olunur.
Bu günlərdə Azərbaycanın Milli Qəhrəmanı
Eldar Xəlilovun şəxsi materiallarının muzeyə
verildiyini deyən muzey əməkdaşının sözlərinə
görə, həmin materiallar arasında E.Xəlilovun hərbi
geyimləri, cib kitabçası, üzüyü və digər
şəxsi əşyaları, eləcə də Milli Qəhrəman
haqqında nəşr edilmiş kitablar var.
Bundan başqa, digər Milli Qəhrəmanlara
aid əşyaların, eksponatların muzeyə verildiyini deyən
muzey əməkdaşının sözlərinə görə,
burada Milli Qəhrəmanlara aid fond olmasa da, ayrı-ayrı
fondlarda Milli Qəhrəmanlara məxsus əşyalar, geyimlər
eksponat kimi saxlanır.
İradə
SARIYEVA
Bakı xəbər.-
2018.- 23-25 iyul.- S.13.