Tarixdə iz buraxanlar: Əhməd
bəy Ağaoğlu
Əhməd bəy Ağaoğlu 1869-cu ildə
Şuşa şəhərində anadan olub. Atası Mirzə
Həsən bəy, anası Tazə xanımdır. Əhməd
bəy ilk təhsilini mollaxanada alıb, daha sonra rus
qimnaziyasında oxuyub. Sonra təhsilini davam etdirmək
üçün Avropanın mərkəzinə – Parisə
gedib. 1888-ci ildə Paris hüquq məktəbinə daxil olan
Əhməd bəy Ağaoğlu təhsilini davam etdirməklə
yanaşı, şəhərin ədəbi-elmi mühiti ilə
ünsiyyət yarada bilib. O, məşhur avestaşünas
C.Darmstaterin vasitəsilə Fransanın məşhur alim və
ədibləri ilə yaxından tanış olub.Əhməd
bəy Ağaoğlunun fransız mətbuatında müntəzəm
çıxışları 1890-cı ildən
başlayır. O, “Jurnal de Deba”,
“Nuvel Revyu” və başqa mətbuat orqanlarında Şərqin
tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında məqalələr
dərc etdirir. Məhz bu illərdən
başlayaraq o, Tiflisdə çıxan “Qafqaz” qəzeti ilə
əməkdaşlığa başlayır və bu əməkdaşlıq
onun publisistik fəaliyyətinin canlanmasında mühüm rol
oynayır.Fransada təhsilini bitirib Vətənə dönmək
istəyən Əhməd bəy Ağaoğlunun
qeyri-adi istedadını duyan müəllimi, görkəmli
filosof, tarixçi və ədəbiyyatşünas Ernst Renan:
“Sən dünya miqyasında alim olacaq səviyyədə bir
insansan, məmləkətinə getmə, Şərq səni
udar”– deyib. Fəqət Əhməd bəy sevimli müəlliminin
təkidli israrına baxmayaraq Vətənə dönmək, Qərbdə
öyrəndiklərini xalqına, millətinə
çatdırmaq niyyətində olduğunu bildirib. O, Vətənə döndükdən sonra bir
müddət Şuşa Realnı məktəbində
fransız dilindən dərs deməyə başlayıb.Əhməd
bəy Ağaoğlu bu dövrdə “Məşriq” adlı qəzet
çıxarmaq üçün Peterburq Baş Mətbuat
İdarəsinə müraciət edirsə də, ona bu niyyətini gerçəkləşdirməyə
icazə verilmir. 1897-ci ildə milyonçu Hacı Zeynalabdin
Tağıyevin dəvətilə Bakıya gələn
Əhməd bəy Ağaoğlu Əlimərdan bəy
Topçubaşovun redaktorluğu ilə nəşr olunan
“Kaspi” qəzetilə əməkdaşlıq etməklə
yanaşı, həm də Ali Ticarət Məktəbində
fransız dili müəllimi işləyir. 1898-1904-cü illərdə
“Kaspi” qəzetində Əhməd bəyin ədəbiyyatımız,
mədəniyyətimiz, sosial-siyasi həyatımız,
dini dünyagörüşümüz barəsində
çox sayda yazıları çap olunub. Əhməd bəy
1905-ci ildə nəşrə başlayan “Həyat” qəzetinə
Əli bəy Hüseynzadə ilə birlikdə redaktorluq edib,
daha sonra “İrşad”, “Tərəqqi” və rusca “Proqres” qəzetini
çıxarıb. O, bu dövrdə fəal siyasi
mübarizəyə qoşulub, 1906-cı ilin payızında
“Divai” firqəsinin əsasını qoyub. Bu firqə
Azəri türkünün siyasi təfəkkürünün,
milli mənlik şüurunun formalaşmasında, xüsusilə
erməni-daşnak təcavüzündən qorunmasında
müstəsna xidmətlər göstərib.1909-cu ildə
Əhməd bəy Ağaoğlu Türkiyəyə
mühacirət edərək ədəbi-elmi və siyasi
fəaliyyətini orada davam etdirib. Azərbaycanı
tərk etməsinin səbəbini ədib öz xatirələrində
belə əsaslandırır: “Şiddətli təqib edilənlər
arasında idim. İş elə bir dərəcəyə gəlmişdi
ki, artıq daha izzəti-nəfsimin deyil, ailəmin də
sakitliyi və salamatlığı təhlükə altına
düşmüşdü. 1908-ci ildə Türkiyədə
tanıdığım bəzi şəxslər iş
başına gəlmişdilər. Digər tərəfdən
Qafqaz canişini vəzifəsinə təyin olunan
Vorontsov-Daşkov məni necə olursa-olsun, həbs etdirib
sürgünə göndərməyə qərar vermişdi.
Bunu öyrənən kimi mən dərhal qaçmağa qərar
verdim”.Qeyd edək ki, Əhməd bəy
Ağaoğlunun siyasi qovğaların ən mürəkkəb
bir dövründə Azərbaycanı tərk etməsi
ölkənin ziyalılarını son dərəcə
sarsıtmışdı. Əliabbas Muznib bu hadisə ilə
bağlı yazırdı: “...Onun getməsi
Qafqaz əhalisini başsız, böyüksüz buraxmaq
kimidir. Çünki o, dilsizlərin dili, karların
qulağı, korların gözü idi...”Əhməd bəy
Ağaoğlu Türkiyədə özünün ciddi fəaliyyəti
nəticəsində çox keçmədən
türkçülük hərəkatının liderlərindən biri kimi tanınır, mətbuat
orqanlarında çıxış edir, “Tərcümani-həqiqət”
qəzetinin redaktoru olur, Osmanlı parlamentinə millət vəkili
seçilir, həmçinin İstanbul Universitetində rus
dili və ədəbiyyatından mühazirələr oxuyurdu.Əhməd
bəy Ağaoğlu 1915-ci ildə Rusiyada yaşayan milli
azlıqların Lozannada keçirilən konfransında Azərbaycanı
təmsil edib. Cümhuriyyət dövründə
Qafqaz İslam Ordusunun müşaviri kimi Azərbaycana gələn
ədib Bakının erməni-daşnak təcavüzündən
xilas olaraq ölkənin paytaxtına çevrilməsində
yaxından iştirak edib.Əhməd bəy Ağaoğlu bu
dövrdə Gəncədə “Türk sözü” adlı
qəzet çıxarıb, parlamentin üzvü seçilib.
O, 1919-cu ildə Paris sülh konfransına getməyə
hazırlaşdığı ərəfədə
İstanbuldakı ingilis işğalçı hərbi
komandanlığı tərəfindən saxta ittihamlarla həbs
olunaraq Malta adasına sürgün edilib. 1921-ci ilin may
ayında sürgündən azad olunan Əhməd bəyin
Romadan Nəriman Nərimanova yazmış olduğu məktub
onun keçirdiyi əzablı sürgün həyatından bəhs
edir, böhran və sarsıntılarını əks etdirir: “...Mütaliələr, düşüncələr
və bu müddətdə aldığım təcrübələr
məni dərin və qəti bir imana gətirdi ki, istər
Şərqdə, istərsə də Qərbdə
bütün ictimai üsul və ictimai quruluş yalan,
güclülərin gücsüzləri əzməkləri
üzərində durmaqdadır. O şeyə ki, mədəniyyət,
hürriyyət, müsavat deyilir, zərərli bir yalan,
alçaq bir riyakarlıqdır ki, onların sayəsində
ancaq qaba zülm və haqsızlıq səltənəti
qurula bilər. Bu üsuli-idarə öz yalan
riyakarlığı ilə davam etdikcə bəşəriyyətə
qurtuluş yoxdur və bəşəriyyət əziyyətə
məhkumdur.”Məktubda Nəriman Nərimanovdan Azərbaycana gəlmək
üçün şərait yaratmağı xahiş edən
Əhməd bəy Ağaoğlu az sonra bu fikrindən
daşınaraq Türkiyədə qalıb işləməyi
üstün tutub. O, yeni qurulan Türkiyə
Cumhuriyyətində Mətbuat Baş müvəkkili kimi
yüksək vəzifə tutub, Atatürk ideyalarını dəstəkləyən
“Hakimiyyəti-milliyyə” qəzetinin baş redaktoru olub,
Anadolu agentliyinə rəhbərlik edib. Əhməd bəy, həmçinin,
Böyük Millət Məclisinə üzv seçilib,
bununla yanaşı Ankara Universitetində mühazirələr
oxuyub.Ötən əsrin 20-30-cu illəri Əhməd bəy
Ağaoğlu üçün yaradıcılıq
baxımından daha zəngin və uğurlu olub. Bu dövrdə onun “Üç mədəniyyət”,
“Hindistan və İngiltərə”, “Sərbəst insanlar
ölkəsində”, “Dövlət və fərd”, “Türk təşkilati-əsasiyyəsi”,
“Türk hüquq tarixi” və başqa əsərləri nəşr
olunub. Əhməd bəy Ağaoğlunun
yaradıcılığında xüsusi yer tutan “Üç
mədəniyyət” traktatı 1920-ci ildə
Maltada sürgündə ikən yazılıb, fəqət
ilk dəfə 1927-ci ildə İstanbulda nəşr olunub.
Əsər ədibin dünyagörüşünün konseptual
tərəflərini öyrənmək baxımından onun
bütün digər tədqiqatlarından daha çox material
verir. Dünya sivilizasiyasının Budda-Brəhmən, Qərb,
yaxın Avropa və İslam kimi üç nəhəng mədəniyyət
şaxələrinə söykəndiyini xarakterizə edən
müəllif onların müştərək və fərqli
məqamlarını açıqlayır. Mədəniyyətdə
dil ortaqlığı amilini Şərq və Qərbin
timsalında müqayisə edən ədib yazır ki, “...Bu
gün ən azı üç Avropa dilini – fransızcanı,
ingiliscəni, almancanı bilməyən ciddi bir avropalı
alim və ədibinə rastlanmaz. Bunlar, əslində ortaq olan
və Avropa mədəniyyəti amillərindən olan qədim
yunan dilini və latıncanı uşaqlıqdan öyrənirlər.
Bir zamanlar bu iki dil, İslam aləmində ərəbcə və
farsca kimi, Qərb aləmində ortaq elm və ədəbiyyat
dili idi. Bütün alimlər latınca yazardılar”.
Əhməd bəy Ağaoğlu
üç mədəniyyət şaxəsinin fərqli və
oxşar cəhətlərini səciyyələndirdikdən
sonra diqqəti bu gün Qərb mədəniyyətinin qalib,
İslam və Budda-Brəhmən mədəniyyətinin məğlub
olma səbəblərinə yönəldir və məğlubiyyətin
maddi və mənəvi təzahürlərini səciyyələndirərək:
“İslam cəmiyyətləri vəlvələli bir tərzdə
süqut etməkdə və məhv olmaqdadır,”– kimi qənaətə
gəlir.
Şərqdə fəzilətin hökmdara, Qərbdə
isə qanunlara itaətdə dərk olunması ilə
xarakterizə edən müəllif “həyat tərzi” kimi mənalandırdığı
mədəniyyət amilinin tərəflərinin bu kontekstdə
təfsirini verir.
“Üç mədəniyyət”
əsərində millətin əxlaqının
formalaşmasında dindən sonra ən çox ədəbi
və fəlsəfi əsərlərin rol
oynadığını göstərən Ağaoğlunun
fikrincə, “bizim ta dünənə qədər təqlid
etdiyimiz ədəbiyyat və fəlsəfə əsərlərinin
nümunələri ərəb və fars mənbələrindən
alınmış olanlardır. Bunların arasında bu gün
əsrin ruhuna müvafiq, onu təmin edəcək tək bir əsər
göstərilə bilərmi?”
Əhməd bəy Ağaoğlu qeyd edir ki, əsrlərdən
bəri məktəblərimizdə tədris olunan Sədi
Şirazinin “Gülüstan”ı və “Bustan”ı zamanla
ayaqlaşacaq səviyyədə deyil. Bunun başlıca səbəbini
Şeyxin fəlsəfəsində axtaran ədib onun mütiliyə,
qənaətə, təvəkkülə, lal olmağa və
hökmdara mütləq itaətə çağıran fikirlərinin
yanlışlığına diqqəti yönəldir. Ağaoğlunun qənaətincə, qədim ədəbiyyatımızda
əxlaqi-tərbiyyəvi mövzularda yazan müəlliflərin
hamısı Şeyxi nümunə saydıqlarına və ona
bənzəməyə çalışdıqlarına
görə ədəbiyyatımız bu sahədə irəliləyə
bilməyib. Sədinin fikirlərinin orijinal deyil, əcdadlarımızdan
alınan bir miras olduğunu vurğulayan mütəfəkkir
belə idealları “Bütün Şərq həyatı
üzərində icra edilmiş təxribat” adlandırır.
O, milli tərəqqi üçün Qərb mədəniyyətinin
ən yaxşı nümunələrinin dilimizə
çevrilib məktəblərimizdə tədris edilməsini
vacib şərtlərdən sayır.
Əhməd bəy Ağaoğlu
“Sənət həyat üçündür” prinsipindən
çıxış edərək, ədəbiyyatın
ayrı-ayrı yazıçıların fərdi hiss və
duyğularını deyil, cəmiyyətin tələb və
ehtiyaclarını əks etdirməyə borclu olduğu qənaətinə
gəlir. O qeyd edir ki, “bizim qədim ədəbiyyatımızda
həyata aid böyük bir şey tapa bilməzsiniz.” O, “Sərbəst
insanlar ölkəsində” adlı əsərində utopiya, xəyal
şəklində azad, hürr, insanların bərabər və
xoşbəxt yaşadığı, qanunların ədalətli
olduğu dövlət, cəmiyyət
haqqında fikirlərini, arzularını bədii şəkildə
ifadə etməyə çalışıb. Əsər
müəllifin siyasi görüşləri ilə sıx
bağlıdır, buna görə də o, Ağaoğlunun
sosial-siyasi baxışlarını öyrənmək
üçün mənbə rolunu oynamaqdadır.
Müəllif yazır: “Mən bir əsir idim,
hürr olmaq istədim. Zəncirlərimi qırdım,
qalanın divarını dəldim və açığa
çıxaraq dərin bir nəfəs aldım.
Qarşımda geniş bir çöl vardı. Hara gedəcəyimi,
necə davranacağımı bilmirdim. Tərəddüdlə
bir neçə addım atdım. Özümü iki yolun
ayrıcında gördüm və burada bir dirək üzərində
bu yazını oxudum:
Sol tərəfə gedən yol hürriyyət
yoludur.
Sağ tərəfə gedən yol köləlik
yoludur.
Sol tərəfi seçdim və sabaha qədər
yeridim. Şəfəq sökülərkən
özümü bir qalanın önündə gördüm.
Qalanın qapısı üzərinə qızıl hərflərlə
yazılı bir lövhəni oxudum: “Sərbəst insanlar
ölkəsi!”
“Sərbəst insanlar ölkəsində”
adlı əsərində müəllif bir səyyah kimi təsvir
etdiyi hadisələrin fonunda cəmiyyətin mənəvi təkamülünə
mühüm dəyər verir. Xalqın
savadlanmasını, maariflənməsini cəmiyyətin
azadlığı, xoşbəxtliyi üçün vacib
şərtlərdən hesab edən yazıçı bu yolda
ədəbiyyatın üzərinə böyük missiya
düşdüyünü göstərir. Əhməd bəy
Ağaoğlunun fikrincə, xoşbəxt cəmiyyətin
sütunları azadlıq və hürriyyətdən
qurulmalıdır.
Əhməd bəy Ağaoğlu Türkiyə
Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün yaxın
dostu, silahdaşı, onun apardığı İstiqal
savaşının fəal müdafiəçilərindən
biri olub. Cümhuriyyətin ilk illərində onun yüksək
dövlət vəzifəsinə təyin olunmasında bu
münasibət mühüm rol oynayıb. Atatürk köhnə
silahdaşı Əhməd bəyin xətrini daim əziz
tutub, “Bu qafa yalnız bir türkdə ola bilər”– deyib və
ona böyük dəyər verib.
Əhməd bəy Ağaoğlu 1939-cu il may
ayının 19-da İstanbulda vəfat edib, Feriköy məzarlığında
dəfn olunub.
Fazil
QARAOĞLU
Bakı
xəbər.- 2018.- 7 mart.- S.13.