Tarixdə iz buraxanlar: Kamal Talıbzadə

Kamal Talıbzadə 1923-cü il avqust ayının 14-də Bakıda, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin ailəsində anadan olub. Atası Abdulla Şaiq bəy, anası Mehri xanımdır. Böyük ədibin ocağında kök bağlayan bu körpə H.Cavid, S.Vurğun, M.Hüseyn kimi görkəmli sənətkarların hikmət dolu söhbətlərinin işığından nur alıb, zəngin bir mühitdə püxtələşib söz aləminin incəliklərinə bələd olub.

O, bu evdə şeir, sənətlə bağlı ədəbi müzakirələrin şahidi olub, maraqlı diskussiyaları dinləyib. Kamal Talıbzadə tənqid, ədəbiyyatşünaslıq elmi haqqında ilk söhbətləri də atası Abdulla Şaiqin dilindən eşidib. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda romantizm ədəbi hərəkatının meydana çıxmasında və inkişafında müstəsna rolu olan, böyük ziyalılar nəslinin müəllimi sayılan Abdulla Şaiq həm də tənqidçi və ədəbiyyatşünas olub. Kamal Talıbzadənin həyat və yaradıcılıq yolunun cığırı məhz atasının bədii və nəzəri-tənqidi irsindən başlayır və onun ədəbi-tənqidi görüşləri Abdulla Şaiqin nəzəri irsinin təsiri ilə formalaşıb. Kamal Talıbzadə atası haqqında böyük ehtiramla qələmə aldığı “Həmişə yadımda olan insan” xatirəsində yazır: “O mənim xəyalımda, düşüncəmdə elə bil indi də canlıdır, elə bil o mənimlə hər gün danışır, məsləhətləşir, yol göstərir, nəsihət verir... Atam məni tənqidə, ədəbiyyatşünaslığa sövq edən şəxsiyyət kimi əvəzsiz və unudulmazdır. Mənim ədəbiyyat aləminə, elminə gəlməyimlə maraqlananlar tez-tez belə sual verirlər – atamın bu prosesdə rolu olubmu, olubsa necə və nə dərəcədə olub? Və mən həmişə onlara belə cavab vermişəm: “Müstəsna, həm də əsas rolu olub.”

1930-cu ildə orta məktəbə daxil olan, bu məktəbdə təhsilini başa vurduğu 1940-cı ilədək bir çox elm sahələrinə maraq göstərən Kamal Talıbzadənin ədəbiyyata bağlılığı və sevgisi sonsuz idi. Onun ilk müəllimi, həmişə adını hörmətlə, minnətdarlıq hissi ilə andığı məşhur qəzəl şairi Məşədi Azər Buzovnalı, bütün şagirdləri kimi, balaca Kamala da hələ ibtidai sinifdə oxuduğu vaxtdan ədəbiyyata vurğunluq hissini aşılamışdı. Sonralar ədəbiyyata bağlanmasının əsas səbəblərindən damışarkən Kamal Talıbzadə orta məktəbdə təhsil aldığı illəri xoş təəssüratlarla xatırlayırdı: “Kiçik yaşlarımdan dəqiq elmlərə böyük marağım vardı. Evimizdə bir metr hündürlüyündə buruq maketi düzəldib ora işıq da çəkmişdim. Bir gün atamın yanına “Kommünist” qəzetinin müxbiri gəldi. Həmin maketə maraqla tamaşa etdi və 56 gün sonra mənim imzamla qəzetdə “Mən mühəndis olacağam” sərlövhəli məqalə dərc edildi. Bəlkə doğrudan da mühəndis olacaqdım. Ancaq 6-cı sinifdə ədəbiyyat müəllimim mənə “Ölülər” əsəri haqqında məruzə tapşırdı. Evə gəlib atamla bu əsərin qayəsi, İsgəndər obrazının mahiyyəti barədə xeyli söhbət etdim. Gözəl bir məruzə hazırladım və həmin məruzə mənim sonrakı həyat yolumu müəyyənləşdirdi”. Beləliklə o, orta məktəbi bitirdiyi il Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə daxil oldu.

Tələbəlik illərindən ədəbiyyatşünaslıq elminin cazibəsinə düşən Kamal Talıbzadə ilk tədqiqatları üzərində işləməyə başlayır. Romantizm mövzusunda yazdığı kurs işi tələbəlik illərinin ilk qələm təcrübələrindən idi. “Füzuli şeirinin Azərbaycan romantiklərində əks-sədası” adlı bu kurs işini yazarkən romantizm mövzusuna marağı artıb. Universitetdə təhsilini başa çatdıran Kamal Talıbzadə 1945-ci ildə diplom işini müdafiə etmək üçün “XX əsr Azərbaycan romantizmi və M.Hadi” mövzusunda diplom işini hazırlayıb və müvəffəqiyyətlə müdafiə edib.

Kamal Talıbzadə Universiteti bitirdikdən sonra Nizami adına Ədəbiyyat İnstitutunun direktoru işləyən görkəmli tənqidçi Məmməd Arifin tövsiyyəsi ilə sənədlərini aspiranturaya verir və qəbul edilir. Elə o vaxtdan ömürlük elmi fəaliyyətini, ədəbiyyatşünas taleyini bu mötəbər elm ocağına bağlayır. Aspiranturada təhsil aldığı illərdə gənc tədqiqatçı professor Mir Cəlalın elmi rəhbərliyi altında “A.Səhhətin həyatı və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası üzərində işləyir, 1949-cu ildə isə onu müvəffəqiyyətlə müdafiə edir. Kamal Talıbzadənin bu ilk fundamental tədqiqat əsərini görkəmli sənət və elm xadimləri – S.Vurğun, M.Hüseyn, Mir Cəlal, C.Xəndan, Ə.Sultani və başqaları elmdə əhəmiyyətli yenilik kimi dəyərləndirib. 1955-ci ildə Azərbaycan, 1963-cü ildə rus dilində “Abbas Səhhət” adı ilə monoqrafiya halında nəşr olunan bu qiymətli tədqiqat əsərilə Kamal Talıbzadə ədəbiyyatşünaslıq elminə vəsiqə alıb.

Kamal Talıbzadə namizədlik dissertasiyasını müdafiə etdiyi vaxtdan, yəni 1949-cu ildən institutun baş elmi işçisi vəzifəsinə təyin olunur. Çalışdığı kollektivin yüksək rəğbətini qazanan alim 1952-ci ildən Nizami adına Ədəbiyyat İnstitutunun XIX – XX əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsinə layiq görülür. Bu şöbəyə rəhbərlik etdiyi illər ərzində Kamal Talıbzadə yeni bir elmi istiqamətdə, ədəbi əlaqələr yönümündə “Qorki və Azərbaycan” mövzusunda monoqrafiya üzərində işləyir. 1959-cu ildə tamamlanıb nəşr olunan bu monoqrafiya elmi ictimaiyyətin böyük marağına səbəb olur.

“Qorki və Azərbaycan” monoqrafiyası müəllifinə ədəbi mühitdə böyük nüfuz qazandırmaqla onun gələcək elmi nailiyyətləri üçün körpü rolunu oynayıb. 1960-cı ildə Kamal Talıbzadəyə etimad göstərib, onu Nizami adına Ədəbiyyat İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkirlər. Bu vəzifədə işlədiyi iyirmi ildən artıq müddət ərzində o, institutun elmi işləri, elmi tədqiqat planlarının müəyyənləşdirilməsi və icrası kimi mürəkkəb bir prosesə böyük məharətlə rəhbərlik edib. Kamal Talıbzadə bu illərdə bir sıra vacib problemlərin tədqiqi ilə yanaşı, həm də ədəbiyyatşünaslığa rəhbərlik edib. Həmin vaxtlarda yorulmaz tədqiqatçı “Abbas Səhhət”, “Qorki və Azərbaycan” monoqrafiyaları kimi mötəbər elmi əsərlərin, həmçinin XX əsr ədəbiyyatının tarixinə və nəzəri məsələlərinə dair sanballı məqalələrin müəllifi kimi tanınıb.

60-cı illərdə Kamal Talıbzadənin çoxsahəli elmi yaradıcılığı həm də ədəbiyyatşünaslığın daha bir vacib sahəsinin tədqiqi ilə zənginləşib. Milli tənqidin tarixini yaratmaq istiqamətində alimin uzun illər apardığı araşdırmalar bu mövzuda ilk fundamental tədqiqatın nəşrinə imkan verib. Ədəbi-elmi ixtiraların on ilini klassik ədəbi-estetik fikrin tarixi haqqında monumental tədqiqata həsr edən Kamal Talıbzadə 1965-ci ildə “XX əsr Azərbaycan ədəbi tənqidi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Əsər 1966-cı ildə monoqrafiya halında nəşr edilib. O, monoqrafiya barədə müsahibələrinin birində yazırdı: “Bu kitab mənə təkcə ona görə əziz deyil ki, doktorluq dissertasiyamla əlaqədardır. Bir də ona görə mənə doğma və qiymətlidir ki, hələ tələbəlik dövründən başladığım tənqidi fikir sahəsində 25 ilə yaxın apardığım tədqiqatlara bir növ yekun vurdu, təsdiq etdi ki, mən öz axtarışlarımda və ədəbiyyatşünaslığımda tutduğum yeni istiqamətdə yanılmamışam. Bu elə bir elmi sahədir ki, onu gələcəkdə də davam etdirmək mümkündür. Elə belə də oldu. Bundan sonra yazılarımın kitablarımın əksəriyyəti bu mövzuya həsr olunmuşdur”.

“XX əsr Azərbaycan ədəbi tənqidi” monoqrafiyasının yazılmasına qədər alim “Ədəbi tənqidə diqqəti artıraq” (1954), “Tənqidçi və əbiyyatşünasların yeni nəsli” (1955), “Mübariz tənqidin gözəl nümunələri” (1959), “Tənqidimiz haqqında qeydlər” (1963) və s. məqalələrini yazıb dərc etdirmişdi. Ədəbi tənqidin müxtəlif məsələlərini əhatə edən, məzmunca rəngarəng olan bu məqalələr 1967-ci ildə “Tənqidimiz haqqında qeydlər” kitabında toplanıb nəşr edildi. Kamal Talıbzadənin həmin məqalələrində ədəbiyyatşünaslığın bu mühüm sahəsinə həssas tədqiqatçı münasibətini görürük. Burada ədəbi tənqidin qarşısında duran problemlərdən, tənqidin və tənqidçinin başlıca vəzifələrindən bəhs edən müəllif müasir Azərbaycan tənqidçisini belə görmək istəyirdi: “Tənqidçi nadir istedada, gözəlliyi, sənəti duya bilən estetik hisslərə, ədəbiyyatı sevən böyük bir qəlbə malik olmalıdır. Bütün bunlarla yanaşı, həqiqi tənqidçi dövrünün ən irəlidə gedən, geniş dünyagörüşünə sahib bir adam olmalı, dövrün hakim görüşlərini izah və inkişaf etdirməyi bacarmalıdır. Ancaq bu halda o, ədəbiyyata doğru istiqamət verər, tənqidi həqiqi nəzəri yüksəkliyə qaldıra bilər... Orada ki cəsarət yoxdur, orada həqiqi ədəbi tənqid də yoxdur.”

 

“Tənqidimiz haqqında qeydlər” kitabından sonra Kamal Talıbzadənin Azərbaycan ədəbiyyatının aktual problemlərindən bəhs edən 400-dən artıq məqaləsi “Ədəbi irs və varislər” (1974), “Sənətkarın şəxsiyyəti” (1978), “Tənqid və tənqidçilər” (1989), “Seçilmiş əsərlər” (iki cilddə: 1991, 1994) kitablarında toplanıb. “Ədəbi irs və varislər”, “Sənətkarın şəxsiyyəti” kitabları alimin 70-ci illərdəki ədəbi tənqidi görüşlərini özündə əks etdirir.

Görkəmli tənqidçinin elmi yaradıcılığında 80-ci illər əhəmiyyətli bir mərhələ kimi diqqəti cəlb edir. “Abbas Səhhət”, “XX əsr Azərbaycan ədəbi tənqidi (1905-1917-ci illər)” monoqrafiyalarının təkmilləşdirilmiş yeni nüsxələri məhz bu illərdə işıq üzü görüb. Kamal Talıbzadənin milli ədəbi-estetik fikrin tarixinə dair tədqiqatının əsaslı şəkildə işlənib təkmilləşdirilən yeni nüsxəsinin – “Azərbaycan ədəbi tənqidinin tarixi” monoqrafiyasının nəşri (1984) ədəbi ictimaiyyətdə böyük maraq doğurub. Əsər nəinki Azərbaycan, SSRİ xalqları, eləcə də xarici ölkələrin ədəbiyyatşünasları tərəfindən yüksək qiymətləndirilib, 1986-cı ildə daha böyük diqqətə – Respublika Dövlət mükafatına layiq görülüb.

80-ci illər Kamal Talıbzadənin səmərəli elmi fəaliyyətinin ən mötəbər fəxri adlar, yüksək titullar, ali mükafatlarla dəyərləndirilməsi baxımından əlamətdar illər olub. 1980-ci ildə tədqiqatçı Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə Akademiyanın həqiqi üzvü seçilib. Alimin tənqid tarixinə dair məşhur monoqrafiyasına dövlət mükafatı verilməsi də bu illərə (1986) təsadüf edir. Qeyd etmək lazımdır ki, bu ali məqamlara qədər də Kamal Talıbzadənin yaradıcılığı, elmi təşkilatçılığı layiqincə dəyərləndirilib. O, yüksək vəzifələrə təyin olunub, fəxri adlara layiq görülüb. “Bilik Cəmiyyəti” 1968, 1985-ci illərdə, Azərbaycan Elmlər Akademiyası 1993-cü ildə alimi fəxri fərmanlarla təltif edib, onun nəşr olunan əsərləri beş dəfə mükafatlandırılıb. Kamal Talıbzadə 1970-ci ildə “Fədakar əməyə görə”, 1984-cü ildə SSRİ-nin, 1987-ci ildə Azərbaycanın “Əmək veteranı” medalları ilə təltif edilib, “Əməkdar elm xadimi” (1982), “Qabaqcıl maarif xadimi” (1983) fəxri adlarını alıb. Azərbaycan Jurnalistlər İttifaqı isə 1998-ci ildə tədqiqatçıya “Qızıl Qələm” mükafatını və “Kamaliyyə” diplomunu təqdim edib.

Fədakar alim həyatının son günlərinədək, yəni 19 yanvar 2006-cı ilədək elmi yaradıcılığını və elmi-təşkilatçılıq fəaliyyətini davam etdirib, respublikanın elmi-ictimai həyatının fəal iştirakçısı olub. O, Nizami adına Ədəbiyyat İnstitutunun elmi məsləhətçisi, institutun elmi şurasının və onun nəzdindəki Birləşdirilmiş Dissertasiya Şurasının sədri kimi fəaliyyət göstərib, dissertasiyaların yüksək səviyyədə müdafiəsini təşkil edib. Yorulmaz alim Ədəbiyyat İnstitutunda ikicildlik ədəbi tənqid və ədəbiyyatşünaslıq müntəxəbatını nəşrə hazırlayan qrupa rəhbərlik edib, altıcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin 4-cü cildinin məsul redaktoru kimi əvəzsiz işlər görüb. Kamal Talıbzadə bu fundamental işin – “Azərbaycan ədəbiyyatı tarixi”nin əsas müəlliflərindən biri və Baş Redaksiya Şurasının üzvü idi. Görkəmli ədəbiyyatşünas, akademik Bəkir Nəbiyev böyük alimin vəfatı münasibətilə 27 yanvar 2006-cı ildə “Xalq qəzeti”ndə dərc etdirdiyi “Yaxşıların yaxşısı” adlı məqaləsində yazır: “Möhtərəm Rəfiqə xanım (Kamal Talıbzadənin ömür-gün yoldaşı) şəhadət verir ki, dünyasını dəyişməzdən bircə gün əvvəl Kamal müəllim yenə də ədəbiyyat tarixinin müvafiq fəsilləri ilə məşğul imiş ki, qarşısındakı qovluq elə o vəziyyətdə alimin yazı masasının üstündə qalmaqdadır”.

Fazil QARAOĞLU professor

Bakı xəbər.- 2018.- 1 mart.- S.15.